Xəbər lenti

 

 

Saytlarda (Moderator.az, Ovqat.com) çıxan yazılarımı oxuyan diqqəli oxucular yəqin duymuş olarlar ki, mənim əsas hədəfim ziyalılardır. Bu onunla bağlıdır ki,  bədxah qonşularımızla müqayisədə bütün parametrlərdə üstünlüyümüz olduğu halda, yalnız ziyalı baxımından onlardan geri qalırıq və bu amil də aparıcı sayılmalıdır. Ziyalının cəmiyyətdə rolu mühümdür.

    Lap son yazılarımın birində   “Hanı o ziyalılar, niyə susurlar? Nə vaxt bu millətin ziyalısının varlığı hiss ediləcək?” yazmışdım və çox keçmədi ki, səsimə səs verən bir ziyalı tapıldı. Bəli, Yasəmən  xanım elə bir zirvədə dayanıb  ki, bundan yuxarı heç bir zirvə yoxdur və bu zirvədən hətta bütün dünyanı belə görmək  mümkündür. Nədir Yasəmən xanımın başqalarından fərqi? Hərə prosseslərin bir və ya bir neçə tərəfini anlayıb onlar haqqında mühakimələr apardığı, bəziləri bilmədən və ya bilərəkdən yanlışlığa yol verdikləri halda, Yasəmən xanım ölkəmiz üçün vacib olan bütün tərəfləri elə əhatə edə bilmişdir ki, kənarda heç nə qalmamışdır.  Mənə elə gəlir ki, siyasətdə olub, amma alayarımçıq olanlar öz işlərində  korrektələr edə, habelə lazım olan suallara burada cavab tapa bilərlər. İndiyə qədər bizim başbilənlərimiz düşdüyümüz vəziyyətin səbəblərini tam dərk etmək bacarığında  olmadıqlarından həllə doğru edilən cəhdlər də səmərə verməmişdir. Bizim buraxdığımız səhvlər burada tam ifadə olunmuşdur. Əslində biz bu məsələlərə yüz il  əvvəl köklənsəydiik indi belə problemlərimiz olmazdı. Ola bilsin ki, vaxtilə belə konsepsiyalar yaradan ziyalılarımız olub, amma onların cəhdləri daxili və xarici qüvvələrin müqaviməti ilə rastlaşdığından  unudulub.Əslində Yasəmən xanımın prinsipləri bizim dövlətçilik konsepsiyası üçün baza prinsiplərinə çevrilə bilər.

   Görəsən  nə qədər adam dərk edir ki, bizim ölkə ətrafında baş verənlər  kənarda olan güclərin yeritdiyi siyasətin tərkib hissəsidir; bəs səhvən filan xəritədə Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərilib,  diqqətsizlikdən dərslikdə dənizdən-dənizə ərazi Artsax adlandırılıb, təşkilat komitəsi bilmədən Dağlıq Qarbağı müstəqil ölkə kimi təqdim edib, filan yığıncaqda qondarma qurumun iştirakından  təşkilat komitəsinin xəbəri olmayıb,  filan yarışların püşk atılma mərasimi nəticəsində  Azərbaycan Ermənistanla bir qrupa düşüb, ermənilərin də iştirak edəcəyi filan konfransın Bakıda keçirilməsi qərara alınıb, bu fikirlər şəxsi fikirlərdir dövlətin mövqeyini ifadə etmir və s. Heç düşünmüsünüzmü niyə belə təsadüflərdən heç olmazsa biri bizim xeyrimizə olmayıb. Xeyr, bunlar təsadüf deyil, bizim əleyhimizə olan güclərin  düşünülmüş kansepsiyalarının tərkib hissəsidir. Görmürsünüzmü bütün bunların hamısı ermənilərin işğal etdikləri torpaqlara yiyələnməyə hesablanmış gedişlərdir. Multikulturalizm, tolerantlıq, gender bərabərliyi və s. kimi bizə sırınanlar bizi mənəvi dəyərlərimizdən uzaqlaşdırmağa xidmət etmirmi?

Elə gender bərabərliyini götürək. Sizcə, son zamanlar ailələrdə baş verən natarazlıqların sayının belə artması elə bu gender bərabərliyinin fasadları deyilmi? Bizim ailə dəyərləri müsbət mənada çox millətləri təccübləndirsə də, niyə ondan imtina edib qərb münasibətlərini önə çəkməliyik? Baxın, hamının evinə girən telekanallara, hansı qəbahətlər qalmayıb ki, onlar onu  adiləşdirilməsinlər. Yaxşı onda kişilərin həmin telkanala şortiklə çıxmasını necə, qəbul edərsinizmi? Axı onların da kefləri istədikləri kimi geyinmək hüququ var. Açıq-saçıq geyinib kişiləri şorgözlükdə ittiham edən müğənniyə  desən ki, ora yığışan mavilər olcaq, verlişə gəlməkdən imtina edər, yəni onun geyimi və dedikləri özünü reklamdan başqa bir şey deyil. Bunu ona irad tutsan, olur qadın hüququnun pozulması. Əgər ailə kiçik dövlətdirsə kişi bu dövlətin başçısıdır və bu dövlətdə  qadının öz yeri var, amma o tamamilə kişini əvəz etməməlidir.  Belə görünür ki, bizə yad olan,  mənəvi dəyərlərimizi aşınmaya aparacaq nə varsa bizə zorla sırınır, lazım olanlar isə qadağan edilir. Elə imperiya zamanından türkçülük, müsəlmançılıq qadağan edilənlər sırasında olmamışdımı?  Çünki onlara tapınmaq imeriyanın prinsiplərini korlaya bilərdi. Bütün bunlar bizi kökümüzdən ayırmağa və  pərən-pərən salmağa hesablanmış məkrli siyasət deyilmi? Belə hiyləgər düşmənlərimiz olduğu halda buna alternativ nə iş görmüşük? Hər xırdalıqları belə öz xeyirlərinə çevirməyi bacaran düşmənlərimizə qarşı bizim niyə tutarlı planlarımız yoxdur. Biz ancaq daha çox qamarlamaq,  məişət məsələləri səviyyəsində mübahisələr aparmaq, pis işlər görüb onu ört-basdır etmək, özümüzü alicənab, kübar bir adam kimi təqdim etməyə çalışmaq, hər işdə özümüzü qabağa verib orada birincilər sırasında olmağa cəhd etməklə özgələrinin haqqına girmək, müxtəlif məqsədlərə xidmət edən klanlar yaratmaq, yerlibazlıqla, regionçuluqla məşğul olmaq, qohum-əqrabadan özümüzə ətraf qurmaq kimi səviyyəsiz işlər uğrunda hətta ölüm-dirim mübarizəsi aparmağa hazır adamlarıq. Çəpərindən bir qarğı  çəksən səsi aləmi götürən niyə Qarabağ haqqında heç düşünmür. Rus bazarının bir qarış “polka”sı üçün ölümə getməyə hazır olanlardan soruşmaq lazımdır ki, o boyda Qarbağ torpağı üçün  niyə belə dirəniş göstərmirsən? Bir filosov kimi Yasəmən xanımın apardığı ümumiləşmələr çoxlarına dərk etdirməlidir ki, çal-çağırla “donuz darıdan çıxası deyil”. Bunun üçün dərin dəyərlərə söykənən, dolğun bir kansepsiya yaradılmalı və səbrlə, ardıcıl onu həyata keçirməyə girişməliyik. Belə təssürat yaranır ki, xanım bu sahənin bilicisidir. Çıxışlarında belə bir konsepsiyanın konturlarını cızan xanım, onu hazırlamağı da bacarar və inanmıram ki, ondan daha yaxşı  kimsə bu işi görə bilə (varsa buyursun).

  Dünyaya baxın, hərə bir yol  seçib öz maraqlarını həyata keçirir. Cənub qonşumuz öz işlərini allahın adına bağlayaraq, şimal qonşumuz guya az saylı xalqların hüququnu qorumaq adı ilə, qərb demokratiya təbliği ilə öz istəklərini reallaşdırmağa çalışır və s. Qərb ölkələri daxili siyasətdə demokratiyaya əməl etdikləri halda,  xarici siyasətdə bu onlara başqalarının işinə qarışmaq, istədiklərini əldə etmək üçün təsir vasitəsidir. Demokratiyanı təbliğ edən qərb niyə axıra qədər Saakaşvilini müdafiə etmədi? Onun prezidentliyinin ikinci dövrünün  sonunda demək olar ki, hər həftə ona demokratik prinsiplərinin pozulmaması üçün üçüncü dəfə seçkiyə getməməyi məsləhət bilirdi. Amma eyni işi başqa prezdentlərdən tələb etmədi. Bizdə də belədir, qərb üçün demokratiya, hakimiyyətə təziq göstərmək və bununla da hakimiyyətdən istədiyini almaq vasitəsi kimi yanaşması siyasətçilərimizə aydın deyilmi?

    Başa düşmək lazımdır ki, siyasətdə yazığı gəlmək söhbəti yoxdur. Güzəştlərin həddi dirəniş göstərilməyə qədərdir. Bir zamanlar  Elçibəydən  muxtariyyət  üçün yalvaran  həyasız qonşularımız, indi  müstəqillik tələb edirlər. Nə qədər ki, qonşularımıza tutarlı dirəniş göstərə bilməmişik bir o qədər də çox itirəcəyik. Dövlət qurmağa doqquz min kv.km ərazinin güzəşti indi 30 minə gəlib çıxıb və bundan belə nə qədərinə yiyələnəcəklər allah bilir. Bəlkə bu torpaqları qərb təyyarə ilə Ermənistana daşıyıb, bəlkə Qara dənizi qurudub Qafqazda torpaq artımı əldə ediblər? Bunların hamısı bizim torpaqların kiçildilməsi hesabınadır. Bu hayasızlığa dur demək lazımdır və bunu etməsək itirə-itirə gedəcəyik. Belə dirəniş isə millətçilikdən keçir. Bəli qonşularımız bundan başqa bizə çıxış yolu qoymayıb. Türk qanında isə millətçilik yoxdur. Belə bir şey olsaydı torpaqlarımız bu qədər itkiyə məruz qalmazdı. Türkiyədə yaşayan həmyerlimiz Qafar Çaxmaqlı (Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümü başqanı, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri) bu yaxınlarda yazılarının birində etiraf etmişdir ki, bir belə erməni-türk ziddiyətlərinin olmasına baxmayaraq, Türkiyədə yuxarılarda ermənilərin sözü azərbaycanlılardan yaxşı eşidilir. Görürsüz, istəsək belə  qərbin düşüncəsi səviyyəsində millətçi ola bilmərik. Ən yaxşı halda bizim millətçiliyimiz vətənpərvərliyə  gətirib çıxara bilər.

  Ümumiyyətlə indiki dövürdə yenidən millətçiliyin önə keçəcəyi gözləniləndir. Burada   qabarmalar o vaxt baş verir ki, dünyada dinlər, millətlər, dövlətlər arası münasibətlər gərginləşir və millətçilik özünüqoruma instinkti kimi güclənir. Belə situasiya indi mövcuddur.

  Bu məsələdə ölkədə yaşayan başqa azsaylı xalqların narahat olmağa heç bir əsasları yoxdur. Mən onların elə ali təhsillərindən soruşmaq istəyirəm ki, siz oxuduğunuz ali təhsil müəssələrinin hansında ayrıseçkiliklə rastlaşmısınız. Olsa-olsa regionçuluqla, yerlibazlıqla üzləşərdiniz ki, bunların da milli ayrıseçkiliyə heç bir aidiyyəti yoxdur. Biz heç vaxt türk olduğumuzu gözə soxmamışıq, əksinə onlar bizə türk olduğumuzu xatırladıblar. Xankəndində ali təhsil alnda  bizimlə rastlaşan ermənilərin bizə ilk sualı belə olurdu; “Ərə, hayes-türkes”.

   Bəziləri bizim qonaqpərvərliyimizi dar mənada anlayır. Bizi ona görə qonaqpərvər adlandırırlar ki, istənilən millət üçün qapılarımız açıqdır və onları ürəyiaçıqlıqla qəbul edir və hörmətlə ağuşumuza alırıq. Tarix boyu qərb qonşularımız üçün də əlimizdən gələn etdik, onlar isə bizim bu humanistliyimizdən istifadə edərək məkirli siyasətlərini həyata keçirməyə girişdilər. Necə deyərlər “Yersiz gəldi, yerli qaç” halı ilə rastlaşmalı olmuşuq. Ona görə də belə “qonağa” yerini göstərmək vaxtı gəlib çatmayıbmı? Qoy başqa azsaylı xalqlar bundan narahat olmasınlar. Biz ona görə türkçülüyü önə çəkməkdə israrlıyıq ki, ölkəmizi haqlayan bu durumdan çıxmaq yükünün əsas ağırlığını öz üzərimizə götürmək istəyirik. Əgər o xalqlar başqa bir yol göstərə bilirlərsə buyursunlar.

   Nəhayət Yasəmən xanımın daha bir xidmətini qeyd etmək istəyirəm. Yəqin telekranlarda tez-tez mübahisə edən iştirakçıları görmüş olarsınız. Xüsusilə siyasətçilərin debatını təşkil edən aparıcaların necə çətinliklə üzləşdiyinin də şahidi olmusunuz.  Mübahisələrin belə qalma-qallı keçməsi və kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirməyin çətinliyinin səbəbi ondadır ki, onlar məsələyə müxtəlif meyarlardan yanaşırlar və bu da mübahisənin uzanmasına gətirib çıxarır. Əslində  məsələyə yanaşmada hamının bir meyarı olmalıdır. “Lider” TV-nin jurnalistinin Lavrova verdiyi suala münasibət bildirənlərin iki yerə bölündüyü yadda qalmış olar. Hansı tərəf haqlıdır? Jurnalisti müdafiyə edənlər, yoxsa onu qınayanlar?Bəli artıq belə mübahisələrin həlli üçün Yasəmən xanım vətənimiz naminə önəmli olan bir meyar müəyyənləşdirmiş oldu. Ziyalılar, siyasətçilər, jurnalistlər, millət vəkilləri, tarixçilər və s. hadisələrə münasibətdə Yasəmən xanımın meyarlarına istinad etməli və bu xətti gözləməlidirlər ki, eyni bir məsələyə müxtəlif reksiyalar yarnmasın və hamı vahid mövqeydən çıxış edə bilsin. Beləliklə yuxardakı məsələdə jurnalistin haqlı olduğu qənaətinə gəlmiş oluruq.

 Ziyalılara sözüm; “Deməyin demədi”.

Zabil Həsənov




Ana səhifəyə qayıt        Baxış: 1 551          Tarix: 16-01-2019, 16:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma