Xəbər lenti

 

Azərbaycanda ən ciddi problemlərdən biri də qadın məsələsidir.

Açıq etiraf edək ki, zərif cinsin nümayəndələrinə bir çox hallarda kölələrimiz kimi baxırıq. Ailədə də, işdə də, cəmiyyət həyatında da.

Üstəlik, son zamanlarda dağılmış ailələrin sayı durmadan artır. Bunun ən böyük yükü isə qadınlarımızın çiyninə düşür. Onlar yalnız özlərini deyil, həm də yarıda kəsilmiş ailələrinin, uşaqlarının problemləri ilə uğraşmalıdırlar. Övladlarını yedirib içirməli, oxutmalı, cəmiyyətimizin ən kamil vətəndaşlarına çevirməlidirlər. Deməli, həm də işləməlidirlər. İş yerlərində isə maaşlar az, qadına münasibət fərqli olur.

Dəyərli qələm adamı Nazilə Nərimanın yazılarında da bu zərif problem öz əksini tapır. Müəllifin indiyədək dərc edilməyən yazılarını Ovqat.com oxucularına sunmağa qərar verdik.

 

 Nazilə Nəriman

 

Nailə yeni iş yerinə səhər tezdən gəlmişdi.   İşçilər hələ gəlməmişdilər. Xadimə otaqları təmizləyirdi. Dəhlizdə, pəncərənin qarşısında dayanıb bir qədər gözlədi. Pilləkəndən  gülüş səsləri eşidildi.  İşçilər ikibir-üçbür söhbət edə -edə içəri girib otaqlara dağılışdılar. Ona maraqla nəzər salan kişiləri,  sadə geyiminə lağla  baxıb keçən  qadınları sezmədi. Çünki başını aşağı dikmişdi. Təbiətindəki hədsiz  utancaqlıq ona  adamlarla dərhal ünsiyyət yaratmağa mane olurdu. Müdirin gülərüz, mehriban  katibəsi onu öz otağına dəvət edib oturmaq üçün yer göstərdi. Ona və özünə çay süzüb  dərhal da söhbətə başladı.

Nailəyə elə gəldi ki,  Lətafətlə çoxdandır tanışdır, onun ərkyana danışığı, tez- tez ürəkdən qəhqəhə cəkib gülməsi xoşuna gəldi. Lətafət 30 yaşlarında gözəl bir qadındı. Sadəliyi , mehribanlığı ilə ilk baxışdan özünə qarşı rəğbət hissi oyadırdı.

10-15 dəqiqə sonra  ucaboy, 38-40  yaşlarda ciddi  görkəmli bir adam içəri girdi, Nailəyə gözucu nəzər salıb otağına keçdi. Az keçmiş katibəsini çağırdı. O, dostcasına Nailəyə göz vurub süzdüyü çayı içəri apardı.  Bir qədər keçmiş qayıdıb Nailəyə Yaqub müəllimin  onu gözlədiyini dedi.  Həyacan onu bürüsə də özünü toplayıb içəri keçdi.

Müdir onu mehribanlıla qarşılayıb hal-əhval tutdu. Qarşısına kağlz -qələm qoyub işə girmək üçün ərizə yazmasını tapşırdı. Xoş qarşılanmadan xeyli ürəklənmiş Nailə qələmi göturub ərizəni yazdı, müdirə uzadıb "buyurun, Yaqub müəllim", dedi. Müdir ərizəni almağa tələsmədi. Nailə onun dediklərini eşidəndə qulaqlarına inanmadı. O, Nailəyə işçiləri dinləyib nə danışdıqları barədə ona məlumat verməsini istəyirdi. Nailə bu işin onluq olmadığını söyləyib ərizəni cırmaq istədi. Yaqub müəllim ucadan qəhqəhə çəkib onu dayandırdı:" Mən səni sınayırdım Nailə xanım, aramıza xoş gəldin" dedi.

Nailə arıtq bir neçə həftə idi ki, yeni şirkətdə çalışırdı. Əməkdaşlarla tanış olmuş, artıq qaynayıb-qarışmışdı. Köhnə iş yerindən həm xasiyyətcə , həm də zahirən çirkin olan xanım müdirin öz ərini bütün qadınlara  qısqanması ucbatından ayrılmalı olmuşdu. Ərindən azı 6 yaş böyük olan bu acıdil qadın Nailənin və digər gənc  xanım əməkdaşların gününü göy əskiyə bükmüşdü.  Onun əri gah qızlara, gah da Nailəyə şit komplimentler soyləyir, onları  görüşə çağırırdı. Bunun şahidi olan qadın ərinə bir söz deyə bilməsə də, qadınların üstünə qışqırmağa adət eləmişdi.  Müdirinə dəfələrlə evli, iki uşaq anası  olduğunu desə də, xeyri olmamışdı. Nəhayət, ərizəsini yazıb getməli oldu.

Yaxın rəfiqəsi nazirlikdə işləyən ərinin vasitəsilə ona bu işi tapdı.  Çalışdığı otaq geniş idi. Səkkiz iş masası vardı, yuxarı basdakı  masa isə boş dururdu. Eşitdiyinə görə,  Təranə xanımın uşaqları balaca olduğundan tez-tez xəstələnir, anaları hər dəfə işdən qalmalı olurdu. Nahar fasiləsində qadınlar və  kişilər  başqa tərəflərdə toplaşırdılar. Kisilər, nərd, domino oynayır və ya pilləkənin üstündə siqaret çəkirdilər. Qadınların kişi əməkdaşlarla bir işi yoxdu. Hansı qadın aralarında olmayan gün ondan danışır, haqqında qeybət edirdilər. Bu dəfə  də dedi-qodu obyekti işdə olmayan  Təranə  idi. Onun bütün layihələrini  ərinin işlədiyini, özünün isə  çox dikbaş, forslu  olduğunu deyirdilər. Nailə hiss edirdi ki, qadınların əksəriyyəti Təranəni nədənsə "həzm" edə bilmir.

Bazar ertəsi işə gələndə yuxarı başdakı masanın arxasında gənc bir qadının oturduğunu gördü. Bahalı geyimi onun imkanlı ailədən olduğunu göstərirdi.  Qadın ayağa qalxıb Nailə ilə tanış oldu. Təranənin səmimiyyəti və istiqanlığı çox xoşuna gəldi, bu üzdən  xanım əməkdaşların onu niyə bəyənmədiyini başa düşmədi. Təranə deyilənlərin əksinə mehriban, sadə və  ünsiyyətcil  biri idi. Özünü də qətiyyən çəkib eləmirdi. Digərləri gələnə qədər xeyli söhbət etdilər. O,  hiss elədi ki, qadınlardan bir neçəsi Təranəyə yarınmaq üçün onu  tərifləyir, saxta canıyananlıqla uşaqlarını soruşurdular. Bunlar həmin qadınlar idi ki, bir neçə gün əvvəl Təranənin arxasınca asıb-kəsir, ona olan nifrətlərini açıq biruzə verirdilər. Onların bu ikiüzlülüyünə Nailə  məəttəl qaldı. Hətta ötən həftə ən çox canfəşanlıq edənlərdən  biri ona çay belə süzüb gətirdi. 

Əvvəlcə onun haqqında ağızlarına gələni danışıb bu gün isə Təranəyə yaltaqlanan qadınlar Nailədə ikrah hissi oyatdı. Belə şeylərə nifrət edirdi.  Nailə qızına gödəkçə almaq üçün həmin gün iş bitən kimi sağollaşıb otaqdan çıxdı.  Səhəri gün işə gələndə isə Təranəni  az qala tanımadı. Gənc qadın onun salamını ağızucu alıb qaşqabağını salladı. Nailə düşündü ki, ola bilsin, ailəsində problem var, ya da qızı yenə xəstələndiyi üçün qanı qaradır. Ona görə də başını aşağı salıb işi ilə məşğul oldu. Amma Təranənin ona qarşı soyuqluğu sonrakı günlər də keçib getmədi. Ona tez-tez söz atır, acılayır, işində kiçik bir səhv tapan kimi  lağa qoyub gülürdü.

Nailə başa düşmürdü ki, Təranənin ona qarşı münasibəti bir günün içində niyə dəyişdi? Hey fikilrləşir, ona qarşı hansısa pis hərəkət etdiyini yada sala bilmirdi.  Bəlkə də işçilər tərəfindən onun məhz bu xasiyyətinə görə sevilmədiyini  düşündü.

Həftələr, aylar keçir, Təranənin Nailəyə açığı keçmirdi. Nailə artıq ürək ağrısı tapmışdı. Hər gün qanı qaralır, əsəb gərginliyi keçirirdi. Dəfələrlə ondan bu qəzəbinin səbəbini soruşsa da, Təranə "özün yaxşı bilirsən"- deyib üzünü bozartmışdı. Lətafətdən bu barədə sorusanda dedi ki, yəqin səndən kimsə yalandan ona nə isə deyib.

Bu fikir ağına batdı və  Təranədən bunu soruşdu. Yenə də heç bir cavab almayıb əsəbiləşdi. Təbətində xəbərçilik olmadığı üçün müdiriyyətə də şikayət etmirdi.  Nailə artıq işdən getmək haqda düşünməyə başlamışdı. Dost-tanışa müraciət edir, tanıdığı hər kəsə iş  barədə ağız açırdı.

Bir gün əsəbləri dözməyən Nailə otaqda huşunu itirdi. Təcili yardım həkimi ona sakitləşdirici iynə vurub heç nəyə əsəbiləşməməsini tapşırdı. O gündən sonra Təranənin artıq Nailə ilə işı olmadı. 

Bu məsələnin üstündən bir müddət keçdi. Bir gün səhər işə gələndə Nailə hamını gözüyaşlı gördü.  Rəmziyyənin 5 yaşlı qızı  bağçada yeməkdən zəhərlənmiş, həkimlər onun həyatını xilas edə bilməmişdilər. Bu xəbəri eşidəndə Nailəni qəhər boğdu. Rəmziyyə qızını yaxınlıqdakı bağçadan hər gün saat 5-də götürüb işə gətirir, bir saat sonra birlikdə evlərinə gedirdilər. Bu ağıllı, mehriban uşağı kollektivdə sevməyən yox idi. Nailə hər gün çantasında onun üçün mütləq konfet saxlayırdı. Bu vaxtsız ölüm onu dərindən sarsıtmışdı.

Nailə özü bu dərdi yaşamışdı. Onun ilk övladı  da 1 yaşında olanda xəstələnmiş, xəstəxanada həkim səhlənkarlığı ucbatından tələf olmuşdu.  Bir müddət sonra Rəmziyyə işə çıxdı. Kədərli olsa da artıq özünü ələ almışdı.  Hamı onun başına yığılıb təkrar başsağlığı, təsəlli verdi. Nailə də ona yaxınlasıb qucaqladı və göz yaşlarını saxlaya bilməyib hönkürdü. Bacardığı qədər təsəlli verdi.

Səhər işə gələndə  Nailə Rəmziyyəni pilləkənin başında gördü. Qadının gözləri qəzəbdən hədəqəsindən çıxmışdı. Nailəni  görən kimi üstünə cumub heç nə demədən saçından yapışdı. Nailə quruyub qalmışdı. Müdafiə olunmur, sadəcə saclarını Rəmziyyənin əlindən çıxarmağa çalışırdı. Səs-küyə əməkdaşlar tökülüşdülər. Onları aralayıb ayrı otaqlara apardılar. Nailə şokda idi. Rəmziyyənin ona niyə qəzəbləndiyini başa düşmür, sakitcə ağlayırdı. Sakitləşən kimi ərizəsini yazıb Yaqub müəllimin otağına getdi. Əslində müdir gənc olsa da diqqətcil  və qayğıkeş olduğuna görə hamı onun xətrini çox istəyirdi. Yaqub müəllim ərizəni götürüb çırdı. Heç nə demədən telofonla  Lətəfətə Rəmziyyəni  çağırmağa tapşırdı. Bir az keçmiş qapı döyüldü. Rəmziyyə içəri girib başını aşağı saldı.  Yaqub müəllim Rəmziyyədən bu hərəkətinin səbəbini soruşdu. Qadın əvvəl hec nə demək istəmədi. Lakin müdirin israrından sonra qəzəblənməsinin səbəbini açıb söylədi:

-Bu, mənim üçün deyib ki, ona yaxşı olub uşağı ölüb. Allah onu cəzalandrıb.

Bu quru iftiranı eşidən Nailənin heyrətdən dili tutuldu. Yaqub müəllim Rəmziyyədən bunu kimdən eşitdiyini soruşdu. Uzun müddət ad çəkmək istəməyən qadın nəhayət Təranənin dediyini açıb söylədi. Müdir bu dəfə Təranəni otağına çağırtdırdı. Gələn kimi belə bir yalanı niyə görə söylədiyini soruşdu. Nailə də üzünü ona tutub –“sən Allahdan qorxmursan, bu boyda şər atırsan?"- dedi. Təranə ona söylədi ki,  ki, sən də mənim üçün bacarıqsız demişən. işimi mənim yerimə yoldaşımın  gördüyünü , bütün layihələrimi onun   cəkdiyini söyləmişən.

-Sən bir məntiqlə düşün,  mən sənin özünü belə tanımadığım halda, sənin eskizlərini ərinin cəkdiyini necə deyə bilərdim? Sən görürdün ki, mən necə vaxtdır əzab çəkirəm, işdən getmək fikrinə düşmüşəm. Necə dəfə üstümə həkim çağrılıb. Hec vicdanın ağrımadı? Bunun doğru olub-omadığını  mənim özümdən soruşa bilməzdin?

-Yox, çünki bu sözü mənə inandığım bir adam deyib.

-Kim deyib?

-Rəmziyyə...

Nailə çevrilib Rəmziyyənin üzünə baxdı. O, nəzərlərini döşəməyə dikmişdi. Nailə başa düşdü ki, Rəmziyyə işdə hamının çəkindiyi Suğranın o gün dediyi sözləri onun  adından  Təranəyə çatdırıb.  Səbəbi isə məlum idi; hamı kimi, Rəmziyyə də Suğradan qorxurdu.

Suğra idmançı idi. Artıq-əskik danışan bəziləri onun silləsinin dadını görüb işdən getmişdilər. Şərəfsiz və alçaqları, haqsızları  yerində oturtmağı bacarırdı. Amma ədalətli qadın idi. Haqqı nahaqqa verməzdi. Buna görə də Nailə ona hörmət edirdi. Yəqin ki, qorxduğu üçün  Rəmziyyə  Nailəni sakit, mağmın hesab edib Təranəyə onun adını vermişdi. Nailə hec nə demədən otaqdan çıxdı. Səhər işə gələndə evdə yazdığı ərizəsini də gətirmişdi. Yaqub müəllim onu getməmək üçün nə qədər dilə tutsa da, o artıq qərarını vermişdi. Əşyalarını yığıb  hamı ilə mehribanlıqla görüşdü. Lətafət onu qucaqlayıb bağrına basdı, qulağına "getmə" pıçıldadı. Kövrəlmişdi, az qalırdl ki, ağlasın. Nailə otaqdakı  iki qadının üzünə  baxmadan onlara  "sizi Allaha tapşırıram" deyib qapıdan çıxdı.

P.S. Həmin hadisədən sonra Təranə işdə qalsa da , Mərziyyə özünə başqa iş tapıb şirkətdən çıxdı. Nailə isə  gözəl bir kollektivdə işə düzəldi.  Maaşı əvvəlkindən  az olsa da, insanların mehribanlığı, doğma ailəni xatırlatması yeni iş yerini Nailəyə sevdirdi və qısa zamanda o bu kollektivin sevimli üzvünə çevrildi.




Ana səhifəyə qayıt        Baxış: 1 176          Tarix: 27-08-2019, 15:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma