Xəbər lenti

 

Xəbər verildiyi kimi, respublikanın daxili işlər naziri, general-polkovnik  Ramil Usubovun göstərişi ilə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən ölkənin magistral yollarına yaxın ərazilərdə yaşayan vətəndaşlarla görüşlər keçirilir. 

Təhlükəsizliyin təmin edilməsi ilə bağlı təbliğat və təşviqat, maarifləndirmə xarakteri daşıyan növbəti belə tədbir Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 1-ci tağımının təşlilatçılığı ilə Abşeron rayonunun Ceyranbatan qəsəbəsindəki 1 saylı tam orta məktəbdə şagird, müəllim, icra nümayəndəliyinin məsul əməkdaşları və jurnalistlərin iştirakı ilə baş tutub.  

 

Görüşdə çıxış edən YPXA-nın 1-ci tağımının komandiri, polis mayoru Ürfət Şükürov baş verən piyadavurmaların ciddi narahatlıq doğurduğunu və belə görüşlərin keçirilməsinin yol qəzalarının qarşısının alınması məqsədi daşıdığını diqqətə çatdırıb, baş verə biləcək hadisələrin qarşısının alınması üçün profilaktiki tədbirlərin görülməsinin vacibliyini qeyd edib.  

Bildirilib ki, yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün hər kəs məsuliyyətini dərk etməli, piyadalar yalnız müəyyən edilmiş yerlərdən istifadə etməli, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığının qorunmasına məsuliyyətlə yanaşmalıdırlar. Buna görə də hər kəs vətəndaşlıq mövqeyi sərgiləyərək ailədə, məktəbdə, iş yerlərində bununla bağlı fərdi söhbətlər aparmalıdırlar.   

 

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları, polis polkovnik-leytenantı İsa Deyistani və polis leytenantı Turan Daşdəmirova yol qəzalarının qarşısının alınması məqsədilə DİN-in rəhbərliyi tərəfindən respublika üzrə belə görüşlərin keçirilməsi barədə göstəriş verildiyini xatırladaraq başlıca məqsədin insanları, xüsusən də şagirdləri maarifləndirmək, onları yol qəzalarının qurbanı olmaqdan qorumaq olduğunu diqqətə çatdırıblar.  

Məktəbin direktoru Çinarə Atayeva yol polisləri ilə keçirilən bu görüşün şagirdlər üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. O, məktəbdə yol hərəkəti qaydaları ilə bağlı ilkin biliklər öyrədildiyini vurğulayaraq hamını, xüsusilə şagirdləri yol hərəkəti qaydalarına ciddi riayət etməyə səsləyib və müəllimlərin bu işdə fəal olmasının vacibliyini qeyd edib. 

   

Digər çıxış edənlər polisin keçirdiyi bu cür maarifləndirmə tədbirlərinin ictimaiyyət tərəfindən təqdir olunduğunu bildiriblər.  

Görüşün sonunda polis əməkdaşları şagirdlərə Baş Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə çap olunmuş “Yol həkəti qaydaları əlifbası” adlı kitabça paylayıblar. 

  

DİN Mətbuat Xidməti  




Ana səhifəyə qayıt        Baxış: 804          Tarix: 16-02-2018, 15:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma