Xəbər lenti

 

Mürvət Həsənli: “İndi söhbətlər gəzir, videolar yayılır ki, toyuqlara su vurulur, dərmanla kökəldilir və sair: bunların hamısı...”

Tanınmış iş adamı, “Xəmsə” MMC-nin sahibi, kənd təsərrüfatı üzrə mütəxəssis Mürvət Həsənli bu günlərdə “Yeni Müsavat”ın qonağı olaraq suallarımızı cavablandırdı. Onunla söhbətimiz kənd təsərrüfatı sahəsində mövcud vəziyyət, aqrar sektorun, xüsusilə də quşçuluğun ehtiyaclarından başlayıb türk şirkəti ilə yaranan mübahisəsində bitdi.

Söhbəti diqqətinizə təqdim edirik:

- Azərbaycanda kənd təsərrüfatının inkişaf səviyyəsi sizi qane edirmi?

- Mən özüm Kənd Təsərrüfatı Akademiyasını - indiki Aqrar Universiteti bitirmişəm. Bu sektorda gedən prosesləri, dövlətin həyata keçirdiyi tədbirləri daim izləyirəm. Aqrar sektorda “Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”,  “Ərzaq təhlükəsizliyinin təmin olunması üzrə Dövlət Proqramı”, müxtəlif sahələrin - üzümçülüyün, çayçılığın, pambıqçılığın, ipəkçiliyin və sairin inkişafı üzrə qəbul edilən proqramlar, onların icrası istiqamətində görülən işlər barədə dolğun məlumatlar alıram. Bu gün ölkənin kənd təsərrüfatında sahibkarlığın inkişafı üçün çox əlverişli şərtlər var: yollar çəkilib, qazlaşdırma aparılıb, elektrik enerjisi, su ilə təminat yaradılıb. Ölkənin hər hansı yerində iş qurmaq istəsən, bu xidmətlərlə rahatlıqla təmin oluna bilirsən. Bu, biznes üçün çox mühüm şərtlərdir. Bunlardan əlavə, dövlət əkinçiliklə məşğul olanlara gübrələri, pestisidləri, motor yağlarını güzəştli qiymətlərlə verir, əkilən sahələrə, bəzənsə yığılan məhsula görə subsidiya ayrılır. Damazlıq mal-qaranı, toxumu, texnikanı güzəştli qiymətlə fermerlərə satır. Üstəlik, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu xəttilə sahibkarlara güzəştli kreditlər verilir. Yerli istehsalı təşkil olunan bəzi məhsulların idxalı məhdudlaşdırılır ki, daxili istehsal qorunsun. Yəni iş görmək istəyən adam üçün hər cür şərait yaradılıb. Bu şərait imkan verəcək ki, qısa bir zamanda kənd təsərrüfatında yüksək inkişaf əldə olunsun, Azərbaycan özünü əsas ərzaq məhsullarının hamısı ilə təmin edə bilsin.

murvet-1.jpg (1000 KB)

- Siz də aqrar sektorun bir qolu olan quşçuluq sahəsində fəaliyyət göstərirsiniz. İşiniz barədə danışa bilərsinizmi?

- Biz damazlıq quşçuluq sahəsində fəaliyyət göstəririk. 2009-cu ildə biz Azərbaycanda ilk dəfə olaraq damazlıq quşçuluq təsərrüfatı yaratmağa başladıq. O zaman Sahibkarlığa Kömək Milli Fondu bizə güzəştli kredit verdi, ilk dəfə quşçuluqda ana sürüsü yaratdıq. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, ən uğurlu işlərdən birini biz qurmağa nail olmuşuq. Hazırda damazlıq yumurta istehsalı sahəsində böyük nailiyyətlər əldə olunub. Azərbaycan bu gün damazlıq yumurta ilə tam təmin olunur, hələ bu ildən etibarən yəqin ki, xaricə ixrac potensialımız da yaranacaq.

Biz işə başlayanadək hər il Azərbaycana 80-100 milyon ədəd damazlıq yumurta idxal olunurdu, biri 52-61 sentə. Bu gün biz daxili bazarda damazlıq yumurtanın birini 40-45 qəpiyə satırıq. Bu o deməkdir ki, həm qiymət azalıb, həm də ildə 50-60 milyon dolların ölkədən kənara çıxmasının qarşısı alınıb. Bundan əlavə, toyuqlar arasında xəstəliklər kəskin şəkildə azalıb. Xaricdən alıb gətirdiyimiz yumurtanın hansı vaksinasiya proqramlarından keçdiyini bilmirdik. Damazlıq yumurtanı əsasən İrandan və Türkiyədən gətirirdik. Onların buradakı qarışıqlarında tez-tez xəstəliklər üzə çıxırdı. İndi bütün yerli şirkətlər eyni vaksinasiya proqramı tərtib edir deyə xəstəliklərin sayı da minimuma enib. Xəstəliklər əsasən xaricdən damazlıq yumurta gətirən sırada inkubatorların sahiblərinin təsərrüfatlarında yaranır.

- Sizin istehsal etdiyiniz yumurtadan yetişdirilən toyuqlar dünya standartlarına nə dərəcədə uyğundur?

- Bilirsiniz, istehsal etdiyimiz yumurta ROS-308 sortudur - ətlik sortdur. Bütün dünya - Rusiya, Türkiyə, Hollandiya, İran da o sortdan istifadə edir. Nənə sürüləri Şotlandiyada, Rusiyada, Türkiyədə, İranda və daha bir neçə Avropa ölkəsində var. Biz Avropa məkanına daxil olduğumuza görə cücələri Rusiyadan alırıq, hərdən Türkiyədən də aldığımız olur. İndi müxtəlif söhbətlər gəzir, videolar yayılır ki, toyuqlara su vurulur, dərmanla kökəldilir və sair. Bunların hamısı yalandır. Ola bilsin ki, hansısa xırda sahibkarlar, belə deyək, işbazlar çəkidə qazanc əldə etmək üçün su vursun. Amma “Siyəzən Broyler”, “Səba Broyler”, “Şəfa Broyler” və sair kimi iri şirkətlər bunu etmirlər, heç fiziki baxımdan mümkün də deyil. Təsəvvür edin, gündə 100 min toyuq kəsilir, özü də avtomatik üsulla. Bu qədər toyuğa bir-bir suyu necə vurub çatdırmaq olar? Əlbəttə, bu, mümkün deyil. O toyuqların yediyi qarğıdalıdır, buğdadır, soyadır, bir də günəbaxandır. Bunların hamısı proteinli, enerjili qidalardır. Üstəlik, o sort özü kökəlməyə daha çox meylli sortdur. Mən ROS-un baş sürüsündə olmuşam. Orada 2-5 min toyuğun arasında seçilən kök toyuqla kök xoruzun cütləşdirilməsindən yaranan sortlardır bizim istehsal etdiyimiz. Bu toyuqlar istər Fransada, istər Azərbaycanda, istərsə də İranda eynidir.

murvet-2.jpg (1.04 MB)

- İndi Azərbaycanda bütün broyler fabrikləri damazlıq kimi yerli yumurtadan istifadə edir?

- Bəli, son bir ildə bütün təsərrüfatlar yerli yumurtadan istifadə edir, çox gözəl də nəticələr əldə olunur.

- Bir il əvvəl Azərbaycanda quş ətinin satışı ƏDV-dən azad olundu. Düzünü deyim, mən bunun əleyhinəydim, çünki ondan əvvəl quşçuluq məhsullarının idxalına əlavə rüsum tətbiq olunmuşdu. Sizcə, ƏDV-siz satışın davam etdirilməsinə ehtiyac qalıbmı? Yenidən quş ətinin satışı bu vergiyə cəlb olunsa hansısa mənfi təsirləri olarmı?

- Son dövrlərdə ölkədə quşçuluq çox yüksək inkişaf mərhələsinə qədəm qoyub: həm yumurta, həm də ətlik istehsalında. Lakin bu, ƏDV-nin bərpası üçün əsas deyil. ƏDV-nin bərpası istər-istəməz istehsal olunan məhsulun maya dəyərini bahalaşdıracaq. Son vaxtlar soya və qarğıdalıya ƏDV və gömrük rüsumlarının tətbiqi xərcləri artırıb. Dünyanın bir çox böyük dövlətlərində - istər Rusiyada, Qazaxıstanda ana sürüsünə, ətlik sürüsünə dotasiyalar tətbiq olunur. Ümumiyyətlə, bütün dünyada ağ ət deyilən toyuq ətinə tələbat durmadan artır. Bu ət yalınız kasıbların deyil, dietikliyinə görə varlı təbəqənin də qida rasionunda mühüm yer tutmağa başlayıb.

4.jpg (886 KB)

Rusiyada ildə adambaşına 32 kiloqram toyuq əti yeyilirsə, Azərbaycanda bu rəqəm 14 kiloqramdır. 2007-ci ildə isə bu rəqəm cəmi 1,5 kq təşkil edirdi - bu qədər ciddi artım var. ABŞ-da adambaşına illik 90 kq, Avropada 46 kq, İsraildə 60 kq-dan çox toyuq ətindən istifadə olunur. Düşünürəm ki, zaman-zaman Azərbaycanda da bu məhsulun istehlakı 35-40 kiloqrama çatacaq. Yəni əgər ötən il ölkədə 140 min quş əti istehsal olunubsa, yaxın bir neçə ildən sonra bu, 350-400 min tonadək artacaq. Buna tələbatın artması gətirib çıxaracaq, çünki Azərbaycan da dünyanın bir parçasıdır, oradakı zövq, istehlak mədəniyyəti istər-istəməz bizə də gəlib çatır.

- Bu gün Azərbaycanda quşçuluq nə qədər rentabelli sahədir?

- Quşçuluq dünyada böyük inkişaf mərhələsindədir. Mən Braziliyada bir təsərrüfatda olmuşdum - gündə 2,5 milyon toyuq kəsirdilər. Türkiyənin ən böyük şirkəti “Banvit”dir, gündə 600 min toyuq kəsilir. Bizdə ən böyük “Siyəzən Broyler”dir - gündəlik kəsim sayı 80 mindir. Rentabelliyə gəlincə, var, əlbəttə. Olmasa, kimsə bu sahədə işləməz, yaxud belə yüksək inkişaf da olmaz. Düzdür, çox böyük həcmlərdən söhbət getmir, amma gəlir var. Məndə olan məlumata görə, cənab prezidentin müvafiq tapşırıqları əsasında Azərbaycanda yerli yem bazasının yaradılması istiqamətində böyük işlər görülür. Xüsusilə qarğıdalı və soya yetişdirilməsi sahəsində ciddi irəliləyişlər var. Məsələn, təkcə “Paşa Holdinq” 10 min hektardan çox  sahədə qarğıdalı əkir bu il. “Qarabağ Taxıl”ın əkinləri ilə birlikdə bu, ölkənin qarğıdalıya olan tələbatının 70 faizə yaxınının ödənməsi üçün kifayət edəcək.

- Hazırda nə qədərdir tələbat?

- İllik tələbat haradasa 250-300 min tondur. Söhbət yemlik qarğıdalıdan gedir. Bunu ölkə daxilində istehsal edə bilsək, xaricdən asılılıq aradan qalxacaq. Qalır soya, onun da yerli istehsalının yaradılması üçün işlər gedir, yəqin ki, yaxın illərdə burada yaxşı nəticələr əldə olunacaq.

- Mürvət bəy, bildiyiniz kimi, payızdan bəri yumurtanın qiyməti 15-16 qəpiyə qalxıb. Biz bu yaxınlarda Dövlət Gömrük Komitəsinin statistikasını da oxuduq. Məlum oldu ki, bizim istehsalçılar ötən il yumurtanın bir ədədini xaricə 8,5-9 qəpiyə satıblar. Burada bir ziddiyyət alınır - bir məhsulu xaricə daxildəki qiymətindən ucuz necə satmaq olar?

murvet-4.jpg (940 KB)

- Süfrə yumurtası ilk 7 gündə dietik qida, 7-21 günündə yemək yumurtası hesab olunur. 21 gündən sonra ondan ancaq ki, qənnadı məmulatlarının bişirilməsində istifadə oluna bilər. Bir yumurtanın əmələ gəlməsi üçün toyuq 150 qram yem yeməlidir. Bu hesabla, bir yumurtanın maya dəyəri gəlib 6-7 qəpiyə çıxır. Bazarda qiymət dəyişikliyini tələblə təklifin nisbəti formalaşdırır. Tələb nə qədər yüksək olursa, qiymət də bir o qədər bahalaşır. Bizdə hazırda iki təsərrüfat bazardakı qiymətlərdə tənzimləyici rolunda çıxış edir. Bunlar “Giləzi” və “Hacıqabul” quşçuluq təsərrüfatlarıdır. Onlar istehsalı bir qədər də artırıb tələbata uyğunlaşdıra bilsələr, qiyməti stabil saxlamaq mümkün olacaq. Düzü, yumurtanın xaricə neçəyə satılmasından məlumatım yoxdur, bu barədə dəqiq nəsə deyə bilməyəcəm. Amma onu bilirəm ki, daxildəki satış qiyməti pərakəndə satışın qiymətidir. Təsərrüfatlar topdan satanda yumurtanı daha aşağı qiymətə satırlar.

- Son vaxtlar Çində süni yolla yumurta düzəldildiyinə dair məlumatlar yayılır. Hətta sosial şəbəkələrdə elastik yumurtalar nümayiş olunurdu. Nə qədər realdır süni yumurtanın hazırlanması?

- Belə bir məsələ mümkün deyil. Sadəcə, süfrə yumurtası istehsal edən müəssisələr daha ucuz olması səbəbilə yemi günəbaxan deyil, pambıq yağında qarışdırıb verirlər toyuqlara. Bu da yumurtalara elastiklik verir. Saxta yumurtanın hazırlanması mümkün deyil.

- Bu günlərdə Milli Məclisin komitə sədri Ziyad Səmədzadə belə bir təkliflə çıxış etdi ki, kənd təsərrüfatı istehsalçıları vergiyə cəlb olunsunlar. Sizcə, buna ehtiyac varmı? Vergiyə cəlbolunma kənd təsərrüfatı üçün nə demək olar?

(Davamı növbəti sayımızda)

Dünya SAKİT,
“Yeni Müsavat”




Ana səhifəyə qayıt        Baxış: 1 307          Tarix: 17-02-2018, 09:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma