Xəbər lenti
 
Məlum olduğu kimi, bir müddət öncə “Hürriyyət” qəzeti öz fəaliyyətini dayandırması ilə bağlı bəyanat yayıb. Qəzet rəhbərliyi adından yayılan bəyanatda buna səbəb kimi qəzetin çapı üçün lazımi maliyyə vəsaitinin olmadığı, KİVDF-nin qəzetə yetərincə maliyyə ayırmadığı bildirilir. 
Moderator.az “Hürriyyət”lə bağlı yaranmış vəziyyətə qəzetin təsisçisi, ADP sədri Sərdar Cəlaloğlu ilə söhbətində aydınlıq gətirməyə çalışıb:
- Sərdar bəy, “Hürriyyət” qəzetinin bağlanması hansı zərurətdən alınan qərar oldu? KİVDF-nin “Hürriyyət”ə münasibətini niyə ədalətsiz hesab edirsiniz?
- Əvvəla onu deyim ki, ölkədə çox ağır sosial-iqtisadi böhran var. Bu böhranın ən çox ağırlığını hakimiyyətdən uzaq olan, onunla soyuq münasibətdə olan təşkilatların, biznes qurumlarının, eləcə də mətbuat orqanlarının üzərinə düşür. Bizim hökumətlə bilavasitə yaxınlığımız olmadığı üçün,  bu gün həm partiyamız, həm də qəzetimizin fəaliyyəti həddindən artıq məhdudlaşıb. Bəlli bir müddətdir ki, KİV-ə dəstək adı ilə bir proqram həyata keçirilir. Biz uzun müddət o proqrama daxil etməmişdilər. Bizə ən müxtəlif bəhanələr gətirirdilər. Gah deyirdilər ki, tirajınız azdır, gah deyirdilər ki, dövriyyəniz azdır, gah deyirdilər ki, sizə xəbərdarlıq olunub və s. Biz də maliyyə imkanlarınmızın məhdudluğunu nəzərə alıb hökumətin dediklərinin bir çoxunu həyata keçirməyə başladıq və sonra bizi guya maliyyələşdirməyə başladılar. Baxın, bu proses KİV-in inkişafına dəstək adı ilə gerçəkləşir. İnkişaf nə deməkdir? Inkişaf sözünün mənası dəyişilmə deməkdir. KİV-ə dəstək proqramına nəzər salsaq görərik ki, 10 il ardıcıl olaraq hər 6 aydan bir  60 min manat, ildə 120 min, 10 ildə 1milyon 200 min manat pul alan qəzetlərin heç biri bu müddət ərzində bir addım da olsun inkişaf etməyiblər. İstəyirsiniz bu gün müşahidəçilər göndərək, prokurorluq cinayət işi qaldırsın, dediyim məsələlər araşdırılsın. Araşdırılsın ki, 100 min manatlarla pul alan qəzetlərdə hansı inkişaf olub. Onların nə dövriyyəsi artıb, nə tirajı artıb, nə yazıların keyfiyyəti yüksəlib, nə də dövlətin və xalqın ümumi maraqlarını yetərincə müdafiə edən fəaliyyət ortaya qoymayıblar. 
“Hürriyyət” qəzeti isə hər nömrəsində Azərbaycan dövləti, Azərbaycan xalqı ilə bağlı, daxili və xarici, eləcə də iqtidardan və müxalifətdən doğan təhlükələrlə bağlı yazılar ortaya qoyub. Biz müxalifətdəki neqativ olaylardan da yazmışıq. Biz öz yazılarımızla sübut etmişik ki, həqiqətən də dövlətin və xalqın maraqlarını qoruyan kütləvi informasiya vasitəsiyik. Bizə bildirirlər ki, biz hər gün çıxmadığımız üçün bizə 9 min manat pul ayrılır. Əgər söhbət inkişafdan gedirsə, o zaman bizə 6 ay ərzində digərlərindən daha çox pul ayırmalıdırlar ki, biz də digər qəzetlər kimi gündəlik çıxaq. Əgər mən gündəlik çıxacamsa, dövriyyəm 10-15 min olacaqsa, o zaman dövlətin dəstəyi mənim nəyimə lazımdır? Əgər hər şeyimiz qaydasındadırsa, ofisimiz, maşınlarımız varsa, həftədə 7 gün çıxırıqsa, o zaman dövlətin dəstəyinə nə ehtiyac var? Dövlətin dəstəyi ondan ötəridir ki, iqtisadi çətinlikdə olan mətbuat vasitəsi müxtəlif yollarla maliyyələşən digər mətbuat vasitələri kimi gündəlik çıxaq, dövriyyəmizi artıraq. Bu gün 1000 tirajla çıxan “Hürriyyət” qəzetinin apardığı siyasət 10 min nömrə ilə olsun ki, daha çox əhali dövlətin və millətin maraqlarının harada daha çox təhlükə ilə üzləşdiyindən xəbər tutsun, hansı addımlar atılmasının zəruriliyini bilsin. 
- Qəzetin nəşri üçün KİVDF-nin ayırdığı vəsaitdən başqa daha nə qədər vəsaitə ehtiyac duyulur?  
- Bildiyiniz kimi, pul müqavilə əsasında ayrılır. Bizdən tələb edirlər ki, hər nömrədə KİV layihəsinə uyğun bir material verək. Bunların verdiyi pul bizim qəzetimizdə həmin materialların çap edilməsini belə görmür. Amma qəzet sadəcə o materiallardan ibarət deyil axı. Qəzet 16 səhifədən ibarətdir. Biz KİV layihəsi üçün nəzərdə tutulan materialdan 10 dəfə çox material çap edirik. Məcbur oluruq ki, hər ay qəzetə ayrılan puldan əlavə 2-3 min də əlavə pul tapaq ki, qəzet nəşrini dayandırmasın. Yəni hər ay hökumətin siyasətini təbliğ etməyə bizə ayrılan aylıq 1500 manatdan əlavə öz cibimizdən 2500 manat pul qoymalıyıq. Onda belə bir sual meydana çıxır. Mənim hakimiyyətə dəstək siyasətim var? Bu KİV-ə dəstəkdir, yoxsa KİV-in hökumətə dəstəyidir? Mən niyə hər ay 2500 manat pul qoyub sənin istədiklərini yazmalıyam? Heç olmasa bunun maliyyə xərcinə ortaq ol, qəzet də 50% sənin təbliğinə həsr olunsun, 50%-ində isə mən öz bildiyimi yazım. Lakin qəzetə verilən pul 1500 manatdır.  2500 manat da biz qoyuruq. Üstəlik həm də bütün fəaliyyətimizi KİVDF-nin istəyinə uyğun olmalıdır. Hökumətin özünün heç bir qəzeti bu günə qədər 35 min tirajla çıxmayıb. Amma “Hürriyyət” 90-cı illərdə o cür tirajla çıxıb. O vaxt biz dövlətdən heç bir dəstək almırdıq. 
- Dediklərinizdən belə çıxır ki, mətbuata ayrılan pullar müqabilində mətbuatın özündə lazımi inkişaf müşahidə edilmir?
- Bəli. KİV-ə ayrılan pullar hara gedir? Əgər bir qəzetə ki, bu illər ərzində bir milyon 200 min manat məbləğində yardım edilib, bunun qarşılığında qəzetin nə dövriyyəsi, nə keyfiyyəti, nə jurnalist tərkibi dəyişilməyib, bəs bu pullar hara gedib? Bizim jurnalistlərə ev də vermədilər. Necə olur ki, elə qəzet rəhbəri var ki, üç ev alır, amma “Hürriyyət” qəzetinə bir ev verilmir? Sanki dövlət KİV-ə yardıma ayrılan vəsaiti bir qrup adamın qabağına qoyub ki, öz bildiyiniz kimi bölün. KİVDF-dən pul alan qəzetlər arasında “Hürriyyət”lə eyni tarixdə çıxan və uzun inkişaf yolu keçən başqa bir qəzet yoxdur. Biz 1991-ci ildən çıxırıq. Vaxtilə biz 35 min tirajla çap olunmuşuq. Bu müddət ərzində KİVDF-dən yüz minlərlə pul alan qəzetlərin heç biri hələ də bu tiraja gəlib çıxmayıb. 
- Madam ki, qəzetin nəşri ilə bağlı maliyyə problemi vardı, o zaman qəzetin fəaliyyətinin dyandırılması ilə bağlı addımı daha əvvəl atmırdınız?
- KİV DF ilə müqavilə bağlamasydıq, biz qəzeti çoxdan bağlayardıq. Bunlarla müqavilə bağladığımız üçün müqaviləni poza bilmirdik. Bu müddət ərzində hər ay qəzetin çapına öz cibimizdən 2-3 min manat pul qoymuşuq. Bu gün üstümüzdə nəhəng borclar var. Belə bir vəziyyətdə qəzeti çapını təmin etməyimiz mümkünsüzdür. Əgər bir qəzet həftədə 6 dəfə çıxırsa, o istəsə belə inkişaf edib dövriyyəsini artıra bilməz. Əgər dövriyyən və tirajın artmaybsa, nəyin artıb bəs? İnkişaf hansısa mağazasnın ikinci mərtəbəsini ucaltmaq və ya onun yanında bir restoran tikməkdir? Biz susuruq. Amma görürük ki, susmaqla iş bitmir. KİVDF-dən pul alan qəzetlərin heç birinin “Hürriyyət” kimi 30 illik tarixi, 35 minlik tirajı yoxdur. Heç kim bu göstəricini təkrarlaya bilməyib. İndi isə “Hürriyyət”ə yardım etmək istəmirlərsə, etməsinlər. Lakin deməsinlər ki, biz KİV-ə dəstək siyasəti həyata keçiririk. Desinlər ki, biz əlimizin altında olan, bizə xidmət edən mətbuat vasitələrini dəstəkləyirik. Bunun adını elə qoysunlar. Bunun adını KİV-ə dəstək qoymaq düzgün deyil. 
- Mediaya maliyyə yardımı məsələsində daha hansı məqamlarla bağlı narazılığınız var?
- Qəzetlərə maliyyə ayrılmasında da bölgü prinsipində ədalətsizlik var. Əgər biz həftədə iki dəfə çıxırıqsa və buna görə bizə 9 min manat verisiniz, o zaman həftədətə 5 gün çıxan qəzetə də məntiqlə 18-20 min manat pul verilməlidir. Bəs niyə bunlara 60 min pul verirsən? Bunu necə hesablayırsan? Adamdan soruşmazlar ki, bu ədalətsizliyi niyə edirsən? Mən necə inkişaf edə bilərəm ki, mənə yardım etmirsən? Gündəlik çıxmağımız üçün mənə bir il 120 mini versəydilər, dövlətdən ikinci dəfə yardım istəsəydim namərd idim. Sən mənə ölmək üçün, bankrota getmək üçün yardım edirsən. Sənin yardımın dostluq yardımı deyil. Sənin yardımın düşmənçilik yardımıdır. Məni məcbur edirlər ki, bu sözləri deyim. Qoy prokurorluq 9 min pul alan “Hürriyyət”in də fəaliyyətini yoxlasın, 60 min manat alan qəzetlərin də fəaliyyətini yoxlasın. Baxaq görək kim bu pulu nəyə sərf edib. 



Ana səhifəyə qayıt        Baxış: 871          Tarix: 15-01-2018, 13:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma