Xəbər lenti

 

 “Prezident seçkisində iştirakla bağlı qərar vermək hələ erkəndi”

İqtisadçı-alim, Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu hazırda Amerika Birləşmiş Ştatlarındadır. O, bir neçə aylıq proqram çərçivəsində Amerikaya gedib. Q.İbadoğlu ilə söhbətimizə də elə cəlb olunduğu proqram çərçivəsində gördüyü işlərlə başladıq:

- ABŞ-da işləriniz necə gedir? Princeton Universitetində cəlb olunduğunuz proqram nə zaman bitir və bitəndən sonra da Azərbaycana qayıtmamaq kimi bir planınız varmı?

- İşlərim, demək olar ki, mənim gözlədiyimdən də yaxşı gedir. Proqramım zəngin və həm də maraqlı olduğuna görə vaxtın necə keçdiyini elə də hiss etmirəm. Artıq proqramın, demək olar ki, yarısını geridə qoymuşam. Arxaya baxanda düşünürəm ki, gəldiyim az müddətdə kifayət qədər əhəmiyyətli işlər görə bilmişəm. Qalan müddət ərzində də qarşıma qoyduğum bir sıra hədəflərə çatmaq niyyətindəyəm. Bu baxımdan, 2018-ci il üçün planlarım artıq hazırdır. Bu planlar üzrə də həm görüşlərim, həm müzakirələrim, həm də bir akademik təşkilatda fəaliyyətim davam edəcək. Həm nəzəri, həm praktik cəhətdən, həm də siyasi tərəfdən əhəmiyyətli bir proqramın iştirakçısıyam. Proqramın aprel ayında başa çatması gözlənilir. Başa çatan kimi də dərhal Azərbaycana qayıtmaq niyyətindəyəm. Vətəndə əvvəl başladığım işlərin davamı istiqamətində fəaliyyətimi davam etdirəcəm.

- ABŞ-da ola-ola həm də Azərbaycanda ADR Hərəkatına rəhbərliyi necə davam etdirirsiniz? Məsafədən təşkilat idarə etmək çətin deyil ki?

- ADR-də işlərimiz əvvəlki qaydasında gedir. Təbii ki, ölkədəki mövcud şərait və çətinliklər nəzərə alınmaqla, görülən işləri mən yüksək qiymətləndirirəm. ADR-in idarəetmə strukturları vaxtlı-vaxtında toplanır, məsələlərə operativ münasibət bildirilir, tədbirlər təşkil edilir, təşkilatlanma strukturlarının fəaliyyətinin gücləndirilməsi istiqamətində işlər davam etdirilir. Yalnız İdarə Heyəti ilə deyil, həm də ADR üzvləri ilə sıx təmaslarım davam edir, onlardan birbaşa məlumatları ala bilirəm, müzakirələrə qoşula bilirəm. Bütövlükdə ADR-in fəaliyyəti İdarə Heyətinin, İdarə Heyətinin fəaliyyəti isə İdarə Heyəti sədrinin birinci müavini Vurğun Əyyubun nəzarətindədir. Hal-hazırda ADR-in portfelləşməsi sahəsində yeni işlərimiz başlayıb. Gələcək dövr üçün proqram və konsepsiyalar hazırlayırıq. Mənim buradakı fəaliyyətimin bir hissəsi də ona həsr olunub. Xüsusilə də iqtisadiyyat sahəsində və demokratiyaya keçid istiqamətində yeni konsepsiyaların üzərində iş gedir. Yəqin ki, mən Azərbaycana qayıdandan sonra biz onların təqdimatını keçirəcəyik. Təşkilat, bildiyiniz kimi, dövlət qeydiyyatına alınmayıb. Bununla bağlı ADR-lə Ədliyyə Nazirliyi arasında məhkəmə çəkişməsi davam edir. Birinci instansiya və apellyasiya məhkəmələrində haqsız olaraq Ədliyyə Nazirliyinin mövqeyi müdafiə olunub. Hazırda işə Ali Məhkəmədə baxılmaq üzrədir. Yəqin ki, yaxın vaxtlarda məhkəmə baxışı olacaq. İddiamızda qərarlıyıq, bu işi Avropa Məhkəməsinə qədər davam etdirmək, yekunda isə ADR-in qeydiyyatına nail olmaqda qərarlıyıq. ADR-in eyni zamanda hazırda beynəlxalq əlaqələrinin gücləndirilməsi istiqamətində də işlərimiz yetərincə yaxşı gedir. Mənim ABŞ-da olmağım bunun üçün yaxşı imkanlar yaradır, təşkilatımızın burada təqdimatına nail oluram. İnanıram ki, mən Azərbaycana qayıdandan sonra ADR-in inkişafında yeni bir mərhələni müşahidə edəcəyik. Təşkilat bir neçə aydan sonra növbəti inkişaf dövrünə qədəm qoyacaq.

- Ölkəyə dönəndən sonra siyasi fəaliyyətinizi aktivləşdirmək niyyətiniz varmı?

- Azərbaycan demokratikləşənə qədər, əhalinin sosial rifahı yaxşılaşana qədər, Qarabağ işğaldan azad olunana qədər siyasi mübarizəmi davam etdirməkdə qərarlıyam. Heç bir qüvvə məni bu mübarizədən geri çəkə bilməz. Mən ADR-ə, Azərbaycan xalqına arxalanaraq bu mübarizənin qələbə ilə başa çatacağına inanıram. Əlbəttə, bu, zamana bağlı məsələdir. Amma hesab edirəm ki, Azərbaycan yaxın zamanlarda azad, demokratik bir ölkəyə çevriləcək, Azərbaycan əhalisinin sosial rifahı da yüksək səviyyədə təmin ediləcək və bizim birgə fəaliyyətimizin nəticəsində torpaqlarımız da işğaldan azad olunacaq.

- Mədən Sənayesində Şəffaflıq Beynəlxalq Təşəbbüsü üzrə Beynəlxalq İdarə Heyətində təmsil olunursunuz. Bu qurumda Azərbaycanla bağlı hər hansı müzakirələr olurmu?

- Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü tərk etdiyinə görə, demək olar ki, bu qurumun rəhbər strukturlarında ölkəmizlə bağlı hər hansı müzakirə getmir. Azərbaycan məsələsi artıq MSŞT üçün bitibdir. Hesab edirəm ki, bu, Azərbaycanın tələsik qərarı və yanlış mövqeyi üzündən baş verdi. İndiki halda Azərbaycanın Təşəbbüsə qayıtması o qədər də asan deyil. Çünki Azərbaycanın qurumdakı fəaliyyəti ölkədə vətəndaş cəmiyyətinin mövcud problemlərinə görə dayandırılıb.

Üzvlük üçün müraciət edilsə belə, vətəndaş cəmiyyətinin vəziyyətində əhəmiyyətli dəyişikliklər olmasa, üzvlüyə qəbul olunmaq mümkün deyil. Hesab edirəm ki, istənilən halda Azərbaycanın quruma qayıtması və təmsil olunması ölkəmizin maraqlarına cavab verir. Bu qurum bir inteqrasiya imkanı yaradır, ölkəmizin nüfuzunu artırırdı. Bu baxımdan, Azərbaycan hakimiyyəti ilk növbədə vətəndaş cəmiyyətinin problemlərini həll etməli və üzvlük üçün yenidən müraciət etməlidir.

MSŞT Beynəlxalq İdarə Heyətində mən 2013-cü ildən təmsil olunuram. Təşkilatın qaydalarına görə, 2 dəfədən artıq İH üzvü seçilmək mümkün deyil. Bu, mənim 2-ci üzvlük dövrümdür - 2019-cu ildə başa çatacaq. Azərbaycanla bağlı məsələlərdə ölkəmizin bu təşəbbüsə qayıtması istiqamətində fəaliyyət göstərməyə hazıram.

- Bu yaxınlarda Azərbaycanda hasilat sektoru üzrə hesabat açıqlandı. Hesabatla tanış oldunuzmu? Onu necə qiymətləndirirsiniz?

- Azərbaycanın özünün şəffaflıq və hesabatlılıq təşəbbüsü ilə çıxış etməsi, təbii ki, birmənalı qarşılanmadı. İndiki halda bu təşəbbüsün ali səviyyəsi beynəlxalq şəbəkədir və Azərbaycanın da bu şəbəkə çərçivəsində fəaliyyəti arzuolunan idi. Amma istənilən halda, nəzərə almaq lazımdır ki, Azərbaycan MSŞT üzrə hesabatların dərcini davam etdirir. Mən bunu yüksək qiymətləndirirəm. Amma eyni zamanda demək istəyirəm ki, bir qanadla uçmaq mümkün deyil - MSŞT yalnız hesabatların dərcindən ibarət deyil. Bu Təşəbbüsə yeni keyfiyyət istiqamətləri əlavə olunub. Bunlar arasında mülkiyyət hüququnun açıqlanması, kontraktların, xammal ticarətində şəffaflıq, mədən sənayesində şəffaflıq təşəbbüsünün digər dövlət siyasətinə inteqrasiyası kimi mühüm əhəmiyyətli məsələlər var. Təəssüf ki, Azərbaycanda bunların heç biri üzrə iş aparılmır. Yeni açıqlanan hesabatla tanış olmuşam, 2016-cı il standartları əsasında hazırlanıb, keyfiyyətinə görə bəzi üzv ölkələrin hesabatlarından irəlidədir. Lakin nəzərə almaq lazımdır ki, MSŞT hesabatları hər il təkmilləşdirilir, yeniliklər əlavə olunur. Azərbaycanın o yenilikləri tətbiq etməsi mümkün olmur, çünki təşəbbüsə üzvlüyü dayandırıb. Düşünürəm ki, Azərbaycanın bu formada şəffaflıq prosesi investorlar üçün hesablanıb, orada vətəndaş cəmiyyətinin mövqeyi nəzərə alınmır. Və hesab edirəm ki, müstəqil vətəndaş cəmiyyəti bu prosesdə iştirak etməli, qərarların qəbulunda onun da rolu təmin olunmalıdır. İndiki halda prosesdə iştirak etmək üçün vətəndaş cəmiyyəti platforması yaradılmalıdır, bu istiqamətdə müəyyən işlər görülür. Amma əgər bu platforma müstəqil mövqeli vətəndaş cəmiyyəti institutlarından təşkil olunmayacaqsa, onda prosesin keyfiyyəti ciddi sual altında qalacaq.

- Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasında vəziyyət necədir? Koalisiya fəaliyyətini davam etdirəcək, yoxsa?..

- Koalisiya işini davam etdirir, əsasnamə tələblərindən irəli gələn toplantılar keçirilir. Lakin vətəndaş cəmiyyətinin yaşadığı ümumi problemlər onun da fəaliyyətinə təsir etməmiş deyil. Ümumilikdə, bildiyiniz kimi, 2014-cü ildən bəri vətəndaş cəmiyyəti dağınıq durumdadır. Müstəqil vətəndaş cəmiyyəti institutlarının çoxu fəaliyyətini faktiki olaraq dayandırmış vəziyyətdədir. Fəaliyyət göstərənlər də çox epizodik işlərlə məşğul olurlar. Bu, bir növ sovet dövründə komsomol təşkilatlarının işini xatırladır - daha çox təbliğat-təşviqat fəaliyyətləridir. Bu prosesdə QHT-lərə Dövlət Dəstəyi Şurası əhəmiyyətli rol oynayır. Yəni onlardan maliyyə alıb hakimiyyətin mövqeyinə uyğun təbliğat işləri həyata keçirilir. İstənilən halda, indiki dövrün çətinlikləri də nəzərə alınmaqla, Azərbaycanda vətəndaş cəmiyyəti demək olar ki, yoxdur. Olan fəaliyyətlər epizodik xarakter daşıyır. Son vaxtlar baş verənlər göstərdi ki, bir çox məsələlərdə xüsusilə beynəlxalq səviyyədə Azərbaycanın mövqeyini müdafiə etmək, haqq səsini dünyaya çatdırmaq sahəsində vətəndaş cəmiyyətinin rolu çox böyükdür və yeri görünür. Təəssüf ki, Azərbaycan belə bir imkandan demək olar ki, tam məhrum olmuş vəziyyətdədir. Bu baxımdan, vətəndaş cəmiyyətinin gücünü bərpa etmək üçün ilk növbədə qanunvericilikdə köklü dəyişikliklər edilməli, 2014-cü ildən bəri yaradılan baryerlər aradan qaldırılmalıdır.

- ABŞ-da proqramınız davam etdiyi müddətdə Azərbaycana gəlmək planınız varmı?

- Proqram dövründə mən bir dəfə MSŞT Beynəlxalq İdarə Heyətinin toplantılarına qatılmaq üçün Avropada, bir dəfə də Asiyada səfərdə olmuşam. Növbəti ayda həm Osloda, həm Cenevrədə müzakirələrə qatılacam. Xüsusi bir ehtiyac yaranmasa, proqram dövründə Azərbaycana gəlməyi planlaşdırmıram. Çünki Azərbaycanla əlaqələrim çox sıxdır, istənilən zaman yaranan məsələləri müzakirə etmək imkanlarım genişdir. Buna görə də istəyirəm ki, xaricdəki tədbirlərdə iştirakımı önə çəkim. Amma yenə də qeyd edirəm ki, proqram dövründə xüsusi bir ehtiyac yarandığı təqdirdə Azərbaycana gəlməyimdə hər hansı problem görmürəm.

- Qubad bəy, bildiyiniz kimi, bu il Azərbaycanda prezident seçkiləri keçiriləcək. ADR bu prosesdə iştirak edəcəkmi? Edəcəksə, bu, hansı formada olacaq: öz namizədi ilə, yoxsa kiminsə namizədliyini dəstəkləməklə?

- ADR-in seçki prosesində iştirakı təşkilatın Məclisinin səlahiyyətində olan məsələdir. Biz demokratik seçki mühitinin yaradılması, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində müzakirələrə qoşulmaq niyyətindəyik. Amma konkret seçki prosesində digər iştirak məsələlərini Məclis həll edəcək. Düşünürəm ki, zamanı gələndə ADR Məclisi vəziyyəti qiymətləndirib ona uyğun qərarını verəcək. İndidən bu qərarın nə olacağını söyləmək mümkün deyil və erkəndir. İstənilən halda, Azərbaycanda demorkatikləşmənin, xalqın iradəsini ifadə edən hakimiyyətin formalaşmasının tərəfdarıyıq.

Dünya SAKİT,
“Yeni Müsavat”




Ana səhifəyə qayıt        Baxış: 1 383          Tarix: 8-01-2018, 09:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma