Xəbər lenti

 

“Qəzvin-Rəşt dəmir yolu xəttinin Gilan əyalətinə çatdırılması önəmlidir, lakin bu dəmir yolu xəttinin Azərbaycan Respublikasına kimi uzadılması daha da önəmlidir”.

ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani bu gün Qəzvin-Rəşt dəmir yolu xəttinin istismara verilməsi münasibətilə təşkil olunan mərasimdə çıxışında bildirib. 

H.Ruhani qeyd edib ki, bu gün İran, Gilan əyaləti və qonşu ölkələr üçün tarixi bir gündür: “Dost ölkə olan Azərbaycan, Pakistan və İraqa təşəkkür etməliyik ki, bu gün onlar da bizimlə bu mərasimdə iştirak edirlər”.

Rəşt-Astara dəmir yolu xəttinin tikintisi üçün sazişin imzalandığını bildirən H.Ruhani bu  önəmli layihənin icrasına tezliklə başlanacağına ümid etdiyini deyib: “Prezidentlər İlham Əliyev və Vladimir Putinlə üçtərəfli görüşümüzdə bu dəmir yolu xəttinin önəmi və yüklərin Rusiyaya daşınması ilə bağlı geniş potensialından danışdıq. Bu dəmir yolu xətti Avropa, Qərb, cənub ölkələri və hətta Afrika üçün böyük önəm daşıyır”. 

“Rəşt-Qəzvin dəmir yolu xətti ilə sərnişinlər 4 saata Tehrana çata bilərlər” - deyən H.Ruhani qeyd edib ki, turizmin inkişafı və yükdaşımaları baxımından da bu layihə çox önəmlidir.

Qeyd edək ki, Qəzvin-Rəşt dəmir yolu xətti bu gün rəsmən istismara verilib. Mərasimdə Azərbaycan, Pakistan və İraqdan dövlət rəsmiləri iştirak edib. Mərasim çərçivəsində podratçı şirkətlə İranın Yol və Şəhərsalma Nazirliyi arasında Rəşt-Astara dəmir yolunun tikintisinə dair sənəd imzalanıb.

Süleyman Fərzəliyev




Ana səhifəyə qayıt        Baxış: 652          Tarix: 7-03-2019, 10:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma