Xəbər lenti

   

 İnqilab Orxan

 

Yaratmaq istisnasız olaraq Allaha məxsusdur və yerü-göyü xəlq eləyən Allah öz şəriksiz xassəsindən yalnız məxsusi sevdiyi, seçdiyi, fərqləndirdiyi bəndələrinə bəxş eləyir. Allah tərəfindən belə sevilən, seçilən, fərqləndirilən bəndələr sıradan insanlar yox, mütləq yaradıcı, qurucu insanlar olurlar. Təsadüfi deyil ki, min illərdi  bəşəriyyət tərəfindən tam dərk edilə bilməyən Allaha-bu möcüzəli varlığa həm də Ulu Yaradan deyirlər.

      Dünyanın bütün istedadlı (məhz istedadlı) adamları Allahın sevimliləridir və adi insanlar İlahinin möcüzələrinə heyrətləndikləri kimi bu yaradıcı insanların (yazıçıların, şairlərin, bəstəkarların, rəssamların, heykəltəraşların...) da yaratdıqlarına heyrətlənirlər. Anlamaqdan, duymaqdan məhrum olmayan o adi insanlar yaradıcı insanların  ağrıyla  dünyaya gətirdiklərindən bir qəribə həzz duyurlar.  Gözləri dolur,  ürəkləri tel-tel olur,  sarsılır,  saflaşır,  durulurlar....

Düzdü, Allah bu sevdiklərinə maddi dünyada bəzən faciəli tale də yazır. Onlar həbsə atılır, güllələnir, sürgün edilirlər, xalq düşməni yarlığıyla damğalanırlar...

Amma, görəsən, kim “Xoşbəxt kimdir, bədbəxt kimdir?!” sualına doğru-düzgün , birmənalı cavab verə bilər?

Səfər Alışarlını qırx ildən çoxdur ki, tanıyıram. Olub ki, bir yerdə işləməyimiz səbəbindən hər gün görüşmüşük, olub ki, aylarla, hətta bəzən illərlə görüşə bilməmişik, əlaqələrimiz  kəsilib. Amma mən onunla istedadlı, intellektli, işıqlı bir insan kimi həmişə maraqlanmışam, onu izləmişəm və xalqımızın, millətimizin, Respublikamızın  taleyüklü məsələlərində Səfər Alışarlını daima öndə, təhlükələrlə üz-üzə görmüşəm. Heç zaman Səfər Alışarlı “mən qələm adamıyam” deyib yaxasını kənara çəkməyib. Bir vətəndaş kimi, sıra nəfəri kimi müstəqil dövlətçiliyimizin bərpasında fəal iştirak edib. Elə buna görə də dəqiq müşahidələri əsasında Azərbaycanımızın çox həssas və təlatümlü tarixi dönəmini əks etdirən “Maestro” romanı kimi möhtəşəm bir əsər ortalığa qoyub.

   Əminliklə deyə bilərəm ki, müstəqil illəri Azərbaycan ədəbiyyatında Respublikamızın milli dirçəliş hərəkatını, demokratik qüvvələrin azadlıq mücadiləsini, çox mürəkkəb ictimai-siyasi münasibətləri, cəlb edildiyimiz vətən müharibəsini, qaçqınlarımızın, köçkünlərimizin acınacaqlı vəziyyətini, təxribatçı qüvvələrin ixtişaşını, böyük güclərin məkrini Səfər Alışarlının “Maestro” romanı qədər geniş, əhatəli, heç bir konyukturaya getmədən, bədii detallarla və inandırıcı əks etdirən ikinci bir əsər yoxdur. Hər halda mən belə bir əsər tanımıram.

Amma nə yazıqlar ki, hələ sovetlər dövründən həmişə ideologiyanın qulu olan ədəbi tənqidimiz bu romanın layiqli, obyektiv qiymətini vermədi. Nəinki qiymətini vermədi, hətta bir növ, görməzdən gəldi, ağzına su alıb susdu. Guya, heç belə bir əsər yazılmayıb...

      Səfər Alışarlını mən həmişə çox səmimi, riyasız, təbii, şüarçılıqdan, şablonçuluqdan uzaq biri kimi tanımışam. Bu keyfiyyətlər onun irili-xırdalı bütün əsərlərinin də özəyini təşkil edir və əsl bədii sənət əsərinin mayası, həqiqətən müəllifin ürəyində tutulursa, Səfər Alışarlı heç zaman ürəyinin qanıyla yoğrulmuş bu mayaya haram, saxtalıq,  sünilik qatılmasına imkan vermir. Çünki Səfər Alışarlı çox yaxşı dərk eləyir ki, qanla yoğrulmuş o maya halallıqdan, səmimiyyətdən, təbiilikdən məhrum olarsa, reallıqdan, canlılıqdan, zamanın nəfəsindən də məhrum olar və lax yumurta kimi mənəvi enerjisini,  həyati gücünü itirər.

    Səfər Alışarlı həmişə axtarışdadır. (Amma bu axtarış mövzu axtarışı deyil). Bu axtarışın məğzində, mayasında daima mövzuya necə yanaşmaq, personajın xarakterini, obrazın iç dünyasını necə açmaq missiyası durur. Səfər Alışarlı adi adamlardan, sadə vətəndaşlardan yazır. Amma həm də Səfər Alışarlı qələmi o adi və sadə adamların nə qədər qeyri-adi, mürəkkəb obrazlar olduğunu sübut edir.

    Ümumiyyətlə, Səfər Alışarlıda hadisəçilik, cəlbedici sujet qurmaq əllaməçiliyi yoxdur. O, adi gündəlik həyati hadisələri, siravi məişət məsələlərini cazibədar yazı üslubu ilə o qədər peşəkarcasına, o qədər şirin təhkiyə ilə oxucusuna təqdim edir ki, bu mətnlərin sehrinə düşən ən pessimist adam belə - yaşam şərtlərinin bütün ağırlıqlarına rəğmən - dünyanı sevir, yaşamağın necə də gözəl olduğunu bir daha dərk eləyir, həyatdan doya-doya həzz alır.

      Səfər Alışarlı quru torpaqdan, xozanlıqdan belə ədəbiyyat yaradır. Onun üçün nədən yazmaq yox, necə yazmaq mühüm şərtdir. Dilin şəhdi-şirəsi, sözün sehri, yazı manerasının özünəməxsusluğu Səfər Alışarlı yaradıcılığının enerji mənbəyidir. Bu istedadlı qələm adamının bütün uğurlarının sirri, tilsimi, gücü həmin enerji mənbəyindən necə qidalanmasından və bir də, söz yox ki, onun mənəvi yaddaşından, qan yaddaşından çox asılıdır.

      Mənəvi yaddaşın, qan yaddaşının mütailə ilə nə qədər bağlı olub-olmaması müzakirə mövzusu ola bilər, amma Allah tərəfindən istedad payı ilə mükafatlandırılmış şəxslərin Vətəninə, Millətinə, Xalqına, hətta Şəcərəsinə və bütünlükdə İnsanlara olan sevgisi onların mənəvi yaddaşının, qan yaddaşının formalaşmasında şəksizdir.

     Mənəvi yaddaşın pöhrələrinə Səfər Alışarlının hekayəsində bol-bol rast gəlirik və bu mənəvi və qan yaddaşını biz bir az əvvəl ötəri bəhs etdiyimiz, “Maestro” romanında da müşahidə edirik. Yazıçı bu əsərdə mövzunun tələbindən doğan meydan genişliyi, nəfəs bolluğu sayəsində, sanki qəlibləri çatladıb sındırır, bəndləri dağıdır. Bu sındırıb-dağıtmaq, qətiyyən, nələrisə məhv etmək kimi başa düşülməməlidir. Yazar öz qələmilə yalnız ciddi cəhdlə buxovlardan azad olunmağın yeganə xilas yolu olduğunu oxucuya aşılayır.

    Sevindirici haldır ki, Səfər Alışarlının dili, üslubu, yazı tərzi əsərdən-əsərə təkmilləşir, hissələri, duyğuları, ictimai münasibətləri ifadə etmək manevrləri ciddi axtarışların nəticəsi olaraq get-gedə inkişaf edir, zənginləşir, dərin intellektual məzmun daşıyır, milli-mental ənənələrin dairəsini daha da genişləndirir, mətnin bədii-emosional gücünü xeyli artırır və oxucuda yüksək bədii zövq formalaşdırmaqla yanaşı, onun estetik dəyərlərini də öz təsiri altına salır.

     Orası da çox sevindiricidir ki, incəsənətin bütün növlərini, o cümlədən  musiqini çox sevən hər hansı şəxs kimi mən də bütün istedadlı adamların yaradıcılığını daima izləməyə çalışıram və bu sıradan Səfər Alışarlının yaxınlarda elə ilk cümləsindən sevə-sevə oxuduğum “Zavod həyəti”  hekayəsi bəndənizdə müəllif, eləcə də adı çəkilən əsər haqqında nəsə söz demək ehtiyacı yaratdı. Əslində mənim demək istədiyim sözü ədəbi tənqidin titullu-təltifli cəngavərləri (həm də daha geniş şəkildə) deməli idi. Amma o cəngavərlərin iybilmə qabiliyyəti güclü olduğuna  görə, bu istedadlı  qələm sahibindən yazmağı o qədər də məqbul hesab etməyiblər.

     Nə isə, hekayənin iki kəlməlik söz birləşməsindən ibarət adının izahı-ənənəvi olaraq – çirki, pası və tör-töküntünü özündə ehtiva edib ürək sıxsa da, mətni oxuduqca, necə deyərlər (şit çıxmasın), lap qızılgül kimi pardaxlanıb açmağa başladım. O qar, qış, aclıq, soyuq, ağır həyat, çörək uğrunda mücadilələr, insan münasibətləri boğazımı göynətdi, içimi titrətdi, sevindim, kövrəldim, gözlərim yaşardı, paklaşıb təmizlənib təptəzə adam oldum və sanki həm də bir az cavanlaşdım. Nədənsə yadıma Henrix Böllün “O illərin çörəyi” əsəri, bir də Knut Hamsunun  “Aclıq”  romanı düşdü.

     “Zavod həyəti”  hekayəsi çox da uzaq olmayan tariximizin canlı, sərt və dopdoğmaca bir parçasıdır. Hekayədə bədii həqiqət real həyatdan daha güclüdür, daha yaşarıdır.

     Səfər Alışarlının bu hekayəsinin bədii məziyyətlərindən ətraflı danışmaq mətləbin bir az daha uzanmasına səbəb olar deyə, yalniz mətnin çağdaş, həmçinin aparıcı nəsr dilinin bəzi situasiyalarda dastan poetikası ilə əvəzlənməsi faktını diqqətə çatdırmaq istəyirəm və aşırı həzz almağı düşünənlərə əsəri hökmən oxumağı tövsiyyə edirəm.

     Hekayənin sonunda yazıçı istedadının, ustalığının bir daha şahidi oluruq. Əsər boyu bütün hadisələri təfərrüatına kimi iti, ağıllı gözləri ilə müşahidə eləyən, bütün hissələri, duyğuları, ağrı və iztirabları yaddaşına köçürən hələ on dörd yaşı tamamlanmamış uşaq, taleyin hökmü ilə doğma yerlərdən uzaqlaşmaq niyyətini, oxumaq arzusunu atasına bildirir. Ata razılaşır.

    Yaydır, İstidir. Vağzalda-vaqonda oturub çox uzaqlarda ilğım kimi görünən gələcəyə doğru istiqamət almış qatarın tərpənməsini gözləyən uşaq atasının təkidlərinə baxmayaraq, sərinləmək üçün aşağı düşmür.

    Yazıçı bunun səbəbini açmır, izah eləmir və nə yaxşı ki, açmır, izah eləmir. Oxucu buna heç ehtiyac da duymur.

     Zəngin və lakonik cümlə quruluşuna malik olan hekayənin bir yerində uşağın atası camaatı aclıqdan çıxarmasına işarə edən sədr Müslümov rəhbərin adından  “dedi, bacası gecə-gündüz tüstüləyir. Çörəyinə də söz ola bilməz!” deyərək zavodun nəzdindəki çörəkxananın müdiri Cavadı tərifləyir. Bacanın tüstüləməsi xidmətin simvolikasıdır.

     Bu hekayənin nümunəsində hamımız hər gün istifadə etdiyimiz ana dilimizin ustad qələm sahibinin əlində necə möcüzələr yaratdığına bir daha inandım və ona da sidq-ürəkdən inanıram ki, o uşağın taleyini, uşağın atası Cavadın taleyini kövrək notlarla qələmə alan Səfər Alışarlının öz zavodunun da gecə-gündüz tüstüləməsi bu dünyanın izaholunmaz qanunauyğunluqlarından biridir. Amma bir fərqlə: Səfər Alışarlının zavodunun məhsulu qarınları yox, könülləri qidalandırmaq, mənəviyyat aclığını doyuzdurmaq üçündür.

      O isti yay günü bürkülü vaqonda oturub aşağı düşməyən uşaq da, bəlkə elə Səfər Alışarlının özüdür.




Ana səhifəyə qayıt        Baxış: 1 273          Tarix: 27-08-2018, 11:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma