Xəbər lenti

 

Dünən özünü dənizə ataraq intihar edən 23 yaşlı tələbə Məlik Cahangirovla bağlı bəzi detallar məlum olub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Lerik rayon sakini olan gənc uzun müddətdir “Məlik Cahan” imzası ilə şeirlər yazırmış. O, son günlər sosial şəbəkədəki hesabında pessimist paylaşımlar edib və yaxın dostlarına özünü öldürəcəyini deyib.

İntihar etdiyi gün səhər saat 10:13-də bu məzmunda status yazıb: “Sabahınız xeyir, gözəl insanlar. Nə gözəl gündür belə”.

 Dostları isə bundan sonra hər şeyin qaydasında getdiyinə arxayın olublar, M.Cahan  16:45-də özünü dənizə ataraq intihar edib. Yanvarın 6-sı saat 12:58-də intiharına “52 saat 2 dəqiqə” qaldığını, yanvarın 8-i saat 15:59-da isə “1 saat 1 dəqiqə” qaldığını öz hesabında yazaraq paylaşıb.

Özünü dənizə atmadan bir saat öncə intihar edəcəyi yerin şəklini çəkərək şeirlə birlikdə paylaşıb.

 

M.Cahangirov Azərbaycan Dövlət Pedoqoji Universitetinin Coğrafiya fakültəsinin 4-cü kursunda təhsil alırmış. Bir ay sonra, fevralın 10-da M. Cahangirov 23-cü doğum gününü qeyd edəcəkdi.

Azinforum.az bildirdiyinə görə, Cahangirov Məlik Nizaməddin oğlunun meyiti hələ də dənizdən çıxarılmayıb. Bu barədə məlumatı  Azinforum.az saytına mərhumun əmioğlusu Rəsul Cahangirov verib. Onun sözlərinə görə, bəzi KİV-lərdə meyitin tapılması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb: “Hazırda mən dənizkənarı bulvardayam. Təəssüflər olsun ki, ötən gecə bizim tələblərimizə baxmayaraq heç bir axtarış aparılmadı. Hazırda hadisənin baş verdiyi ərazidə axtarışlar aparılır. Bizi medianın belə yalan məlumat yayması təəccübləndirir. Əksinə, bu cür çətin vəziyyətdə media həqiqəti yaymalıdır ki, dövlət qurumları da məsuliyyətli davransınlar”.

İntihar edən gənc şairin doğmasının sözlərinə görə,  əmioğlusu özünü bulvarın “Yaxt klub” olan ərazisində dənizə atıb.

 

Məlik Cahanın intihar qoxusu gələn son şeiri:

"Qorxunun əcələ faydası yoxdur,

bir gün ruh tərk edir bədəni,

azad olur bir bədənlik əsarətdən.

Ölüm son deyil, başlanğıcdır,

Bir az sevgidən ibarətdir,

Bir az da cəsarətdən.

 

Gedəndə tək getmirsən,

savabların yoldaşdı,

günahların yoldaşdı.

 

Bundan sonra bayramlar

il dönümü olacaq.

xeyrlə şər qardaşdı.

 

Həftələr aya dönür,

aylar gəlib il olur.

İllər də yarpaq kimi

tək-tək təqvimdən düşür.

 

Öyrəşir... Hamı öyrəşir..

 

Bir gün ruh tərk edir səni,

qalxır, göylərə üz tutur.

Zamanla yadırğayırlar

səsini də, sözünü də.

Sonra...

Bir gün sənin özünü də

unudur...

Hamı unudur...

 

Bir gün ruh tərk edir səni,

ruh səni, sən də hər kəsi.

Yaxınlıqdakı məsciddən

eşidilir azan səsi...

 

Məlik Cahan

31.12.2017"

İntiharın səbəbi bilinmir




Ana səhifəyə qayıt        Baxış: 1 212          Tarix: 9-01-2018, 12:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma