Xəbər lenti

       

 GÖRÜNÜR

Məhəbbət vüsalla birgə dadlanır,
Sevgisiz dünya da məzar görünür.
Yarpaq budağında yarpaq adlanır,
Budaqdan düşdüsə xəzəl görünür.

Düzgün odu yoxsa, nə qalır közə?
Ötəri sevdadan olmaz möcüzə,
Zorla sırıyanın özünü gözə,
Niyyəti özündən əzəl görünür.

Eynəyi tənədən taxanda gözlər,
Deyərlər sərxoşdur axanda gözlər,
Mehrin, sehri ilə baxanda gözlər,
Çirkin də sayılan, gözəl görünür.

Sevgini sevgimdə elə hamamla,
Qoyma yaş axıtsın, gülsün inamla,
Axı gözlərindən düşən hər damla, 
Mənim gözlərimə Xəzər görünür.

Qoymayaq saf eşqi gəl, qovhaqovda,
O, şikar deyildir ovlayaq ovda,
A canım, yerinə düşməyən sevda,
Bəhrinə düşməyən qəzəl görünür.

Sev, sevil, Ülvi bəy səndən nə istər?
Yalançı hissləri yandırsan, hislər,
Deyərdim ürəkdən gəlməyən hisslər,
Adı hiss olsa da, azar görünür.
06.04.2018.

O GÜNLƏR

Bir ömür yaşadım mürəkkəb, sadə,
Anlar günə döndü, ötdü o günlər,
Özümün ömrümdən gəlib getsə də,
Bilmədim heç necə bitdi, o günlər.

Anmadım yel idi, yeldən atıydı?
Bilmədim doğmaydı, yoxsa yadıydı?
Sanki bir namazlıq salavatıydı,
Əlini üzümə sürtdü o günlər.

Əvvəl dolanardı solu, sağımda,
Qalmaq istəmədi cavan çağımda,
Mən onu əkmişdim ömür bağımda,
Xəzan bağçasında bitdi o günlər.

Hiss edə bilmədim bahardı, qışdı?
Özü də demədi oraqdı, xışdı?
Elə bil üşüyüb, soyuqlamışdı,
Bu günü, yorğan tək örtdü, o günlər.

Qədrini bilmədim bu, mənim xətam,
Yalvardım yüyürəm, yenidən tutam,
Bir taksi saxladım, bəlkə tez çatam,
Minib təyarəyə getdi, o günlər.
15.04.2018.

KÜSÜB BARIŞMAMAQ

Səni xoşlandırır küsüb , barışmaq,
Axı qərarını bu hal sərt verir.
Neynim, mənə qalır, yalnız alışmaq,
Amma bu da mənə kəsalət verir.

Sənə nələr edib nəsib təbiət,
Elə bil üstündən əsib təbiət,
Sanki barışından kəsib təbiət,
Küsü tərəfinə bərəkət verir.

Söz vardır bar vermir, bəhərin etmir,
Söz vardır heç nəyin qəhərin etmir,
Söz vardır min çəllək bal şirin etmir,
Söz vardır bal süzür, özü qənd verir.

Ən xoş anımıza qəm qatır küsü,
Elə bil dərd alır, dərd satır küsü,
Həsrətin çiçəyin çırtladır küsü,
Vüsala kədərdən vəziyyət verir.

Demirəm xislətin ar gətirir, ar,
Hərdən eyləsə də könlümüzü xar,
“Küsüb, barışmağın öz ləzzəti var”,
Küsüb, barışmamaq əziyyət verir. 
10.04.2018.

SONRA SEV

Qoyma sevgi sözü çıxsın ləbindən,
Bu kəlmə gözlərdən yaşıynan çıxır.
Sənin məhəbbətin bir gün cibimdən,
Bir gün də sürdüyüm maşından çıxır.
Canım, get sevməyi öyrən, sonra sev.

Bu sevgi bələsə, həsrəti bələr,
Elə bil dünyaya acından gəlir.
Görmüşük belə hiss ürəkdən gələr,
Səninsə dilinin ucundan gəlir,
Canım, get sevməyi öyrən, sonra sev.

Gülmə, gülüşlərin babalın yuyub,
Sən elə sevirsən ürək dağlasın?
Qıyma leyli, Məcnun öz dərdin qoyub,
Sənin sevməyinin halın ağlasın.
Canım, get sevməyi öyrən, sonra sev.

Sevgi dahinin də alır huşunu,
Telin ələ yatmır, darağa qonur.
Sənin bəslədiyin sevgi quşunu,
Hardan uçurursan marağa qonur.
Canım, get sevməyi öyrən, sonra sev.

Xəyanət eyləmə sevgiyə əsla,
Sevgi xəyanətə səy eyləməzdi.
Özünü sevsəydin bu etirasla,
Özün də özünə hə söyləməzdi.
Canım, get sevməyi öyrən, sonra sev.
20.11.2017.

QƏLBİNDƏ VARAMSA

Qəlbində varamsa, qoru qəlbimi,
Onu qorumasan, ona qar düşər.
Mən sənə vermərəm yarı qəlbimi,
Yarı ürəkliyə, bütöv ar düşər.

Bu başdan düz danış, izi düz tutum,
Tale bizi yaxar o başdan olsa.
Özüm də qıymaram sənə üz tutum,
Vallahi, xammalım Balaşdan olsa.

Sənə bəxş etdiyim acı “ah”dısa,
Sirdirsə, saxlama sirr altında da.
De, əgər yanında yerim yoxdusa,
Mənə yer tapılar yer altında da.

Nur saç sevgimizə, sinsitmə çəndə,
Süz eşq dünyamızı, süz evin kimi.
Mənim bir qəlbim var, açarı səndə,
Aç otur içində öz evin kimi.

Sonradan düzələr sökülən divar,
Hiss hissdən yaranır, təlaşdan deyil,
Amma talemizdən kəsilən nə var,
Ömürdən kəsilir, maaşdan deyil.

Olsa da valehim yüz, taleyimdə,
Köksümə yatan yox sevgili kimi.
Sənisə görürəm öz taleyimdə,
Sevgili kimi yox, ev gülü kimi.
07.03.2018.




Ana səhifəyə qayıt        Baxış: 991          Tarix: 17-04-2018, 21:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma