Xəbər lenti

   Bu gün - iyulun 25  şair Nəriman Zeynalzadənin 65 yaşı tamam olur.
Nəriman Zeynalzadə--1954-cü ildə Naxçıvan MRŞərur rayonunun Yaycı kəndində doğulub. 1969-cu 
ildən yerli və respublika mətbuatında məqalə, şeirvə publisist yazıları ilə çıxış edir. "Araz-1", "Araz-2","Qoy tanısın dünya səni" və "Avrasiya şairləri"almanaxlarında şeirləri dərc edilib. "Daş Yaycım",
"Ələsgər həkim", "Sən bu şəhərdə doğulmamısan","Bu Vətən mənə dar gəlir"   kitablarının müəllifidir."Gözünün yaşını kirpikdə saxla" və "Dərələyəz mahalının Yaycı kəndi" kitabları çapa hazırlanır.Naxçıvan Dövlət Pedaqoji Universitetini bitirib.

     "Ovqat.com" Nəriman Zeynalzadəni 65 yaşının tamam olması münasibətiylə təbrik edir,şairə yaradıcılıq uğurları arzulayır

ÖMRÜMÜ BANKLARA GİROV QOYMUŞAM

Ömrümü banklara girov qoymuşam,
Bankir hər günümdən faizin çıxır.
Qalmadı əlimdə güllü yaz ömrüm,
Solmuş çiçəklər də payızın çıxır.

Zor zəmanəsidir, haqlar tapdanır,
Bu Vətən hələ də ədalət deyir.
Zamanın küləyi saçımı sayır,
Divardakı saat hesabat verir.

Quş qanadlı illər ömürdən uçdu,
Gəldi 65 -im, ömür daraldı.
Ürəyimdən keçən, qəlbimdən keçən,
Arzular yorulub yollarda qaldı...

Xatirə yazdığım divara - daşa,
Hələ də əlimdə çöp qaşıyıram.
Bitib- qurtarmadı tikdiyim yuva,
Leylək dimdiyində çöp daşıyıram.

12.07.2019

   QALMADI ƏLLƏRDƏ DARAQDA GETDİ

Dəcəl uşaqlardıq, gəzdik saymaza,
Qənim kəsilmişdik yaşıl ağaca,
Ətcə balaları çatmazdı yaza,
Neçə quş yuvası budaqda getdi.

Qızlar gələrdilər bulağa qoşa,
Sığal verərdilər gözlərə-qaşa,
Hər gün gözləməkdən dönərdik daşa,
Gözlərin qarası bulaqda getdi.

Eşqimiz odlanıb qəfil oyandı,
Vurulduq gözələ gözümüz yandı,
Dilimiz, ağzımız, sözümüz yandı,
Sevgi nəğmələri dodaqda getdi.

Ömrün gözəlliyi otuz yaşında,
Ayaqyalın gəzdik çınqıl- daşında,
Laləli, nərgizli bulaq başında,
Keyfimiz, nəşəmiz araqda getdi.

Oxşayıb darardıq qara saçları,
Gündə neçə kərə yana saçları,
Daraya bilmirik daha saçları,
Qalmadı əllərdə daraqda getdi.

19.04.2019

VƏ BƏLKƏ DƏ DAŞ QADIN...

Arzu Rüstəmə

Həsrət gözlərinə qonub,
Baxışların, gözlərin donub,
Səni bir heykəltaraş yonub,
Sinənə yazılan adın,
Və bəlkə də daş qadın...

Sualdır baxışların,
Nidası yox,
Aparan bir çaydır səni,
Adası yox,
Yetimdir bu dünya,
Anası yox.
Unudub doğmaların, yadın,
Və bəlkə də daş qadın...

Tökülən qəm gözlərindən,
Bir kimsənin görməyən 
Nəm gözlərindən,
İçinə axan yaş qadın,
Və bəlkə də daş qadın...

27.01.2019


ÜZÜM YAMAQ GÖTÜRMƏDİ

Əynimdədir yol paltarım,
Heç olmadı toy paltarım,
Yamaxlıydı pal- paltarım,
Üzüm yamaq götürmədi.

Hey axıtdım tər sözümə,
Yiyə durdum hər sözümə,
Çırpılmadı söz üzümə,
Sözüm yamaq götürmədi.

Həyatımın hər çağında,
Soyuğunda, sazağında,
Külü oldum ocağımda,
Közüm yamaq götürmədi.

Həyat burdan ora qovdu,
Əyilmədim, dözüm oldu,
Dünyaya tox gözüm oldu,
Gözüm yamaq götürmədi.

24.12.2018

PAYIZA YAZILMIŞ SONUNCU ŞEİR

Düşür budaqlardan sarı yarpaqlar,
Gətirir dumanı, çəni göy üzü.
Payız yarpaqları həsrət, ayrılıq,
Barmaqdan atılmış nişan üzüyü.

Qızılı yarpaqlar ayaqlar altda,
Əzilər, sızlayar, donər acılar.
Paltarın soyunmuş bir qadın kimi,
Yer tapmaz gizlənə çılpaq ağaclar.

Vida nəğməsidir durna qatarı,
Payız küləkləri notların yazar.
Dəstədən geridə qalan bir durna,
İtirər yolunu dumanda azar...

Dumandan biçilmiş, çəndən biçilmiş,
Ayrılıq paltarın əyninə geyir.
Saçları dağınıq, gözləri yaşlı,
Payıza yazılmış sonuncu şeir.

30.10.2018



SƏRXOŞAM


Eşqdən yanmasa sinəsi,
Bir şərab şüşəsi,
Sərxoş etməz badəni.
Eşq badəsidir,
Qaranlıqda yanan şam,
Mən eşq şərabından sərxoşam,
Şərab sərxoş etməz məni.

Vücuduma hopub
Eşq şərabının nəşəsi,
Tərk etməz məni.
Atəşindən yandırsa da dodaqlarımı,
Səndən özgəsi ala bilməz
Kimsə əlimdən badəni.

27.10.2018

 ALNIMIN SOYUQ TƏRİNİ SİLİRƏM

...Bu da bir stəkan 
İsti çayın çıxartdığı yorğunluq,
Alnımın soyuq tərini silirəm.
Yan-yana oturan,
Masa yoldaşlarım
Yorğun gümanlardı.
Hava qatarı keçir
Başımın üstdən,
Qatarda qərib durnalardı.

Saytlar yazır ki,
Filan məkanda,
Fılan saatda, tamamda,
Ərli qadın,
Arvadı olan kişi,
İki bambılı sevgili
Dəm qazından məst olub
"Yatıblar" hamamda.

Deputatların maaşı
100 faiz artırıldı.
Son arzularını,
Ümidlərini yaşayan
Qocaların pensiyasına
2.9 faiiz qatıldı.

Prezidentlə görüşdə
Mədəniyyət xadimləri,
Hərə bir avaz dedi.
Biri dərin,
Biri dayaz dedi.
Neçə-neçə xadimin 
Gəlişi donduruldu.
Rasim Balayev də gəlməmişdi, 
Nəsimi də unuduldu.
Qarabağ da yada düşmədi,
Yazıq Vətən!
Yazıqlığını bilirəm.
...Bu da bir stəkan 
İsti çayın çıxartdığı yorğunluq,
Alnımın soyuq tərini silirəm.

05.03.2019




Ana səhifəyə qayıt        Baxış: 664          Tarix: 25-07-2019, 12:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma