Xəbər lenti

 

Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri olan Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı məsələ artıq bir neçə gündür ki,  gündəmin əsas mövzularından biridir. Bu vaxta qədər şairin cəsədinin repressiya illərində dənizə atıldığı ehtimal olunsa da, bu günlərdə onun cəsədinin Qaradağ rayonu Puta kəndində olduğu iddia edildi.

Oktyabrın 24-də səhər saatlarından etibarən haqqin.az və virtualaz.org saytlarının təşkil etdiyi xüsusi qrup Bakının Puta qəsəbəsində görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqların çıxarılması üçün işə başlayıb.

Virtualaz.org xəbər verir ki, böyük ehtimalla Müşfiqə məxsus olduğu təxmin edilən qalıqlar Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun atası Teymur Əhmədovun qalıqlarının axtarılması zamanı tapılıb. F.Əhmədov açıqlamasında bildirib ki, qalıqların tapılması haqda o vaxt Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyini məlumatlandırıb. Habelə iş adamı Müşfiqə aid olduğu təxmin edilən qalıqlarla eyni quyuda basdırılmış 10-a yaxın insan qalıqlarının (hamısı 30-cu illərdə Stalin repressiyaları zamanı güllələniblər) toplanması və gələcək araşdırma üçün ayrıca saxlanılmasını təmin edib.

Həmin qalıqlar qazılaraq çıxarılıb, onların arasından Müşfiqə aid olduğu güman edilən qalıqlar ayrılıb. Fotodan da göründüyü kimi, skeletin baş sümüyündə iki güllə yeri var.

Hər ehtimala qarşı digər qalıqlardan da bir neçəsi götürülüb. Növbəti mərhələdə Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən Müşfiqə aid olduğu ehtimal edilən qalıqlar üzərində tədqiqat başlayacaq və nümunələr götürüləcək. Daha sonra həmin nümunələr şairin yaxınlarından birindən götürülmüş nümunələrlə müqayisə ediləcək, yəni DNK analizi aparılacaq. Redaksiyamız böyük ümidlə gözləyir ki, aşkar edilən qalıqların nakam şairə məxsusluğu DNK analizi ilə təsdiqlənəcək və onu nəhayət, layiq olduğu şəkildə dəfn etmək mümkün olacaq.

Bəzi ekspertlər həmin qalıqların şairə aid edilməsini tam əsassız saydığını, digərləri isə yeni texnologiyalarla bunu ayırd etməyin mümkün olduğunu  bildirirlər.

  

İxtisasca məhkəmə tibb eksperti olan Sərdar Cəlaloğlu da musavat.com-a açıqlamasında Mikayıl Müşfiqin ölümündən uzun illər keçdiyini, bu səbəbdən DNT analizi ilə də  tapılan qalıqların ona aid olduğunu müəyyən etməyin mümkünsüz olduğunu deyib: “DNK analizi keçirmək üçün onun ailəsinin ən yaxın üzvləri, ana-atası, bacı-qardaşı olmalıdır. Eyni zamanda hansısa qalığın kiməsə aid olduğunu müəyyən etmək üçün əvvəlcədən onun DNK analizi olmalı, sonra həmin analiz yaxınları ilə tutuşdurulmalı, yalnız bundan sonra qərar verilməlidir. Şairin bu günə qədər tükü də qalmayıb ki, DNK analizi edilsin. Yəni yayılan məlumatın heç bir elmi əsası yoxdur. Məlumatı yayan şəxs hansı əsasla qalıqların şairə aid olduğunu iddia edə bilər? Bu cür məlumatlara son qoymaq, şairin ruhuna hörmətlə yanaşmaq lazımdır”.

Bir faktı da qeyd edək ki, bir müddət bundan əvvəl Azərbaycanda neolit insanların skeletləri aşkarlanmışdı və bildirilmişdi ki, həmin skeletlər üzərində DNT analizi aparılacaq. Həmin analizlərin Türkiyənin və İsveçrənin son texnologiyalarla təchiz olunmuş laboratoriyalarında araşdırılacağı deyilirdi. Məhz DNT analizi əsasında neolit dövrünə aid insanların bir-birinə qohumluq əlaqəsinin araşdırılacağı planlaşdırılırdı. Buradan da belə nəticəyə gəlmək olur ki, əslində yeni, müasir texnologiyalarla tapılmış qalıqlar üzərində DNT analizləri aparmaq mümkündür.

Adının qeyd olunmasını istəməyən digər məhkəmə tibb ekspertiza mütəxəssisi də “Yeni Müsavat”a açıqlamasında  bildirdi ki, tapılan qalıqların şairə aid olmasını müəyyən etmək mümkündür: “Məlum olduğu kimi, hər bir hüceyrənin tərkibində nüvə var. Əgər tapılan qalığın hüceyrəsində nüvə aşkarlanarsa, DNT analizini aparmaq mümkündür. Yəni əgər orqan və toxumalar öz strukturunu itirməyibsə, təhqiqatlar aparıla  bilər. Təbii ki, həmin toxumaların  uzun illər hansı şəraitdə qalmasından çox şey asılıdır”.

Ekspert bildirdi ki, qalıqların şəxsə aid olmasını müəyyən etmək üçün əsasən ana tərəfdən qohumlarının DNT analizi aparılmalıdır: “Çünki qohumluq əlaqələri əsasən ana tərəfdən ötürülür. Ümumiyyətlə,  DNT təhqiqatlarının önündə həmişə ən önəmli faktor ana olur".

Qeyd edək ki, şair Mikayıl Müşfiqin ana tərəfdən qohumlarının olmadığı bildirilir.

Image result for Ä°Å adamı FÉrhad ÆhmÉdov

İş adamı Fərhad Əhmədov Göyçayda kombinat direktoru olmuş və 1970-ci illərdə güllələnmiş atası Teymur Əhmədovun qalıqlarının axtarışını edərkən, hüquq-mühafizə orqanlarının məhkəmə hökmlərini və edam cəzalarını icra etmiş keçmiş əməkdaşları ona Azərbaycanın rəhbəri olmuş və 26 may 1956-cı ildə güllələnmiş Mircəfər Bağırovun,  eləcə də 1937-ci ildə cəzalandırılmış şair Mikayıl Muşfiqin basdırıldığı yerləri də göstəriblər. Beləliklə, şairin qalıqlarının Qaradağ rayonu Puta kəndində olduğu iddia edilir. Halbuki bu günə qədər  şairin 1939-cu ildə Nargin adasında güllələndikdən sonra cəsədinin Xəzər dənizinə atıldığı və ya bilinməyən kimsəsizlər qəbiristanlığında dəfn olunması ilə bağlı iddialar var idi.

Məsələyə artıq mədəniyyət naziri Əbülfəs Qarayev də öz münasibətini bildirib. Nazir mətbuata açıqlamasında deyib ki, alimlər mərhum şair Mikayıl Müşfiqin cəsədinə aid olduğu ehtimal edilən qalıqları tədqiq edirlər.

Xalidə GƏRAY,
“Yeni Müsavat”




Ana səhifəyə qayıt        Baxış: 962          Tarix: 25-10-2018, 11:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma