Xəbər lenti

 Ələmdar Məmmədov,

keçmiş prokuror

20 mart 2018-ci ildə tanınmış ictimai-siyasi xadim, Respublika prokuroru və Ədliyyə naziri vəzifələrində işləmiş İlyas İsmayılovun 80 yaşı tamam olur. Onun haqqında qələmə aldığım bu yazı İlyas İsmayılov şəxsiyyətini olduğu kimi ictimaiyyətə tanıtmaq niyyətindən irəli gəlir.

Hansı vəzifədə və statusda olursa-olsun, onun həmişə həyat kredosuna çevirdiyi əsas dəyər ədalətlilikdir.
İlyas İsmayılovun yüksək mənəvi keyfiyyətlərindən biri də təvazökar olmasıdır. Tale onunla səxavətli davranıb, çox şeylər bəxş edib – xarakter, yüksək əqli mühakimə qabiliyyəti, ciddilik, bir çoxlarının ən başlıca həyat amalına çevrilən yüksək vəzifələr… Bütün bunlara baxmayaraq, heç vaxt bu adamı əlində olan fürsətləriylə qürrələndiyini görən olmayıb. Əksinə, İlyas müəllim o qədər təvazökardır ki, bəzən onun haqqında yüz cür iftiralar atılır, yalanlar danışılır, amma o, bircə dəfə də olsun, tamamilə haqlı olduğu məqamlarda belə, özündən bəhs etmir, etdiyi xidmətləri, yaxşılıqları dilə gətirmir.

Məsələn, İlyas müəllim haqqında ən çox irəli sürülən ittihamlardan biri “pambıq işi” ilə bağlıdır. Guya, o, 1980-cı illərin ortalarında “pripiskaya” qarşı mübarizə adı altında xeyli günahsız insanı cəzalandırmışdır. Halbuki, 1986-87-cı illərdə bir sıra sovet respublikalarını qarsıb-qovuran “pambıq repressiyaları”ndan Azərbaycanı qoruyan məhz İlyas İsmayılov olmuşdu.

ilyas-prokuror

Mən şəxsən şahidiyəm ki, SSRİ Baş Prokurorluğu respublikamızda da pambıq “pripiskalarını” yoxlamaq üçün 70, yaxud 90 müstəntiq (sayını tam xatırlamıram) ayırmış və bu barədə Azərbaycana məktub göndərmişdi. Həmin vaxt mən Cəlilabadda prokuror işləyirdim. Bizim də bir işçimiz – müstəntiq “pambıq işini” araşdıran istintaq qrupuna daxil edilmişdi. Müstəntiqi geri qaytarmaq üçün İlyas İsmayılovun yanına gəlmişdim. Qısa söhbətdən sonra o, seyfin qapısını açıb içərisindən SSRİ Baş Prokurorluğundan gələn həmin məktubu mənə uzatdı və oxumağımı istədi.Oxudum, məktubda “pambıq işini” yoxlamaq üçün Moskvadan gələcək müstəntiqlərin qarşılanması, yerlə təmin olunması xahiş edilirdi. Oxuyub qurtarandan sonra İlyas müəllim mənə ikinci məktubu uzatdı. Özünün SSRİ Baş Prokurorunun müavininə yazdığı cavab məktubu idi. Məktubda qeyd olunurdu ki, “Diqqətinizə görə sağ olun. Amma biz öz daxili imkanlarımız hesabına bu işlərin öhdəsindən gələcəyik”.

İlyas müəllim daha sonra mənə niyə bu cür cavab məktubu yazdığının səbəbini də izah etdi. Bildirdi ki, Qdlyan, İvanov kimi başqa millətlərdən olan müstəntiqlərin Azərbaycana gəlməsini və “pambıq işi”ni araşdırmasını istəmir. Çünki ortada Özbəkistan təcrübəsi vardı və bu ölkədə minlərlə adam “pambıq işinin” qurbanı olmuşdu. Özbəkistanın birinci katibi, Nazirlər Sovetinin sədri və bu kimi yüksək vəzifə tutan çox sayda rəhbər kadrı, ziyalısı özünü bu repressiyadan xilas edə bilməmişdi. “Pambıq repressiyası” qurbanlarının başsız qalan ailələrini də bu hesaba əlavə etsək, həmin işdən yüz minlərlə özbək zərər görmüşdü.

İlyas müəllimin fikrincə, biz bu təcrübədən dərs almalı, “pambıq işini” ədalətlə araşdırmalıydıq. Millətin taleyüklü məsələsini başqalarına etibar etmək olmazdı. Məhz buna görə də cəsarətlə deyə bilərəm ki, İlyas müəllimin obyektivliyi, uzaqgörənliyi, mərkəz qarşısında ötkəmliyi və ən əsası, vətənpərvərliyi o vaxt Azərbaycanın bir çox zəhmətkeşini, rəhbər işçisini, ziyalısını repressiyalardan xilas etdi.

İlyas müəllim həm mənimlə söhbətində, həm də qısa müddətdən sonra keçirilən kollegiya iclasında çıxış edərək, bu işi özümüzün araşdırmağımızın vacibliyini “ağı qaradan ayıra bilmək” imkanlarımızla əsaslandırdı. Biz, “pripiska”ya bulaşdırılmış xalqı yox, bu işi təşkil edən əsas günahkarları cəzalandırmalıydıq. Necə ki, elə də oldu.

İlyas müəllim prokurorluq orqanlarına o dövrün şərtləri baxımından ciddi inqilabi dəyişikliklər gətirdi. Onun zamanında prokurorların adətən ağır cəza istəməsi ənənəsinə son qoyuldu. Bunun üçün İlyas müəllim xüsusi kollegiya iclası keçirdi. İclasda iki rayonun prokurorunu ciddi tənqid edərək, adi bir hadisəyə görə insanları məsuliyyətə cəlb etmələrini qınadı. Həmin prokurorlardan biri ot tayasına od düşdüyü üçün kolxoz sədrinin barəsində cinayət işi başlayıb, həmin şəxsin məhkum olunmasına nail olmuşdu.İlyas müəllim bu cür yanaşma tərzinin yersiz olduğunu, bununla adi bir səhlənkarlığa görə təkcə kolxoz sədrinə deyil, həm də onun övladlarına zərbə vurulduğunu bildirdi. Çünki o dövrün kadr siyasəti ənənəsinə görə, valideyni, yaxın qohumu məhkum olmuş istənilən şəxsin karyerası bitir, onun rəhbər vəzifələrə təyin edilməsi, bəzən hətta kiçik dövlət işində çalışması belə mümkünsüz hala gəlirdi. Dəyəri, deyək ki, 30-40 manat olan bir ot tayası üçün təkcə kolxoz sədrinin deyil, həm də onun övladlarının gələcəyinin ləkələnməsi İlyas müəllimi ciddi narahat edirdi.

İlyas müəllimin qəzəbinə səbəb olan digər məsələ bir başqa rayonda istintaq olunan cinayət işi ilə bağlı idi. Rayon məktəbində təsərrüfat müdiri işləyən bir xanıma prokuror CM-nin 86-çı maddəsinin 3-çü hissəsi ilə (kulli miqdarda mənimsəmə) çinayət işi başlamışdı. Həmin xanım isə yetim bir qız idi. Himayəsində 3 bacı-qardaşı vardı. İlyas müəllim kollegiya iclasında bu valideyinsiz qıza ağır cəza vermək təşəbbüsündə olan prokuroru çox sərt şəkildə tənbeh elədi, ciddi arxası olmasına baxmayaraq, üstündən heç bir il belə keçməmiş onu işdən çıxartdı.

Mən həmin kollegiya iclasında ötkəm, prinsipial, olduqca ciddi adam kimi tanınan İlyas müəllimin necə nəcib ürəyə sahib olduğunu anladım. Məhz onun bu nəcibliyi sayəsində Azərbaycanın prokurorluq orqanları bacardıqları qədər az cəza tələb etmək yolunu seçdi. Repressiv üsullara qədər varan ağır cəzalandırma ənənəsi tarixə qovuşdu.

İlyas İsmayılovun müsbət keyfiyyətlərindən biri də nəcib qəlbini əsrlər boyu ölkəmizin ən böyük mərəzi sayılan yerliçilik və qohumbazlıq hisslərindən uzaq tutmasıdır. Onun Respublika Prokuroru işlədiyi dövrlərdə ən yaxın ətrafının regional mənsubiyyəti çoxşaxəli idi. Heç bir zaman öz qohumlarının, yaxınlarının haqqı olmadığı iş üçün kiməsə ağız açmazdı.

Yaxşı yadımdadır, Cəlilabadda yenicə prokuror təyin olunduğum vaxtlar “şpaler işi”vardı (Şpaler-üzüm sahələrində istifadə olunan beton dirəklər). Məndən əvvəl başlanılmış cinayət işi idi. 1982-1984-cü illərdə onlarla sürücü dövlət əmlakını mənimsəməyə görə CM-nin 86-cı, hətta 88-1 (külli və xüsusi ilə külli miqdarda mənimsəmə) maddəsi ilə məhkum edilmişdi. Mən işə başlayarkən 50-60 “qurbanlıq” öz növbəsini gözləyirdi. Müstəntiq Kərimağa Tağıyevə tapşırdım ki, bu qədər insanı narahat etməyə dəyməz, hesabında daha çox çatışmazlıq olan bir nəfəri məhkəməyə verib, digərlərinin haqqında cinayət işinin icraatına xitam versin. İş elə gətirdi ki, hesabında ən çox – 6500 manat çatışmazlığı olan sürücü tovuzlu çıxdı. Ona CM-nin 86-cı maddəsinin 3-cü hissəsi ilə ittiham elan olunmalı idi (6 ildən 15 ilədək azadlıqdan məhrum edilmə). Həmin şəxslə görüşüb dedim ki, sovxoz direktoru da kömək etmək şərti ilə ziyanı ödəyin, sənə, necə deyərlər, məcburi əmək tələb edə bilim. Adam mənim yanımdan narazı ayrıldı. Sonra eşitdim ki, ziyanı ödəyib. Məhkəmədə sürücünün cəzası 2 il məcburi əməyə cəlb edilməklə, şərti hesab edildi .

Məhkəmədən sonra həmin adam yanıma gəldi. Bildirdi ki, həyat yoldaşı tərəfdən İlyas İsmayılovun yaxın qohumudur. Bu iş üçün İlyas müəllimin yanına gedərək, məndən şikayət edib. İlyas müəllim eynilə mən deyəni deyib. Adam xahiş edib ki, “bəlkə məni ona tapşırasınız”. İlyas müəllim isə buna ehtiyac olmadığını, mənim ədalətli mövqe tutacağıma, verdiyim sözə tapşırıqsız da əməl edəcəyimə inandığını bildirib.

Bəli, İlyas müəllim belə prokuror idi. O, yaxın qohumunu belə, öz işçisinə tapşırmamışdı…

İlyas müəllim həm də olduqca hümanist adamdır. O dövrün bütün prokurorları İlyas müəllimin həmin xüsusiyyətini bilir və buna görə də cəsarətli qərarlar qəbul edirdilər. Çox təfərrüatına varmadan bu barədə bir neçə faktla oxucuları tanış etmək istərdim.

Cəlilabadda yenicə işə başlamışdım. Məndən əvvəlki dövrdə Daxili İşlər Nazirliyinin istintaq-əməliyyat qrupu şərab zavodlarını yoxlamış, 800 min manatlıq mənimsə faktı ortaya çıxartmışdı. 8 nəfərin CM-nin 88-1 maddəsi ilə (10 ildən 15 ilədək azadlıqdan məhrum etmə) təqsirləndirilmələrinə dair cinayət işinin məhkəmə baxışında dövlət ittihamının müdafiəsi mənə tapşırılmışdı. Hakim isə Ali Məhkəmənin üzvü Məmməd Abdullayev idi.

İş materialları ilə tanış olanda məlum oldu ki, ittihamdakı məbləğ real mənimsəmə faktından 600 min manat yüksəkdir. Zəng edib İlyas müəllimə dedim ki, istintaq orqanı ittihamı süni şəkildə şişirdib (Şişirtmə bundan ibarət idi ki, Rusiyaya göndərilən 50 tonliq vaqonlarda çatışmayan 20-30 litr çaxırın dəyərini də ittihama əlavə etmişdilər). İlyas müəllimin göstərişi ilə Respublika Prokurorunun 1-ci müavini Ələddin Sultanovunyanında 2 gün davam edən müzakirə aparıldı. Müzakirədə DİO-da istintaq və təhqiqata nəzarət şöbəsinin rəisi İsmət Qayıbov, şöbə prokuroru Vaqif Nəzərov, DİN-nin istintaq bölmə rəisi və Dima adlı müstəntiq iştirak edirdilər. Birinci gün müstəntiqlər, necə deyərlər, məni üstələdilər. İkinci gün müstəntiqlərin bütün dəlillərini Ali Məhkəmənin plenum qərarlarına istinad etməklə, alt-üst etdim. Bəzən mübahisəyə keçən müzakirənin gedişində iş o həddə çatdı ki, adını çəkmək istəmədiyim yüksək vəzifəli şəxslərdən biri hirslənərək dedi:
- Sən prokuror kimi deyil, vəkil kimi danışırsan!

Haşiyə

Heç kimə sirr deyil ki, uzun illər ərzində prokurorların ittihamdan imtina etməsi, ittihamı azaltma ənənəsi olmayıb. Prokuror protestləri yalnız cəzanın yüngüllüyündən verilib. Moskvanın xüsusi nəzarətində olan CM-nin 88-1 maddəsi ilə təqsirləndirilən şəxslərə prokuror 12,13,15 il azadlıqdan məhrum edilmə cəzası təyin edilməsini xahiş edirdi (Prinsipial prokuror). Məhkəmələr “humanistlik edərək” bir il aşağı cəza verirdi. Vay o prokurorun halına ki, məhkəmə onun tələbindən yuxarı cəza verəydi (Mövqesiz prokuror).

Nəhayət, ittihamdan 600 min manat çıxılmasına razılaşdılar. Müttəhimlərin cəza məsələsində məni ən çox narahat edən, hələ ailə həyatı qurmamış, bütün ömrünü təsərrüfat işlərinə sərf etmiş, Üçtəpə kəndində briqadir işləyən bir qız uşağının taleyi idi. Respublika Prokurorunun müavinləri ilə söhbətdə bu qız uşağına CM-nin 40-cı maddəsini tətbiq edib, 5 il müddətinə azadlıqdan məhrum edilmə cəzası tələb etmək tövsiyə olundu. Məhkəmədə bütün müttəhimlərə maddənin ən aşağı həddində – 10 il müddətinə azadlıqdan məhrum edilmə cəzası verilməsini xahiş etdim (Bu həmin dövrün qaydalarından kənara çıxmaq idi. Dəymiş ziyanın çox olmasına və ödənməməsinə görə onların hər birinə 14-15 il müddətinə azadlıqdan məhrum edilmə cəzası tələb edilməli idi).

Riski gözüm önünə alaraq briqadir qızın cəzasının CM-nin 41-ci maddəsinə əsasən şərti hesab edilməsini xahiş etdim.

İnanılması zor olsa da, bütün məhkəmə salonu, o cümlədən müttəhimlər belə, ayağa qalxıb mənim bu riskli qərarımı gurultulu şəkildə alqışladılar. Baxmayaraq ki, mən onlara əslində az cəza istəməmişdim. Lakin ədalətin “kəsdiyi barmaq” ağrımamış və mənim müttəhimlər arasındakı qadına hümanist yanaşmağım onları da sevindirmişdi.

Məni bu cür riskli qərar verməyə, hətta yüksək vəzifəli şəxslərin tövsiyəsini qulaq ardına vurmağa sövq edən öz daxili aləmim və İlyas müəllimə olan dərin inamım idi. Bilirdim ki, bu böyük insan Azərbaycan qadınının həbsxanaya düşməsinə razı olmayacaq və atdığım bu addımı bacardığı qədər dəstəkləyəcək. Ona güvənib riskli addım atan prokuror təkcə mən deyildim, İlyas müəllimin ədalətli mövqeyi mənim kimi bütün həmkarlarıma eyni cəsarəti verirdi.

Bir çoxları onun ciddiliyindən və sərtliyindən də danışır. Amma bu ciddilik və sərtliyin altında böyük ədalət hissi dayanırdı. İlyas İsmayılov ağır cinayətlərə, vəhşiliklərə qarşı amansız, qəza nəticəsində törənən hadisələrə qarşı isə hümanist idi.

Mənim iştirak etdiyim ilk kollegiya iclasında İlyas müəllimin nitqi hələ də qulağımdan getməyib. “Toplardan sərçələrə atəş açmayın!” – səhv etmirəmsə, Qorbaçovun bu sözlərini İlyas müəllim öz çıxışında o qədər gözəl şərh etmişdi ki, həmin nitq hüquq tarixinə düşə biləcək səviyyədə idi. İlyas müəllimin bizə tələbi, təxminən, belə idi:“Kimliyindən asılı olmayaraq, dövlətə, xalqa, millətə qarşı qudurğanlıq edənlərin burnunu əzmək lazımdır! Yazıq insanlarla işiniz olmasın!”

İlyas müəllimin bu gün də aktual olan bu tələbi hüququn aliliyi prinsipinin təməllərini təşkil edir. Qanunlar hər kəsə eyni gözlə baxmağı, vəzifəsindən asılı olmayaraq, hamının əməllərinə layiqli qiymət verməyi tələb edir. Cinayətin araşdırılması səthi olmamalı, icraçılardan çox, onları qanunsuzluğa sürükləyənlər cəzalanmalıdırlar.
Məhz bu anlayışın nəticəsidir ki, İlyas İsmayılovun dövründə Azərbaycan hüquq sistemində cinayət işlərinə xitam verilməsinin sayı da artmışdı. Halbuki, o dövrlərə qədər, demək olar ki, bu hallar fövqəladə hadisə sayılırdı. Rusiyada cinayət işi xitamları 20%-i keçdiyi halda, bizdə buna yol verilmirdi. Kiçik məbləğlərə görə, insanlar məhkum edilirdilər. Azərbaycan hüquq-mühafizə və məhkəmə orqanlarının bu ənənəsi Stalin represiyasının davamını xatırladırdı. İlyas İsmayılovun islahatları sayəsində bu repressiv ənənənin də qarşısı alındı.

1983-cü ildə Masallıda prokuror köməkçisi olarkən qarşılaşdığım bir hadisə bunun ən baruz nümunəsidir. Hadisənin qısa məzmunu belədir:

Rayon sakinlərindən biri Neft Daşlarında işləyirdi. O, həm də sovxozda manqa başçısı idi. Ayın 15 gününü Neft Daşlarında, digər 15 gününü isə sovxozda işləyirdi. Neft Daşlarında olduğu zaman onun işini əmisi oğlu görür və sənədləşdirməni birgə aparırdılar. Hüquq-mühafizə orqanları həmin manqa başçısının fəaliyyətini yoxlayıb, guya 450 manat mənimsəmə tapmışdı. Ona qarşı cinayət işi başlanması tələb olunurdu. Materialla tanış olub, cinayət işi başlamağı rədd etmək qərarına gəldim. Çünki hadisədə cinayət tərkibi yox idi. Uzaqbaşı, bu əməl mülki-hüquqi məsələ kimi həll olunmalıydı.

Mənim imtinamı görüb prokurorun özü CM-nin 86 maddəsinin 2-ci hissəsi ilə cinayət işi başladı. Savadlı bir hakimimiz vardı, o, işi əlavə istintaqa qaytardı. Prokuror işi yenidən məhkəməyə verib hökm çıxartdırdı. İlyas müəllim o zaman Respublika Prokurorunun müavini idi. Bu işdən xəbər tutan kimi həmin hökmdən Ali Məhkəməyə protest verərək işin əlavə istintaqa qaytarılmasına nail oldu. Nəhayət, prokuror həmin şəxsi 80 manat mənimsəmə ilə məhkəməyə verdi. İlyas müəllim Respublika Prokuroru vəzifəsinə təyin olunanda ilk qərarlarından biri həmin prokuroru işdən çıxartmaq oldu. Baxmayaraq ki, prokurorun güclü arxası vardı, amma İlyas müəllimin sərtliyi öz sözünü demişdi.

Yaxud başqa bir fakt: 1989-cu ilin payız ayları idi. Bir nəfər avtoqəza törətmişdi. Qəza nəticəsində atası ölmüş, öz oğlu və qardaşı oğlu ağır xəsarət almışdı. Həmin şəxs Xabarovsk şəhərində hərbi qulluqçu olmuş, bir il əvvəl qardaşı vəfat etdiyinə görə atasının təkidi ilə hərbi qulluqdan tərxis olunmuş və Cəlilabada qayıtmışdı.
Mən İlyas müəllimə telefon açdım. İşi məruzə etdikdən sonra zərərçəkmiş özü olduğuna görə (qanunda bu nəzərdə tutulmamışdır), cinayət işini xitam etmək istədiyimi bildirdim. İlyas müəllim dərhal razılaşdı. Bir saat keçməmiş mənə zəng etdi:

- Ələmdar, mövqeyin düzgündür, amma bir ildən sonra mən harada olacam, sən harada olacaqsan, bilmirik. Başqaları gəlib onu incidərlər. Ən yaxşısı budur ki, işi məhkəməyə göndər, dövlət ittihamını özün müdafiə et və şərti cəza istə. Məhkəmə ilə əlaqədar çətinlik yaranarsa, mənə bildir.

Dediyi kimi də etdim. Həmin şəxsin cəzası məhkəmədə şərti hesab edildi. Bu da həmin dövrdə görünməmiş hadisə idi.

Ümumiyyətlə, İlyas müəllim bir neçə ağır cinayətləri çıxmaq şərti ilə bütün hallarda güzəşt etməyi bacaran prokuror idi. İlyas müəllim kövrək qəlbli və canı yanan insan idi.

Xidməti işimlə əlaqədar Respublika Prokurorluğuna getmişdim. İkinci mərtəbədə qara paltarlı bir qadın diqqətimi cəlb etdi. Diqqətlə baxdıqda tanıdım – Səmayə xanım idi. Səmayə xanım bizdən bir il sonra hüquq fakültəsini bitirmişdi. Qrup yoldaşı, ləyaqətli prokurorluq işçisi olan Yusif Muxtarovla ailə həyatı qurmuşdu. Üç uşaqları var idi. Yusif Muxtarov bir neçə ay əvvəl xidməti vəzifəsini icra edərkən avtomobil qəzası nəticəsində həlak olmuşdu. Səmayə xanım prokurorluqda işləmək üçün müraciət etdiyini, lakin vakant yer yoxdur deyə imtina edilməsi barədə kadrlar idarəsi rəisinin imzası ilə olan məktubu mənə göstərdi. “İlyas müəllimə müraciət etmisənmi?” – deyə, soruşduqda, “ona müraciət etməmişəm” cavabını verdi.

Mən riski boynuma alaraq Səmayə xanımı üçüncü mərtəbəyə, İlyas müəllimin qəbul otağına qaldırdım. “Burda gözlə, İlyas müəllim çıxarkən səni görəcək və kimliyinlə maraqlanacaq” – dedim. Mən Səmayə xanımı orada qoyub, tez uzaqlaşdım. 15 gün sonra eşitdim ki, İlyas müəllim qapıdan çıxarkən Səmayə xanımı görmüş, kimliyi ilə maraqlanmış, onunla söhbət etmiş və bir neçə gün sonra Sumqayıt şəhərinə, prokuror köməkçisi vəzifəsinə təyin etmişdi. Sonradan eşitdim ki, İlyas müəllim Səmayə xanımın ev almasına da köməklik göstərib.

Qrup yoldaşım Əlizaman Dövlətov universiteti əla qiymətlərlə qurtarmışdı. Rayonların birində müstəntiq işləyərkən, bir cinayət işinin istintaqı ilə əlaqədar ona şiddətli töhmət elan olunmuş və 6 ay sınaq müddəti təyin edilmiş, lakin 6 aydan sonra attestasiyadan keçməmişdi. Prokurorluq orqanlarından xaric olunmaq təhlükəsi var idi. Məsələ Respublika Prokurorunun yanında müzakirə olunmalı idi. Mənə telefon açdı. Vəziyyəti bildirdi. Mən ona məsləhət bildim ki, mübahisə etməsin. Təhsil illərindəki durumunu İlyas müəllimə çatdırsın (Əlizaman atasız böyümüşdü. Tələbəlik illərində pensiyaçı anası ona cüzi miqdarda pul göndərirdi. Yalnız təqaüdlə dolanırdı). Bir neçə saatdan sonra Əlizaman Dövlətov mənə zəng vuraraq İlyas müəllimin onu orqanda saxladığını bildirdi. İlyas müəllim işçilərini kənar müdaxilərdən qoruyan rəhbər idi.

Gənc yaşlarından rayon prokuroru vəzifəsində işləyən İlham Abbasov, səhv etmirəmsə, xidməti işi ilə əlaqədar töhmət almışdı. Töhməti götürülməmiş işlədiyi rayon Partiya Komitəsinin büro qərarı ilə şəxsi uçot vərəqəsinə yazılmaqla, ona şiddətli töhmət elan olunmuş və vəzifədə qalıb-qalmaması məsələsini müzakirə etmək üçün Respublika Prokurorluğu qarşısında vəsadət qaldırılmışdı. Hamı düşünürdü ki, İlhamı vəzifəsindən çıxaracaqlar. Hətta Mərkəzi Komitənən 1-ci katibi Ə.Vəzirovun da tələbinə baxmayaraq, İlyas müəllim onu qorudu. Bir müddət sonra iş yerini dəyişdi. Belə misallardan çox gətirmək olar.

İlyas müəllim həm də qayğıkeş rəhbər idi

1986-cı ilin noyabr ayında Respublika Prokurorluğunun Təşkilat-nəzarət şöbəsinin rəisi İdris Əsgərov telefonla mənə bildirdi ki, həftənin 6-cı günü seminar müşavirə keçiriləcək. Sənin də çıxışın nəzərdə tutulub. Seminara 2 gün qalmış xəstələndim. Həftənin 5-ci günü İdris müəllimə zəng edərək bildirdim ki, xəstə olduğum üçün seminarda iştirak edə bilməyəcəm.

Bazar günü idi. Saat 11:00 radələrində evdə yataqda olarkən şəhərlərarası telefonla mənə bildirdilər ki, sizinlə Respublika Prokuroru danışacaq. Düzü həyacanlandım, fikirləşdim ki, seminar-müşavirədə iştirak etmədiyimə görə İlyas müəllim mənə irad tutacaq. Lakin gözlədiyimin əksinə olaraq, İlyas müəllim səhhətimlə maraqlandı. Mən təşəkkürümü bildirdim. İlyas müəllim dedi ki, “10 günlük icazə verirəm. Gəl Bakıda müayinə olun. Lazım olsa, Səhiyyə nazirindən xahiş edərəm”. Mən çox mütəəssir oldum və dedim ki, “İlyas müəllim, söz verirəm ki, bir daha xəstələnməyəcəyəm”.

Bəziləri deyirlər ki, İlyas müəllim kinli adamdır. Bəli, kinli və qəddar adam idi! Ölüm, zorlama, narkobiznes işlərini batıranlara, mafiozlara və onlara satılan prokurorluq işçilərinə, öz mənafeyini dövlət və xalq mənafeyindən üstün tutanlara qarşı kinli və qəddar, dönməz, çəkinməz və qətiyyətli prokuror, rəhbər idi. Amma şəxsi hisslərinin heç vaxt əsiri olmayıb.

İlk tanışlığımızı xatırlatmaq istərdim. 1980-ci ildə Masallıda prokurorun böyük köməkçisi vəzifəsində işləyirdim. Prokuror məzuniyyətdə olduğu üçün onu əvəz edirdim və otağında əyləşirdim. Bir gün şəhər telefonu ilə zəng olundu:

- Salam, mən kimlə danışıram?

– Sizə kim lazımdır?

Həmin şəxs təkrarən soruşdu:
- Prokurorluqdur?

– Bəli.

- Familiyanız nədir?

Mən yenə dedim ki, “Sizə kim lazımdır və kimsiniz?”

Bu sual-cavab bir neçə dəfə təkrar olunduqdan sonra, nəhayət, zəng edən şəxs dedi:

– Danışan Respublika Prokurorunun müavini İlyas İsmayılovdur!

Çox pərt oldum. Özümü təqdim etdim. Dedi:

- Məmmədov, görünür vətəndaşlarla da belə rəftar edirsiniz ki, Masallıdan 25-30 nəfər şəxs Mərkəzi Komitənin qarşısında toplaşıb.

Sonra zəng etdiyi mövzunu deyib, dəstəyi asdı.

Həmin vaxt rayon prokurorluğunda müstəntiqin birinin iş yeri dəyişdirilmiş, digər müstəntiq istintaq qrupuna cəlb olunmuşdu. Prokurorluqda mən və prokuror köməkçisi Zəhra xanım Abdullayeva fəaliyyət göstərirdi. Raykomun büro iclasına gedə bilməmişdim. Birinci katib məni çağıraraq, büro iclasına gəlməməyimin səbəbini soruşduqda bildirdim ki, “İcraatımda çoxlu cinayət işləri var, prokuror vəzifəsini icra edirəm. Bir köməkçi var, o da məzuniyyətə gedir”. Birinci katib dəstəyi götürüb, Respublika Prokuroru Abbas Zamanova zəng etdi. Vəziyyəti bildirdikdən sonra dedi ki, “Mən əvvəllər də Sizə demişdim ki, Zəhra Abdullayevanın bu rayonda işləməsi düzgün deyil. Zorla məzuniyyətə getmək istəyir” (Sonradan öyrəndim ki, Birinci katibin Z.Abdullayevanın yerinə öz namizədi var imiş).

Mən çox pərt olmuşdum, iş otağıma təzəcə qayıtmışdım ki, İlyas müəllim zəng etdi və Zəhra Abdullayevanı telefona çağırtdırdı (Zəhra Abdullayeva İlyas müəllimin yerlisi idi. Uzun müddət Tovuz rayon prokurorluğunda dəftərxana müdiri işləmişdi). İlyas müəllim Zəhra xanımı telefonla məzəmmət edirdi. Zəhra xanım isə “Məzuniyyət əmrim gəlsə də, mən getmək barədə təkid etməmişəm” – deyirdi. Mən vicdan əzabı çəkirdim. Bir bəhanə ilə Respublika Prokurorluğuna getdim. İlyas müəllimlə görüşdüm. Məni soyuq və rəsmi qarşıladı. Katiblə olan söhbətimi olduğu kimi İlyas müəllimə çatdırdım və söhbətin axırında bildirdim ki, “İş yoldaşımı satmaram və əgər bir qəbahəti varsa, birinci katibə yox, prokurorluğun rəhbərliyinə deyərdim”. İlyas müəllim gülümsədi. Ayağa durub əl uzatdı. “Olur belə işlər”- dedi.

Sonradan o, Respublika Prokuroru təyin olunandan bir ay sonra, ilk əmri ilə məni və Sərdar Əliyevi rayon prokuroru vəzifəsinə təyin etdi.

(Ardı var)




Ana səhifəyə qayıt        Baxış: 2 030          Tarix: 13-02-2018, 11:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma