Xəbər lenti

 Təkcə üzümü irəli tutub xoş sabaha doğru iri addımlarla getməyi xoşlayanlardan deyiləm. Eyni zamanda arada bir dayanıb geriyə baxmağı da xoşlayıram. Arxada buraxıb gəldiklərimi dərindən təhlil edib öyrənmək üçün, harada, nə zaman kiminlə tanış olmuşam, necə yoldaşlıq etmişəm və bu yaxınlığın həyatımda buraxdığı izlər.... Harada doğru, harada yanlış yapmışam və sairə. Hər geriyə dönüb baxdığımda uşaqlıq dostlarım, şagird yoldaşlarım kimi, tələbə yoldaşlarımı da şirin duyğularla xatırlayıram. Tələbə həyatına başladığımız ilk günlərdən diqqətimi çəkənlərdən biri də Qvami Məhəbbətoğlu (Rəsulov) idi. O, dərin savadı, hərtərəfli biliyi və yüksək intellekti ilə çoxumuzdan fərqlənirdi. Bəs kimdir Qvami Məhəbbətoğlu?  O, 1959-cu ildə Quba rayonunun Alpan kəndində müəllim ailəsində dünyaya göz açıb. 1976-cı ildə həmin kənddə orta məktəbi bitirib. 1980-86-cı illərdə Azərbaycan Dövlət Universitetində təhsilini davam etdirib. Həyatının 18 ilini Səttarxan adına maşınqayırma zavodunda çalışıb. O, bu zavodda adi fəhləlikdən başlayaraq zavod həmkarlar İttifaqı komitəsinin sədrliyinə qədər yüksəlib. Qvami Məhəbbətoğlu orta məktəb illərindən başladığı yaradıcılıq yolunu bu zavodda da uğurla davam etdirib. Belə ki, bu zavodda çıxan “Qabaqcıl texnika uğrunda” qəzetində onun müxtəlif səpkili yazıları (məqalə və şeirləri) dərc olunub. İstedadlı jurnalist 1997-ci ildən etibarən isə mütəmadi olaraq dövri mətbuatda şalışır. O, bir müddət “Hürriyət” qəzetində müxbir kimi fəaliyyət göstərib, 16 il isə ara vermədən “Zaman-Azərbaycan” qəzetində müxbir, şöbə müdiri, həmçinin “Çempion”da redaktor müavini, “Yeni Avaz” da müxbir kimi çalışıb.. 2018-ci ildən isə “İki sahil” qəzetində fəaliyyət göstərir. Qeyd edim ki, onun təkcə adlarını sadaladığımız qəzetlərdə deyil, həm də respublikamızın müxtəlif qəzet və jurnallarında da maraqlı məqalələri çap olunub. Yeri gəlmişkən, Qvami Məhəbbətoğlu Azərbaycan Respublikası Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi ayrı-ayrı müsabiqələrin dəfələrlə qalibi olub və buna görə mükafatlandırılıb. O, həmçinin Heydər Əliyev Mərkəzinin təşkil etdiyi müsabiqələrdən birində qaliblərdən biri olub. Məgər Qvami Məhəbbətoğlu yalnız jurnalistdirmi? Xeyr, o həm də gözəl yazıçı və şairdir. Onun 2011-ci ildə çap olunan “Hərdən gülməyim gəlir” adlı ilk kitabı oxucuların diqqətini cəlb edib. Bu kitabda toplanan məqalələr, felyetonlar, satirik şeirlər, təmsillər, dadlı-duzlu lətifələr, deyimlər və söz oynatmaları istedadlı yazarın real həyat hadisələrinə yanaşma manerasından və sənətkarlıq üslubundan xəbər verirdi. Dövrünün, zamanının, yaşadığı həyatın eybəcərliklərini, çatışmazlıqlarını yumoristlik bir dillə, Mirzə Cəlilsayağı təsvir edən qələm sahibi oxucusunu güldürə-güldürə düşündürür, düşündürə-düşündürə isə güldürürdü. Bununla da Mirzə Cəlil irsinin layiqli davamçılarından olduğunu göstərdi. Qvami Məhəbbətoğlunun bu əsərindəki dilinin canlı xalq dilinə bağlılığı, oynaqlığı, əlvanlığı və obrazlılığı hər kəsi sevindirir və ürəklərdə ona qarşı böyük ehtiram hissi oyadır. İstedadlı yazarın bu əsərində çap etdirdiyi satirik şeirləri də diqqətə layiqdir. Baxmayaraq ki, bu şeirlərin əksəriyyəti M.Ə.Sabirin, Füzulinin, Əli Nəzminin, Vahidin, Rüfət Əhmədzadənin, Hüseyn Nadirin, Baba Pünhanın şeirlərinə yazılmış nəzirələr olsalar da, hər biri ayrı-ayrılıqda zamanının eybəcərliklərini sərt, lakin şirin bir dillə qırmanclayan dövrünün ən orijinal şeirləridir. Qvami qardaşımın 2017-ci ildə qələmə aldığı “Rüstəm Rəhimov: Bu mənim alın yazımdır” adlanan ikinci kitabı mövzusuna görə birinci kitabından fərqlənsə də, o bu kitabında da öz yaradıcılıq üslubunu dil baxımından təkcə qoruyub saxlamayıb, daha da inkişaf etdirib. Azərbaycan futbolunda öz sözünü demiş Rüstəm Rəhimovun həyat və yaradıcılığını avtobioqrafik bir dillə əks etdirməklə böyük uğur qazana bilib. Həmin kitab həm azərbaycan, həm də rus dillərindən çap olunub. Qvami Məhəbbətoğlu hazırda “Bibimin madonna servisi” adlı növbəti kitabını çapa hazırlayır. İnanırıq ki, bu kitabı da birinci və ikinci kitabları kimi uğurlu olacaqdır. AYB-nin və AJB-nin üzvü olan bu yazar qardaşım artıq 60-ı haqlayıb. Onu bu münasibətilə ürəkdən təbrik edir və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

 Ələsgər Talıboğlu,

Şair-publisist, AYB-nin üzvü,

Məmməd Araz mükafatı laureatı.

 19.06.2019




Ana səhifəyə qayıt        Baxış: 384          Tarix: 15-07-2019, 14:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma