Xəbər lenti

 

Ölkəmizin son 8 aylıq ticarət dövriyyəsi 19,743 milyard dollar olub. Bunun 12,88 milyard dolları ixracın, 6,863 milyard dolları isə idxalın payına düşüb. 

Dövlət Gömrük Komitəsinin statistik məlumatında belə deyilir. Məlumata görə, bu rəqəm, ötən ilin eyni dövrü ilə müqayisədə 57,65% çoxdur.

Bəs, ticarət dövriyyəmizdə qeydə alınan müsbət saldo nə ilə əlaqədardır?

Musavat.com-un suallarını cavablandıran iş adamı Mürvət Həsənlinin fikrincə, bunun 2 başlıca səbəbi səbəbi var: “Səbəblərdən biri, sözsüz ki, son dövrlərdə dünya bazarında neftin qiymətinin artması ilə bağlıdır. Görünən budur ki, bir barreli 80 dollara qədər yüksələn neftin qiyməti Azərbaycanın ticarət dövriyyəsinə də öz müsbət təsirini göstərib. Amma bunu sadəcə dünya bazarındakı qiymət artımıyla əsaslandırmaq ədalətsizlik olardı. İxracat-idxalat sahəsində qeydə alınan müsbət saldoda Azərbaycan neftçilərinin əməyi də az rol oynamayıb. Neftçilərimizin alın təri nəticəsində bu ilin ilk rübündə neft hasilatı 2,4%, qaz hasilatı isə 5,2% artıb. Ötən ilin sonlarından indiyədək SOCAR tərəfindən 15 qaz quyusu qazılıb ki, bunun nəticəsində hasilat 2018-ci ilin I rübündə təqribən 1,6 milyard kub metr təşkil edib və əvvəlki ilin müvafiq göstəricisinə nisbətən 8% artıb.

Eyni inkişaf neft hasilatında da özünü göstərib. SOCAR-ın məlumatlarına görə, 2018-ci ilin ilk 6 ayında 13 yeni quyu qazılıb, 66 fəaliyyətsiz quyu istismara qaytarılıb. Nəticədə 2018-ci ilin I rübü üzrə SOCAR-ın neft hasilatı sabit qalaraq, 1,8 milyon ton təşkil edib.

Bu ilin II rübündə isə hasilatda daha böyük artım qeydə alınıb. Təkcə mart ayında neft hasilatı 5,8%, qaz hasilatı isə 12% artıb. Ümumiyyətlə, ötən ilin sonlarından etibarən Azərbaycanın ticarət balansında müsbət saldo müşahidə olunmağa başlanıb. Ölkəmizə neft satışından daxil olan valyutanın həcmi böyüyüb, valyuta ehtiyatlarımıza milyardlarla dollar daxil olub. Odur ki, son 8 ayda ümumi ticarət balansında müsbət saldonun 6 milyard dollar təşkil etməsi heç də təsadüfi deyil. Statistik məlumatlara görə, bunun ən azı 4-5 milyardı – hardasa 80%-i neft ixracatının payına düşür”.

İkinci başlıca amili qeyri-neft sektorunda aparılan islahatlarla əlaqələndirən iş adamı Prezident İlham Əliyevin bir neçə il əvvəl həyata keçirməyə başladığı yeni iqtisadi doktrinanın artıq meyvə verdiyini düşünür: “Son 3 ildə keçirdiyi müxtəlif görüşlərdə Cənab Prezidentimiz artıq neft erasının bitdiyini elan etmiş və qeyri-neft sektorunun inkişafı ilə idxalat asılığından xilas proqramını ortaya qoymuşdu. O, öz iqtisadi inkişaf proqramını bir neçə istimaqətə şaxələndirəcəyini elan etmişdi. İstiqamətlərdən biri tekstil müəssisələrinin yaradılması idi ki, bu məqsədlə 2016-cı il sentyabrda Mingəçevir Sənaye Parkının təməlləri atılmış, iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı, tibbi kosmetika və s. kimi məhsulların istehsalı üzrə 9 fabrikin yaradılması qərara alınmışdır.

Digər istiqamətlərdən biri isə Sumqayıtda neft-kimya müəssisələrinin yaradılması idi ki, artıq bu sahədə də önəmli addımlar atılmışdır.

Prezidentin iqtisadi inkişaf proqramında əsas yeri isə kənd təsərrüfatı mallarının istehsalı və emalı tutur. Bu da səbəbsiz deyil. İstər tekstil fabriklərinin tam gücüylə işləməsi, istərsə də ərzaq təhlükəsizliyi strategiyasının uğurla tətbiqi kənd təsərrüfatı sahəsində görüləcək işlərdən asılıdır. Müəssisələrin, Cənab İlham Əliyevin dediyi kimi, 100%-lik xammal təchizatını təmin etmək üçün kənd təsərrüfatı sahələrinin maksimum güclə işləməsi təşviq olunmalı idi. Xüsusilə son seçkilərdən sonra Kənd Təsərrüfatı Nazirliyinə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin keçmiş sədri İnam Kərimovun gətirilməsi də, görünür, təsadüfi deyildi. Bu təyinat Azərbaycanın idarəetmə brendinə çevrilən “Asan” Xidmətin keçmiş rəhbərinin innovasiyalar sahəsində qazandığı təcrübələrin aqrar sektora tətbiq ediləcəyini göstərirdi və tətbiq olundu da”.

Mürvət Həsənli ölkəmizdəki iqtisadi artımın ötən illərdə görülən işlərin məntiqi nəticəsi adlandırıb:
“Xüsusilə, qeyri-neft sektorunun inkişafı uzun vədəli fəaliyyətə əsaslanır. Məhz buna görə, keçmiş SSRİ-də 5 illik planlaşdırmalar aparılırdı. Azərbaycan hökuməti də bu inkişaf ardıcıllığına xüsusi diqqət yetirib, Cənab Prezidentin səyi nəticəsində kənd təsərrüfatı və yüngül sənaye sektoru ilbəil böyüyüb. Statistik məlumatlara görə, ötən il qeyri-neft sektoru 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıb. Ümumilikdə, 2017-ci ildə Azərbaycanın valyuta ehtiyatları 4,5 milyard dollar artıb, hazırda təqribən 42 milyard dollar təşkil edir. Bu il isə iqtisadi artımın nə qədər olduğu açıqlanmasa da, ötən illə müqayisədə ticarət dövriyyəsinin 3.1 dəfə artması iqtisadi böyümənin daha böyük olacağından xəbər verir”. 
Həmsöhbətimiz aqrar sahə ilə məşğul olduğundan daha çox bu sektor üzərində dayanmaq istədiyini deyərək, bildirdi ki, kənd təsərrüfatının inkişafı 2018-ci ildə də hökumətin qarşısında prioritet məsələ kimi dayanır: “Statistik məlumata görə, pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq sahələrində böyük inkişaf var. 2015-ci ildə respublikamızda 35 min, 2016-cı ildə 89 min, 2017-ci ildə isə 207 min ton pambıq yığılıb. 2015-ci ildə 200 kq olan barama tədarükü 2016-cı ildə 70 tona yüksəlmişdi. 2017-ci ildə isə 245 ton barama tədarük edilib. Bu ilin nəticələri hələ bilinməsə də, bu göstəricinin xeyli artacağını təxmin etmək mümkündür. Həmçinin ötən il 18 min hektarda fındıq bağları salınıb.

Fındıq bağlarının sahəsi 55 min hektara çatıb və Prezidentin tapşırığı ilə bunun 80 min hektara qədər artırılması planlaşdırılır”.

Kənd təsərrüfatı məhsullarının ixracatının ölkəyə ciddi valyuta gətirəcəyini deyən iş adamının fikrincə, ötən il 140 milyon dollar təkcə pomidor ixracından əldə edilib. Ümumiyyətlə isə, 2017-ci ildə kənd təsərrüfatı məhsullarının ixracatından ölkəmizə yarımmilyarddan çox dollar daxil olub. Bu da 2016-cı ilin göstəricisindən 40,3% çoxdur. Ümid edirəm ki, bu göstərici 2018-ci ildə də xeyli artacaq və ölkəmizə 1 milyard dollar vəsait gətirəcək.

Kənd təsərrüfatı mallarının ixracında əsas yeri meyvə-tərəvəz məhsulları təşkil etsə də, sənaye bitkilərinin istehsalında da böyük irəliləmənin olduğunu deyən Mürvət Həsənli fikrini Kənd Təsərrüfatı Nazirliyinin statistik məlumatlarıyla əsaslandırdı: “Məlumata görə, 2017-ci ildə pambıq ixracı 5,5 dəfə, tütün ixracı 1,8 dəfə, heyvandarlıq məhsullarının ixracı isə 2,5 dəfə artıb. Bu il həmin artımların daha çox olacağı gözlənilir”.

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 532          Tarix: 17-09-2018, 13:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma