Xəbər lenti

 

İstər dini kitablara, istərsə də dünyanın ən böyük mütəfəkkirlərinə görə, kainatın ən dəyərli nəsnəsi SÖZdür. İlahi bir sözlə bütün məxluqat xəlq olunduğu kimi, dünyanın əşrəfi sayılan insan da məhz nitq qabiliyyətilə heyvanlardan ayrılıb. Bu mənada insanı insan edən əsas dəyər nitqidir, desək, yanılmarıq.

Söz Kainatın ən qiymətli varidatı olduğu kimi, söz adamı da bir millətin ən böyük sərvətidir. Zira millətlər söz adamlarının yaratdığı mənəvi xəzinələr hesabına böyük mədəniyyətlər yaradıb, inkişaf etdirib, başqalarından seçiliblər. Millətlər onları millət edən söz adamları sayəsində bu gün də mövcudiyyətlərini qoruyurlar.

Müasir Azərbaycan jurnalistikasında sözüylə və söz adamlarına yaratdığı  özünüifadə imkanlarıyla seçilən ziyalıların önündə Rauf Arifoğlu gəlir. Rauf Arifoğlu uzun illərdən bəri mətbuatımıza vurduğu möhürlə tarixin yaddaşında qalacaq və gələcək nəsillərə öz layiqli töhfəsini bəxş edəcəkdir. Baxmayaraq ki, Rauf bəyə bu gün cəmiyyətimizdə münasibət birmənalı deyil. Onu sevənlər qədər, tənqid edənlər də var. Bu da təbiidir. Axı, kim barsız ağaca daş atar? Daş atılan ağaca çevrilmək isə hər oğula nəsib olmur. Üzərinə edilən bütün hücumlara səbrlə yanaşan, təmkinlə cavab verən Rauf Arifoğlunun bu mövqeyi isə başadüşüləndir. Çünki o, təkcə bugünlə yaşamır, Azərbaycanda söz azadlığının qalalarından birinə çevrilmək niyyətini uğurla həyata keçirir və öz qələmiylə gələcək demokratik inkişafımızın təməllərini atır.

Bütün keyfiyyətlərilə yaşadığımız zamanın seçilmişləri arasında adı həmişə vüqarla çəkiləcək olan Rauf Arifoğlu bu gün 52 yaşına qədəm qoyur. 52 yaş bir yazar ömrü üçün çox sayılmaz. Rauf Arifoğlu da ömrünün ən məhsuldar dövründədir.

Mən əziz dostumu ad günü münasibətilə təbrik edir və ona yaradıcılıq uğurları arzulayıram. Ümid edirəm ki, onun da adı gələcəkdə Həsən bəy Zərdabi, Mirzə Cəlil, Nəsəf Nəcəfov və s. mətbuat nəhəngləri bərabər çəkiləcək. Adını millətimizin daş yaddaşına iri hərflərlə yazdıracaq.

Ad günün mübarək, Rauf bəy!




Ana səhifəyə qayıt        Baxış: 1 025          Tarix: 23-07-2018, 21:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma