Xəbər lenti

 Zabil Həsənov

Hər dəfə 4 iyun gələndə sağalmayan yaralarımız yenidən qövr edir. Və bu yaramızı da qaşıyanlar yenidən qan çıxarmağa çalışırlar. İstiqlalçı, keçmiş millət vəkilimiz hörmətli Mətləb Mütəllimov haqlı olaraq bu adamlara “palan içi tökməklə” keçmişimizi belə yad etməyin heç bir əhəmiyyətinin olmayacağını xatırlatsa da, boş verən olmadı. Yenə də AXC-Musavat  hakimiyyəti hədəfə gəldi, yenə də müxalifətin kəsərsizliyindən gileylənənlər meydan suladı.

Uzun illərin bu  təbliğatı artıq gənclərimizdə belə fikir formalaşdırıb ki, sən demə, hər şey bu qədər asan olduğu halda, birillik hakimiyyət əlini ağdan-qaraya vurmayıb. Pisi də odur ki, hətta o dövrdə az-çox hakimiyyətdə payı olanlar  AXC-Musavat hakimiyyətində səriştəsizlərin də olduğunu “etiraf” etdilər.  Siyasətçi olmaq  istəyən gənclərimizə ozamankı hakimiyyətlə indiki hakimiyyətin uyğun vəzifəlilərinin, yaxud tarixin qovşagında yerləşən  aşağıdakı ardıcıl üç ilin bütün parametrlər üzrə  müqayisəsini  aparmağı (əgər bacarırlarsa) məsləhət bilirəm.

  1991 iyun-1992 iyunu

  1992 iyun- 1993 iyunu

  1993 iyun- 1994 iyunu.  Milli hakimiyyət  bir iş görməyib deyənlər  özləri nəticə  çıxarsınlar.

Təzə bir dəb də düşüb, milli hökümətin “səhvləri” qeybət səviyyəsində təqdim olunur; kim-kimə nə deyib, kim kimin qulağına nə pıçldayıb, kimin könlündən nə keçib və s. Beləliklə günahkar axtarılır. Hələlik  tapılmayıb və heç  tapılmayacaq da. Ona görə tapılmayacaq ki, bacarığımız bundan artığına çatmayıb, ictimai şüurumuzun imkanları o qədər imiş. Müharibə dövründə  agent də, satqın da, qorxaq da olcaq, ancaq ictimai şüur yetərlidirsə, onlar kölgədə qalan işlərdir. İntellekt çatışmamazlığı üzündən bəzilərimiz vətənimizə, necə deyərlər, “ayı xidməti” göstərmişik. Mənimlə razılaşmayanlara bir misal çəkəcəm.

Qarabağ döyüşləri üçün özünümüdafiə dəstələri yaradılırdı. Belə dəstələrdən birini də “Bakı fəhləsi” zavodunun fəhlələrinin yaratdığı zaman ona rəhbərlik etmək üstündə müzakirələrdə işçilər yalnız hərbçilərdən başqa birisinin komandir kimi qəbul etməyəcəklərini ortaya qoymuşlar və istəkləri yerinə yetirilmişdir. Beləliklə layiqli bir döyüş qurupu yaradılmış və müharibənin sonuna kimi ləyaqətlə döyüşmüşlər.

Təssüf ki, belə dəstələr az sayda olmuşdur. Regionlarda yaradılan dəstələrdə isə kim yaxşı danışa bilirdi, onu komandir kimi qəbul edirdilər və beləliklə hərb işini bilənlər yox, diletantlar özlərini “daha ağıllı” zənn edərək (bizim ənənəvi lovğalığımız)  bacarmadıqları işə girişirdilər.

Başqa bir misalı isə yuxarılardan gətirəcəm.

Deyəsən, 1992-cü ilin payızı idi. Xanım Leyla Yunusova öz evinin mətbəxindən televiziyalardan birinə müsahibə verir və belə bir ifadə işlədir: “Mən bilsəydim sonda belə olcaq bir belə əziyyətə girişməzdim” Onun bu cümləsinin həzmi bu yazı müəllifini bir gecə yuxusuz qoydu. Mən hələ o vaxt dərk etdim ki, bu yaxşı bir işin anonsu deyil. Bu, necə ola bilər ki, demokratların ölkənin bir nömrəli xanım adlandırdıqları Leyla Yunus ölkəmizin əldə etdiyi naliyyətin mahiyyətini dərk etmir. Aradan bir neçə il keçdikdən sonra həmin Leyla xanım, nəyə görə hüquq müdafiəçisi olduğunu sual verən jurnalistə “Nə vaxtsa növbə mənə də çatacaq” deyə cavab verdi. İndi isə ölkədən kənarda yaşamağa məcbur olub. Bəli, yaxşının qədirini bilməyənlər, pisə urcah olmağa  məhkumdurlar.

  Demokratların bir nömrəl xanımının  ictimai şüurunun gücü  bu həddə qədərdirsə, gör, xalqın sıravisi  hardadır.

 İş görülürsə, deməli səhvlər də olacaq.  AXC-Musavatın və ümumiyyətlə müxalifətin səhvləri kifayət qədərdir və burada əsas siyasi tərəf götürülməlidir. Ozamanki hakimiyyətin səhvindən qeybət səviyyəsində danışmağın nə xeyri? 

İndiyə qədər çoxlu sayda tənqidi yazılar yazılsa da, o hakimiyyətin buraxdığı ən böyük səhv haqqında heç kəs danışmayıb. Bu səhv həmin hakimiyyət dövründə ideoloji sahənin başlı-başına buraxması olub. İndinin özündə də hiss olunur ki, həmin hakimiyyətin varisləri olan partiyalarda ideoloji işlər yox dərəcəsindədir. Fakt; partiyaların ayrı-ayrı funksionerlərinin danışıqlarında ümumi bir xəttin hiss olunmamasıdır. Son hadisələr də onu göstərir ki, xaricdə yaşayan fəallarımız həmin ideoloği boşluğu doldurmağa girişiblər.

  Cənablar, buraxın bu günahkar axtarmaq hərisliyinizi! Fərdlər yox, bütövlükdə hamımız günahkarıq. Şəxsi mənafe xatirinə vətəni güdaza verdiyimiz üçün, vəzifə hərisliyinə görə, gücümüz çatmayan işlərə girişdiyimiz üçün, şəxsi münasibətə görə, yaxşıya pis dediyimiz üçün, haqlını müdafiə etmədiyimiz üçün, yaxşıları itələyib yerinə keçməyə cəhd etdiyimiz üçün, başqasının yüksəlişınə qısqanc yanaşdığımız üçün, əks tərəfi hörmətdən salmaq üçün atdığımız badalaqlara görə və s.

 

P.S.  Yəqin Mətləb bəyin keçmişin eşələnməməsini istəməsi günahkar axtaranlarda  belə fikir yarada bilər ki, bu şəxsin keçmişində nə isə var. Özünüzü yormayın, ən müasir teleskoplarla təhciz olunsanız belə, Mətləb bəydə arzusunda olduğunuzu tapa bilməyəcəksiniz.

 




Ana səhifəyə qayıt        Baxış: 1 560          Tarix: 14-06-2018, 17:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma