Xəbər lenti

   Bayram İsgəndərli keçən əsrin yetmişinci illərində ədəbiyyata gəlib. İlk hekayələri “Ədəbiyyat” qəzetində işıq üzü görüb. Elə o illərdə Azərbaycan radiosunda səhnələşdirilmiş hekayələri səsləndirilib. 1981- ci ildə ilk kitabı “Yazıçı” nəşriyyatında işıq üzü görüb.  Yazıçının uşaqlar üçün yazdığı hekayələr onu balaca oxucuların da sevimlisinə çevirib. Müxtəlif nəşriyyatlarda çap edilən kitabları kiçik yaşlıların nağıl dünyasına yeni-yeni qəhrəmanlar bəxş edib.
   Bu günlərdə yazıçı Bayram İsgəndərlinin “Elm və Təhsil” nəşriyyatında çap olunan “ Qarabağdan gələn duman” hekayələr kitabı bütünlüklə Qarabağ adlı dərdimizə həsr edilib.
   “Yuxular çin olacaq”,”Dəli”, “Meşəsiz meşəbəyi”. “Xoruz səsi”, “Ağrı”, “Son baharda açan güllər”,”Xarıbülbül” və başqa hekayələrində yazıçı mənsub olduğu xalqın ağrılarını, qarşılaşdıqları haqsızlıqları bəşəriləşdirir, bütün bu problemləri qloballaşdırır, bir xalqın yox,  bütün dünyanın dərdi kimi ictimailəşdirir. “Yuxular çin olacaq” hekayəsində ermənilərin Azərbaycan kəndlərindən birinə hücumu, yerli əhalinin qorxu içində köçməsindən bəhs edilir. Bu acı mənzərənin rəngini bir az da tündləşdirən isə Ballı arvadın öz inəyi ilə bağlı epizodlar olur. Sonda yazıçı qələmi bu acıya bir az da istiot qatır:Ballı arvadın vəsiyyətinə əməl edən qaçqınlar qaçarkən inəyin boynundan açdığı ipi, bir də qaçqınlıqdan geyib gəldiyi qaloşları onunla birlikdə məzara qoyurlar. Bu yerdə oxucu ürəyindən bir fikir keçir: Gül,bəşəriyyət, gül, qaçqın bir xalqın bu vəziyyətinə gül və faşist erməniləri müdafiə etməkdə davam et.. Əslində yazıçının nail olmaq istədiyi də elə budur: ermənilərə nifrət yaratmaq.
   “Qarabağdan gələn duman” kitabında “Gəlmələr” pyesi də maraqla oxunur. Pyesdə Qarabağa gələn və burada şirin dilini işə salıb azərbaycanlıların rəğbətini qazanan, sonra buranı erməniləşdirməyə çalışan Lalayan, Balayan və Köçəryanın bəd əməlləri yazıçı qələmi ilə ustalıqla təsvir edilir.
  Yazıçı Bayram İsgəndərlinin “Qarabağdan gələn duman” kitabına daxil edilən hekayələr və “Gəlmələr” pyesində Qarabağa bağlı ağrı-acılar ,onun azad edilməsinə olan inam öz əksini tapıb.

   Şübhə etmirik ki, tanınmış yazıçı Bayram İsgəndərlinin bu yeni kitabı da yeni-yeni oxucu sevgisi qazanacaq, oxucu auditoriyasını bir az da genişləndirəcək.
Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 820          Tarix: 8-12-2018, 11:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma