Xəbər lenti

 

İddia, yoxsa reallıq

 Zabil Həsənov

 

  Günümüzün reallığı belədir ki, sanki oturub nəyi isə gözləyirik. Bu nə pisxoloji durumdur ki, gəlib çıxmışıq. Bəlkə doğurdan da nəsə olacaq. Məncə, bunun birinci səbəbi keçirilən prezident seçkilərindən sonra ölkədə aparılacaq islahatlar haqqında anonsların özünü doğrultmaması (pessimizmə qapılmaq), ikincisi isə, qonşu ölkədə baş verən hadisələrdir. Yəni gözləyirik,  görək, axırı necə olacaq.

Yaranmış boşluğu isə Qərbdən gələn mühacir səsləri doldurmaq niyətindədir.  Zaman-zaman müxtəlif səbəblər və müxtəlif məqsədlər dalınca Qərbə üz tutmuş həmyerlilərimiz deyəsən bir balaca hərəkətə başlayıblar. Yəqin ki, əvvəlcə Qərbin abı-havasında feyziyab olub, vətəni unudanların ağılları başlarına gələndən sonra vətən həsrətinin, vətən torpağının nə demək olduğunu anlaya biliblər. Beləcə, Qərb ölkələrinin onlara verdikləri imkanlar daxilində hərəkətə keçiblər. Vətən üçün nə isə etmək istədiklərinə  görə onları alqışlamaq olar, amma bütün bunlar əxlaqi çərçivədə, sivil qaydada olsa, daha hörmətli olar.

  Əsasən gənclərin fəallığı özünü büruzə verir, əlbəttə, belə də olmalıdır, çünki onlar ölkəmizin gələcəyinin yiyələridirlər. Diqqətimi daha çox çəkən Hollandiyada məskunlaşmış  gənc Nahid Cəfərovdur. Savadlı gəncə oxşayır, həm də deyəsən ölkə siyasətinə yenilik  gətirmək fikirindədir. Aldığı təhsil onda kifayət qədər dünyagörüş formalaşdırmışdır. Yəqin ki, onu dinləyənlərin çoxu da gəncdir. Əgər belədirsə, lap yaxşı.  Gələcəkdə özünü siyasətçi kimi, ən azından fəal vətəndaş kimi görmək istəyən gənclərimiz onu ardıcıl dinləməklə siyasi dünyagörüş qazanmağa ümüdlü ola bilərlər.

Gənc fəalımız həm də yeri gəldikcə ölkə siyasətçilərini və əsasən də müxalif düşərgənin adamlarını tənqid edir və bu, təbiidir. Amma bəzi məsələlərdə gəncliyi, təcürbəsizliyi hiss olunur.

Bu məsələlərə öz münasibətimi bildirmək istəyirəm. Ola bilsin ki, yaşıma görə gənclərimiz məni mühafizəkarlıqda qınasınlar. Bunu qəbul edirəm. Amma gənclərimiz onu da nəzərə almalıdırlar ki, ziyalı olmaq bir az irəlini görmək deməkdir. Ziyalı “zamanə adamı” ola bilməz, ziyalı üçün “palaza bürün, elnən sürün” yaramaz. Ziyalı əvvəlcə fikirləşməlidir ki, bu “sürünmə” ilə xalq hara gedib çıxacaq və “el” nə qazanacaq. Mən də özümü ziyalı saydığımdan bu məsələyə münasibət bildirməyi özümə borc bilirəm.

Başlayaq, “niyə erməni müxalifəti bacardı, amma bizim müxalifət bacarmadı” sualından.

Yəqin, gəncimiz bilməmiş deyil ki, hər hansı bir hadisənin baş verməsi üçün bu hadisənin  baş verməsini şərtləndirən amilləri əldə etməyə imkan verən şərait, yəni ictimai mühit olmalıdır. Qonşu ölkəyə baxan yerdə bizdə hansı demokratik institutlar mövcuddur? Yaxud da insan hüquqları və demokratiya səviyyələrinin reytinq cədvəllərində bizimlə qonşularımız arasında fərq nə qədərdir? Elə mətbuat azadlıqları haqqında son reytinq cədvəlində biz onlardan iki dəfə geri qalırıq. Deyirsiniz ki, Paşinyan 2009-cu ildə özü gəlib hüquq mühafizə orqanlarına təslim olub. Sizcə, eyni işi siz görsəniz, nəticə necə olar?

Gəncimizin başqa bir iradı müxalif düşərgənin ona etinasız yanaşmaları olub.  Əgər tənqidin motivi budursa, çox pis. Hələ bu xalq üçün bir iş görməmiş, nəticə ummağınız  iddialı  görünmürmü? Yaddaş üçün deyirəm; Birinci Qarabağ savaşında bizim elə igidlərimiz olub ki, onların qəhrəmanlığı ancaq döyüş dostlarına bəllidir. Bu haqda özləri belə danışmağı sevmirlər. Kimdənsə, nədənsə bir dəfə də olsun şikayət etməyiblər. Bu hərəkətlərini onlara irad tutsan, uzağı, “nə etmişəm vətənim üçün etmişəm” deyib susurlar. Bax, vətəni sevmək buna deyirlər. Yoxsa, təmannaya qalsa özgəsinə də iş gördürmək olar. Əli Kərimli nə qədər sənin kimi gəncləri irəli çəkib və onlara qol-qanad verib, nəticədə “pərvazlanıb uçmaq” və arxasınca bir neçə nəfəri də aparmaq kimi xəstəliyə tutulublar. Eyni ilə Razi Nurullayev kimiləri Əli Kərimliyə dərs deyilmi?

Vəzifədən çıxdığına görə müxalifətə keçənlər nə qədərdir? Bunların hamısının səmimiliyinə inanmaq olarmı? Yenə heç olmasa Rüfət Səfərov özü tutduğu vəzifədən imtina edib, amma sizi azad ediblər. Bax, bunların hamısı arqumentdir.

  Hörmətli Nahid bəy, Əli Kərimlini diktator kimi də tənqid edirsiniz. Sizə ifrat demokrat lazımdırsa, buyurun, ən yaxşı nümunə Əbülfəz Elçibəydir. Əgər bir az onda diktatorluq həfəsi olsaydı, bir yox, heç olmasa bir neçə il hakimiyyətdə qalardı. Əgər biz demokratik cəmiyyətə keçmək istəyiriksə, burada keçid etmək istəyən adam ifrat demokrat ola bilməz. Bunu şərait tələb edir. Kobud da olsa, bir misal mən çəkim; bataqlığa düşmüş adamı çıxarmaq istəyənə, “onu elə çıxarmalısan ki, üstün bulaşmasın” demək nə qədər doğru olar? Yəni keçid dövrü yaransa belə, onu başa çatdırmaq da qurban tələb edəcək, necə ki, Elçibəy öz şəxsiyyətini müstəqilliyə qurban verdi. O yaxşı bilirdi ki, söyüləcək də, döyüləcək də, cəmiyyətdə mövqeyini itirəcək də, amma buna baxmayaraq, Azərbaycan uğrunda döyüşdü. Hələ prezident seçilməmişdən əvvəl “məni prezident seçməyə çalışırsınız, amma bir ildən sonra devirəcəksiniz” deməsi təsadüfən deyilən söz deyil. Ona anlatdılar ki, rus qoşunlarının çıxarılması onun hakimiyyətinin sonu demək olar, ancaq özünü eşitməməzliyə vurdu. Çünki ona hakimiyyət yox, Azərbaycanın müstəqilliyi lazım idi. Yaxud da başqa bir misal; ölkəsini Avropa standartlarına yaxınlaşdırmağa gətirib çıxaran Saakaşvili niyə bu ölkədən qaçaq düşüb? Bəli, belə böyük işləri görmək qurban tələb edir. Keçid dövrü sizə o qədər də asan gəlməsin, o da Azərbaycanda ola. Məni “gənclərin beynini zəhərləmək”də ittiham edən hörmətli Məmişov (Laçın) çəkilişlərin birində etiraf edir ki, sona qədər getdikdə Almaniyada da demokratiyadan sapmalarla qarşılaşmaq olar. Bütün bunları deməkdə məqsədim odur ki, məncə, indiki dövrdə Azərbaycan reallığı üçün bizə demokratik lider yox, yarımdemokratik lider lazımdır.

   Əli Kərimli də ideal adam deyil, amma sizin də təkrar etdiyiniz bir cümləni mən də demək istəyirəm. Yaxşı ona görə yaxşıdır ki, ondan yaxşısı yoxdur.

   Mənə görə, Sərdar Cəlaloğlu, İlqar Məmmədov, Nahid Cəfərov bizim üçün gələcəyin ivanaşvililəridirlər. Bizə isə indi islahatçı saakaşvililər  lazımdır.

   İqtidarlı-müxalifətli bu xalq bizimdir, çalışıb əl-ələ verib ölkəmizi qansız-qadasız müasirliyə qovuşduraq. Amin!

 




Ana səhifəyə qayıt        Baxış: 1 910          Tarix: 1-05-2018, 08:31      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent