Xəbər lenti

 

“Mən Hacı Əbdülün Ağsuda keçirdiyi toplantıda iştirak etmişəm, amma I vitse-prezident Mehriban Əliyevanın namizədliyini dəstəkləmirəm və heç bir kampaniyaya qoşulmamışam”.

Bu sözləri Ovqat.com-a KXCP Ağsu rayon şöbəsinin sədri Yaqub Babalı bildirib.

Qeyd edək ki, Ağsudan redaksiyamıza daxil olan məlumata görə, bir neçə gün əvvəl “Vətən Naminə Xalq Birliyi” ictimai təşkilatının bu rayonda konfransı keçirilib və konfransda I vitse-prezident Mehriban Əliyevanın 2018-ci il prezident seçkilərinə namizədliyi dəstəklənib. Maraqıdır ki, Ağsunun ən tanınmış müxalif lideri KXCP rayon təşkilatının sədri Yaqub Babalı da toplantıda iştirak edib. Bu isə istər-istəməz Ağsu KXCP-çilərinin Mehriban xanımını dəstəklədikləri barədə fikirlər yaradıb.

Redaksiyamızla əlaqə saxlayan Yaqub Babalı məlumat qaynağımızın qərəzli olduğunu irəli sürüb və konfransda iştirakının səbəbinə aydınlıq gətirib.

Onun dediyinə görə, 1990-cı illərdən indiyədək Ağsuda fəaliyyət göstərən AXC və onun xələfi olan qurumlara rəhbərlik edib, heç bir zaman isə öz yolundan zərrə qədər də kənara addım atmayıb: “Məlum konfransda iştirak etməyimə gəlincə, açığı, mən ora qonaq kimi dəvət olunmuşam. Məni dəvət edən isə Liberal Sosialist Partiyasının Ağsu rayon şöbəsinin sədri Ələmdar Quliyev idi. Ələmdar bəy məni öz konfranslarına dəvət etmişdi. Mən də bu dəvəti qəbul edərək, konfransa qonaq kimi qatılmışam. Sonda bilmişik ki, toplantı Liberal Sosialist Partiyasının, “Vətən Naminə Xalq Birliyi” ictimayi təşkilatının imiş. Söz alıb Bakıdan Gələn qonaqlara və konfrans iştirakçılarına fikirlərimi və iradlarımı bildirərək, oranı tərk etmişəm”.

Ağsu siyasi təşkilatlarının ənənəsində bir-birinin konfranslarında iştirak etmək təcrübəsinin olduğunu bildirən Y.Babalı xüsusilə KXCP-LSP arasında sıx əməkdaşlığın mövcudluğunu da gizlətmədi: LSP sədri Ələmdar Quliyev uzun illərdir hakimiyyətə qarşı muxalifətçi mövqeyi ilə bilinən şəxslərdəndir. Keçirdiyimiz bir çox tədbirlərdə, o cümlədən 2016-cı ildə Ağsu şəhərində təşkil etdiyimiz mitinqdə də iştirak edib. Onun öz konfranslarına dəvətini qəbul etməyi siyasi nəzakət və mədəniyyət nümunəsi kimi qiymətləndirmişəm. YAP istisna olmaqla, Ağsudakı digər siyasi partiyalarla da nəzakət qaydalarından doğan birgə fəaliyyətimiz var. Mənim hansısa təşkilatın topantısında iştirak etməyimdən başqa mənalar çıxarmaq yersizdir”.

Sonda konfransdan çəkilən şəkillərə istinadən özü haqqında rəy yaratmaq istəyənləri qınayan Yaqub bəy bunu su bulandırmaq cəhdi kimi qiymətləndirdi və opponentlərinə bu sualı ünvanladı: “Əsl cavabı axtarılacaq sual bu olmalıdır: siz kimə işləyirsiniz?”




Ana səhifəyə qayıt        Baxış: 2 313          Tarix: 3-01-2018, 16:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma