Xəbər lenti

  

 ADİLƏ NƏZƏR,

filologiya üzrə fəlsəfə doktoru

Bu adda şeirlər toplusu şairin duyğuları olmaqla bərabər onun dünyagörüşü və yazıldığı dövrün sosial, mədəni və siyasi həyatı haqqında məlumat kitabçasıdır.  Daha dəqiq desək, şairlər dövrünün nəbzi, şeirlər isə güzgüsüdür. Elə buna görə deyirlər ki, ədəbiyyat ən doğru tarixdir.

Kitab bir qabdır, şeirlər də bir içim su... Suyu içdikdən sonra qabını qırmadığımız kimi, şeirləri oxuyandan sonra da dəyərini vermək gərəkdir. Natalya Xarlampyevanın “Mənim rəfiqim aprel” adlı şeirlər toplusunu oxuduqca şairin könül bağçasına ən gözəl duyğu ortağı oldum. Şair nə qədər desə də ki, “Mən atəşəm! Məni anlamağa çalışmayın! Mənim ruhum alovun tüstüsü kimidir...” mən yenə də onu anladım.

Bu bir həqiqətdir ki, poeziya tarix boyu bəzən siyasətlə iç-içə, bəzən siyasətin qarşısında, bəzən də öz məcrasında lirik duyğu axarında davam edib. Natalya xanımın şeirlərində tarixi köklərinə bağlılıq, türkçülüyü səciyyələndirən xüsusiyyətlər zamanın və məkanın sərt sərhədlərini qırıb keçir.

Mən də ulu türkün bir parçasıyam –

Kökləri dərindən-dərin,

Qızılı bayrağında boz qurd,

Kül Tigin dövrünün varisi.

Hansı uğursuzluğun əliylə

Quzeyə üz tutdu babam.

Quzeydə məskən saldı...

Səhralarda qumların sehr dolu pıçıltısı,

Aralın parlaq suyu,

Düzlərin sarı üfüqü,

Qızıl dəvələrin qəmli gözləri

Uzaqlarda qaldı...

Mən də ulu türkün bir parçasıyam –

Canımda, qanımda duyuram bunu.

Hikmətini duyuram daşüstü yazıların,

Elmlərin qüdrətini

Yaddaşıma yazıram mən.

Yazıram ki, unutmayım kim olduğumu!

(Afaq Şıxlının tərcüməsindən)

 

Yalnız bir şeir deyil, kitabdakı şeirlərin əksəriyyəti şairin yaşadığı milli hisslərin təzahürü olaraq tarixi, mədəni, sosial və siyasi bir mətn kimi oxucuya təqdim olunur.

Natalya xanımın şeirlərində elə apriori fikirlər var ki, oxucu onları qeyd-şərtsiz qəbul edir, bəlkə də buna görə ki, o, fikirlərində çox vaxt ədəbi-tarixi inanclarımıza əsaslanaraq oxucunu ovsunlaya bilir. Qızına nəsihət olaraq yazdığı “Ana dilinə inan” şeirində oxuyuruq:

Hər hansı bir dildə danışmaq öyrən:

Danış böyük Puşkin yazdığı dildə.

Bacarsan Şekspirin dilində danış.

Sən anlat özünü hər hansı dildə.

... Eşqə, xoşbəxtliyə və həqiqətə,

Saxa dilinə inan!

Həyatda öz yoluna

Ana dilin ilə var!  (Rəsmiyyə Sabirin tərcüməsindən)

 

Oxucu ən azad günündə belə bu misralara həbs ola bilər. Şairin “Şaman qadının türküsü”nü ixtisarla da oxuduqda bir haray təsiri bağışlayır. O haray ki, dağınıq düşüncəli, qarışıq niyyətli, gələcəyi olmayanlara tapınmış, boş maraqlara uyub milli kimliyini unudan yeni nəsil gənclərini doğru yola dəvət edir. Onları – “aralıq dünyanın sakinlərini” aydın, tərtəmiz göyüzündən keçirərək işıqlı ruhların arxasınca Tanrı yoluna - haqq yoluna səsləyir.

Natalya Xarlampyevanın şeirləri ilk anda oxucuya, şəxsə aid əhvali-ruhiyyədən doğan duyğuların poetik təqdimatı təsiri bağışlaya bilər, amma dərindən düşünəndə görürsən ki, o şeirlərin çoxu bir türk qızının qəlbindən və zəkasından süzülüb gələn və əslində sərt həyat həqiqətlərini əks etdirən mistik xarakter daşıyır. Şairin şeirləri mənəvi-əxlaqi dəyərlərinə görə də dəyərlidir, çünki mövzuların məziyyəti antibəşəri əməllərə qarşı qoyulur. Onun dünya evi insanların yaşadığı bildiyimiz indiki savaşlarla dolu dünya evi ilə təzad təşkil edir. Onun dünya evi Günəş işığı ilə doludur.

“Mənim rəfiqim aprel” kitabındakı şeirlərin əksəriyyətinə müxtəlif qatlardan xali, deklarativ fikirlər hakimdir. Bəzən yaşadığı məkanın qələbəlikləri şair üçün sükunətdir. Şair özü ilə danışa bilməyəndə sükuta qərq olur, belə sükut isə şair üçün iztirabdır. Onun bu iztirabdan ərk yeri olan “Asya Xatun”a  alqışı oxucunu duyğulandırmaya bilmir:

 

Ah, Asiya – ulu nənəm!

... Sən qorudun xalqımı –

biz səndən heç bir zaman ögeylik hiss etmədik –

bərəkətli ətəklərin bəslədi uzun müddət,

bəslədi ana kimi;

Qıraqları isti, soyuq,

geniş düzənlər vardı.

Tənha yerlər vardı...

Alqışlarım sənədir, böyük ana, alqışlar!

...nəfəsimin saf qalmağına yardımçı olan

Gömrük,

İnanc və

Yol vardır... (Oktay Hacımusalının tərcüməsindən)

 

 

Şairin toxunduğu məsələlərin mərkəzində həmişə millət, soy-kök faktoru əsas yer tutur. Milli duyğuların fonunda Natalya xanım üsyançıdır, Natalya xanım əzabkeşdir. Bəlkə də buna görə onun hər misrası türk oxucusunun həyatına qatılan anlamdır.

Zamanın ədalətsiz qamçısı bircə yurddaşına dəysə belə, şair o ağrını ciyərində hiss edir. O ağrının sevincini isə Natalya xanım belə təsvir edir: “...Xalqımın keçmişi ilə bağlı, Atalarımızı inkar edənləri, Haram qatılmış qanları kim tanıyır? Deyə! – xəyallar qururam, sual verirəm. Vətəni sevən, neynək, canını yolda qoyur, Bu elə bir nəşə, elə bir sevgi ki, bu nəşəyə, bu sevgiyə türklərin bir parçası deyilir...”

Bu şeir sanki şairin misra-misra Allaha qıldığı taqətsizlik duasıdır. Bu duayla qədim türklərin varisi Natalya Xarlampyeva  “Balaca uşaq kimi gələn hər yeni günün parlaq olacağına dəlicə güvənmişəm - Bu mənəm!” (İlahə Abdullayeva və Əkbər qoşalının tərcüməsindən) deyib yamandan yaxşıya, ayrılıqdan vüsala keçə-keçə qocalır. Onun özünün də qeyd etdiyi kimi, həyatda yüksək mövqe arzusuyla yaşamadı, milli birlik, türklük idealları ilə yaşadı. O, yaşadığı bütün ömründə özünü tanıdı, kimliyini tanıdı, soyunu, kökünü tanıdı, mən də bir oxucu və qələm dostu olaraq onun qəlbini tanıdım  - “Mənim rəfiqim Aprel”indən.




Ana səhifəyə qayıt        Baxış: 1 192          Tarix: 22-08-2018, 10:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma