Xəbər lenti

  

Vergilər Naziri Mikayıl Cabbarovun uçot sisteminin təkmilləşdirilməsi və 1 il müddətində çatışmazlıqların aradan qaldırılması barədə ictimaiyyətə müraciəti sahibkarlıq subyektlərinin bu imkandan kifayət qədər yararlanması üçün yetərlidir. Məsələ ümumilikdə həm vergitutma həm də kommersiya məqsədləri üçün gəlir və xərclərin uçotunun aparılmasını və iqtisadi inkişafın şəffaflıq və hesabatlılıq prinsipləri əsasında təmin edilməsini əhatə edir. Amma bəzi məqamlar var ki, məsələ olaraq onun həllində müəyyən zəruri işlər görülməlidir.  2-və 4 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyicisi kimi uçotda olan şəxslər üçün 01 yanvar 2018- cil il tarixdən aktivlərin və öhdəliklərin yaranma mənbələrinin ( əmtəə və xidmətlərin) Vergilər Nazirliyinin elektron kargüzarlıq sistemində vahid elektron bazada qeydiyyatı aparılaraq  EVHF , EQF tətbiq olunması barədə qanunvericiliyin tələbləri şəffaflığın və hesabatlılığın yaradılması üçün vacibdir. Lakin əvvəlki dövrlərdə əldə olunmuş əmtəə-materialların hansı qaydada uçota alınması kimi qaranlıq məsələyə hələ də aydınlıq gətirilməmişdir. Vergi Məcəlləsinin 58.8.2. maddəsində sahibkarlıq subyektinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda (58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi  miqdarında;)  maliyyə sanksiyasının tətbiqi həmin çatışmazlığı həll etmir.

Hesab edirəm ki, problem sahibkarların qanuni mənafeləri gözlənilməklə həll olunmalıdır. Vergilər haqqında qanunvericiliyin bütün qaranlıq və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Ona görə də əvvəlki dövrlərdə sahibkar tərəfindən əldə edilmiş əmtəə və materialların uçota alınması məsələsi bir qayda olaraq təmin olunmalıdır. Sahibkar satış üçün nəzərdə tutulan əmtəə-materialların uçotunu mövcud qanunvericiliyə əsasən apara bilər. Məsələn : Sahibkar satış üçün nəzərdə tutulan və uçotda olmayan malları  Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201307160017 . hüquqi  akın dövlət reyestrinə daxil edildiyi tarix  23.07.2013 )  Mühasibat Uçotu haqqında Az.Res. Qanunun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 07 fevral 2005-ci il tarixli 192 saylı fərmanın 2.1-ci bəndini və Az. Res. Prezidentinin 09.02.2009 tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Az. Res. Maliyyə Nazirliyi haqqında əsasnamənin  7.7-ci, 7.11-ci, 8.48-ci və 8.53-cü bəndlərini rəhbər tutaraq  Az. Res. Maliyyə .Nazirliyinin 16.07.2013 tarxidə Q-17 saylı qərarı əsasında  “Aktiv və öhdəliklərin inventarizasiyası” yolu ilə uçota ala  bilər. Əgər sahibkar sahibliyində olan malları uçotdan gizlətmirsə, öz uçotunda dəqiqləşdirmələri qanunvericiliyə müvafiq qaydada aparırsa belə halda sonradan müəyyən edilmiş sənədlərin olmamasına görə maliyyə sanksiyasının tətbiqi heç bir halda əsas məqsədə xidmət edə bilməz . Əgər vergi ödəyicisi gəlir və xərclərinin uçotunu aparırsa, malları əmtəə-material ehtiyatların uçotuna əlavə edirsə,həmin iqtisadi hadisələrin ardıcıllıq üzrə nəticələrini hesabatlarında əks etdirirsə vergidən yayınma riskləri aradan qalxmış olur. Belə olduğu halda əvvəlki dövrlərə aid sənədlərin tələb edilməsi üçün lüzum qalmır. Ona görə də Vergilər Nazirliyinin bu kimi qaranlıq məqamların aradan qaldırılması üçün müvafiq göstəriş və şərh verməsinə ehtiyac vardır.

Elçin Qurbanov

Auditorlar Palatasının üzvü




Ana səhifəyə qayıt        Baxış: 739          Tarix: 10-05-2018, 22:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma