Xəbər lenti
7-03-2019, 22:48

 Tanınmış şair Tofiq Nurəlinin "Azərbaycan" jurnalında çap olunan "Yol" publisistik yazısının əhəmiyyətli olduğunu nəzərə alıb onu oxucularımıza təqdim edirik.


Hə, buradan o yana nağıl başlayır. Özümdən xəbərsiz sinəmə bir qədər soyuq və həyəcanlı hava dolur. Və elə bil yerdən üzülürəm. Buralardan ürəyimə anlamadığım bir doğmalıq enir. 

Mən yavaş-yavaş real olaraq görmədiyim, lakin az qala hər kolunu, hər yovşanını, hətta soyuq payız gecələrinin hər ulduzunu tanıdığım bu yerlərin əfsanəsinə, nağılına və bir qədər hüznlü həyat hekayətlərinə dalıram. Buranın göylərində elə bilirəm ki, 100 il əvvəli də aşıb keçən ala-seyrək buludlardır ki, dayanıb - hava da elə həmən-həməndir... Çox uzaqlara gedib çıxıram - elə indicə içiylə yeridiyim uzaqlara...Belə bir şey olurmu?.. Deməli, olurmuş, çox şey olurmuş...

...Qızmeydan... Nə gözəl adı var?!. Uşaqlıq yaddaşıma ən çox həkk olunan adlardan biri... Birdən-birə özümü yeniyetmə kimi xatırlayıram və qəlbimin dərinliklərində - laap dərinliklərində duyuram ki, burada bu qız (heç vaxt görmədiyim, lakin həmişə görmək istədiyim bu qız…), həmən bu qız doğrudan da mənə meydan oxuyur. Və mən özümü bu qız meydanında məğlub hiss edirəm. Bu heç kəsin görmədiyi, bilmədiyi, hətta meydandakı qızın da hiss etmədiyi bir məğlubiyyətdir; bu çox doğma, şirin və heç vaxt unudulmayacaq bir məğlubiyyətdir.., bu içi ağrı-acı, təəssüf, həsrət və itкilərlə dolu, lakin çox əziz-istəkli bir məğlubluqdur ki, əslində onu heç izah da etmək olmur...

Hə, buradan o yana dediyim o nağıl başlayır... Çardan, şuradan, NKVD-dən, alman müharibəsindən başlayan və bir ucu da bu Qızmeydandan başlayıb Pirbəylidən, Xaltandan, Qonaqkənddən keçib - həm də gəlib - Yerfidən başlanan nağıl. Bu yolda bir Sarı Daş əfsanəsi də var... Bu ad bizim tərəflərdə tərəkəmələrin dilindən çox eşidilir... Amma mən onu həmən söhbətlərdən də çox əvvəl, bəlkə lap bu dünyaya gəlməmişdən tanıyıram -görməsəm də tanıyıram. Yəni, bu Sarı Daş mənə bu qədər doğmadır. Və deyim ki, bu qısa, lakin neçə-neçə taledən də uzun bu yolun özü mənə doğmadır və uzun illər boyunca mən ona çox isinişmişəm.., Sarı Daşa da o cür...

...1910-cu illərin əvvəlinin bir yaz çağıdır və köç dağa qayıdır arandan. Bu köç bir az aşağılardan - Haraminin ətəklərindən, Hacı Seyidəlinin xüsusi binələrindən başlayıb və yenə üz tutub dağıstana doğma Yerfi mülklərinə... Qozlu çayı boyunca üstdən yuxarı uzanan bu min illərin köç yolu çayın qollarından birinin sısqa bulaq olub başlanan yerindən bir huyy qədər yuxarıda dağın belinə - adı bəlli Xaltan aşırımına çatır... Bundan o yanası Qonaqkənd mülkləridir... İndilik isə sürülü-naxırlı-ilxılı bu köç Qızmeydandan xeyli aralanıb indiki Pirbəyliyə sarı. O vaxtlar bu Pirbəyli kəndinin yerində beş-altı yaylaq qazması olub. Kənd sonralar düşüb - elə yaylaqçı xaltanlılar, rəngidarlılar binələşiblər burada. Bunu niyə deyirəm? Pirbəyli Şamaxı mülküdür, Xaltan-Rəngidar isə Qonaqkənd mülkü. Amma aşırımın - təpələrin o üz bu üzündədirlər... Nə isə, elat üzüyuxarı dartınmaqdadır. Ana nənəm - mənim Cəmilə nənəm də ilkinə boylu. Sancıları başlayır... 

Görünür atın üsündə çalxana-çalxana getmək doğuşu sürətləndirir... Nənəm görür ki, daha dözmək mümkün deyil, əri Molla Niftəlini çağırtdırıb vəziyyəti danışır. Molla Niftəli də Hacı Seyidəlini birtəhər xəbərdar edir. Hacı deyir ki, qayıdın Qızmeydana filankəsgilə. Dəqiq bilirəm ki, adını eşitmədiyimmi, unutduğummu həmən o kəs malakan olub. ...Biz xırda uşaqlar idik və uzun qış gecələrində nənəm bu nağıllardan danışardı bizə... Malağan arvadları yığışdılar, deyirdi, bu vaxta qədər heç yerdə görmədiyim iri teşti ilıq su ilə doldurub məni saldılar həmin teştin içinə... Beləliklə, Hacı Seyidəli olur baba.., Bikə xalam doğulur... 

Maşınımız köhnə qəbristanın yanından keçib Qızmeydana enəndə, özümdən ixtiyarsız, o körpənin bu saf havaya qarışan ilk çığırtısını, həmin çığırtıya sevinən malakan arvadlarını, 14-15 yaşlı nənəmi xatırladım. O vaxt o səsin ətrafında olanların heç biri bu dünyada yoxdur. Və onu da bildim ki, o malakan arvadlarının bəlkə də hamısı elə bu qəbristanda yatır... Qəbristan isə.., yerindən, dinindən asılı olmayaraq həm doğma, həm də soyuq yerdir... Qızmeydan qəbristanlığı da o cür... Allah hərəyə öz dinində rəhmət eləsin... Məni uşaqlıqdan Qızmeydana bağlayan bu əhvalat idi... İndi mən bu kənddə 100 ildən də o yanda qalan və xatırlayacaq kimsəsi olmayan bu hadisəni daxili gözlərimlə görürdüm... Özünü də bir parçası saydığın canlı tarixə əllə toxunmaqdı bəlkə də bu... Bu həmin Qızmeydan idi!.. Haşiyə çıxaraq qeyd edim ki, malakanların Qafqazda məskunlaşdırılması elə də uzaq tarix deyil. Bu məskunlaşdırma əslində yarısürgün kimi bir şey olub. Onlar Qafqazda yalnız türk torpaqlarında, birmənalı olaraq çox məhsuldar torpaqlarda, yaxşı iqlimi olan ərazilərdə və qədim kəndlərimizin birbaşa yanında yerləşdiriliblər. Belə köçürülmə-sıxışdırılma tarix boyu başımızda neçə dəfə sındırılıb; ən ağır və dəhşətliləri farslar və ərəblər tərəfindən aparılanlar olub. Bunların hamısı tarixə qovuşub. Burada maraqlı bir olay da var. Bu da ibarət olsun ad məsələsindən. 

Arxası hökümətə bağlı olan köçkünlər yeni yerlərinə adətən öz el-obalarının adını veriblər. Beləliklə də ikiadlı kəndlər meydana çıxıb. Qızmeydan kəndimiz də dönüb olub Astraxanovka, yəni Həştərxanlılar. Bizim tərəflərdə o həmişə Qızmeydan olub, ikinci adını mən lap axır vaxtlarda bilmişəm. Onu da deyim ki, bu malağanlar yerli əhali ilə çox tez isti münasibət qurublar. Güman edirəm ki, onların əməksevərliyi, düzgünlüyü, sadəliyi və sədaqətli olmaları yaradıb bu istiliyi... Və indi bu kənddə Xaltan yolunu axtardığımız bir məqamda qarşımıza çıxanlardan bircəsı də o yolu tanımadı, çox təəssüf ki, qarşımıza bir nəfər də olsun malağan çıxmadı - köçüb gediblər. Dəyişdirilməmiş tək-tük hasarlar və bu hasarlardan görünən evlər malakan kоloritini yaşadan sonuncu nişanələrdir.., bir də malağan qəbristanlığı... Maşını döndərib üzü yoxuş kimi görünən, daha doğrusu elə-belə fəhmlə sol tərəfə qayıtdıq. Burada da heç kəs nə Pirbəylini, nə də Xaltanı tanıdı. Getdik. Kənddən çıxıb sağ tərəfə döndük. Elə bil kim isə bizi yönəldirdi. Uzaqda bir kapal qoyun görünürdü... Uzun məsafədən gəlib çobana yetişdik. Düz gedirsiniz dedi, bu yoldur, amma elə sol əllə gedin...

...Sonralar mən internetdə Qızmeydan haqqında bir para şeylər tapdım. Ən heyrətləndiricisi isə bizim sola dönüb getdiyimiz küçənin videosu idi... Uşaqlıq xatirələrinə qayıtmış qızmeydanlı jurnalist malakan qızı həmin küçəylə gedərək deyirdi ki, «...eto ulitsa nazıvayetsya XALTANSKAYA, otsyuda naçinalos XALTANSKAYA DOROQA...” (bu küçə XALTAN küçəsi adlanır.., buradan XALTAN YOLU başlanırdı...»). Rusiyanın hər tərəfinə səpələnmiş qızmeydanlı (astrаxanovkalı) malakanlar üçün çəkilmiş üç hissəli bu reportaja mən də qəribə bir nоstalji ilə baxdım... Biz o yolu hansı 5-ci, 6-cı hissin təsiriylə düppədüz tapmışdıq?!. 

Biçilmiş taxıl zəmilərinin arasıyla uzanan torpaq yol qurtarır - bundan o yanası dağlardır, bundan o yana yol da Qozluçayın lap kənarına enir.., əgər yoldursa... Bir ins-cins yoxdur. Sonra qarşıdan bir «Niva» gəlir. Yolu soruşuruq.., çox böyük risk edirsiniz deyirlər... İrəli!.. Fikrim elə dolaşıqdır ki... Hə, yadıma düşdü.., yadıma düşdü ki, çox-çox illər bundan qabaq elə bu yolla üstdənaşağı bir öküz-kirşə də keçib. Bu öküz-kirşəni müşaət edən mənim atam olub. Bu da olub 1941-ci ilin iyun ayında, müharibədən 10-15 gün əvvəl, atam Qonaqkənd rayonunda milis nəfəri işlədiyi vaxtda. Danışırdı ki, o zaman rayon partiya komitəsində Məmmədhüseyn Rzayev deyən bir katib vardı. Gəlmə adаmıydı. Mənimlə ünsiyyəti tuturdu - necə bir yerli adam kimi. Ailəsini də tanıyırdım, həyat yoldaşı və qundağdakı qız uşağı. Hərdən söhbətimiz olurdu. Deyirdi ki, qardaşım şairdir. 41-in mayında onu qəflətən Bakıya təcili çağırdılar. O gedən oldu. Bir aya kimi ondan heç bir xəbər çıxmadı. Pis vaxtlarıydı. Dedilər ki, tutulub. Bir gün sıra vaxtı rəis dedi ki, Rzayevin ailəsini dağ yoluyla Qızmeydana aparmaq lazımdır, kim getmək istəyir? Siyаsilərdən hamı qorxurdu. Mənim isə qorxmalı heç nəyim qalmırdı, onsuz da hamı bilirdi ki, o kişiylə mənim aram yaxşıdır.
- mən, nəçənnik, - dedim.
- lap yaxşı,
- bir nəfər də verin, çünki öküz-kirşəni bu boyda dağ yoluyla tək aparmaq olmaz.

Nə isə, bir nəfər də ayrıldı. Şöbənin xidmətçiləri olan 2-3 qadını da onlara aparıb yır-yığış etmələrini tapşırdıq. Gecəyarı vədələrində çıxdıq Qonaqkənddən. Deməli, kirşənin üstünə quru ot döşəmişdik, avadanlığı yaxşı-yaxşı yerbəyer eyləmişdik. Gəlin üçün də rahat yer düzəltmişdik. Atlı iki milis nəfəri idik. Mən qabaqda, o biri arxada. Bu qupquru və üstənyuxarı dağ yolları, bu da öküz ayağı... Xaltanda ayaqüstü əl-qaf eyləyib yenə düzəldik yola. Sürülər az əvvəl keçdiyindən Sarı Daşdan o yana ta bir xeyli yerdə heç kirşə yolu da yox idi, qoyun dırnağından çıxmışdı yol. Qızmeydana çatanda bayır gecə idi. Bizi burada arabaçılar gözləyəcəkdi. Demişdilər elə dünən teleqram vurulub. Fikirləşirdim ki, birdən arabaçılar gəlmədi? Çarə kənd sovetinə qalırdı. Kəndə yaxınlaşanda atı yeyinlətdim. Nə yaxşı... Küçənin o başındakı arabalara çatdım. Çıxıb gedirdilər. Günortadan gəlib burada gözləyirlərmiş. Soruşublar. 

Tanıyanlar da deyib ki, axşamüstünə gəlib çıхаrlar. Gözlə ha, gözlə. Axşam olub - yoxdurlar, gecə keçir - yoxdurlar. Deməli nəsə səhv olub, belə fikirləşib çıxıb gedirlərmiş. Gələnlərdən biri, yadımdadır ki, gəlinin dayısı idi. Göyçaydan gəlmişdilər. Məlum oldu ki, yoldaş Rzayev də tutulmayıb, təcili harasa başqa işə göndərilib. Bu lap xoş xəbər oldu. Bu adamlar bizə dünyanın minnətdarlığını bildirdilər, illah da biləndə ki, Qonaqkənddə Rzayev yoldaşın siyasi tutulma sorağı yayılıb, bunun üstündən onun ailəsini belə hörmət-izzətlə gətirməyimizdən lap təsirləndilər. Gəlin də yaşmaq altından başıyla çox-çox razılığını bildirdi. 

...İllər sonra, valideynlərim Bakıda mənimlə qalanda birdən bu əhvalat yadıma düşdü. O da nədən? Xalq şairi Rəsul Rza haqqında avtobioqrafik kitabı almışdım. Burada həmən partiya işçisi Məmmədhüseyin Rzayev haqqında da məlumat vardı, üstəlik şəkili də verilmişdi. Heç bir məlumat vermədən mən şəkili atama göstərdim. Gözlüyünü taxıb baxdı.., baxdı.., Rzayof yoldaşdır - dedi, bizdə katib işləyib, yoldaşlığımız olub.., ailəsini də Qızmeydanacan biz yola saldıq... Bu da Qızmeydanın atamla bağlı epizodu,.. o kişi də olsun Rəsul Rzanın dosт-doğma dayısı. 

...İllərdi beynimdə zaman-zaman qaynayan Sarı Daş, Qızmeydan, küdrünün düzü, Haramının ətəkləri.., canıma-iliyimə hopmuş Şirvan çölləri... Yox, bitmədi.., bu Qızmeydanla bağlı yenə var... Bu dəfə çox ağrılı və üzüntülü... Bu da olsun 1936-nın payızının əvvəllərində, biçinlərdən az sonra... Bu barədə mən ta 16-17 il əvvəl bitirdiyim, lakin hələ çap olunmamış kitada da yazmışam. Amma indi də qısa da olsa bildirməliyəm. Deməli, Molla Niftəli babamın kulak çıxarılıb dolk olunmasından sonra kənddəki qıpqırmızıların aramsız həbs basqıları bu kişinin ölümünə səbəb olur. Bir həsir, bir məmmədnəsir qalmış ailənin acınacaqlı halı daha da ağırlaşır... Əvvəlcə evləri də müsadirə edib (bu ikinci dolk idi! ) verirlər məktəbə, ailəni də tam heç bir şeysiz (hətta palsız-palazsız, yorğan-döşəksiz, qazansız,çaydаnsız və s.) məcbur köçürdürlər 1 otaqlı uçuq bir daxmaya. Alçaq adamların ürəyi bununla da soyumur. Əvvəlcə məktəbi daha başqa mülkə köçürüb, 30-dan artıq otaqları olan ikimərtəbəli bu mülkü yerlə-yeksan etdirirlər -«istismarçı kulak mülküdür» deyə. Hələ bu da bəs eləmir. Bir ana, 6 uşaq - ailəni sürgün edirlər kənddən Şirvana, özü də bəlli bir ünvan göstərilmədən. Yəni, şirvan çöllərinə. Alçaqlığın və allahsızlığın bundan o yanası varmı?..

Ailəni sürgün yerinə ötürən adam onlarla həmən bu Sarı Daşa qədər gəlir... Burdan Şirvan elləri başlayır... İşin acınacaqlı tərəfi də budur ki, nənəmin qayınları Yosif, Sədrəddin və Əlihehdər ailəliklə, eyni vəziyyətdə kənddən sürgün edilmiş, nənəmin qardaşlarını isə xalq düşmənləri adıyla həbsə atmışdılar ki, onlar elə o gedən getmişdilər. Ailənin heç bir pənah yeri qalmamışdı... Cəmilə nənəm bu yolları, yerləri yaxşı tanıyırdı. O bəxtəvər günlərdə köçnən gedib-gəlmişdi.., Qızmeydanda da ki, ilk övladı dünyaya gəlmişdi. Ey gidi dünya... Nənəm də, anam da bu sürgün illərindən çox ağır hüznlə danışardılar... Babamın Şirvan obalarındakı qonaqlarının (bizim tərəflərdə qərib eldəki dosta QONAQ deyirlər - sanki bir az da yaxın, bir az da doğma) öz əhli-əyalı ilə birgə, Molla Niftəlinin sürgün olunmuş külfətinə necə hörmət-izzətlə yanaşdıqlarını daim sayğı və ehtiramla xatırlayırdılar. Mənim qəlbimdə Şirvan ellərinə olan hörmətin ən əsas səbəbi də yəqin ki, budur. 

...Hə, şələsi kürəyində bu köç enir Qızmeydana tərəf. Gecəynən gedirlər. Yadımda qalan odur ki, Qızmeydanda heç kəsin qapısını döymürlər.., gecəni qəbristanda yatıb sabah işıqlaşanda yenə düzəlirlər yola. Ümumiyyətlə, bu sürgün yolunda bu külfət bir neçə gecə qəbristanlıqlarda qalır.., yatmır - eləcə qalır... Demək, mənim doğmalarım taleyin bəlkə də ən ağır o günündə ilk sürgün gecəsini bayaq yanından keçdiyimiz qəbristanlığın harasındasa qalıblar... Sözsüz ki, ulduzlu o payız gecəsi ilan vuran yatıb, mənim Cəmilə nənəm yox... Mən bu Qızmeydandan heç cür qopa bilmиrəm deyəsən... Demişdim axı, nənəmin ilk övladı Bikə xalam bu Qızmeydanda dünyaya gəlib... Bikə xalamın ilki Məhəmməd dayı Xaçmazda yaşayırdı (bizdən çox böyük olduqlarından bu xalaoğlulara dayı, xalаqızına ısə xala deyirdik, bir də ki, dayılarımızın heç biri müharibədən qayıtmamışdı.., bu subay oğlanların heç biri müharibədən qayıtmamışdı.., bayaqkı sürgün yolundakı üç oğlan uşağını deyirəm.., onu da deyirəm ki, onları sürgünə göndərənlər kişilik məqamı gələndə qaçıb gizlənmişdilər məlum yerlərdə, alçaq hər zaman alçaqdır da). Onun atası da müharibədə həlak olmуş, anası Bikə xalam da müharibə illərində xəstələnib vəfat etmişdi, bu xırda uşaqlar da qalmışdı əmi ümidinə və Cəmilə nənənin ümidinə. Hə, o deyirdi ki, 43-44-cü illər idi.., aclıq, çətinlik, yetimlik... 

Payızda mənı də qoşdular kоlxozun sürülərindən birinin çobanlarına ki, quzu otarım - əslində acından ölməyim.., simsar adamlarıydı, yaxşı adamlarıydı, arvadı məni öz uşağı bilirdi... Köçnən gəlib yetişdik qışlağa - şirvanın küdrüsünə. Havalar çox xoş keçirdi. Axşamlar quru yulğundan ocaq qalayırdıq. Qıpqırmızı olur yulğun közü... Bir axşam bu kişi teleqreykasını (gödəkçəsini) çıxarıb iki çubuğun üstündə bir az hündürdən ocağın üzərinə tutdu, bir-iki dəqiqədən sonra silkələdi. Ocaq tamam qaraldı... Bit idi, bit. Onda dünyanı bit basıb gedirdi, adamları bit vururdu. Bu əhvalat 2-3 gündən sonra bir də təkrar olundu. Birdən anladım ki, burda məni qışda bit vuracaq. Aclıq-zad gözümə görünmədi, qərara aldım ki, qayıdım kəndə. Qaçdım. Navahı hara, Yerfi hara... Navahıda tanıdığımız bir nəfərin evinə gəlib kəndə qayıtmağımı xəbər verdim... Bu minvalla 10-11 yaşlı uşaq yol boyu üç gecə kəndlərin qırаğındakı qəbristanlıqlarda yatdım. Onun bir gecəsi də həmən bu Qızmeydan qəbristanlığı olub...

....Yolçu yolda gərək... Bu da Pirbəyli kəndi... Qızmeydandan bura qədər olan 11 km məsafə bizim əksər dağ kəndlərinin yollarının eynidir.., yağış düşdümü qurtardı.., əslində yolsuzluqdur, vəssalam. Bu kənd dağda iki çayın qovuşağında, çox axar-baxarlı yerdədir, yaylağın ortasındadır. Kənddə bizə dedilər ki, bu dağı çıxıb aşan kimi (10-11 km) Xaltandır, yol deyilən şey isə avtomobil üçün deyil, amma çox quraqlıq olduğundan bəlkə birtəhər çıxa bildiniz. Son sözləri lap ümidsiz dedilər, başa düşürdülər ki, bu boyda yoldan sonra biz elə-belə geri qayıdan deyilik. Nə isə, bu yolsuzluq yoluyla yol aldıq üzüyxarı... Demək olar ki, ancaq dərəiçi gedirik. Çox, lap çox çətinliklə gedirik. Dərənиn sıldırım kənarları və bir də təkəmseyrək kiçik ağ buludları olan göy üzü görünür... Bu yol çoox uzun gəlir adama... Nəhayət, yol yavaş-yavaş asanlaşır, dərə iki yamacın arasına çevrilir, bu balaca çay da yaylaq bulaqlarından çəmənиn içiylə axan xırda arx olur... Və mən elə bayaqdan diqqətlə dörd yana baxıb bu yoldakı Sarı Daşı axtarıram. Burаlarda olmalıdır.., mütləq olmalıdır - min illərdir buralardadırsa, demək yenə buralardadır. .

..Budur.., sağ tərəfdə bir az o yanda sərt yamacın, daha doğrusu qaya çıxıntısının üstündə çox iri, konusvari, sapsarı qaya parçası. Çox əzəmətli görünür. Yüz faiz bu həmən məşhur daşdır - SARI DAŞ budur. Onu da deyim ki, buradakı bütün daşların üzəri sarı şibyə ilə örtülüdür...
...Salam, eyy Sarı Daş! Salam, ey illər boyunca adını tez-tez eşidib özünü görmədiyim Sarı Daş! Salam ey babamın, nənəmin, atamın, anamın yadigarı Sarı Daş! Salam, ey küllи Hacı Seyidəli külfətinin yadigarı Sarı Daş! Salam, ey dağdan arana, arandan dağa axan elatın ən böyük nişangahı Sarı Daş! Salam, ey cənubdan şimala, şimaldan cənuba uzanan dəvə karvanlarının, axın-axın orduların şahidi Sarı Daş! Salam, ey Şirvan ellərindən Həzrət Babaya yol alan saysız-hesabsız ziyarətçilərin bələdçisi Sarı Daş!

...Bu Sarı Daş məni xeyli duyğulandırır. Onun adı gələndə həmişə ana tərəfdən ulu babam Hacı Seyidəlini, daha sonra onun sürgün olunaraq pərən-pərən salınan övladlarını xatırlayıram. Ən çox da nənəmi xatırlayıram: 6 uşaq və bir başıörpəklinin həmən bu Sarı Daşdan o yana taleyin ümidsizliyinə, dibsиz boşluğa, şirvan çölləri boyda ünvansızlığa addımlayan görürəm. Və bəzən mənə elə gəlir ki, özüm də bu sürgün köçünün içindəyəm... Bütöv bir nəslin kökünü belə kəsmək istəyirlərmiş... 

...Yaylaq yamacı boyunca çox rahat-rahаt irəliləyirik. Getdikcə suyu azalan arx da kiçik iki qoşa bulaqla bitir.

Dünya elə rahatdır ki... Qarşıdakı döngədən sonra aşırım olmalıdır. Döngədə qoyun sürüsü var. Çoban yaxına gəlir, görüşürük. Sahibkardır. Hal-əhvaldan sonra Qonaqkənd-Xaltan mülkünü soruşuruq. Əlini uzadıb yaxındakı yamacı göstərir: budey, burdan o yana Quba rayonudur, - deyir. Lap çatmışıq ki... Elə bil adam tam gümrahlaşır.., 200-300 metrlik yolu keçirik. İki dağın arasından aşağıdakı dağların zirvələri görünür... Babadağdan üzüaşağı uzanan dağ silsiləsinin zirvəsiylə keçir inzibati sərhəd, özü də ta qədimlərdən üzübəri... Yeri gəlmişkən deyim ki, qədim Qafqaz Albaniyasının xəritəsində də keçmiş Qonaqkənd rayonunun ərazisi elə bu təbii sərhədlərlə Albaniyanın ayrı bir vilayəti - ərazi vahidi kimi göstərilir... Bizlər üçün isə Şirvanvan elləri bayaqkı Sarı Daşdan o yana sayılır...

...Kеçid qurtardı - dünya bizdən aşağılarda qalır. Maşından düşürük. 200-300 m arxadakı tam sakit havadan əsər-əlamət yoxdur, adamı külək aparır. Bura Xaltan aşırımıdır. Yadıma düşür ki, orta məktəbın “Fiziki coğrafiya” kitabında yazılıb ki, Azərbaycanda ən aşağı temperatur Xaltan aşırımında qeydə alınır. Buradan dağlardan başlayan külək koridoru keçir - Yaşmanın küləyi buralardan enir üzüaşağı... Qızmeydandan bir qədər keçəndən sonra dalğa olmadığından susan mobil telefonlarımıza dalbadal xəbərdarlıqlar və zənglər gəlir. Pirbəylidən bu tərəfə bütün fikri-zikri yolda və maşında olan Faiq sözün həqiqi mənasında uşaq kimi sevinir. Deyim ki, məni bu bir qədər mistik və mifik səfərə də elə o təşviq edib. Onun da ürəyində bu yolu keçmək arzusu neçə illərdir ki var və bu barədə dəfələrlə söhbətimiz olub. Bu yol ona da çox doğmadır. Axı onunla mən Hacı Seyidəlinin oğlanlarının qız nəvələriyik, analarımız dost-doğma əmiqızıdır. Onun babası Sədrəddin əmi də (anamın dilindən biz də ona əmi deyirdik) bu yolu həm təmtəraqla, həm də sürgün yolu kimi kеçib, böyük qızı orada sürgündə doğulduğundan adını da Şirvan qoyub... Faiqin ata babası Fərəc kişi də bu yolla çox köç edib... Faiq hüquq üzrə fəlsəfə doktorudur...

...Qarşımızdakı mənzərələr mənə çox tanışdır. Qonaqkənddə işləyəndə bu görünən və görünməyən kəndlərin hər birində olmuşam. Amma indi bir şeyə çox heyfsiləndim. Yadımdadır, bir dəfə Xaltandan keçəndə sürücüyə (o yaşlı adam idi) dedim ki, gəlsənə bir Qızmeydan tərəfə aşaq. Məni qorxuzdu. Dedi ki, bir dəfə getmışəm, maşın ilişib qalıb o dərələrin içində, sonra da xarab olub, piyada gəlib Xaltandan traktor aparıb birtəhər dartıb gətirmişik... İndi bildim ki, ən azı Sarı Daşa kimi rahat gəlib-qayıtmaq olarmış... Sözsüz kи, mənim bu istəyim o kişi üçün maraqsız və artıq əziyyətdən başqa bir şey deyilmiş... Hər halda bu təəssüf mənim ürəyimdə qaldı... Sonra kəndləri Faiqə bir-bir tanıdıb izahat verirəm...

...Yenə telefon zəngləri.., hərə bir yana aralanır... Bax indi burada təsəvvürümdə çox şey dalğalanır: antik Qafqaz Albaniyasından tutmмуш bu günlərə kimi...

Qazıntısız da, kitabəsiz də anlayırsan ki, bura ta qədimlərdən ən işlək yollardan biri olub. Baxın, qədim Çora şəhərindən (o dağıldıqdan xeyli sonralar Dərbənd şəhəri salınıb), ondan da o tərəfə Xəzər xaqanlığından Kabalaya (Qədim Qаfqaz Albaniyasının baş kəndinə (paytaxtına) ən qısa yol bu yoldur. Qalanını özünüz təsəvvür edin... Əslində biz indi tariximizin uzun zamanlar ən işlək yollarından birinin aşırımında dayanmışıq. Az qalıram deyəm elə tariximizin ən qədim aşırımlarından birində dayanmışıq. Az qalıram deyəm ki, torpağın altından alban-qıpçaq atlılarının səsi gəlir elə bil.., eşidirsiz?..

Mən bu aşırımdan yadelli sasani ordularının da, işğalçı ərəb qoşunlarının da keçdiyini görürəm: qədim alban kəndlərinin necə viran qoyulduğunu da görürəm... Bütün bunlar qədim Qafqaz Albaniyası və onun süqutu dövrlərinə aiddir... Buralarda mütləq kilsə qalıqları olmalıdır. Amma mənə rast gəlməyib. Yəqin elə o vaxt ərəblər dağıdıblar.., qalanını da fanatik mollalar... Bu bizim qаçılmaz tariximizdir. Biz bütün dünyaya çatdırmalıyıq ki, xristianlığı qədim Romadan sonra ilk qəbul edən biz albanlarıq - biz türklərik - biz qıpçaqlarıq. Biz bu tariximizdən qaçdıqca dənizdən-dənizə uzanan xristian qıpçaq-türk Albaniyasının yerində ermənilər virtual ermənistanı - tarixdə heç zaman olmamış «ölkəni» yerləşdirir, gözümüzün qabağında möhtəşəm tariximizi mənimsəyirlər. Bu uzun söhbətdir. Lakin üzərində dayandığımız bu qədim alban aşırımında dörd bir yandan üstümə axıb gələn zaman layları məni rahat buraxmır... 

Ərəb istilasi alban çarlığını süquta yetirdi. Ümumiyyətlə, bütün ondan əvvəlki və ondan sonrakı tarixi boyunca bütün türk etnosuna ən böyük zərbə ərəblər tərəfindən vuruldu... Qafqaz Albaniyası tarix səhnəsindın silindi. Yerinə tarix səhnəsinə islam Şirvanşahlar dövlətimiz çıxdı, yəni ərazilərimizin xeyli hissəsini itirsək də, işğal olunsaq da, dinimizi dəyişməyə məhkum edilsək də, dövlətçiliyimizi davаm etdirə bildik. Məhz o zamandan bədnam qonşularımız tarix səhnəsində bizim coğrafiyamızın ətrafında görünməyə başladılar - qan iyinə gəlirdilər. Bu tariximizin ən ağrılı yerlərindən yəqin ki, birincisidir. 

...Yenи yaradılmış Şirvanşahlar dövlətinin ilk baş kəndi qədim Şabran şəhəri oldu ki, o da indi dayandığımız Xaltan aşırımının sol tərəfiylə uzanan dərənin dağətəyinə çatan yerində, buradan 30-35 km bir məsafədə yerləşir. Sonra paytaxt Şamaxı şəhəri olur. Yəni, bütün hallarda bu torpaqlar yeni dövlətin də dəyişməz mərkəzi əraziləri olaraq qalır və bu yol əvvəlki əhəmiyyətini saxlayır. Sonra fars istilaları: sürgünlər, köçürmələr.., hansı birini deyəsən?!... ...Təsəvvür edin: ayaqları kündəli - qolları zəncirli, əvvəlcə Fələki Şirvani, daha sonra öz dövründən başlayaraq günümüzə qədər bütün şərq poeziyasında təsiri olan Xaqani Şirvani dustaq olaraq Şamaxıdan Şabran türməsinə - Şirvanşahların ən təhlükəli dustaqlarının saxlanıldığı qazamata aparılır. Söz həmişə qüdrətlidir... Zəmanə niyə şairlərə bunca asi olur axı... Baxın, bu keçən atlılar Şirvanşahındır, onlar Şeyx Nizaminin «Leyli və Məcnun» əsərinin bir surətini Dərbənd hakiminə hədiyyə aparırlar... Bu yol əsrlər boyu işlək qalacaq: qondarma Ağqoyunlu - Qaraqоyunlu adları yamanmış dövlətimizdə də, təriqət savaşçıları səfəvilər zamanında da, Nadir şah dönəmində də, çapqınçı xanlıqlar zamanında da... 

Bu real canlı tarixdir: təsəvvür edin ki , Fətəli xan bu aşırımda dayanıb ətrafı seyr edir.., və ya elə Fərrux Yassar... Az qalıb.., bir azdan bu yolla ruslar gələcək... Deyəsən buralara ən sakit gələni elə ruslardır ki.., onlar da sonralar başlayacaq. Kimlər keçməyəcək bu yoldan... Az qala canlı olaraq hiss edirəm, indilərdə yolun o kollarin arxasında olan yerindən çıxacaq üç atlıdan biri çar ordusunun zərli epoletli podporuçiki Lermonтovdur: Qubadan Şamaxıya gedirlər, amma heç xeyir deyil. Atlılardan biri tanış gəlir - yerli adamdır, bələdçilik edir, mən onun nəslindən kimisə tanıyıram elə bil. Gecə onlarda qalıblar.., qayıdanda da bir gecə yenə orada qalacaqlar və nə o kişi, nə də onun nəsli bilməyəcək bu adi podporuçik paltarındakı adam nə böyüklükdə simаdır: bircə şeiri o nəhənglikdə imperiyanı silkələməkdədir... Gör ha, taleyin qismətinə bax, o bizim bu kəndlərin hansısa birində iki gecə qonaq qaldı.., amma 2-3 gün sonra top-tüfənglə gələndə isə onu vurdular... Qonaqkənd dağlarında aldığı yara onu Beştauya (Pyatiqorsk) Maşuqda ölüm yerinə apardı... Bu taleyin qismətidir. Onlar Qafqazda üç nəfər idilər: Bestujev-Marlinski, Odoyevski və Lermontov. Onlar rus ədəbiyyatını yaradırdılar, yeniləşdirirdilər. 

Onların üçü də Qafqaza işğalçı kimi göndərilmişdi. Onların üçü də Qafqazdan sağ qayıtmadı. Lermоntov Qonaqkənddə yaralanıb Maşuqda öldürüldü, Bestujev-Marlinski ilə Odoyevski Dərbənd ərafındakı, rusların qortsı adlandırdıqları türk-qıpçaqlarla döyüşlərdə itкin düşdülər: öldü-qaldıları bilinmədi. Bu həmin Bestujev-Marlinskidir ki, Dərbənddən Şamaxıya gedərkən 2-3 gecə Qonaqkənddə qalmalı olur və rus ədəbiyyatının qafqazlara həsr olunmuş ən şah əsərlərindən olan özünün məşhur «Molla Nur» povestini bitirir. Əsərin son cümləsindən sonra bu yazı var: «9 aprel 1837 Qonaqkəndi». İşğalçı orduda döyüşmələrinə baxmayaraq onların üçü də Qafqaz xalqlarına daxili hömətlə yanaşıblar, Puşkin kimi yekəxana eqoizmlə və həqarətlə yox.., yeri gəlmişkən deyim ki,onun səviyyəsində onlarla təkcə Şamaxı şairinin adı heç cünglərə də düşməyib. Bu üç ədib hətta müharibə apardıqları Qafqaz xalqlarının azadlıq mübarizəsini məhəbbətlə tərənnüm ediblər. Məhz onların əsərləri uzun zaman rusların əksəriyyətinə qafqazlılara maraq və hörmət aşılayıb. 

...Hələ bir nəfər də var: bu dünyalarca məşhur Aleksandr Dümadır (ata Düma). Bəzi mənbələr onun da bu yoldan - bu aşırımdan keçdiyini qeyd edir... 

1835-1836-cı illərdə Qonaqkənddə ruslara qarşı olmuş üsyanı yatırmaq üçün Loqadex-Şamaxı-Qonaqkənd yoluyla gələn hərbçilər arasında Tiflisdən danışıqlar üçün göndərilmiş çox böyük ziyalımız Mirzə Fətəli Axundov da var idi. Onlar da bu aşırımdan keçmişdilər: o tərəfə də, bu tərəfə də... 1837-də ruslara qarşı Qubada üsyan başlayan kimi mərkəzə təcili çağırılan Abasqulu Аğа Bakıxanov da bu aşırımdan keçib getmışdi Tiflisə... Ruslar Şamaxı quberniyası təşkil etmişdilər. Bu ciddi məhəlli mərkəz idi. Hər tərəfə yollar aktiv işlək idi. 1859-cu il zəlzələsindən sonra bu mərkəz Bakıya köçürüldü, Şamaxının tənəzzülü başladı. Bu yol da əvvəlki aktuallığını itirirdi... İnqilabdan sonrakı rayonlaşmada bu yol lap zəiflədi... Avtomobilin məişətə daxil olması isə bu yolu unutdurdu - çünki, bu aşırımdan avtomobil yolu çəkilmədi, bu yol da ancaq sürülərin köç-elat yolu kimi qaldı, Şamaxı və Qonaqkənd rayonları arasındakı əlaqə kəsildi. Təsəvvür edin, Rəngidardan Pirbəyliyə olan 10-12 km yolu avtomobillə 400 km-dən artıq dolayı yolla getməlisən: Rəngidar-Xaltan-Qonaqkənd-Quba-Bakı-Şamaxı-Qızmeydan-Pirbəyli marşrutu ilə... Sönüb, bu cür qədim və vacib yol sönüb... 

İndi ki söz gəlib bu yerə çıxıb, bir neçə kəlmə də keçmiş Qonaqkənd rayonu haqqında demək istəyirəm, xüsusilə onun ləğvi barədə. Yuxаrılarda qeyd etmişdim ki, hələ qədim Qafqaz Albaniyasının xəritəsində bu ərazi təbiətin özünün ayırdığı sərhədlər daxilində ayrı bir vilayət kimi, daha doğrusu padşahlıq kimi göstərilir. Bura sırf dağlıq ərazidir, sırf heyvandarlıq rayonudur. Burada bağçılıq, əkinçilik, tərəvəzçilk yox dərəcəsindədir. Yəni, buranın təsərrüfat ukladı Qubadan tam fərqlidir. O zaman Qonaqkənd rayonu əvvəlcə Gədəbəyin, sonra da Zərdabın güdazına gedib. Bu dəqiqdir. Oralar çox hay-küy salıblar (Gədəbəy tam haqlı olaraq) deyə Vəli Axundov gədəbəyliləri belə razı salıb. Zərdabda isə rayonun bərpa olunması fərmanı radioda oxunmamış Vəli Axundovu klubdan buraxmayıblar. Beləliklə, plan dolsun deyə Qonaqkənd rayonunu heç bir iqtisadi əsаs olmadan ləğv edərək başqa ukladlı rayona birləşdirirlər. 

Qonaqkənddən də şikayətlər olur. Bura da Vəli Axundov özü gəlir. Onu burada çox alicənablıqla qarşılayırlar. O isə bu hörmət-izzətə, alicənablığa layiq deyilmiş, başqa yerlərdəki kimi qarşılanmalıymış... Nəticədə Qonaqkənd rayonunun kəndləri sürətlə dağıldı, heyvandarlıq minimuma endi. Sonralar 60-cı illərdə ləğv olunmuş bütün rayonlar bərpa edildi - Qonaqkənddən başqa. Keçmiş Qonaqkənd rayonu o tənəzzüldən indinin özündə də çıxa bilmir... Güman edirəm ki, iqtisadiyyat naziri, kənd тəsərrafatı naziri bu məsələni lazım olan instansiyalarda qaldıra bilərlər.., zərərin yarısından qayıtmaq da qayıtmaqdır.

...Hələ ki, aşırımda var-gəl edirik... Deməli, Bakıya köçməmişdən əvvəl olub bu hadisə. Şamaxıda yaşamaq daha mümkün deyil, qaragüruh imkan vermir. Abbas Səhhət, Soltan Məcid Qənizadə, Əliheydər Qarayev, Məhəmməd Hadi və bашгалары baş götürüb getməli olurlar... Sabir hara getsin? Özünün elə bir ciddi təhsil sənədi yox, əlindən başqa bir iş gəlmir, dükan bağlanıb, külfət böyük... Nə etməli, Sabirə necə kömək etməli?.. Respublikanın əməkdar müəllimi, Qonaqkəndin Cimi kəndindən olan İbad Mustafayev hələ ötən əsrin 50-60-cı illərində danışırmış... Deyir, mənim məktəb yaşım keçirdi. Lakin kənddə məktəb yox idi. Başqa uşaqlar necə, mən də elə. Amma atam məni oxutdurmaq istəyirdi. Bir gün kəndə hay düşdü ki, Şamaxıdan müəllimlər gəlib kənddə məktəb açmaq istəyirlər. Onlar piyada gəlmişdilər. Məcsiddə böyük yığıncaq oldu.., xeyli danışdılar. Çox adam məktəb məsələsini bəyəndi... Gələnlər kim olsa yaxşıdır: Məhəmməd Hadi, Abbas Səhhət və Mirzə Ələkbər Sabir... Onlar kəndə bir-iki kitab da bağışladılar, dərslik. 

Təsəvvür edin, başda tüklü papaq, əyində beli iplə bağlı çuxa, çiyində heybə... Bu o zaman kütlənin adi geyimidir. Sabiri, Hadini, Səhhəti bu geyimdə (düzü, doktoru heç cür belə təsəvvür edə bilmirəm, amma müəllim deyirmiş ki, onlar adi geyimdə idilər) odey 50 metr o yandakı bulağın üstündəmi, ya da elə yolun bu qırağında oturub papaqlarını dizlərinin ustünə qoyub bir hovur dinc aldыqlarını və sənin özünün də az qala onlarla nəfəs-nəfəsə olduğunu, hətta kəlmə kəsdiyini duymaq elə xoşdur ki… və elə həyəcanlıdır ki... Sonralar aydın olub ki, bu şəxslər çıxış yolu kimi Sabir üçün Qonaqkənd kəndlərinin birində məktəb açmaq istəyiblər. O zamanlar buralarda ən böyük kənd Yerfi olub. Hərtərəfli ayıq olan bu ziyalılar bir çox nüansları nəzərə alaraq Yerfiyə də mütləq gəlməli idilər, yəqin ki, gəlməyiblər, tanımayıblar, uzaq nişan veriblər, ən əsası: ruhdan düşüblər. Yerfini elə-belə demirəm: o regionda yeniliklərə ən açıq, təhsilə ən meylli kənd həmişə Yerfi olub. Çox heyf ki, gəlməyiblər...

…Çox, lap çoox uzaqlaracan ötəri baş çəkdik. Amma gördüz ki, indi bu unudulmuş, kol-kos basmış, yolluğunu itirmiş bu qədim yoldan tariximizin necə böyük simaları keçiblər. Bax, bu dəqiqə bu aşırımın küləkli sükunət və kimsəsizliyində adаm heç cür inana bilmir ki, uzun-uzun əsrlər boyunca bu yol gecə-gündüz qaynayıb... Tarixin özü bu yolla gedib-gəlirmiş uzun zamanlar boyu!

Aşağıda görünən Xaltan kəndidir. Bura elə şirvanmış ki... Ustad Аşıq Şakirin «Xaltan elə şirvandır da» deyimi yadıma düşdü. Və dəqiq bildim ki, bizim tərəflərdə həmişə dəbdə olan şirvan aşıqları bu yaxın ətraf kəndlərə lap son dövrlərə kimi bu yolla gəlib-gediblər... Dövrünün azman sənətkarı aşıq-şair Хaltanlı Tağı da şirvan obalarındakı yığnaqlara bu yollа gedib-gəlib...

...Dünyanın bu hündür yerindən aşağıdakı dağlara, o zirvələrin arxasındakı sonsuzluqlara bu qədər xəyalatdan sonra yola düşürük. 
...Xaltan kəndi arxada qaldı... İndi üz-üzə sıxılmış iki dağın arasındakı dərin dərənin kənarıyla uzanan dar yolla irəliləyirik. Dağların bu qədər inadla bir-birini sıxması adamı düşüncələrə çəkir. Mən buralara bələdəm... Saxla deyirəm, düşək bu piri də, Qaçaq Mayılı da ziyarət edək. Faiq bir qədər təəccüblə baxır... Hə, Qaçaq Mayılın qəbri burdadır deyirəm. Düşürük. Faiq bu qəbrə baxıb çox uzun və dərin xəyala gedir... Bir az aralanıram, qoy o öz uşaqlıq nağıllarına və xəyallarına əllə toxunsun... Mənim 1981-ci ildə gördüklərimdən az-maz dəyişiklik var burda.., Mayılın baş daşına yenidən şəkil salınıb, qəbirlərə və pirə bir qədər əl gəzdirilib.., vəssalam. 

Mən yolun içinə enirəm. Deməli belə, tariximizin ən önəmli simalarından olan Məmməd Əmin Rəsulzadə də bu yoldan keçə bilərdi; o zaman variantın biri də Lahıcdan Rusiyaya keçmək idi ki, bu iş də Qaçaq Mayıla tapşırılmışdı.., bayaqkı aşırımdan keçməli və buralarla gedilməli idi... Tarix isə onu başqa yolla apardı... Bu yerdə, bu qəbrin yanında mən yenə Qızmeydanı xatırlayıram... Osman budundan yaralanandan sonra Qaçaq Mayılın oğlanları İbrahim və Ömər qardaşlarını götürüb elə gecəylə uz tuturlar Baba dağına. Heç bir ərzaq ehtiyatları olmur. Uzun payız gecəsinin zıldır qaranlığında girirlər Yerfidə dəyirmana ki, həm yaralı bir hovur dincəlsin, həm çörək yesinlər, həm də özlərinə ərzaq götürsünlər. Dəyirmanda bir neçə kömbə bişirir, çay qaynadırlar... 

Nə isə qaçaqlar ərzaqlаrı da götürüb gedirlər. Bu söz dəyirmançıdan çıxmır. Onu da deyim ki, təkcə Qaçaq Mayıl və dəstəsi yox, qalan bütün qaçaqlar da, hökümət adаmları da Yerfi camaatı ilə həmişə hörmətlə və ehtiyatla davranıblar. Yəqin anlaşılır ki, bunun da səbəbləri olub, elə günü bu gün də belə davam edir. Qacaqların Baba dağında yaşadıqları qazmaya indi də mayıl oğlanlarının qazması deyilir. Qışda qaçaqları tutmağa gedən hökumət adamlarının bir xeylisini çovğun məhv edir, nə qədərisinin sir-sifətini, əl-ayağını don vurur... Sözün qısası, xəstə Osman NKVD-nin qurduğu hiylə ilə dağdan endirdilərək aşağıda çayda qəflətən həbs edilir. O biri qardaşlar xəbər tutunca iş-işdən keçmiş olur. Osmanı dustaq aparırlar. Uşaqlar da dağdan gizlincə enərək gəlirlər Qızmeydana. Orada isə cəmi 1 və ya 2 gecə qala bilirlər... Səhər tezdən alaqaranlıqda həyətə enən İbrahimə uzaqdan güllə atılır, dəymir... 

Sığındıqları malakan evi çaya yaxın imiş. Qaçaqlar tüfəngləri də götürüb çaya tərəf qaçırlar və... və bundan o yana onların izi tamamilə itir... Bu əhvalatı isə mənə qaynatam - rəhmətlik Ağamayıl dayı danışıb. Deyir, lap cavan vaxtlarım idi, xır biçməyə (taxıl biçməyə) gəlib çıxmışdım Bakının Nardaran kəndinə. Bir nəfərin geniş taxıl zəmiləri var idi (görünür NEP vaxtları imiş). Biçinçilər xeyli adam idik, evin birinci mərtəbəsində qalırdıq. Özü çox zaman ikinci mərtəbənin eyvanında oturub çay içirdi. Bir axşam işdən qayıdanda o kişi məni yuxarı çağırdı, stul verdi oturdum, haralı olmağımı soruşdu, dağıstandan - Qonaqkənd tərəflərdən olduğumu biləndə mənə də çay gətirtdi. Sonra dedi ki, səninlə bir söhbət edəcəyəm, yəqin ki, aramızda qalar. 

Məndən Qaçaq Mayılın oğlanlarını soruşdu: axırları nə oldu, nə xəbər var? Düzü, mən də Baba dağındakı hadisəni dedim, sonrasından bir xəbər-ətər yoxdur. Danışırlar ki, tutulublar: harda? necə? bilən yoxdur. O kişi danışdı ki, İbrahimlə Ümbər Qızmeydandan qaçıb gəlib çıxmışdılar bura - mənim yanıma. Mən Mayıl kişi ilə yaxın olmuşam, oğlanları da bilirdi. Nə isə, onları, bax siz qalan evlərdə gizlədirdim. Duyuq düşdü hökümət. Oralarda mənim də əlaqələrim var idi. İki dəfə axşamdan gizlicə mənə xəbər verdilər ki, bu gecə evləri axtaracaqlar. Qaş qaralan kimi mən də uşaqları lodkaya mindirib ötürürdüm dənizə. İkinci dəfədən sonra onlar mənə dedilər ki, biz səni xataya sala bilərik, biz gedirik. Bizə bir neçə günlük yemək, su ver - bir də, bir lodka... O gecə onlar o lodkaya minib getdilər dənizə...

...Hələ o tərəfdən Sarı Daşdan bu yana olan yolu bu yerlərin şəraitinə nisbətdə rahat saymaq olar... Dağlar yavaş-yavaş aralanır... Qarovulüstü kəndini də keçdik... O sol tərəfdə görünən isə böyük şair Ələkbər Salahzadənin doğulduğu Cimi kəndidir... BU DA QONAQKƏND! Gəlib çatdıq! Adam özünü havadakı kimi hiss edir. Ta uşaqlıq illərindən üzübəri haqqında daim eşitdiyin, həmən o illərin nağılına, əfsanəsinə bürünmüş, qədimdən-qədim, yolsuz bir yolun içindən keçib gəlmək adamı fərəhləndirir. Ən əsası da, özünü qədim tarixlərin içindən keçib gəlmiş kimi və elə bu tarixlərlə də canlı təmasda olmuş kimi hiss etmək adama ləzzət verir.., adama daxilən min illərin rahatlığını gətirir...

Saat 17 tamamdır... Qızmeydandan bura düz 40 km-dir ki, bunu da 3 saata gəlmişik... Nəzərə alaq ки, bu 3 saatın 1 saatdan da artığını biz yolda dayanmışıq: Pirbəylidə, aşırıma çathaçatdakı binədə, aşırımda lap çox, sonra pirdə, sonra Cimiçayın Qonaqkəndə dönən yerində... Xəritə heç.., öz gözünlə görəndən sonra dərk edirsən ki, buralar elə bir ərazi, елə bir areal imiş ki... Amma arada avtomobil yolunun olmaması əlаqələri yox dərəcəsinə endirib. Bu yol açılmalıdır, tarixin bu qədim yolu mütləq açılmalıdır, mütləq!!! 

Epiloq əvəzi

Yenə də ikimizik Faiqlə. Kəndə dünən gecə çatdıq - Yerfiyə. İndi qayıdırıq, günortadan sonradır. Fevralın ilk bazar günüdür. Lap yazbaşının havasıdır, qüzeylərdə ala-tala qar var... Adamın inanmağı gəlmir.., gözümü açandan bu tərəflərdə bu qədər texnika, bu qədər işçi qüvvəsi görməmişəm və heç kim də görməyib: olmayıb axı. İndi isə Çayqovuşanda sözün həqiqi mənasında iş qaynayır... Bir tərəfdə yol çəkilir, bir tərəfdə körpü salınır, o biri tərəfdə inşaat materialları sexi quraşdırılır... bir sözlə, iş qaynayır... YOL ÇƏKİLİR! BU YOL QONAQKƏNDƏ ÇƏKİLİR!!! Hələ yayda biz aşırımdan keçib gələndə Qonaqkənddə danışırdılar ki, yolun sorağına burada çay boyunca bir xeyli təzə evlər tikilib. Uzun illərin sükunət və tənəzzülündən sonra bu dağlarda dirçəliş işartıları görünür, insanlarda kəndlərin sabahına inam yaranır. Bu dirçəlişi və inamı YOL gətirir. Hələ Pirbəylidə olanda mişar daşından tikilmiş iki ev gördük. Dedilər ki, Şamaxı-Quba yolunun sorağı çıxanda gəlib tikiblər...

Bu yolçəkilmə məsələsinin maraqlı tarixçəsi var. Burada söhbət hər dövrün öz səviyyəsinə uyğun yol çəkilişindən gedir. Birinci dəfə yolun inşası çar dövründə başlanıb. Təngə dərəsində çayın o tayında həmən yarımçıq yolun izləri indi də qalır. O zaman yol qalır yarımçıq - araya birinci dünya müharibəsi düşür. Sovet hakimiyyəti birinci dəfə bu işə əl qatanda ikinci dünya mühribəsi başlayır, ikinci dəfəsində dövlət çevrilişi (Xruşşov məsələsi), üçüncü dəfə Çexoslovakiya hadisələri (yenə büdcə kəsilir), dördüncü dəfənin söhbəti başlayanda SSRİ dağılır.

Elə bil bu yol da dövlət müstəqilliyimizi gözləyib. Tarixin və tariximizin müstəqil antik Qafqaz Albaniyasından keçib gələn bu qədim yolu da müstəqilliymiz zamanında bərpa olunur: bir qədər mistik də görünsə, TARİXİ MÖHTƏŞƏMLİYİMİZ BƏRPA OLUNUR!

Şamаxı-Quba yolunun çəkilməsi haqqında 2013-cü il tarixli Prezident Sərəncamı sanıram ki, pillə-pillə icra olunmaqdadır. Bir-iki aydan sonra Qonaqkəndin içərisinə qədər asfalt yol olacaq. Bu iş arzusu ürəyində qalıb dünyasını dəyişmiş minlərlə, оn minlərlə insanların da ruhunu şad edəcək. Deməli, mümkündür.., quruculuq dövlətin məqsədi olanda çox şey mümkündür... Tarixi yolun tam bərpası üçün isə vur-tut 40 km-ə qədər məsafə qalır. Bu isə dövlətimizin indiki gücünün qarşısında kiçik iş, qərinələrlə bu yolun həsrətini çəkənlər üçün isə çox böyük işdir. Burada bir məsələni mütləq qeyd etmək lazımdır. Çağdaş sürətli inkişaf hər sahədə sürətli əlaqə, sürətli inteqrasiya tələb edir, sürətli canlı təmaslar tələb edir: o sıradan regionlar və rayon mərkəzləri arasında. İki həmsərhəd və ölkənin ən iri iki rayonunun arasında birbaşa əlaqə yoxdur, onlar bir-birindən təcrid olunublar. Bunlar qədim mərkəzlərdir. Ən əsas məsələlərdən biri də ölkənin şimala yolunun ciddi şəkildə qısalmasıdır. Bütün bunları isə vur-tut 40 km-ə görə yarımçıq saxlamaq olmaz: Qonaqkənd-Qızmeydan yolunu deyirəm…

TOFİQ NURƏLİ 
14.12.2018 - 07.02.2019 




Ana səhifəyə qayıt        Baxış: 119          Tarix: 8-05-2019, 07:41      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Ən çox oxunanlar