Xəbər lenti

 

Bu gün səhər Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin iclası keçiriləcək. İclasda faiz dəhlizinin parametrlərinə baxılacaqdır.

 

“Marja” xəbər verir ki, 30 Oktyabr 2018-ci il tarixindəki iclasın Mərkəzi Bankın İdarə Heyətinin 2018-ci ildəki sonuncu iclası olacağı gözlənilir.

 

Mərkəzi Bankın sədri Elman Rüstəmov əvvəllki iclaslardan sonra keçirdiyi mətbuat konfranslarında bildirdmişdi ki, inflyasiya elan edilmiş hədəf çərçivəsində (6%-dək) qalmaqda davam edərsə  pul siyasəti daha da yumuşaldıla bilər. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artıb.

 

İnflyasiyanın birrəqəmli səviyyədə və hədəfdən aşağı olduğu (2,6%), iqtisadi artımın davam etdiyi (0,8%), valyuta bazarında sabitliyin mövcud olduğu, Azərbaycanın əsas ticarət tərəfdaşlarının milli valyutalarında volatilliyin səngidiyi nəzərə alınarsa Mərkəzi Bank bu gün faiz endirə bilər.

 

Mərkəzi Bank üçün uçot dərəcəsində komfort zona 8%-dir. “Mərkəzi Bank üçün “komfort” zona 8%-dir. Əgər inflyasiya bir az da aşağı düşərsə uçot dərəcəsi 8%-ədək düşə bilər”, - Elman Rüstəmov 14 İyun 2018-ci il tarixində bildirmişdi.

 

Bu gün iclasda Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsini 10%-dən 8%-ə endirə, faiz dəhlizinin parametrlərini uçot dərəcəsindən ±2%-lik kənarlaşma ilə aşağı həddini 6%, yuxarı həddni 10% müəyyənləşdirə bilər.

 

Faiz dəhlizinin parametrlərinin aşağı düşməsi notların və depozit hərraclarında faizin aşağı düşməsilə nəticələnəcəkdir. Qaydalara görə, depozit hərracının və notların faizi dərəcəsi - faiz dəhlizinin aşağı həddi ilə uçot faiz dərəcəsi arasında müəyyən edilir. Əgər uçot dərəcəsi 10%-dən 8%-ə, faiz dəhlizinin aşağı həddi isə 8%-dən 6%-ə düşürsə  depozit və not hərraclarında faiz  8,01% – 9,99% aralığından 6,01% – 7,99% aralığına düşəcəkdir. Bu isə Mərkəzi Bankın depozit və not hərraclarının banklar üçün nisbətən sərfəsiz olacağı deməkdir.

 

Əlavə edək ki, son depozit not hərraclarında tələb təklifi üstələyir. Mərkəzi Bank depozit hərracları vasitəsilə 350 milyon manat cəlb edəcəyini açıqlasa da banklar 1 milyard manatdan yüksək tələblər ilə hərraclara qatılırlar. Məsələn, sonuncu dəfə, 29.10.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 1 milyard 247 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdi. Qısası, hərraclarda 350 milyon manat alınacağı elan edilsə də banklar 1 milyard manatdan artıq vəsaiti satmağa hazır olduqlarını bildirirlər. Belə olan halda faiz daha da aşağı düşməlidir, lakin faiz dəhlizinin aşağı həddinin 8% olması buna imkan vermir. Mərkəzi Bankın, tələbin yüksək olduğunu nəzərə alaraq daha aşağı faizlər müəyyən edə bilməsi üçün faiz dəhlizinin aşağı həddi aşağı salınmalıdır. 

 

Banklar izafi vəsaitlərini depozit hərraclarında və notlarda yerləşdirərək asan yolla gəlir götürürlər. Əgər faizlər daha da aşağı düşərsə banklar izafi vəsaitləri kreditləşdirməyə yönəltməyə məcbur olacaqlar.

 

Həmçinin Mərkəzi Bank bir sıra  daxili və xarici riskləri nəzərə alaraq faiz dərəcələrini sabit də saxlaya bilər. Uçot dərəcəsinin 1 faiz bəndi edirilməsinə də qərar verilə bilər.

 

SON 1 İLDƏ MƏRKƏZİ BANKIN FAİZ QƏRARLARI

 

-Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 15 noyabr 2017-ci il tarixində uçot dərəcəsinin və faiz dəhlizinin digər parametrlərinin dəyişməz saxlanılması (uçot dərəcəsi 15%, dəhlizin aşağı həddi 10%, yuxarı həddi 18%) barədə qərar qəbul etmişdi,

 

-Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 12 fevral 2018-ci il tarixində uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul etmişdi,

 

- Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 10 aprel 2018-ci il tarixindən uçot dərəcəsinin 13%-dən 11%-ə endirilməsi haqda qərar qəbul etmişdi. Faiz dəhlizinin yuxarı və aşağı həddləri isə uçot dərəcəsinə simmetrik diapazonda ±3%  müəyyənləşdirilmişdi,

 

- Mərkəzi Bankının İdarə Heyəti 14 iyun 2018-ci il tarixindən uçot dərəcəsinin 11%-dən 10%-ə endirilməsi haqda qərar qəbul etmiş, faiz dəhlizinin yuxarı və aşağı hədləri isə uçot dərəcəsinə simmetrik diapazonda ±2% səviyyəsində müəyyən edilmişdi (aşağı həddi 8%, yuxarı həddi 10%),

 

- Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 1 avqust 2018-ci il tarixində uçot dərəcəsinin 10% səviyyəsində və faiz dəhlizinin digər parametrlərinin (±2%-lik kənarlaşma ilə aşağı hədd 8%, yuxarı hədd 12%) dəyişməz saxlanılması barədə qərar qəbul etmişdi.

 

UÇOT DƏRƏCƏSİ NƏDİR?


Məlumat üçün bildirək ki, uçot dərəcəsi (faiz dərəcəsi) pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərirlər, əllərində olan nağd pulu isə banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə çalışırlar. Nəticədə məcmu tələb artır ki, bu da həm iqtisadi artıma və məşğulluğa, həm də inflyasiyaya artırıcı təsir göstərir.

 
Faiz dərəcələri artdıqda isə kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyli güclənir. Çünki, əmanətlər üzrə faizlər nağd pulu saxlamağın “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.




Ana səhifəyə qayıt        Baxış: 909          Tarix: 30-10-2018, 10:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma