Xəbər lenti

 ADSIZ ŞEİR
Bir gün qayıtsa
İtirilmiş torpaqlar.
O torpaqların
Ən uca yerində,
Yenidən yansa
Sönmüş çıraqlar.
İtmiş qürurumuz
Yenidən qayldacaq.
Sinəmiz sökülən yerdən
Yenidən tikilsə.
Çəkilən dərdlər,
Başdan çəkilsə.
Yaşıl yarpaqlar üstə
Düşmən qanı tökülsə.
Qarşımızda yağı dizi bükülsə.
İtmiş qürurumuz
Yenidən qayıdacaq.
Qürurumuz qayıdan yerdən
Bənövşələr açacaq.
Bənövşə yarpaqlarından
Üçrəngli bayraqlar asılacaq.
                                            

SƏN AVQUST GÜNƏŞİ
Sən Avqust günəşisən,
Mən Naxçıvan torpağı.
Odun yaxır könlümdə
Göyərən hər yarpağı.

Üzün səma tək tutqun,
Bir damla yağışın yox.
Gözün daş kimi soyuq,
Səmimi baxışın yox.

Sən göydən od tökürsən,
Bilmirsən yanan nədir.
Nədən belə yaxırsan,
Bilmirəm davan nədir?

Arabir yağış çilə,
Yu, arabir torpağı.
Sən Avqust günəşisən,
Mən Kürdəmir torpağı

BU GECƏ

Pəncərəm gecəyə açıq,
Soyuq qəm havası dolur.
Bu gecə mənim ürəyim
Bir qüssə yuvası olur.

Bu gecə nə ağır gecə,
Səni unutmaq çox ağır.
Qüssə qara duman kimi
Başımdan aşağı yağır.

Bu gecə yavan çörəyə,
Qəm-qüssə yavanlıq olur.
Gecə üyüdür ömrümü,
Ürəyim xırmanlıq olur.
27.07.17

QUMRU QUŞLARI
Uca binaların çardağı yuva,
Qonduğu yerlərdi səki daşları.
Bir az hiyləsi var,bir az da yava
Şəhərdə yaşayan qumru quşları


Nə yaylaq tanıyır, nə aran görür,
Qisməti nə kədər, nə göz yaşları.
Mübhəm, laübalı bir həyat sürür
Şəhərdə yaşayan qumru quşları.

Yolu-yolağası hər tin başları,
Axşam qanad çalır, səhər səf salır.
Şəhərdə yaşayan qumru quşları
Gündüzlə gecəni bəzən səhv salır

Vaxtı çeşid-çeçid, günü rənbərəng,
Gördüyü yuxular al-əlvan olur.
Uçuşu astadı, addımları ləng,
Ona nə daş atan, nə qovan olur.


Qurunun yerinə yaş çıxarırlar,
Gördüyü hər işdən çıxır başları
Vallah,bizdən yaxşı baş çıxarırlar,
Şəhərdə yaşayan qumru quşlar..
7.V.2017

ƏLİNİ QANA BATIRMA

Bu baxışlar nə baxışdı,
Adamı yerdən eləyir.
Gülüşlərin qapı açır,
Təbəssümün əl yelləyir.

Burda divarlar alçaqdı,
Baxma, qonum-qonşu görər.
Gündüzün işıqlı vaxtı,
Bir də çölün quşu görər.

Qatillər belə olmur heç,
Gülə-gülə öldürməzlər.
Bəlkə günahdı, adamı,
Vallah,belə öldürməzlər.

Tut qolların arasında,
Bir qaşıq suda batırma.
Öldür, öpə-öpə öldür,
Əlini qana batırma.
17.03.2017

 




Ana səhifəyə qayıt        Baxış: 1 151          Tarix: 6-12-2017, 11:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma