Xəbər lenti

 

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri ləğv olunacaq, Səadət Sarayı (Bakı nikah evi) də fəaliyyətini dayandıracaq.

BakuPost-un məlumatına görə, bu, Prezident İlham Əiyevin yanvarın 17-də imzaladığı “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanında əksini tapıb.

Fərmana əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, doğum, ölüm, – nikah, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi və adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin (təkrar şəhadətnamələrin) verilməsi xidmətləri yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.

İndiyə qədər bu xidmətlər Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində həyata keçirilib.

Ədliyyə Nazirliyinə tapşırılıb ki, ümumi say həddi daxilində işçilərinin ümumi say həddinin azaldılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Eyni zamanda nazirlik həmin işçilərin tabeliklərində olan digər qurumlarda və ya struktur bölmələrində müvafiq vakant vəzifələrə təyin edilməsi ilə bağlı tədbirlər görməli və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Qeyd edək ki, Ədliyyə Nazirliynin saytında 75 rayon (şəhər) qeydiyyat şöbəsinin adı var.




Ana səhifəyə qayıt        Baxış: 621          Tarix: 19-01-2019, 14:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma