Xəbər lenti

 Naxçıvan şəhərindəki Hüseyn Cavid adına 5 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Nicat Əsədlinin yenicə nəşr olunmuş  kitabını – “Sevimli dostlarım – kitablar”ı gözdən keçirdikcə məlum olur ki, müəllif son 2-3 ildə Azərbaycan və dünya ədəbiyyatının ­görkəmli nümayəndələrinin 70-dən artıq romanını oxuyub və onlar haqqında düşüncələrini yazıb. Elə 14 yaşlı müəllifin həmyaşıdları ilə ilk görüşü olan kitabında da oxuduğu əsərlərin 67-si haqqında qısa düşüncələr əks olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Nicat Əsədlinin bu təşəbbüsünü qiymətləndirərək ona məktub göndərib. Həmin məktubda deyilir: – “Ötən il uşaq və gənclərimizi, məktəbliləri oxu mədəniyyətinə təşviq etmək üçün “Oxunması zəruri olan kitablar haqqında” Sərəncam verilmişdir. Həmin kitablar barədə qeydlərin sənin və sənin timsalında məktəbli gənclərimizin düz yolda – tarixə, milli kökə bağlılıq yolunda, vətənpərvərlik yolunda yetişməsinin göstəricisidir”. Ali Məclisin Sədri Nicat Əsədlini ilk kitabının nəşr olunması münasibətilə təbrik edib, faydalı təşəbbüsünə görə təşəkkürünü bildirib. Ali Məclisin Sədri adından Nicat Əsədliyə hədiyyə və oxunması zəruri olan kitablar təqdim edilib. 
Bu günlərdə Nicatın təhsil aldığı Naxçıvan şəhər Hüseyn Cavid adına 5 nömrəli tam orta məktəbdə onun kitabının təqdimatına həsr olunmuş tədbirdə 14 yaşlı müəllifə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Naxçıvan Şəhər Təhsil Şöbəsi və təhsil aldığı məktəb tərəfindən fəxri fərman, diplom və hədiyyələr təqdim olunub. Sinif yoldaşlarının Nicata hədiyyələri isə onun oxuduğu kitablardan birinin – Viktor Hüqonun “Səfillər” əsərinin “Kozetta” hissəsini səhnələşdirib təqdim etmələri olub.

Kitabı vərəqlədikcə müasir dövrümüzdə həyatımıza daxil olan informasiya texnologiyalarının bəzi insanları mütaliədən kənarlaşdırdığı, bəşər sivilizasiyasının qızıl yaddaşı adlandırılan kitabxanalardan uzaq saldığı barədə düşünürəm. Əksər yeniyetmə və gənc­lərin meyil saldığı, saatlarla vaxtlarını sərf etdikləri, çox zaman ali məqsədlər üçün bəhrələnə bilmədikləri sosial şəbəkələr onlardan, sadəcə, zamanı alır, əvəzində nə verir? Həqiqətən, indi kiminsə bu qədər kitab oxuması adamı təəccübləndirməyə bilmir. O ki qaldı vur-tut 14 yaşlı məktəbli ola. Buna görə kitabı tez-tez vərəqləyir, bədii ədəbiyyatın sehrinə düşən bu azyaşlının daha hansı əsərləri oxuduğunu bilmək istəyirdim. 
Qeyd edim ki, kitabın nəfis tərtibatı – üz qabığında Nicatın oxuduğu kitablardan bir neçəsinin şəkillərinin əks olunması, həm də müəllifin həmyaşıdlarında bu kitabları oxumağa maraq yaradır. Elə Nicatla görüşüb, söhbətləşmək üçün 5 nömrəli tam orta məktəbdə olarkən də onun sinif yoldaşları ilə hansı kitabı oxuyacaqlarını müzakirə etdiklərinin şahidi olduq. Azərbaycan dili və ədəbiyyat müəllimi Samirə Məmmədova sinifdəki uşaqların hər birinin ədəbiyyat dərsini çox sevdik­lərindən və bu fənni yaxşı oxuduqlarından, lakin Nicatın ədəbiyyata tama­milə fərqli yanaşmasından danışdı: – Nicat bir qədər qapalı, çox danışmağı sevməyən uşaqdır. Ədəbiyyatı gözəl oxuyur, mənimsəyir, o düşüncələrini qələmlə ifadə etməyi daha yaxşı bacarır. Elə 14 yaşda 70-dən artıq kitab oxuması, onların hər biri haqqında fikirlərini bildirməsi, bədii əsərləri öz təfəkkürü səviyyəsində təhlil edə bilməsi onun özünəməxsus dünyası olduğunun göstəricisidir. 
Sinif yoldaşları, həmçinin Nicatın həm sinif yoldaşı, həm də əkizi olan bacısı Fatimə də onlarda mütaliəyə həvəsin artmasında azyaşlı müəllifin böyük rolu olduğunu dedilər. Qeyd edək ki, Fatimənin qardaşının kitabının ərsəyə gəlməsində böyük əməyi olub. Nicatın oxuduğu kitablar haqqında qeydlərini o kompüterdə yığıb. 
 Nicatın kitablarla dostluğu isə hərfləri öyrəndiyi vaxtdan başlayıb. Əvvəlcə şəkilli kitablara maraq göstərib, kiçik hekayələr, nağıllar oxuyub, bunlarsa onda kitaba böyük sevgi və məhəbbət oyadıb. Uşaqlar üçün nəzərdə tutulan romanları oxumağa başlayıb, ildən-ilə isə bədii ədəbiyyatın sehrinə düşüb. İnternetdən çox az istifadə etdiyini, bu zaman ancaq kitablarla maraqlandığını deyən Nicatın oxuduğu kitablar arasında Naxçıvan Muxtar ­Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilən kitablar – “Kitabi-Dədə Qorqud” dastanı, “Nizaminin hikmət və nəsihətləri”, Cəlil Məmməd­quluzadənin “Hekayələr”i, “ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə məktubu”, Ernest Heminqueyin “Qoca və dəniz” və digər əsərlər də yer alır. Bunlardan bir neçəsi haqqında öz fikirlərini o, müəllifi olduğu kitabında yazıb. Onun “Nizaminin hikmət və nəsihətləri” kitabı haqqında yazdığı qeydlərdə oxuyuruq: “Dahi şair Nizami Gəncəvi beş poemanın müəllifidir. Onun beş əsəri birlikdə “Xəmsə” adlanır. Nizami Gəncəvinin “Xəmsə”sindən seçilən hikmətli fikirlər “Nizaminin hikmət və nəsihətləri” kitabında toplanıb. Nizami Gəncəvi bu hikmət və nəsihətlərində insanları yaxşı işlər görməyə, xeyirxah olmağa, elm öyrənməyə çağırır. Mən həmin hikmətli ifadələrdən bir neçəsini burada yazıram:

Bir elmi öyrənmək istədikdə sən,
Çalış ki, hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan...”

Ədəbiyyatı bu qədər sevməsinə baxmayaraq, böyüyəndə hüquqşünas olmaq istəyən Nicatdan daha çox hansı janrlarda yazılan əsərləri oxuduğunu soruşanda o, belə cavab verdi: – Fantastik və detektiv janrlarda. Fantastik əsərləri ona görə sevirəm ki, orada gələcəklə bağlı gözəl xəyallar qurulur. Detektiv janrda yazılan əsərləri ona görə sevirəm ki, burada ağıl və məntiq daha çox rol oynayır. Ən çox sevdiyi müəllifi və obrazı soruşduqda isə o, belə cavab verdi: – Ən çox sevdiyim müəllif Çingiz Abdullayevdir. Elə mən də onun kimi hüquqşünas olmaq istəyirəm. Ən çox sevdiyim, həm də oxşamaq istədiyim obraz isə elə Çingiz Abdullayevin “Prezident ovu” əsərindəki Dronqo obrazıdır. 
Nicat Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvanın ədəbi mühitində özünəməxsus yeri olan şair Asim Yadigarın nəvəsidir. Və onun özü də qeyd edir ki, bədii ədəbiyyata bu qədər istəyinin yaranmasında babasının, onun evindəki şəxsi kitabxananın rolu az olmayıb. 
İnsanların kamilləşməsində, cəmiyyətə layiqli vətəndaş kimi formalaşmasında, yüksək təfəkkürə, biliyə yiyələnməsində kitablar əvəzsiz bilik mənbəyidir. Biz də yeniyetmə və gənc­lərimizə üz tutub onlara balaca Nicat kimi nicat yolunu kitablarda tapmalarını arzulayırıq.




Ana səhifəyə qayıt        Baxış: 1 269          Tarix: 3-05-2018, 11:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma