Xəbər lenti

 

Son zamanlar direktorla həkimlər arasında qalmaqallarla gündəmə gələn Ağciyər Elmi Təhqiqat İnstitutunda gərginlik davam edir.

Narazı həkimlərin “Hürriyyət”ə verdiyi məlumata görə, işdən çıxarılan tibb xadimlərinin şikayətlərindən və mətbu orqanlarda dərc olunan yazılardan sonra Nazirlikdən müəssisəyə komissiya göndərilsə də, araşdırmalar formal xarakter daşıyıb və birmənalı şəkildə direktor Həqiqət Qədirovanın mövqeyi müdafiə olunub.

Bildirilir ki, komissiyaya Nazirliyin Hüquq və Daxili Nəzarət Sektorunun əməkdaşları Elxan Əzizov və Nəcibə Əliyeva adlı şəxslər daxil olub. Komissiya üzvləri şikayətçiləri dinlədikdən sonra onlara “bir qrup qanuna məhəl qoymayan davakar, demaqoq həkimlər” damğası vurmaqla missiyalarını tamamlayıblar.

İnstitutu DTX əməkdaşları da yoxlayıblar. Maraqlıdır ki, direktor Həqiqət Qədirovanın DTX əməkdaşlarının gözü qarşısında USM həkimi Xatirə Əliyevanın otağına basqın etdiyi bildirilir. O da iddia olunur ki, Xatirə həkim hadisəni dərhal telefonla çəkib və video-görüntünü Mədət Quliyevə göndərib.

Nazirin tələbə yoldaşı olan Həqiqət Qədirovanın yeni himayədarı da ortaya çıxıb. Bildirildiyinə görə, bu şəxs nazir müavini Abbas Vəlibəyovdur. 71 yaşlı Abbas Vəlibəyov “asta axan su” olduğuna diqqət çəkən şikayətçilər Səhiyyə Nazirliyinin faktiki olaraq bu şəxs tərəfindən idarə edildiyinə inanırlar. Onların dediyinə görə, adı heç yerdə hallanmasa da, Abbas həkim 1999-cu ildən indiyədək Səhiyyə Nazirinin müavini vəzifəsində çalışır. Hardasa, 20 ilə yaxınlaşan bu müddət ərzində istər Səhiyyə Nazirliyində, istərsə də Respublikamızda çox sellər-sular axıb. Hətta Abbas Vəlibəyovun yaxın dostu olan sabiq nazir Əli İnsanov ən ağır cinayətlərdə ittiham edilərək məhbəsə salınıb və aldığı cəza başa çatsa da, müxtəlif bəhanələrlə həbsdə saxlanılması daha məqsədəuyğun hesab edilib. Di gəl ki, Abbas Vəlibəyov ətrafında baş verən bütün bu həngamələrdən təmiz çıxmağı bacarıb. Əksinə, Əli İnsanovdan sonra nazir postunda əyləşən Oqtay Şirəliyevin idarəetmədəki bəzi nöqsanları Səhiyyə Nazirliyinin sükanının Abbas Vəlibəyovun əlinə keçməsilə nəticələnib. Halbuki, Əli İnsanov həbs edildiyi zamanlar ən çox nigaranlıq keçirənlərdən birinin də məhz Abbas Vəlibəyov olduğu bildirilir. Onun həmin ərəfədə keçirdiyi stressdən yorğan-döşəyə düşdüyü belə iddialar arasındadır. Amma, necə deyərlər, sən saydığını say, gör, fələk nə sayır. Görünən budur ki, fələyin say sistemi Səhiyyə Nazirliyinin “asta axan suyunun” xeyrinə işləyib. İndi Səhiyyə Nazirliyində bütün işlərə faktiki nəzarət edən Abbas Vəlibəyev olsa da, sənədlərin altında Oqtay Şirəliyevin imzası dayanır. Bu da “asta axan su”yun daha rahat hərəkət etməsinə yol açır.

“Ağciyər” İnstitutunun həkimlərini ən çox narahat edən də Abbas Vəlibəyovun onlara qarşı bu cür biganə yanaşmasıdır. Çünki həmin müəssisəni Abbas Vəlibəyovun köhnə dostu Əli İnsanov yaradıb. Məhz bu səbəbdən hətta bəzi hallarda müəssisəyə “Əli İnsanov institutu” belə deyirlər. Bildirildiyinə görə, sabiq nazir tanınmış mütəxəssisləri bu müəssisəyə toplayaraq, ölkənin ən sanballı elm və tibb mərkəzinə çevirmişdi. Başqa sözlə, “Ağciyər” institutu faktiki olaraq Əli İnsanovun mirası hesab edilir. Bir zamanlar sabiq nazirin ən yaxın adamı kimi tanınan Abbas həkim isə indi onun mirasının darmadağın edilməsi prosesində başlıca yer tutanlar arasındadır.

Şikayətçilərin bildirdiyinə görə, DTX-nin əməkdaşları müəssisəyə gəldiyi gün Həqiqət Qədirovadan izahat alıblar. Vəziyyətin öz əleyhinə dəyişə biləcəyindən narahat olan Həqiqət xanım dərhal Nazirliyə müraciət edib. Onun imdadına isə Abbas Vəlibəyovla Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov yetişib. Halbuki, Abbas həkim səhiyyə sistemində dostluğa sadiq birisi və vaxtaşırı Əli İnsanova rəğbətini gizli də olsa əməli fəaliyyətilə ortaya qoyan insan kimi tanınırmış. İndi onun birdən-birə öz dostunun səhiyyə sisteminə verdiyi ən yaxşı töhfəsinin yox edilməsi prosesinə qoşulması həkimlərin könlünü incidir.

Məsələ burasındadır ki, həkimlər institutun direktoru Həqiqət Qədirovanın məhz Əli İnsanovun mirasını tamamilə ortadan qaldırmaq missiyası ilə bu müəssisəyə gəldiyinə inanırlar. İddialara görə, Əli İnsanovla Həqiqət xanım arasında ciddi ziddiyyətlər olub. Həqiqət xanımın Əli İnsanovun dövründə Mikrobiologiya Kafedrasından uzaqlaşdırılmasında sabiq nazirin birbaşa götərişi olduğu bildirilir. Qeyd olunur ki, Həqiqət xanım həmin kafedranı da indiki “Ağciyər” institutu kimi idarə edirmış: “Orda da süpürgəçidən tutmuş ən savadlı müəllimlərə qədər hər kəs şərlənir, aşağılanırmış. Universitetin sabiq rektoru Əhliman Əmiraslanov və sabiq nazir Əli İnsanov hər gün artan şikayətlərdən təngə gəldiyindən, kafedra müdirini işdən çıxarmağa qərar verirlər. O zamandan Həqiqət xanımın Qərbi azərbaycanlılara xüsusi nifrəti peyda olub və Əli İnsanovdan sonra yenidın rəhbərlik etdiyi bütün müəssisələrdə “yeraz”lara qarşı mübarizə aparıb”.

Həkimlərin dediyinə görə, o, “Ağciyər” institutuna direktor gələndə bunu öz çevrəsində açıq etiraf etməkdən də çəkinməyib və son zamanlar sözügedən müəssisədən uzaqlaşdırılanların əksəriyyəti də məhz Qərbi Azərbaycandan olanlardır. O da etiraf edilir ki, Əli İnsanovun dövründə bu müəssisə heyətinin hardasa 80%-i Qərbi azərbaycanlılar təşkil edirmiş.

Məlumata görə, direktor bununla da kifayətlənmək istəmir. O, indi digər “yeraz” həkimlərin sənədlərinin saxtalığını araşdırmaq işinə girişib. Bu istiqamətdəki fəaliyyətilə hətta nazirliyin Sertifikasiya Komissiyasını belə ləkələməkdən çəkinmir. Komissiyanın rüşvət müqabilində həkimlərə saxta sənədlər verdiyini isbatlamağa çalışır.

Narazı həkimlər son zamanlar apardıqları araşdırmalar nəticəsində bəzi mühüm faktlar da əldə ediblər. İddialarına görə, 2012 ci ildə Həqiqət xanıma Nəsimi Rayon Prokurorluğunda cinayət işi açılıbmış. O, QİÇS-lə Mübarizə Mərkəzinə rəhbərlik etdiyi zamanlarda yol verdiyi korrupsiya faktlarında şübhəli bilinirmiş. İndi belə bir insanın Ağciyər Elmi Təhqiqat İnstitutu kimi ciddi bir müəssisəyə rəhbərlik etməsi həkimlərin beynində cavabsız suallar yaradır.

Qeyd edək ki, narazı həkimlərin direktor barədə şikayətlərinə bu gün Nizami rayon Məhkəməsində baxılacaq.

Hurriyyet.org




Ana səhifəyə qayıt        Baxış: 1 081          Tarix: 5-02-2018, 13:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma