Xəbər lenti

 

Ölkədə bir xeyli dəyişiklik var,

Baxmayın, rüşvətdən yurd talan olub.

Əvvəl kəndxudaydı kənddə Xudayar,

İndisə böyüyüb yekə xan olub.

 

Bizmi insafsızdıq, zamanmı yoxsa,

Qədrini bilmirdik Xudayar bəyin.

Artıq dəyişilib dövranmı yoxsa,

Xudayar zəifdi, bizmi ərköyün?

 

Bizə dərd olmuşdu mindiyi eşşək

Sanardıq kəndxuda dəvə minibdir.

İndisə nə dəvə, nə at, nə köşək?

İnsanları minmək dəbə minibdir.

 

Oğurluq kök salıb indi hər yerdə

Ölkənin vəkili, hakimi öğru.

Oğurluq həlqəsi bitmir vəzirdə

Dırmaşır ondan da yuxarı doğru.

 

Biri xəzinəni, digəri canı,

Hərə bir sərvəti, malı oğurlar.

Kisəyə doldurub Azərbaycanı

Ölkədən çıxarır indi oğrular.

 

Yalnızca var-dövlət oğurlansaydı,

Bəlkə dillənməzdik buna, doğrusu.

Kaş, təkcə kürkümüz oğurlansaydı,

İndi peyda olub namus oğrusu.

 

Xudayar kəbinlə, kəllə qənd ilə

Almaq istəyirdi bir dul qadını.

Sadəlövh oğlunu neçə fənd ilə

Aldadıb çəkirdi Zeynəb adını.

 

İndi harınlamış çağdaş Xudayar,

Qartımıştək baxar onbeşlik qıza.

Nə kəbin, nə nigah, nə toy tanıyar,

Nə də yaxınlardan istənər riza.

 

Gözünü dikmişdi qotur eşşəyə,

Xudayar bəy alsın ərsiz dul-deyə.

Bəlkə əl atmışdı bu pis peşəyə,

Öz kasıb cibində yoxdu pul-deyə

 

İndi oğurlanmır tək eşşək, tək çul

Artıq oğurluğun hər növü sərbəst

Atadan-anadan oğurlanan pul

Məsum övladları eyləyir şikəst

 

Elədirsə, gəlin, biz qərar verək,

Hansı Xudayardır daha ziyankar?!

Kim daha məsumdur, düz qərar verək-

Kəndxuda Xudayar, ya Xan Xudayar?!




Ana səhifəyə qayıt        Baxış: 1 508          Tarix: 9-07-2018, 22:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma