Xəbər lenti

     Bir xanım əfəndi var; İltimas Sultan adında. Sakit təbiəti, gülər – məsum üzü, isti duyğuları ilə sanki bütün hissiyatını şeirlərinə köçürübdür. Üzündəki nur təbiətin əsrarəngiz gözəllikləri ilə mütənasiblik yaradan şairin daxili aləmi, iç dünyası poeziyasında çiçəklənən gülüstana bənzəyir. Bu gülüstanın çiçəkləri rəngbərəng olduğu kimi yaratdığı duyğular, aşıladığı hisslər də al-əlvandır. Turan sevdalı şairin əksər şeirlərinin mayası türk ruhu, türk mənəviyyatı və bu mənəviyyatın dünyaya diqtə elədiyi ali düşüncələrin məcmusundan ibarətdir desək, yanılmarıq.

İltimas Sultan orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir, amma şeirlərini türk dilinin İstanbul ləhcəsində yazır. Düşünürəm ki, şairin bu tərzi haradan qaynaqlanır, nədən irəli gəlir?! onun bu sevgisinin kökündə nə dayanır? Bu məqsədlə çapa hazırlanan kitabını vərəqləyirəm. Demək olar ki, şeirlərinin böyük bir qismi türkçülüyün təbliğinə yönəlibdir. Mənə elə gəlir ki, genetik olaraq keçən bu sevgi İltimas Sultanın yaradıcılığında nəsil-nəcabət sifəti ilə əks olunur. Qazi Mustafa Kamal Atatürkün “nə mutlu türküm deyənə” ifadəsini bütün yaradıcılığının əsasında görən şair yazır:

 

Kurt sütü içmiştir dağda soyumuz .

Oradan gelmiştir mertlik huyumuz.

Titretti dünyayı her bir boyumuz.

                            Hilalli, yıldızlı kefen giyene,

                            “Ne mutlu, ne mutlu Türk’üm diyene!”

 

Türk – yenilməz gücə malik olan, haqqın, ədalətin carçısı, Tanrı tərəfindən bəşərin xilaskarı kimi yer üzünə göndərilən bir qövmdir.

Bu mərdliyi, cəsarəti və mübarizliyi alqışlayan şairə görə türk öz sözünü zaman-zaman qılıncı ilə demiş, nəsillərə görk olmuşdur.

 

Zulme boyun eğsek, Türk olamayız,

Dünyayı titreten ırk olamayız ,

Destanlara konu, görk olamayız ,

“Kızılelma” hayâl olur, varılmaz.

Turan sevdalısı şairin xəyalında ay-ulduzlu bayrağının altında  müzəffər türk ordusunun yürüşləri canlanır. Altaylardan Qafqazlara qədər böyük bir ərazidə yayılmış türk toplumlarının bir-birindən ayrı düşmələrini, hətta bir qədər də yadlaşmalarını ədalətsizlik adlandırır və ümid edir ki, yenidən Turan birliyi qurulmalıdır. Dünyanın qan içində çalxalanan, hər gün yüzlərlə günahsız insanların ölümü ilə nəticələnən haqsızlıqlarının şəfasını da türklərin vəhdəti gətirə bilər.

 

Göklerde dalgalansın muzaffer bayrağımız,

Cihân nura boyansın, güneş al çırağımız,

Diriliş zamanıdır, birliktir ereğimiz - 

TURAN eli kurulsun, Tanrı Türk’e yâr olsun.

 

Təbii ki, Turan elləri içərisində Azərbaycan türklərinin yerini, bayrağını şair xüsusi olaraq əks etdirməyə çalışır. Azərbaycan dünyanın müxtəlif bölgələrində yaşayan əlli milyondan artıq azərbaycanlının vətəni olmaqla bərabər, həm də dünya türklərinin ortaq mədəniyyətinin mərkəzində yerləşən, ortaq dilinin ən rahat anlaşılan məskənidir.Heç təsadüfü deyildir ki, şərqdə ilk demokratik cümhuriyyət də bu ölkədə qurulmuşdur. Bu ölkənin üç rəngli bayrağı hər bir Azərbaycan türkünün şərəfi, namusu və imanıdır. Bu bayraqda olan rənglərin simvolikası Azərbaycan türkünün dünyagörüşünün, layiqliyinin, öz kökünə sədaqətinin, hürlüyünün, inancının inikasıdır. Şair Azərbaycan bayrağı haqqında düşüncələrini “şərəfim, şanım”... deyərək vəsf edir: 

 

Sağlığımda şerefim, şanım, ey yüce başım,

Ekmeğimin tuzu, soframda tatlım, aşım.

Ölünce kefenim, örtüm, ebedi baştaşım,

Al boyalı, gök yüzlü, imanlı bayrağım.

Dalgalan yücelerde canım, kanım, hayanım.

Ey üç boyalı, hilallı, yıldızlı bayragım.

 

İltimas Sultan eyni zamanda Vətənin dar günü, zorla cəlb edildiyi müharibələrin acıları, qonşu Ermənistanın işğalçılıq və xəyanətlərini də ürək ağrısı ilə səsləndirir. “Tacı düşmüşdür” şeirində Qarabağ həqiqətlərini hayqıraraq dünyanın kar qulağına çatdırmağa çalışır:

 

Deyin ağlamasın nasıl bu gözler

Kaç yıldır içime acı düşmüştür 

Kalbimden kopuyor yanıklı sözler

Vatanın başından tacı düşmüştür

 

Bəli, Vətənin – Azərbaycanın başının tacı da, üzüyünün qaşı da Qarabağdır.Təqribən 30 illik bir müddətdir ki, öz xarici havadarlarının dəstəyi və köməyi ilə erməni faşizminin təcavüzünə məruz qalmış Qarabağ torpağı, ətraf rayonlar Azərbaycandan qoparılmış, əsarətdə saxlanılır.

 

Vatan  bir yüzükse, taşı Karabağ,

Hasret çekenlerin yaşı Karabağ,

Sızlayan yüreğin başı Karabağ.

Yıllardır yurdumun deci düşmüştür 

 

İltimas Sultan bir şair kimi, bir vətənpərvər xanım kimi təkcə Azərbaycanın problemləri ilə yaşamır. Eyni zamanda qardaş türk diyarlarında tökülən nahaq qanlar da onun ürəyini ağrıdır, gözlərinin nurunu acı göz yaşlarına çevirir. Bu anlamda şairin poeziyasında Kərküklü qardaşlarına müraciəti də əhəmiyyətli yer tutur. Kərkük türklərinin haqqlarının tapdalanmasına qarşı öz qəzəb və nifrətini bildirir, burada baş verən hadisələrə seyrçi qalmır, ağrı-acılarını içindən keçirərək özününküləşdirir.

 

Kahraman evlatlar siperdir yurda,

Şehit zirvesine  sefer var orda.

Güven soy köküne, dönüş Bozkurda -

İçimizde  yara  oldu, kanıyor

Uyan Türk’üm uyan, Kerkük yanıyor.

 

Bütün bu ağrı-acıları ilə bərabər özündə bir inam tapan şair “Ben türkmenim” şeiri ilə bir daha keçmişinə nəzər salıb gələcəyini görür.

 

Aslımız bir, soyumuz bir

Yıldızımız, Ayımız bir

Düğünümüz, toyumuz bir

Duy sesimi can kardeşim

Ben Türkmen’im, kan kardeşim.

 

Bütün bunlarla bərabər İltimas Sultanın poeziyasında lirik ricətlər, məhəbbət nəğmələri də yer alır. Öz sədaqəti, sevgisi ilə vəfalı yar obrazı bu şeirlərin baş qəhrəmanıdır. İltimas xanım özü  şeirlərində olduğu kimi həyatda da sədaqətli yar, qayğıkeş ana, mərd, mübariz qadındır. 

 

                            Umutla beklerim içimde sızım,

                            Allahtan dilegim bir gün ansızın,

                            Kapısına gəlib sevən bu kızın -

Vuslat kapısını çala gözlerin

 

“Gelmedin” şeirində sevdiyi lirik qəhrəmanın yollarına baxmaqdan yorulmayan şair gecələr aya, ulduza arkadaş olur, xəyallar qurur:

 

Geceler ay, yıldız arkadaş bana,

Konuştum hayâlle yok sırdaş bana.

Bekledim yıllarca ol yoldaş bana,

Nerelerde kaldın gelip çıkmadın.

 

Lirik qəhrəman gəlib çıxmasa da, şairin qəlbində var olmağı özü də dünyanı gözəlləşdirir, yaşamaq, sevmək, sevilmək həvəsi yaradır:

 

Aklımda sen varsın dünya güzeldir

Hayâlin, sitemin bana özeldir

 

Yaxud başqa bir şeirində dərdlərini  Uca Tanrıya açan, Leyli kimi səhralara düşən sevgilini görürük. Bu sevgili artıq bəşəri duyğuların üzərində olan bir məhəbbətin sorağındadır. Yaradana olan sevgi, ona qovuşmaq həsrəti onu odlara salır, atəşlərə yaxır, eşq şərabı ilə məst edir. İltimas Sultan Mövlaya olan eşqi ilə böyük Füzulinin “Canı canan diləmiş, verməmək olmaz, ey dil, nə niza eyləyəlim, ol nə sənindir, nə mənim” düşüncəsinə yaxınlaşır.

 

                   Ben derdimi ilettim artık yüce Mevlâ'ya,

                   Sahralarda dolaştım, döndüm gamlı Leylâ'ya.

İçimde gizli yara benzedim  Süheyla’ya -

Aşk şarabı gönlümü kandırır mı sevgili.

 

İltimas Sultanın şeirləri çağdaş türk poeziyasında tanınır və Türkiyə Respublikasının müxtəlif  radio qurumlarında tez-tez səsləndirilir. İnanıram ki, şairin şeirləri  sevimli türk oxucularına müəllifin yeni ildə ən gözəl  hədiyyələrindən biri olacaqdır.            

Nizami MURADOĞLU

 Filologiya elmləri doktoru, AMEA Folklor İnstitutunun şöbə müdiri

 




Ana səhifəyə qayıt        Baxış: 858          Tarix: 13-01-2019, 12:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma