Xəbər lenti

 

Ermənistanın baş naziri Nikol Paşinyanın adından saxta olduğu iddia edilən məktub yayılıb. Həmin məktubda Yerevan rəsmisi NATO-nun Baş katibi Yens Stoltenberqə müraciət edərək alyansla sıx əməkdaşlıq etməyə hazır olduğunu, ancaq bunu Qarabağ münaqişəsinin əngəllədiyini vurğulayıb. Bundan başqa, məktubda Nikol Paşinyan işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən Ermənistan qoşununu çıxaracağına boyun olub. “Ermənistanın NATO ilə yaxınlaşması yolunda başlıca maneə erməni qoşunun Azərbaycanla mübahisəli torpaqlarda olmasıdır. Bu maneə bir il ərzində aradan qaldırılacaq”, - deyə saxta olduğu iddia edilən məktubda bildirilib. Bu məktub iyulun 1-də Artur Qriqoryan adı altında bir nəfərin şərhi ilə “Ermənistanda inqilab qaçılmazdır” başlığı altında “Gosnews.ru” saytında yerləşdirilib. 

Yeri gəlmişkən, Nikol Paşinyanın mətbuat katibi məsələyə hələlik münasibət bildirməyib. Ermənistanın Xarici İşlər Nazirliyi isə məktubu “saxta” adlandıraraq əlavə şərh verməkdən imtina edib. Milli Təhlükəsizlik Xidmətinin mətbuat katibi Samson Qalstyan hadisədən xəbərdar olduqlarını deyərək açıqlama verməyib. Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanesyan saxta olduğu iddia edilən məktubu yayanın iyulun 4-də tutulduğunu bildirib: “Söhbət “ԴուխովՀայաստան Open Society”da (“Açıq Cəmiyyət”) dezinformasiya yayandan gedir”. Artur Vanesyan əlavə edib ki, saxlanılan şəxsə qarşı irqi, dini və milli nifrət yaymaqla əlaqədar cinayət işi başlayıblar. Ötən gün Nikol Paşinyan hökumətin iclasında Vanesyana bəzi qüvvələrin həqiqətəuyğun olmayan informasiyalar yaymağa cəhd gösərdikləri ilə bağlı müraciət etmişdi.

Əslində, yayılan məktub saxta olsa belə, bir sıra məsələlərin üzünə işıq salıb. Bütün dünyaya bir daha məlum oldu ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi və 7 rayonunda yerləşdirilib. Başqa sözlə, Ermənistan işğalçı dövlətdir. Bu dövlətin Qərbdəki bir sıra qurumlara, o cümlədən NATO-ya inteqrasiya olunmasında ciddi problemlər var. Bu maneələrin başında isə Ermənistan qoşunlarının Azərbaycan torpaqlarında yerləşdirilməsidir. Yeri gəlmişkən, NATO münaqişəylə bu və ya başqa şəkildə əlaqəsi olan ölkələri üzvlüyə qəbul etmir. Bununla belə, ərazilərində münaqişə olan keçmiş sovet respublikaları - Ukrayna, Gürcüstan, Moldova, o cümlədən Azərbaycan və Ermənistan hərbi-siyasi alyansın tədbirlərində iştirak edir. Belə ki, 2018-ci il iyulun 11-12-də Belçikanın paytaxtı Brüsseldə NATO-nun 29-cu zirvə toplantısında alyansa üzv olan və olmayan 54 ölkənin təmsilçiləri, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak ediblər. Hətta NATO sammiti çərçivəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Zohrab Mnatsakanyan arasında görüş keçirilmişdi. Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak etmişdilər. Bu onu göstərir ki, NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin həllində maraqlıdır.

Bu arada bir neçə ay əvvəl NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı (SACEUR) general Körtis Skaparotti Azərbaycanın nümayəndə heyəti ilə görüşdə ölkəmizin alyansın etibarlı tərəfdaşı olduğunu xüsusi qeyd etmiş, ölkənin terrora qarşı mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yükdaşımalara önəmli töhfə verdiyini, Əfqanıstanda həyata keçirilən əməliyyatlarda göstərilən peşəkarlığı yüksək qiymətləndirmişdi. General həmçinin NATO-nun Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəklədiyini bildirərək alyansın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu diqqətə çatdırmışdı. NATO-nun siyasi-hərbi blok olduğunu və münaqişənin həllinə maraq göstərdiyini nəzərə alsaq, alyansın qoşununun bufer zonada yerləşdirilməsinin mümkünlüyünü də ehtimal etmək olar. Saxta sayılan xəbərdə bu da vurğulanır. Belə çıxır ki, Ermənistanda da bunu istəyənlər var. NATO-nun sülhməramlıları yerləşdirilərsə, o zaman Rusiya hərbçilərinin Qarabağda dislokasiya olunması ikinci plana keçir. Görünür, Ermənistanda da münaqişənin həllində Rusiyanın iştirakını istəməyənlər az deyil. O zaman Ermənistanın indiki hakimiyyətinin Moskva ilə münasibətlərində “dostluq”, “qardaşlıq”, “strateji müttəfiqlik” kimi ifadələr, xoşməramlılıq barədə verilən bəyanatlar saxtadır. Cəmiyyət Ermənistan qoşunlarının işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən çıxarılmasını istəyir. Əslində, NATO-ya müraciətlə bu prosesə mane olanın da təsviri verilib. 

Tutaq ki, bu, heç Nikol Paşinyanın müraciəti deyil. O zaman yayılan məktubu diqqətdənkənar saxlamaq olar? Əlbəttə yox. Bu məktubu qonşularla daim münaqişə vəziyyətinə salınan, qonşularda özünə ancaq düşmən axtaran, məzlum obrazı yaradılan, yoxsul vəziyyətdə olan, münaqişədən, qaçqınlar problemindən bezən, başqa dövlətlərin maraqlarının ifaçısı rolunda olmaqdan yorulan Ermənistan ictimaiyyətinin sifarişi kimi də qəbul edilə bilər. Bu məktub Ermənistan ictimaiyyətinin Qarabağdakı erməni icması liderlərinə qarşı etiraz çıxışı da sayıla bilər. Son 20 ildə Ermənistanı bu icmanın təmsilçiləri idarə edib. Yeni cəmiyyət qurmaq istəyən Ermənistanda vəziyyət bu icmanın əli ilə gərginləşdirilir. Məktub saxta olmasa, vəziyyət necədir? Onda demək olar ki, Ermənistanın təhlükəsizlik sistemi işləmir. Qeyd edək ki, 2018-ci il sentyabrın 11-də Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanesyanla xüsusi istintaq xidmətinin başçısı Sasun Xaçatryanın Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın, Ermənistanın sabiq müdafiə naziri Mikael Arutyunyanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi Yuri Xaçaturovun cinayət işləri ilə bağlı müzakirələr etdikləri telefon danışığı yayılmışdı. Onda Nikol Paşinyan bu danışığın olduğunu təsdiqləmişdi. Bu baxımdan ehtimal etmək olar ki, həmin məktub mövcud olub, ancaq hakimiyyət təkrar informasiya sızması qalmaqalından yayınmaq üçün bu paylaşımı “saxta” sayıb. Bir versiya da mümkündür. Xəbərin yayılmasında Ermənistan hakimiyyəti maraqlıdır. Ehtimal etmək olar ki, rəsmi Yerevan bununla ölkə cəmiyyətinin, dost və düşmənlərin münasibətini öyrənmək istəyib.

Beləliklə, bir məktub saxta sayılsa belə, əslində, hədəfə vurub. 




Ana səhifəyə qayıt        Baxış: 403          Tarix: 4-07-2019, 16:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma