Xəbər lenti

 

“Heç bir sənədi olmayan, “kişi sözü”nə alınan bir evdə yaşayan oğlumu, səkkiz aydır yaşadığı mənzildən, ölkə qanunlarını heçə sayan bir qrup şəxs zor gücünə çıxartmağa çalışır. Mənim işə qarışmağımdan sonra, Təbib, Cahid və Müşviq adlı bu şəxslər, bu dövlətdə hələ ki, hər şeyin zorla həyata keçirilməsinin mümkün olmayacağını “anlayıb”, 25.01.18-ci il tarixdən oğlumun ailəsiylə yaşadığı evin elektrik xəttini kəsiblər”.

Ovqat.com xəbər verir ki, ADP sədri Sərdar Cəlaloğlunun qardaşı Süleyman Məmmədov bu gün facebook səhifəsində paylaşdığı statusunda bu iddianı irəli sürüb.

Prezident seçkisi ərəfəsində məmur özbaşınalığının başqa niyyətlərdən qaynaqlanma ehtimalını nəzərə alıb xüsusilə əlaqədar qurumları məlumatlandırmaq məqsədilə statusu ictimailəşdiririk:

  

“Bezpredel” dövlətə qalib gəldi

Dövlətindən kömək ala bilməyən vətəndaş yenidən “bezpredel”ə möhtac buraxıldı.

Uzun müddətdir ki, respublikada vətəndaşların talehin umuduna buraxıldığı, kimsənin şikayətinə baxılmadığı, bir qrub harınlamış məmurun vətəndaşlara qan uddurduğu, ölkə qanunlarına məhəl qoyulmadığı haqda məlumatlar, sosial şəbəkələrdə qulaq batıran, nəfəs kəsən fəryadlar sanki bu ölkədə yaşanmırmış kimi, kimsə tərəfindən eşidilməməkdədir.

Əvvəlindən müəyyən yanlışlıqlara yol verilməklə özü-özünə etmiş olan belə problemlərdən biri də mənim övladımın başına gəlib. Heç bir sənədi olmayan, “kişi sözü”nə alınan bir evdə yaşayan oğlumu, səkkiz aydır yaşadığı mənzildən, ölkə qanunlarını heçə sayan bir qrup şəxs zor gücünə çıxartmağa çalışır. Mənim işə qarışmağımdan sonra, Təbib, Cahid və Müşviq adlı bu şəxslər, bu dövlətdə hələ ki, hər şeyin zorla həyata keçirilməsinin mümkün olmayacağını “anlayıb”, 25.01.18-ci il tarixdən oğlumun ailəsiylə yaşadığı evin elektrik xəttini kəsiblər. Dəfələrlə evə basqınlar təşkil edib, ailə-uşağı təhqir etdikləri haqda, dönə-dönə Suraxanı rayon polis idarəsinə müraciət etmişəm. Hətta Daxili İşlər nazirinə belə, bu “bezpredel”in yollardan yığışdırılması xahişində bulunmuşam.

Mən, vətəndaş olaraq, indiki qədər özümü dövlətimin müdafiəsindən mərhum hiss etməmişdim..

Yanvar ayının 31-də asan xidmətin 4 saylı şöbəsinə, evə elektrik xətti çəkilməsi üçün tələb olunan bütün sənədləri təqdim edib, lazım olunan vəsaiti köçürmüşəm. Fevral ayının 9-da, elektrik xətti çəkən Azərişıq əməkdaşını, sahə müvəkkilinin və bir neçə post-patrul əməkdaşlarının gözü qarşısında, Cahid, Müşviq, Təbib, Nailə və Arzu adlı “reket”lər tərəfindən, dövlət qulluqçusunun vəzifə səlahiyyətlərini həyata keçirməsinə imkan vermədən, dövlət qulluqçusuna zor tətbiq etməklə, oğlumun evinə elektrik xətti çəkilmədən qovalamışlar. Hətta bu haqda Azərişığın imtina haqda qərarında da məlumat yer alıb.

 

Polis idarələri arasında uzun müddətli get-gəllərdən sonra, 16 fevral tarixdə əməliyyat qrupu və bir sıra post patrul əməkdaşlarının müşayəti altında yenidən Azərişığın əməkdaşını, çətinliklə də olsa, Samir Əliyev küçəsinə gətizdirib, oğlumun evinə elektrik xətti çəkdirmək istədim. Təəssüf ki, bu dəfə də, uğrunda can verdiyim bu dövlətim Təbib, Cahid və Müşviq adlı bu yeznə qayınlar qarşısında yenik düşdü. Azərişığın əməkdaşı bu gün də vəzifə borcunun yerinə yetirilməsinə imkan verilmədiyindən, oğlumun evini işıqsız qoyub getdi...

P.S. Bu, ölkədə baş verən minlərlə qanunsuzluqlardan, sadəcə mənim qarşılaşdığm biridir. Ali təhsilli, qanunçuluqdan azdan-çoxdan xəbəri olan, bir mətbuat nümayəndəsi olaraq yaşadıqlarımdan, sadəcə təəssüflənirəm.

P.P.S. Əməllərində cinayət tərkibi olan Təbib, Cahid və Müşviq adlı bu şəxslərə dövlətin gücü “çatmır”, yoxsa, çatmaq istəmir?

Süleyman Cəlal oğlu”




Ana səhifəyə qayıt        Baxış: 1 052          Tarix: 17-02-2018, 11:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma