Xəbər lenti

     Portretinə baxanda qəmli adam təsiri bağışlayır. Əllərini daraqlayıb çənəsinə söykəyən, baxışlarını isə dibsiz bir uçuruma zilləyirmiş kimi zilləyən gümüşü saçlı Nəriman Əbdülrəhmanlı bu müdrik görkəmi ilə qədim filosofları xatırladır adama. O an düşünürsən ki, yəqin Homer də məşhur “İlliada”nı yazanda elə bu görkəmdə, bu sayaq düşünürmüş. Bu yerdə oxucunu intizarda qoymadan söhbətin Nəriman Əbdülrəhmanlının yaşının altmışıncı baharı ilə bağlı “Qanun “ nəşriyyatında çap olunan 648 səhifəlik “Sözlə keçilən yol” kitabınin üz qabığında verilmiş şəklindən getdiyini ona bildirmək istəyirəm.

Qonağı qarşılayan ev sahibinin üzünün ifadəsi ilk anda qonaq üçün çox əhəmiyyətlidir. Qonaq bu ifadədən onu qarşılayanın onun gəlişindən məmnun, ya narazı olduğunu o saat kəsdirə bilir. Bu mənada kitabın üz qabığı da oxucu üçün çox önəmlidir. Biz bilərəkdən söhbətimizə kitabın üz qabığından, o üz qabığındakı şəkildən başladıq. Müasir Azərbaycan nəsrinin tanınmış nümayəndəsi, onlarla hekayə, iki povest, altı roman müəllifi, yüzlərlə iri həcmli əsərlərin tərcüməçisi Nəriman Əbdülrəhmanlı olduğu kimi görünən yazıçıdır. Bu mənada şəkildəki Nərimanla həyatdakı Nəriman arasında heç bir fərq hiss edilmir.

Şəkli adlayıb kitabın içinə qədəm qoyanda yüzlərlə insanın bir adam haqqındakı təsviri ilə rastlaşırsan. Hərə onu bir cürə təsvir edir, kim onu necə görürsə, elə o cür də ondan söhbət açır. “Heç birimiz eləmədiyimiz şeyləri eləyir bu insan”, - Şair Tofiq Abdinin “Vidadi Məmmədovdan Nəriman Əbdülrəhmanlıya” adlı məqaləsindəndi bu sətirlər. Pedaqoji elmlər üzrə fəlsəfə doktoru Fərhad Xubanlı isə N.Əbdülrəhmanlı xarakterinə belə güzgü tutur: ”Nəriman Əbdülrəhmanlı beş cəbhədə - publisist, folklorçu, kinodramaturq, tərcüməçi, nasir kimi qələm çalsa da, hər birinə ciddi münasibəti ilə seçilən söz sahibidir.”

“Sözlə keçilən yol” kitabı görkəmli ədəbiyyatşünas-alim professor Bədirxan Əhmədlinin geniş ön sözündən, on hissədən və tanınmış şair və alim Xanəli Kərimlinin son sözündən ibarətdir. ”Portret cizgiləri”də təqdim olunan birinci hissədəki məqalələrdə daha çox yazıçının bir insan kimi xarakterinə yönəlik fikirlər yer alır. Kitabın ”Hekayələri haqqında”, “Povestləri haqqında”, “Yalqız” roman-assosiasiyası haqqında”, “Könül elçisi” roman-rekviyemi haqqında”, “Yalqız” roman-assosiyasiyası haqqında, “Yolsuz” psixo-ramanı haqqında”, “Yolçu” roman-salnaməsi haqqında“, “Qurban” roman xronikası haqqında”, “Taclı” roman-triptixi haqqında” hissələrindədə yazıçının müxtəlif janrlarda yazdığı əsərləri barədə geniş və əhatəli təhlili məqalələr yer alır, seçilmiş müsahibələrində isə həyat və sənətlə bağlı fikirləri ilə rastlaşırıq.

“Nəriman könül adamıdır, insanlara qarşı hədsiz xeyirxahdır. Şərəf və ləyaqətini qoruyan insandır. Nə qədər səmimi, sadə, kövrək olsa da, bir o qədər qürurlu, qətiyyətli və inadkardır”. Bu cümlələr “Sözlə keçilən yol” kitabının ana xəttini təşkil edir. “Nəriman Əbdülrəhmanlı yarıməsrlik yol keçib - hər kitabıyla, hər yazısıyla bir buğda boyu artıb”, - Cavanşir Yusifli. “N.Əbdülrəhmanlı şifahi nitqin effektini yazıya-təhkiyə effektinə çevirə bilir”- Rüstəm Kamal. “Əzizim Nəriman. Sən ədəbiyyatımızın kişi ləyaqətli, mətanət və saflıq, səmimiyyət və əxlaq dolu şəxsiyyətlərdən birisən. Ədəbiyyat naminə etdiklərin misilsiz bir örnəkdir.” - Kamal Abdulla.

“Manera.az” saytının “Maraqlıdır,bu qədər yazırsınız, yorulmursunuz?” sualına verdiyi cavab bir yazıçı kimi N.Əbdülrəhmanlının xarakterini tam mənası ilə ifadə edir:”Qismətinə düşən, üstəlik, sevdiyin işdən necə yorulmaq olar? Əksinə, yaza-yaza dincəlirəm, içimin ağırlığını boşaldıb rahatlanıram. İnsanı ancaq zorən məşğul olduğu, sevmədiyi iş yara bilər.” Ədəbiyyat araşdırıcıları və geniş oxucu kütləsi üçün nəzərdə tutulan “Sözlı keçilən yol” kitabı Azərbaycanın görkəmli yazıçısı Nəriman Əbdülrəhmanlının altmış illik məhsuldar ömrünə işıq tutur. Gəlin biz də o işığa doğru gedək.

Məmməd Tahir.




Ana səhifəyə qayıt        Baxış: 878          Tarix: 16-02-2019, 15:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma