Xəbər lenti

 

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton sərt xətt tərəfdarı hesab olunur. Bolton xüsusən də İran hakimiyyətinə qarşı kəskin fikirlərinə görə xarici işlər naziri Cavad Zərif sosial media üzərindən prezident Trampa müraciət edərək Boltonun “müharibəyə susamışlığını” rədd etməyə çağırıb.

Zərif twitterdə yadığı statusunda Trampın “İran heç bir savaşda qalib gəlmədi, ancaq heç bir danışıqlarda da uduzmadı” fikrinə cavab olaraq “iranlılar min illərdir bütün işğalları geridə qoydu” yazıb. Eyni zamanda o, milli təhlükəsizlik müşaviri Con Boltonun 2017-ci ildə eyni ifadələrdən istifadə etdiyi məqaləsinin fotosunu paylaşaraq Trampın səhv yola yönləndirildiyini qeyd edib.

Sitat: “Donald Tramp, ”B qrupu"nun saxta tarix və müharibəyə susamışlığını rədd et. Diplomatiya sağlam düşüncədir, gücsüzlük deyil".

Qeyd edək ki, ABŞ siyasi dairələrində “şahin” qanadın nümayəndəsi olan Con Bolton ABŞ-ın İraqı işğalının “memarlarından” biri hesab olunur. Bolton habelə Corc Buşun prezidentliyi dövründə ABŞ-ın BMT-dəki səfiri işlədiyi vaxtlardan İrana qarşı sərt çıxışları ilə məşhurdur. Tramp hakimiyyətə gəldikdən sonra isə Bolton tezliklə Ağ Evə dəvət olunub. 2018-ci ilin əvvəlində Bolton prezident Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri təyin olunub. Hələ müşavir təyinatından bir neçə ay əvvəl Bolton İran hakimiyyətinə qarşı silahlı mübarizə aparan “Xalqın Mücahidləri” təşkilatının Parisdə keçirilən konqresinə qatılıb və burada etdiyi çıxışında İran inqilabının 40 ilinin tamam olmayacağını deyib.

ABŞ-İran münasibətlərinin ötən ilin mayından pisləşməsinin əsas memarlarından biri də Bolton sayılır. İsraillə yaxşı əlaqələri olan Bolton bu ilin mayında Oman körfəzində vurulan tankerlərə görə İranı ittiham etmişdi.

Maraqlıdır ki, prezident Tramp Boltonun fəaliyyətindən razı olsa da, İranla münasibətlərin pisləşməsinə görə onu günahlandırıb. Bir qədər əvvəl Tramp bildirmişdi ki, Bolton çox yaxşı çalışsa da, Yaxın Şərq mövzusunda onunla tez-tez anlaşılmazlıqlar yaşayır.

Xarici işlər naziri Zərif isə Boltonu Trampın “B dəstəsi” adlandırır. Söhbət baş hərfində B olan 4 nəfərdən - Bolton, Benyamin Netanyahu, bin Salman və bin Zayeddən (BƏƏ vəliəhdi - K.R.) gedir. Zərif hesab edir ki, İranla müharibəni istəyən bu 4 nəfərdir.

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri 1948-ci ildə ABŞ-ın Merilend ştatının Baltimor şəhərində dünyaya gəlib. Yel Universitetində hüquq təhsili alıb. 1980-ci illərdə Vaşinqtona köçən Bolton Ədliyyə Nazirliyi və Dövlət Departamentində müxtəlif postlarda çalışıb. 1982-83-cü illərdə Reyqan kabinetində, həmçinin ata və oğul Buşların komandasında yer alıb. 2001-ci ildə Corc Buş komandasına daxil olub və 2003-cü il İraqa hərbi müdaxilənin əsas dəstəkçilərindən biri olub. 2005-ci ilin avqustundan 2006-cı ilin dekabrına qədər ABŞ-ın BMT-dəki daimi nümayəndəsi olub. Və bu zaman sərt çıxışları ilə məşhurlaşıb. Daha sonra Respublikaçılar Partiyasına yaxın “beyin mərkəzləri”ndə çalışıb, İsraillə dostluq mərkəzinin aparıcı şəxslərindən olub, eyni zamanda FOX telekanalında şərhçi kimi fəaliyyət göstərib.

John Bolton ile ilgili görsel sonucu

Bolton açıq şəkildə İran, Şimali Koreya, Liviya, Suriya kimi ölkələrdə ABŞ-ın hakimiyyət dəyişikliyi həyata keçirməsini müdafiə edir. 2009-cu ildə isə Bolton İsrail-Fələstin münaqişəsinin həlli üçün Qəzzanı Misirə, İordan çayının qərb sahili ərazilərinin isə İordaniyaya verilməsini təklif etmişdi. Eyni zamanda Bolton İranı “dayandırmaq üçün bombalamağı” təklif edib və Obamanın İranla nüvə anlaşmasını açıq şəkildə tənqid edib.

Bolton islamafob fikirləri ilə də tanınıb. 2016-cı ildə qatıldığı bir konfransda İslamın Qərb sivilizasiyası üçün bir təhdid olduğunu və müsəlmanların ABŞ-da gizli şəkildə təşkilatlandığını, hətta Obamanın da gizli müsəlman olduğunu bildirib. Yenə həmin il yazdığı kitabında ABŞ qarşısında ən böyük təhlükənin terror təşkilatları olduğunu, terrorizmin isə İslam dünyası ilə bağlı olduğunu bildirib.

Ä°lgili resim

Con Bolton 2018-ci ilin aprelindən rəsmən ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviridir. Bu dövrdə o, İsrailə səfər edib, İrana qarşı blok formalaşdırmağa çalışıb. Ancaq hələlik Bolton və Pompeonun müharibə cəhdləri o qədər də effekt vermir. Çünki prezident Tramp həddən artıq praqmatik və ölkəsinin cari maraqlarını daha çox düşünən siyasətçidir. Əfqanıstan və İraq kimi ağır müharibələrdən sonra İranla savaşa girmənin ABŞ-a zərbə ola biləcəyini anlayır.

Ancaq Boltom islamafob çıxışları ilə tanınsa da, onun körfəz ərəb ölkələri ilə münasibətləri o qədər də pis deyil. Tez-tez bu ölkələrə səfər edən Bolton yüksək rütbəli şəxslərlə görüşlər keçirir, konfranslarda çıxış edir.

Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”




Ana səhifəyə qayıt        Baxış: 365          Tarix: 1-08-2019, 09:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma