Xəbər lenti

 

Mingəçevir Turizm Kollecində 5 oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov şərəfli peşə sahibləri olan müəllimləri bayram münasibəti ilə təbrik edib:

"Müəllim təhsildə əsas sima, ən nüfuzlu şəxsdir. Müəllim əməyi əsl vətənpərvərlik nümunəsidir. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev "Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır",- deyirdi. Ulu öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev bu gün milli təhsilin inkişafına xüsusi qayğı ilə yanaşır. Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir".

 

Professor gərgin əmək sərf edərək turizm sahəsi üçün ixtisaslı kadrların hazırlandığı turizm kollecinin təsis olunmasını və bugünkü uğurların məhz dövlət başçısının elmə, təhsilə və təhsil işşilərinə göstərdiyi qayğının təzahürü kimi qiymətləndirib.

Daha sonra Ə.Əyyubov Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin bu günlərdə kollecə səfəri ilə bağlı təəssüratlarını iştirakçılarla paylaşıb. Qeyd edib ki, kollec indiyədək olduğu kimi bundan sonra da təhsildə obyektivlik, şəffaflıq və yüksək nəticələr əldə etməyi əsas fəaliyyət prinsipinə çevirməlidir.

Kollecin direktor müavini Çinarə Allahverdiyeva, tələbə yaradıcılıq mərkəzinin rəhbəri Əşrəf Əsgərov və başqaları çıxışlarında bu gün ölkədə müəllim peşəsini yüksək qiymətləndirilməsindən söhbət açıb, müəllim peşəsini seçməkdən qürur duyduqlarını qeyd ediblər. Natiqlər həmçinin tədris prosesində əldə edilən nailiyyətlərdən və perspektivlərdən söz açıblar.

Tədbir kollec tələbələrinin hazırladığı bayram əhval-ruhiyyəli bədii hissə ilə davam edib.

 

Azər Tağızadə




Ana səhifəyə qayıt        Baxış: 1 287          Tarix: 5-10-2018, 18:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma