Xəbər lenti
7-03-2019, 22:48

 

Dünya əhalisinin yarısı qadındır. İnsan oğlu yarandığı gündən bəri, bu ədalətli bölgü həmişə özünü qoruyub, bəzən böyük müharibələrdə nisbət xanımların xeyrinə dəyişilsə də, qısa müddətdən sonra balans yenidən bərpa olunub.

Di gəl ki, qadınlarla kişilər arasındakı kəmiyyət bərabərliyi uzun əsrlər boyu sosial həyat və hüquq müstəvisində öz əksini tapmayıb. Son yüz ilə qədər dünyanın bütün ölkələrində patriarxal ənənələr davam edib və qadınlar sosial həyatda ikinci plana düşüblər. Bu gün də dünyanın əksər ölkələrində patriarxal ənənələr davam edir. Amma gender bərabərliyinin pozulduğu əsas ölkələrə nəzər salsaq, onların geridə qalmış, inkişaf mərhələsini tamamlamamış toplumlar olduğunu görə bilərik. Deməli, qadının ictimai həyatda rolu yalnız ədalətli həyat tərzini təmin etmir, həm də toplumların daha da inkişafına şərait yaradır.

Gender bərabərliyi toplumların iqtisadi inkişaf göstəriciləri ilə səciyyənləndiyi üçün dövlətlər qadınların iş həyatında və idarəçilikdə oynadığı rola xüsusi diqqət yetirirlər. Bəlkə də bunun nəticəsidir ki, inkişaf etmiş ölkələrdə qadınlara indiyədək kişi sənəti hesab edilən işlər həvalə olunur, bəzən zərif cinsin nümayəndələri hətta Müdafiə naziri, Baş nazir, Prezident kimi məsuliyyət yükü böyük olan vəzifələrə layiq görülürlər. Təsadüfi deyil ki, Helle Torninq-Şmidtin baş nazir olduğu Danimarkada qadınların 71%-i, 2011-ci ildəki seçkilərdən sonra qurulan hökumət kabinəsindəki nazirlərinin yarısı zərif cinsin nümayəndələrindən olan və feminst hakimiyyətilə fəxr edən İsveç qadınlarının 70%-i, hələ 1556-cı ildə I Yelizavetin hakimiyyəti altında böyüyən və dünyanın ən uzunömürlü super gücünə çevrilən, bu gün belə xanım baş nazir Teresa Mey tərəfindən idarə olunan İngiltərə qadınlarının 62%-i işgüzar fəaliyyətlə məşğuldur. 2005-ci ildən Angela Merkelin zərif idarəçiliyi altına girən Almaniyada da qadınların iş dünyasında rolu xeyli artıb. “Deutsche Institut für Wirtschaftsforschung” adlı alman strateji araşdırma mərkəzinin hesabatına görə, 1995-ci ildən 2013-cü ilə qədər 18 il ərzində Almaniyada qadın işçilərin sayı 10% artaraq, 18 milyona yüksəlib. Hesabatda, həmçinin, Almaniyada işçilərin 48%-ni qadınların təşkil etdiyi vurğulanır. Araşdırma mərkəzinin ortaya çıxardığı bir təsbit isə daha maraqlıdır. Bildirilir ki, Almaniyada qadın işçilərin əksəriyyət təşkil etdiyi təhsil, səhiyyə, sosial xidmətlər sektorundakı inkişaf və böyümə nisbəti kişilərin daha çox çalışdıqları sənaye və istehsal sahələrindən artıq olmuşdur.

Qadınların müasir çağımızda sosial həyatda ön plana çıxmasının başlıca səbəblərindən biri əmək alətlərinin təkmilləşərək, daha asan idarə olunan texnikalara çevrilməsi və onların istiifadə edilməsində hər iki cinsin imkanlarının bərabərləşməsidir. Daha aydın təbirlə desək, əvvəllər koxa, kotan və sair kimi əmək alətlərilə işləməyə gücü çatmayan xanımlarımız indi daha rahat şəkildə texnikaları, maşınları idarə edə bilirlər. Nəticədə ailənin dolanışığında kişilərlə eyni avantaja yiyələnirlər. Bu da istər-istəməz onların sosial həyatda və ailə içindəki çəkilərini artırır, kişilərlə eyni söz sahibinə çevirir. Yəni əmək alətləri üzərində nəzarət imkanının eyniləşməsi hüquqların da bərabərləşməsinə zəmin hazırlayır.

Yəqin, buna görədir ki, idarəçilikdə və iş həyatında gender bərabərliyi innovasiyaların təkmilləşdiyi toplumlarda daha bariz şəkildə ön plana çıxır. Gender bərabərliyinin daha sürətli tərəqqiyə səbəb olduğunu görən dünyanın bir çox inkişaf etməkdə olan ölkələri də eyni xətti tutaraq bu sürətə ayaq uydurmağa çalışırlar. Hazırda Baş nazir Dalya Qribauskayte tərəfindən idarə olunan Litva da, Beata Szydlonun Polşası da, Kolinda Grabar-Kitaroviçin pezident olduğu Xıvarıstan da gender bərabərliyini əldə rəhbər tutan dövlətlər sırasına qoşulub. Dünyanın digər qitələrində yerləşən ölkələr də eyni inkişaf xəttindədirlər. Hazırda Tayvan, Banqladeş, Çili, Liberiya, Namibiya da zərif idarənin hökmü altındadır.

Sevindirici haldır ki, Azərbaycan da gender bərabərliyinə önəm verən ölkələrdəndir. Xüsusilə, I vitse-prezident Mehriban xanımın yeni vəzifəsində fəaliyətə başlamasından sonra cəmiyyətimizdə qadınların yeri və rolu möhkəmlənməkdədir. Eyni anda həm UNESCO-nun, həm də ISESCO-nun xoşməramlı səfiri olan Mehriban xanımın cəmiyyətimizin həyatında əldə etdiyi bu uğurlar İslam mədəniyyətinin Qərb sivilizasiyası ilə bütünləşməsinin və Azərbaycan qadınının idarəetmə orqanlarında misilsiz rol oynamasının ən bariz sübutlarındandır. Mehriban xanım öz uğurlu addımları ilə müasir çağımızda Azərbaycan qadının layiq olduğu zirvələrə yüksəlməsində önəmli çığırlar açmış, məhz onun sayəsində xanımlarımız sosial və işgüzar həyatda aktivləşmişlər. Hazırda bir çox sahələrdə qadınlarımız qazandıqları uğurla kişilərimizdən heç də geri qalmırlar. Bunun reallaşa bilməsində, sözsüz ki, Mehriban xanımın misilsiz rolu olduğu kimi, tarixi və milli mentlitetimizdən doğan səbəbləri var.

Azərbaycan xalqı dünyanın digər xalqlarından fərqli olaraq tarix boyu qadına xüsusi diqqət və hörmətlə yanaşmışdır. Ana kultu bizdə həmişə müqəddəs tutulduğundan dünyanın ən qaranlıq çağlarında belə, xanımların ağbirçəyinə hörmət göstərilmiş, sözlərinə əhəmiyyət verilmişdir. Təsadüfi deyil ki, Azəbaycan torpağı mərd və igid qadın siyasilər yetişdirməklə tanınıb. Dastanlara, tarixi salnamələrə adını yazdırmış Tomiris, Nüşabə kimi dövlət rəhbərlərimiz, Sara xatun kimi diplomatlarımız, öz yoldaşlarıyla bərabər düşmənə qarşı vuruşan, at çapan, ox atan, qurşaq tutub güləşən xanımlarımız dünən də olub, bu gün də var. Sabah isə daha çox olacaqlar. Ən azı ona görə ki, yuxarıda da qeyd olunduğu kimi, xanımlarımız müasir inkişaf sayəsində kişilərlə eyni avantaj qazanırlar və bu da cəmiyətimizin idarə edilməsində onların çəkisini artırır.

Bununla belə, Azərbaycanda iş və siyasi həyatda gender bərabərliyinin tam mənası ilə bərqərar olduğunu söyləmək çətindir. Dünyanın ən inkişaf etmiş ölkələrində rast gəlinən gender bərabərsizliyi problemləri Azərbaycanda da mövcuddur. Hər halda statistik məlumatlar bunu göstərir. Gəlin, daha artıq şərhə yer vermədən həmin məlumatlara ötəri bir nəzər salaq.

Dövlət Statistika Komitəsinin bidirdiyinə görə, ötən yanvar ayının 1-nədək qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 795 minə çatıb. Bu şəxslərin əsas hissəsi Bakıda (29,6 faiz), Aran (20,9 faiz), Gəncə-Qazax (14 faiz) və Lənkəran (10,1 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb. Fərdi sahibkarların 78,5 faizini kişilər, 21,5 faizi isə qadınlar təşkil edib.

Göründüyü kimi, iş həyatının idarə olunmasında qadınlarımızın rolu qənaətbəxş deyil. Eyni vəziyyət siyasi idarəetmə sahəsində də özünü göstərir. Heç uzağa getmədən parlamentdə və hökumət orqanlarında təmsil olunan qadınların sayına baxmaq kifayətdir.

Bununla belə, Mehriban xanımın I vitse-prezident seçilməsindən sonra istər iş, istərsə də siyasi idarəetmə sahəsində qadın təşəbbüskarlığı artmış və bir çox yerlərdə zərif iradə ön plana çıxmışdır. Biz bu inkişafı daha çox kənd təsərrüfatı sahəsində görürük. İrəli sürdüyümüz iddialar rəsmi statistika ilə də təsdiqlənir. Dövlət Statistika Komitəsinin məlumatına görə, qadınlar "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq" fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 27 faizini, "Digər xidmət sahələrində” 25,8 faizini, "Ticarət; nəqliyyat vasitələrinin təmiri" kimi fəaliyyət sahəsində isə 20,7 faizini təşkil edir.

e8775b98-b32d-4429-858b-7b8dec84ced0.jpg (293 KB)

Onu da qeyd edək ki, qadınların kənd təsərrüfatı sahəsindəki fəaliyyəti əslində rəsmi statistik göstəricilərdən daha artıqdır. Belə ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da qadınların böyük əksəriyyəti – ¾ hissəsi kənd yerlərində yaşayır və təsərrüfat işlərilə əsasən onlar məşğul olurlar. Kişilərin müxtəlif səbəblərdən şəhərlərə və xarici ölkələrə getdiyi bir zamanda doğma ocağına bağlı qalan ana-bacılarımız bəzən bütün ailə təsərrüfatlarının ağırlığını öz çiyinlərində çəkməli olurlar. Təsərrüfatlar isə ailə başçısının adına rəsmiləşdirildiyindən əksər hallarda qadın əməyi kişi zəhməti kimi qeydə alınır.

Aqrar sahədə qadınlarımızın bu qədər aktiv rol oynaması sözügedən sahəylə bağlı hökumət orqanlarında, o cümlədən Kənd Təsərrüfatı Nazirliyində son zamanlar zərif iradənin daha yüksək səviyələrdə təmsilçiliyini şərtləndirmişdir. Təsadüfi deyil ki, son prezident seçkilərindən sonra KTN-də formalaşan yeni komandanın tərkibində qadın idarəçilərə də yer verilmişdir. Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimovanı, nazirin innovasiyalar üzrə müşaviri Şəbnəm Məmmədovanı, Nazirliyin tabeliyində "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-in rəhbəri Leyla Məmmədovanı buna misal göstərmək olar. Hər 3 xanım öz işlərinin peşəkarı kimi həmin vəzifələrə layiq görülüblər və işlərinin öhdəsindən uğurla gəlirlər.

Azərbaycanın aqrar məşğulluğunun böyük əksəriyyətini çiyinlərində daşıyan qadınlarımız hazırda sahibkarlıq sahəsində də ön plana çıxmaqdadırlar. Masallı rayonu, Xırmandalı kənd sakini, fermer Sərimə Qulam qızı Əhmədova bu zəhmətkeş xanımlardan biridir. Dəniz səviyyəsindən 80 metr aşağıda yerləşən kəndlərində quşçuluq təsərrüfatı ilə məşğul olan Sərimə xanım quraq ərazi olduğundan bitkiçilik baxımından çox da rentabelli sayılmayan ərazidə öz işini günü-gündən inkişaf etdirir. Onun bu təşəbbüskarlığı hətta bir çox kişinin belə, ağlına gəlməzdi. Sərimə xanım isə zəhmətlərə qatlanaraq, öz təsərrüfatını qurub və hər il 10 min tona qədər ət istehsal edir. Təsərrüfatında 4-5 ailəyə çörək qazandıran Səmirə xanım istehsal etdiyi məhsulların satışını təşkil etməkdə əziyyət çəkir. KTN bu cür təsərrüfatların özünü inkişaf etdirmək, istehlak bazarlarını yaratmaq sahəsində qadın fermerlərimizə dəstək olmalıdır.

Salyan rayonunun Arbatan kəndində fərdi arıçılıq təsərrüfatını yaradan qadın fermerlərdən Reyhan Pənahovanın əməyi də təqdirəlayiqdir. Mətbuata açıqlamasında arıçılığın olduqca maraqlı və gəlirli sahə olduğunu bildirən Reyhan xanım ilk fəailiyyətinə 4 arı ailəsi saxlamaqla başlayıb. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin layihəsi olan məşğulluq proqramında iştirak etmək üçün Salyan Rayon Məşğulluq Mərkəzinə müraciət edib. Lahiyənin tələblərinə uyğun olaraq, xanım fermer 2 ay müddətində Bakı şəhərində keçirilən kurslarda iştirak edib və sonda yaşadığı ünvanda arıçılığın inkişafı ilə bağlı əsaslandırılmış biznes plan təqdim edib, beləcə işə başlayıb. Təsərrüfatının yaxın zamanlarda 50 arı ailəsinə qədər böyütməyi planlaşdıran Reyhan xanım artıq ilk uğurlarına imza atmışdır.

Digər nümunəvi qadın fermerlərimizdən biri kimi Salyanın Bəydili kəndində fəaliyyət göstərən “Ramil” fermer təsərrüfatının başçısı Mirvari Qasımovanın adını çəkmək olar. Zərif aqro-tədarükçülərimizin ön sıralarında yer alan Mirvari xanım pambıqçılıqla məşğuldur. O, rəhbərlik etdiyi briqada ilə 2016-cı il mövsümündə 45 hektar sahədən 60 ton təmiz məhsul yığıb, dediyinə görə, qazancı da pis olmayıb. Mirvari xanım 45 hektardan əlavə, 200 hektar pambıq sahəsini də özünün briqadası ilə icarəyə götürüb, əkib becərir. Briqadasında 45 xanıma iş verən Mirvari xanım bu peşənin sirlərinə sovet hakimiyyəti dövründə yiyələnib. Respublikanın ən qabaqcıl və təcrübəli pambıqçılarından sayılan fermerin bu uğuru qazanmasında ölkə rəhbəri İlham Əliyevin pambıqçılara göstərdiyi diqqət də mühüm rol oynayıb. Özünün etirafına görə, 2016-cı il sezonunda dünya bazarında pambığın qiyməti aşağı olduğundan bu briqada topladığı məhsulun kiloqramını 51 qəpiyə satmaq məcburiyətində imiş. Bu isə məhsulun maya dəyərini ancaq ödəyirmiş. Cənab Prezidentimizin hər kiloqram üçün 10 qəpik, yəni 20% subsidiya ayırması pambıqçıları çətin vəziyyətdən xilas edib və onları öz fəaliyyətlərini davam etdirməyə həvəsləndirib. Ötən il pambığın qiymətinin dünya bazarında artması, hər kiloqramın 85-90 sentə satılması fermerlərimizin xeyli pul qazanmasına yol açıb.

Qadın fermerlərin qazandığı uğurlarla bağlı siyahını xeyli uzatmaq olar. Biz isə uzunçuluğa yol vermək istəmir, sadəcə onu vurğulamağa çalışırıq ki, Azərbaycanın kənd təsərrüfatı sektorunda çalışan xanımlarımız getdikcə öz alın tərlərinin həqiqi qiymətini alırlar.

Ötən il Kənd Təsərrüfatı Nazirliyində Ümumdünya Kəndli Qadınlar Günü münasibətilə fermer qadınlarla keçirilən görüş də yeni rəhbərliyin aqrar sahədə qadın əməyinə verdiyi diqqətin göstəricisidir. Ümidvarıq ki, bu diqqət kənd təsərrüfatı sektorunun inkişafına təkan verəcək və xanımlarımızın sosial sahədə aktivliyini artıracaq.

Mən bir iş adamı olaraq, zərif fermerlərimizi 8 mart Qadınlar günü münasibətilə təbrik edir, onlara yeni-yeni uğurlar arzulayıram.

Mürvət Həsənli,
ADAM sədri




Ana səhifəyə qayıt        Baxış: 203          Tarix: 7-03-2019, 23:12      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Ən çox oxunanlar