Xəbər lenti

 

   Yaradıcılığının  ilham  mənbəyini qədim  Oğuz yurdunun  əsrarəngiz təbiətindən, əfsanəvi Arpaçayının  zümzüməsindən ,Yaycı dağlarının yamaclarında bitən  bənövşə və nərgizlərin rahiyəsindən almış  Nəriman  Zeynalzadənin poeziyasında Vətənə, torpağa , elə-obaya, anaya məhəbbət özünə məxsus ifadələrlə tərənnüm edilir. Həriman Zeyalzadənin işıq üzü görmüş "Daş Yaycım", "Ələsgər həkim", "Sən bu şəhərdə doğulmamısan"  bu gün də poeziya həvəskarlarının sevərək oxuduqları əsərlərdir .

           Şairin uşaqlığı A.Yaycı kəndində hər gün ona zümzümə calan Arpaçay vadisində keçmişdir. Başı buludlara dəyən dağlar, laləli, nərgizli düzənliklər onun ilham mənbəyi olmuşdur. O, gəncliyində Şərurda fəaliyyət göstərən “Şərur qöncələri”(İndi “Şərur ədəbi birliyi” adlanır) adlı ədəbi birliyində püxtələşmiş, yaşadığı mühitin ədəbi dünyasında özünə bədii söz izinin cığırını açmış, lirik əsərləri ilə oxucu məhəbbəti qazanmışdır. Şairin yaradıcılığının ana xətti Vətən, yurd, el –obaya bağlılılıq, saf məhəbbətin tərənnümü, nakam sevginin fəğanı, cəmiyyətəki haqqsızlığın və ictimai qınağın tənqididir.

                    Şair qədimliyi və ululuğu ilə Azərbaycan tarixinə səs salan, bu gün intibahını yaşayan Naxçıvan torpağına əbədi möhrünü vuran Möminə xatun abidəsindən, Əlincə qalasından, əsrarəngiz gözəliyi ilə insanı valeh edən Batabat yaylağından söz açır, bədii söz fırçası ilə oxucuya mənəvi qida verir, ona vətənpərvərlik hissi sevə -sevə aşılayır. Həmçinin şair əməli, işi ilə vətəninə, xalqına öz xidməti ilə seçilən M. Cəlilin, H. Cavidin, Bəhruz Kəngərlinin, M.Arazın. R.Mirişlinin və başqa sənətkarların adını çəkməklə şeirin məna çalarına gözəllik gətirir, ” Xalq üçün yaşayanlar əbədiyaşardır, unudlmazdır” mətnaltı mənası ilə oxucuları sabaha səsləyir . Onun “ Mən səni sevməyim, bəs kimi sevim?,” “Gətirib şəhərdə itirdik kəndi”, ”Dərdimin üstünə dərdi bağladın” ,“ Vətən, açıq qalan üstün oldu”,”Hər gülün -çiçəyin dodağı baldır”, “Bu vətən mənə dar gəlir” və sairə şeirləri bu səpkidədir.

Saranı aparan sel Arpaçayım,
Əliyməz vüqarlı Əlincə dağım ,
Batabat yaylağım, odum -ocağım,
Mən səni sevməyim, bəs kimi sevim?   

 

 
 Gözəllik məskənim Yaycı, Gümüşlüm,
Zəroş Həmzəyeva səhnə gülüşüm,
Musiqi töhvəmdir Ramz Mirişlim,
Mən səni sevməyim, bəs kimi sevim ? 

        Şair, gündən- günə abadlaşan, öz simasını kökündən dəyişən və müasir inkişaf intibahını MR-ın rayonlarından da söhbət açır.

Şahbuzdan, Babəkdən güc alıb durum,
Kəngərli, Sədərək qeyrət qürurum,
Culfa, Ordubadım, mənim Şərurum,
Mən səni sevməyim, bəs kimi sevim?

       Heca vəzninin müxtəlif şəkillərindən məharətlə istifaə edən şair sadə, lakin çox dərin mənalı şeirlərində Vətən sevgisini önə çəkərək:

Ümid körpüsüdür həsrət yarpağım,
Göydə yox, yerdədir, ulduzum, ayım.
Ulu Naxçıvandan qalxan bayrağım,
Mən səni sevməyim, bəs kimi sevim?- deyərək “Bir kərə yüksələn bayraq bir daha enməz “ Məmməd Əmin Rəsulzadənin aforizmini alqışlayaraq, üç rəngli bayrağımızın tarixi məkanını göstərir, oxucuda onun tarixi zamanını öyrənməyə meyl yaradır. Naxçıvanın səmasında dalğalan üç rəngli bayrağın  məkanını özünə məxsus poeik misralarla tərənnüm edir:

Vətənin döşündə gül Naxçıvanım,
Güllərin içində tül Naxçıvanım,
Sən mənim ağzımda dil Naxçıvanım,
Mən səni sevməyim, bəs kimi sevim ?  

       Ululuğu tarixlərə səs salan, bü gün öz intibahını yaşayan qədim Naxçıvanın  tərəqqisni alqışlayan şair Naxçvanı bir ataya, rayonlarını yeddi oğula bənzədir:

Tarixidir daşda yazı,
Oğuz yurdu, Xan Arazı,
Yayda göydən od tökülür,
Sərtdir qışı, güldür yazı.

Bir atadır, yeddi oğul,
Əyilməzdir vuran qolu,
Qoca Şərqin qapısıdr,
Getdiyi yol Turan yolu.  (”Naxçıvan”)

         Doğulduğu el- obaya bağlılıq Nəriman Zeynalzadənin yaradıcılığının yol yoldaşı, poeziyasının xatirə dünyasının ilham mənbə-
yidir, ev- eşiyini, ata öcağını tərk etmişlərin gizli fəryadıdir. Şair zamanın faciəsini ümumiləşdirərək paslı qıfılla qapıların sanki üsyanını edir:

 

 
Ay qocalıb əldən düşən evimiz,
Qohumdan -qonşudan küsən evimiz,
Əlini əlimdən üzən evimiz,
Bilsən ürəyimi necə dağladın?
Dərdimin üstünə dərdi bağladın.  (”Dərdimin üstünə dərdi bağladın”)

       Şair bu gün müəyyən səbəblər üzündən kilidləri pas tutmuş qapıları, insan əlinə həsrət qalan qapı əlcəyini, sahibsiz pəncərələrdə solan gül dibçəklərinin səssiz fəryadına, qonağı qarşılamayan ananı,(...“Hanı evimizin o ağbirçəyi, Anamı qəbirdən gedib oyadın... ) səsinə hay verməyən atanın yoxluğuna yana- yana sızıldayır, öz daxili üsyanı dilə gətirir: 

Çağırdım atamı gəlmədi səsi,
Könlmün qəfildən sındı şüşəsi,
Dəymədi üzümə insan nəfəsi,
Dərdimin üstünə dərdi bağladın... - deyərək haray çəkib dünyaya səpələnmiş gəncləri yurda səsləyir.

Şair “Hər gülün çiçəyin dodağı baldır” şerində

Hər gülün, çiçəyin dodağı baldı,
Nə qədər öpdümsə, doya bilmədim.
Qoydum məhləm kimi gözümün üstə,
Gözümdən kənara qoya bilmədim.  -deyən şair vaxt ilə qədəm qoyub gəzdiyi Şərur elinə bu gü qonaq kimi gəlməyindən söz açır, qarış- qarış gəzir, sanki neçə illik həsrətini götürür eldən- obadan...

Tənənəm gül- çiçək səpdi yoluma,
Havuş əl eylədi boylandı mənə.
Ağladım içimə gözümün yaşın,
Cağazir həsrətlə dolandı mənə.

Vətən sevgisini sevərək yaşadan şair yurdun şirinliyini belə təsvir edir:

..Gümüşlü daradı gümüş telini,
Arpaçay şəninə nəğmə deyirdi.
Necə bəzənmişdi xallı laləsi,
Söyüd saçaqları suya dəyirdi .

və ya

Dolandı qıçıma əyri yolları,
Dizədən baxanda Yaycı göründü.
Doldu gözlərimə nurlu işığı,
Sinəmdə həsrətli ürək döyündü ....

       Haqqın nahaqa verən dünyanı lənətləyən şair, nənəsinin nağıllarına inandığına çox heyfsilənir, çünki o nağıllar insanı hümanist tərbiyə etmiş, real cəmiyyətin vəhşiliklərindən xəbərsiz böyütmüşdür.

“Etibarım yoxdur mənim dünyaya “, “Hənəm deyən nağıllara inandım”- işinə laqeyd  yanaşan, vəzifəsindən süni istifadə edən “vəzifəpərəst”lərin iç üzünü mətnaltı yumorla tənqid edir, onları dövlətimizin inkişafı naminə birliyə, haqqı müdafiyə səsləyir.

Nə məmura, nə hakimə, həkimə,
Kim inanır qoy inansın hər kimə,
Gün - güzəran yedək olub tərkimə,
Nənəm deyən nağıllara inandım.

      Şair dünyanın haqsızlğına dözəsə də, xəyal dünyasında heç bir nöqsanı olmayan səhər arzulayır. Elə bir səhər ki, o yerüzünə aydın səma, gözəl həyat nəsib etsin. Gizli bir etiraz, təmiz bir arzu, əməl, həyat fəlsəfəsi yaşayır bu şeirdə:

Ulduzlar hələ yatmayıb,
Göy beşiyindədir.
Günəş yuxudan oyanmayıb,
Ay keşiyindədir.
Külək üfüləyib
Külünü götürür,
Axşamdan sönməyən 
Öcağı gözləyir
Mənim xəyal dünyam. 
Gecənin qoynunda,
Gülüzlü bakirə
Səhəri gözləyir.... (“Mənim xəyal dünyam”) 

         Nəriman müəllimin yaradıcılığında saf məhəbbətin tərənnümü, nakam sevginin iniltisi,vüsalın ülviliyi yaşayır...Şairin “O qızı almağa pulum olmadı”,”Düşmüşəm”,”Ürək vermişəm”və s. şeirləri bu qəbilədəndir. "O qızı almağa pulum olmadı” şeirində:

Həyat yıxdı məni üzüstə gəldim,
Sevgimə çatmağa yolum olmadı.
Qarıdı, qocaldı, soldu arzular,
O qızı almağa pulum olmadı.

Bazarlıq etdilər bəzi atalar,
İçi boş, sevgisiz ürək satdılar.
Elə bil qoyunun yağlı yerindən,
Kəsib tikəsini itə atdılar... deyən şair illərlə qanayan sevgi yarasının açı fəryadı təsvir edir və hələ də adət -ənənələrimizdə yaşayan qadın hüquqsuzluğuna etirazını bildirir.

Hakam sevginin acısına yanan şair: ”Mən səni unutdum, sən də unut, get”

.... Həsrəti içimə sıxıb gedirəm,
Sənli günlərimi yığıb gedirəm,
Sənin ürəyindən çıxıb gedirəm,
Mən səni unutdum, sən də unut, get- deyir. Oxucu lirik qəhrəmanın psixoloji gərginliyinə acısa da, nakam eşqin acılarını ürəyinə yığıb özü ilə aparan aşiqin fədakarlığını alqışlayır.

və ya

...Keçənmədim bu sevdanın üstündən,
Saçlarımın altı qara, üstü dən,
Elə yandım, elə yandım istidən,
Bu seginin ocağına düşmüşəm,
Yanar közün qucağına düşmüşəm....

“ Ürək vermişəm” şeirində təmiz məhəbbəti dəyərləndirməyi gənclərimizə tövsiyyə edərək, məhəbbəti pulla deyil, təmiz sevgi ilə qazanmağı və qiymətləndirməyi tövsiyə edir;

...Nə villa, nə maşın, altun bilərzik,
Demirəm ki, sənə çörək vermişəm.
Dünyada şairin olub –olanı,
Səni candan sevib ürək vermişəm..

“Qəfil yağan yağış” şeri qadın gözəlliyi və yağışın insan ruhuna verdiyi mənəvi qidanın zənginliyindən, bəzən bir baxışla ürəyin eşq bəlasına düçar olduğunun deməklə söz fırçası ilə oxucu dünyasında gözəl bir tablo yaradır. ”Məhəbbətin gəlişinin zamanı bilinməz “ fikrini təstiqləyir:

Göy üzü doldu birdən
Qəfil yağan yağışla .
Çəkdi məni,
Çəkdi özünə
Bir qızı yağış döyən baxışla.

...Soyuq yağış,
Bir də qızdakı o baxış
Sinəmi içəridən körükləyirdi.

          Şair ictimai haqsızlıqlara, həyatdakı gördüyü neqativ hallara dözmür, bu sahədə qələmini yerə qoymur, onunla insanları mübarizəyə səsləyir. Onun “Gecə hamilədir günəşə,” ,,Başımızda məsəl gedirik,”  "Şuşa şousunun qoy sonu olsun”, "Oyan millət, oyan görüm”, "Fitrədir qara neft mənə”,  ”Adam olmadıq" ,“Rüşvətxor məmurlar yoxuydu onda “,”Necə də urvatsız olubdur insan “ və sairə şeirəri ictimai haqsızlıqlara etiraz motivləri yaşayır. Şair oxucuları içtimai qınaqla düzəltməyə səsləyir cəmiyyətdəki bu eybəcərlikləri düzələn, sağalan yara adlandırır , təbii ki bu ədalətsizliyin təbibi isə özümüzük...

Nizələndik kürəyimizdən,
İçi boş ürəyimizdən,
Kor oldu gözümüz,
Gözümüzdən oxlandıq.
Öz içimizdən,
İçimizdən oxlandıq ,
Adam olmadıq.

 

 

Hey dağıdıb sökürük,
Aldatdı bizi şeytan.
Göyü yerə tökürük
Özümüzük şarlatan. (“Adam olmadıq”)

Qarabağ torpağının yad əllərdə qalmasına etiraz edən şair, içimizdə yanan bu odun ağrı-acısı başımızda da məşəl kimi alovlanıb, özümüzü yandırdığını yana- yana söyləyir:

Odlanıb od tutmuşuq,
Erməniylə tutuşmuşuq.
Müharibəni uduzmuşuq,
Başımızda məsəl gedirik. ("Başımızda məşəl gedirik")

Şair 200 ilə yaxın bizim həsrət körpümüz olan Arazı “oğurlamaq” istəyir. “Niyə”sinə cavab verən şair yatmışları silkələyir: Müsəlman-türk dünyasını birliyə səsləyir.

Deyirəm bəlkə oğru olam,
Arazı oğurlayam,
Baltalayıb doğrayam.
Qoy al qana batsın,
Bu qan 
Yatmış qanı oyatsın.

 

Qan sevir Azadlıq,
Qana boyanaq,
Sancılsın Təbrizə
Üç rəngli bayraq. (“Qan sevir azadlıq”)

və ya 

... Möhürüm Bakıdır,
Qibləm Təbrizim.
Cinamazım Xudafərin körpüsü,
Arazda təstəmaz alıb,
Namaz qılıram...(“Namaz qılıram”)

Şair haqsız dünyada qələm sahiblərinin zorla susdurulmasına olan ehtirazını “Dar ağacındadır Rüstəm Behrudi “şerində haqsızlığı kəskin qamçılayır :

 

Dünya başdan- başa şeytan yuvası,
Çatsın köməyimə şaman duası,
Ağlama, sızlama şair anası ,
Dar ağacındadır Rüstəm Behrudi...

 Heca vəzninin müxtəlif şəkillərindən məharətlə istifadə edən N. Zeynalzadə sərbəst vəzində də dolğun, mənalı əsərlər yazıb yaradıb. Qocalığın gəncliyində yaşayan, ədəbiyyatımıza gözəl əsərlər bəxş edən şairə uğurlar arzusu ilə.. 


Ünbülbanu Həsən qızı Musayeva
Azərbaycan Respublikasının Əməkdar

mədəniyyət işçisi
AJB-nin üzvü

Şərur 2018

 




Ana səhifəyə qayıt        Baxış: 1 618          Tarix: 10-10-2018, 15:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma