Xəbər lenti

 

"Ölkəmiz islahatları bundan sonra da davam etdirəcək və biz buna möhkəm sadiqik".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-də Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Dövlət başçısı bildirib ki, iqtisadi sahədə, o cümlədən institusional, struktur, fiskal və digər sahələrdə aparılan islahatlar artıq uğurlu nəticələr verib və bu islahatlar davam etdiriləcək.

“Qarşımızda duran əsas məqsəd qeyri-neft sektoruna əsaslanan dayanıqlı inkişafımızı təmin etməkdən ibarətdir”, - deyən Prezident İlham Əliyev bildirib ki, bu baxımdan, Azərbaycan şəffaflıq və hesabatlılıq prinsiplərinə nail olmaq niyyətindədir: "Biz buna nail olacağıq. Biz Azərbaycanda investisiya mühitinə böyük diqqət yetiririk".

Son 15 ildə ölkəmizə 230 milyard dollardan artıq sərmayənin cəlb olunduğunu deyən dövlət başçısı qeyd edib ki, bu sərmayənin ən böyük hissəsinin neft sektoruna qoyulmasına baxmayaraq, - bu da təbiidir, - eyni zamanda qeyri-neft sektoruna böyük həcmdə investisiyaların yatırılması bizə iqtisadiyyatımızın şaxələndirilməsinə və regional inkişafa nail olmağa imkan verib.

Bundan sonra uzun müddət davam edəcək enerji layihələrinin ölkəmizə əlavə gəlir gətirəcəyini deyən dövlət başçısı Azərbaycanda makroiqtisadi vəziyyətin çox müsbət olduğunu bildirdi, xarici valyuta ehtiyatlarının ümumi daxili məhsulun həcminə bərabər olduğunu, xarici borcun çox aşağı səviyyədə - təxminən, 20 faiz həcmində olduğunu bildirib. İnflyasiyanın bu ilin ilk ayında 5,5 faiz təşkil etdiyini deyən Prezident İlham Əliyev əhalinin gəlirlərinin isə 11 faizdən çox artdığını bildirdi. Bütün bunlar inkişaf üçün fundamental əsas yaradır. İnfrastruktur və kənd təsərrüfatı sahələrinə qoyulan investisiyaların artıq öz nəticələrini verdiyini deyən dövlətimizin başçısı, bu baxımdan, bilik, texnologiya, yaxşı idarəetməyə və insan kapitalına əsaslanan çox güclü iqtisadiyyat yaratmaq məqsədilə islahatların bundan sonra da davam etdiriləcəyini bildirdi. Prezident İlham Əliyev dedi ki, neft-qaz sektoru bizə yalnız daha çox vəsait toplamaq və Neft Fondunun gəlirlərini artırmaq imkanı verəcək.




Ana səhifəyə qayıt        Baxış: 759          Tarix: 13-02-2018, 18:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma