Xəbər lenti

 

 

 Bir müddət əvvəl Salyan rayonunda yaşayan iş adamı Elşən Cabbarovun şərlənərək tutulması ilə bağlı məlumat vermiş, onun atası Mürsəl dayının şikayəti əsasında hadisəni araşdırmışdıq. Bu gün Mürsəl dayı Prezident İlham Əliyevə oğlunun qanunsuz həbsi ilə əlaqədar məktub göndərib. Şikayət məktubunun bir üzünü bizə də göndərən ağsaqqalın xahişini nəzərə alıb onu dərc edirik:

 

"Azərbaycan Prezidenti İlham Əliyev cənablarına,

Surətləri:

Azərbaycan Respublikasının I vitse prezidenti Mehriban xanım Əliyevaya,

Azərbaycan Respublikasının DİN Vilayət Eyvazova,

Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova

Salyan rayonu, 20 Yanvar küçəsi, ev 14, mənzil 16 ünvanında yaşayan Cabbarov Mürsəl Cabbar oğlu tərəfindən

Şikayət məktubu

Hörmətli Prezident!

Mən uzun illər Salyan rayonunun Ağsaqqallar Şurasının üzü olmuşam. Rayon əhalisinin və rəhbərliyinin mənə həvalə etdiyi bu məsuliyyətli işi bacardığım qədər ədalətlə aparmış, hər zaman mərhum Prezidentimiz Heydər Əliyevin və onun siyasi varisi kimi Sizin siyasətinizi canü-könüldən dəstəkləmişəm. Sizə bəslədiyim bu rəğbət, təbii ki, əsassız olmayıb. Hər zaman Sizin və atanızın ədalətli ölkə başçısı, müdrik və uzaqgörən siyasətçi, islahatçı lider olduğunuza inanmışam. Uzun illərin təcrübəsi mənim Sizlər barədə yanılmadığımı təsdiqləyib. Mərhum Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan paramparça olmaqdan qurtulub, şəxsən Sizin iqtisadi, sosial və siyasi islahatlarınızla isə böyüyüb, dünyanın inkişaf edən dövlətlərindən birinə çevrilib.

Cənab Prezident!

Sizin uzun illərə söykənən böyük siyasi təcrübələriniz və fəaliyyətiniz barədə nə qədər yazılsa, azdır. Dəyərli zamanınızı almaq istəmədiyimdən birbaşa mətləbə keçmək istəyirəm.

Yəqin Sizə də sirr deyil ki, apardığınız quruculuq fəaliyyəti və islahatlar xarici və daxili düşmənlərinizi həmişə narahat etmişdir. Məkrli düşmənlər bu böyük işlərə kölgə salmaq üçün əksər zamanlarda yürütdüyünüz siyasətin nəticələrini heçə endirməkdən, öz bəd niyyətlərini həyata keçirməkdən çəkinməmişlər. Bəzən məhz bu səbəbdən atdığınız bir sıra mütərəqqi addımlar istənilən nəticəni verməmişdir.

Sizin xüsusilə korrupsiya və rüşvətxorluğa qarşı mübarizəniz xaricdəki və daxildəki anti-milli ünsürlər kimi, hakimiyyətdəki nankor məmurların da işinə gəlmir. Onlar hər vəchlə sovet hakimiyyəti illərində alışdıqları vərdişlərini davam etdirmək istəyirlər. Bunu Sizin özünüz də dəfələrlə keçirdiyiniz müşavirə və toplantılarda həmin insanların üzünə demiş, korrupsiyaya bulaşmış məmurları cəzalandıracağınızı bildirmişsiniz. Məni bu məktubu yazıb dəyərli zamanınızı almağa vadar edən də elə həmin acgöz məmurlardır.

Cənab Prezident!

Sizin məmur özbaşınalığına qarşı mübarizəniz hər kəs kimi bizim ailəni də sevindirmişdir. Biz də ölkəmizin daha gözəl gələcəyi uğrunda mübarizəyə girişən rəhbərimizi tək buraxmaq istəməmiş, əlimizdən gələni əsirgəməmişik. Xüsusilə övaldım Cabbarov Elşən Mürsəl oğlu məmur özbaşınalığına qarşı səbrsiz olmuş, bir çox hallarda polis basqısıyla üzləşmişdir. Amma ölkəmizin milli maraqları, rayonumuzun şərəf və ləyaqəti, ali siyasi rəhbərimizin korrupsiyaya qarşı mübarizəsini dəstəkləmək naminə öz mövqeyindən  geri çəkilməyən Elşən Cabbarov sonunda, sizin məşhur təbirinizlə desək, “qudurğan” məmurların qəzəbinə uğramışdır. O, artıq 8 aydır ki həbs olunaraq, Kürdəxanı təcridxanasında saxlanılır.

Barəsində Cinayət Məcəlləsinin 29, 178.3.2, 182.3.2 və 296.2-ci maddələri ilə cinayət işi açılan və hazırda dəlil yetərsizliyi səbəbindən müxtəlif bəhanələrlə istintaqı uzadılan oğlumun yeganə günahı isə ondan qeyri-qanuni tələb edilən rüşvəti verməmək olmuşdur. Elşən bu məmur özbaşınalığına qarşı mübarizəsini təkcə özüylə yekunlaşdırmamış, rayondakı bir sıra sahibkarların da haqqını müdafiə etmişdir. Oğlumun bu cəsarətli və haqlı mövqeyini həzm edə bilməyən yerli hüquq mühafizə orqanları, o cümlədən Salyan polisinin rəhbərliyi, bəzi şəxsləri onu üzünə durdurmuşlar. Qondarılan ssenariyə görə, guya, oğlum bəzi iş adamlarını və dövlət məmurlarını şantaj edərək külli miqdarda mənfəət əldə etmişdir. Azərbaycan reallığında bu cür şantaj əməllərinin sadə bir iş adamının boyunu aşdığını, iri məmurların əməli olduğunu nəzərə alsaq, oğlum barədə verilən həbs qətimkan tədbirinin və aparılan istintaqın tamamilə qərəzli olduğu ortaya çıxır.

Oğlumun həbsindəki qərəzi digər faktlar da isbatlayır. Belə ki, onunla eyni cinayətdə ittiham olunan bütün şübhəlilər azadlığa buraxıldığı halda, Elşən hələ də Kürdəxanı həbsxanasında ədalətin bərqərar olmasını gözləyir. Halbuki, mənim oğlum II dərəcəli Qarabağ əlili kimi daha çox bu haqqa sahibdir. Ən azı ona görə ki, Qarabağ döyüşlərində başından güllə yarası alan Elşənin əsəbləri, psixi vəziyyəti səbəbsiz yerə üzləşdiyi bu ədalətsizliyi qaldıracaq gücdə deyil.

Cənab Prezident!

Oğlum Elşənin ədalətsiz həbsi ömür-gün yoldaşımın da səhətinə mənfi təsir göstərir. Artıq 5 ildir ki, yataq xəstəsi olan yoldaşımın vəziyyəti bu həbsdən sonra daha da ağırlaşdı. Günahsız oğlunun xiffəti çəkən ana ürəyinin bu dərdə nə qədər dözəcəyi isə bəlli deyil.

Azərbaycanın dəyərli övladının, vətən uğrunda sağlamlığını, həyatını qurban verməkdən çəkinməyən partiotunun başına gətirilən bu müsibətlər gənc nəslin hərbi-vətənpərvərlik ruhunda yetişdirilməsinə də mane olur. Odur ki, Ali Baş Komandan kimi, Sizin bu haqsızlığa laqeyd qalmayacağınıza inanıram.

Elşən həm də 4 uşaq atasıdır. Böyük ailəsi və qayğıları var. Ən kiçik oğlu 6 yaşındadır. İki övladı – qızı BDU-nin 4-cü, oğlu Mürsəl isə 1-ci kursda oxuyur. Digər qızı 10-cu sinif şagirdidir. Elşənin həbsindən sonra ailə Bakıya köçüb, orda kirayədə yaşayır. Bu qədər sosial problemlər içərisində çabalayan ailənin faktiki olaraq başsız buraxılması Sizin apardığınız mütərəqqi islahatlara kölgə salmaq məqsədi daşıyır, vətəndaşları öz dövlətindən və rəhbərindən soyutmağa xidmət edir.

Ümidvaram ki, bütün bu amilləri nəzərə alıb oğlumun işini öz nəzarətinizə götürəcək və ona ədalətli baxılmasını təmin edəcəksiniz. Məndə bu inamı yaranmasında sizin son zamanlar arardığınız hüquqi islahatların da önəmi payı var. Arzu edərdim ki, Salyan Ağsaqqallar Şurasının keçmiş üzvü kimi hər yerdə təriflədiyim ölkə rəhbərimizin ədaləti və hüquqa hörməti bizim də qapını döyəcək.

 Hörmətlə:  Mürsəl Cabbarov"




Ana səhifəyə qayıt        Baxış: 528          Tarix: 1-07-2019, 21:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma