Xəbər lenti

  

 Məhəmmədəli Abbaszadə 

Yafəs Türksəsin Afaq Aslana yazdığı şeir qarşıma çıxdı. Ağsaqqal yaşda şairin qələmə aldığı bu cızma-qaranı ən yaxşı halda, yalnız bir sözlə ifadə etmək olar – zövqsüzlük!
Düşünürəm ki, bu zövqsüzlük yaşadığımız dövrə görə deyil. Ümümiyyətlə, şeir çox incə bir detaldır. Onun bir tar simi qədər nazik olan incəliyini qıraraq gündəmə gəlmək şairin acizliyindən irəli gəlir.
Azərbaycan oxucusu hansısa saytda niyə ciddi şeirlə qarşılaşmır?
Səbəbi çox aydındır, çünki bu şairlər özləri də bilirlər ki, gündəmə gələcək qədər ciddi əsər yarada bilmirlər. Ona görə də, boşboğazlıqları ilə diqqət çəkməyə çalışırlar. Bu isə ədəbiyyat deyil. Ədəbiyyat adından da göründüyü kimi, ədəb sözündən meydana gəlib. Deməli, ədiblərin əsas qayesi də ədəb normalarını qorumaqdır. Qayesi ucuz reytinq axtarmaq olan birini necə ədəbiyyat adamı adlandırmaq olar?!
Tarix boyu Azərbaycan qadının mükəmməliyinə bir-birindən gözəl, əvəzedilməz şeirlər yazılıb. Əsrlər boyu yığılan bu məhtəşəm ədəbi xəzinə içərisində yetişib, poetik estetikadan uzaq bir şeir yazmaq mümkündürmü? Təbii ki, Yafəs Türksəsin bu cızma-qarasını şeir adlandırmaq olarsa.
Bəs hərkəsinmi zövqü korlanıb , sizcə? Xeyir, hansısa ağsaqqal ziyalı kimi görünən bir şəxsin ahıl yaşda yorğalaşması media orqanları üçün cazibədar görünür. Çünki onlar da xalqın dərdini-sərini dilə gətirib oxucu qazanmaq problemi içərisindədirlər. Ən asan yol cılız hisslərinin əsirinə çevrilən bir “ağsaqqal”ı tapıb əyləncə obyektinə çevirməkdir.
Elə bu yaxınlarda dostlardan biri öz dili ilə dedi ki, mənə oxuduğum anda başa düşdüyüm, insanı düşünməyə sövq etməyən şeirlər xoş gəlir. Məhz bu cür şeirlər kütlənin olmayan zövqünü oxşayır. Saytlara da dərin mövzularda baş sındırmayan oxucu lazımdır. Müəlliflərinin özlərinin də dərinlik problemi var, axı.
Fəqət dayaz yazıların şeir kimi təqdim edilməsinin gətirdiyi ciddi problemlər də var. Ədəbiyyat adına iddia edən “ədiblər” və ədəbi saytlar cılız söz yığını şeir kimi sunanda cızma-qaraların gənc nəsillərdə yaradacağı təsiri nəzərə almalıdırlar. Unutmamalıdırlar ki, ədəbi saytlardan birini tıklayaraq ədəbiyyatla yenicə tanış olan gənc bu yazını şeir kimi qəbul edəcək. Əgər bu cür yazılar oxucuya hansısa estetik zövq ötürə bilirsə, o duyğunu da şeirin insanda yaratdığı təəssürat sanacaq. Axı bu cür cılız cızma-qaralar Azərbaycan gəncinə nə kimi fayda verir? Ciddi ədəbiyyat adamı belə yazı ilə gənc yazarların yoluna işıq tuta bilərmi?
Bu yerdə lap Azər Fəraqinin bir tərkibbəndi yadıma düşdü:
"Oyanın cəddinizin həqqini layiq yetirin.
Zülmü məğlub eləyin küfrü kökündən bitirin.
Nisfi - imandir insaf, bari insafa gəlin.
Xabi qəflət deyilən vaxtsiz ölümdən dirilin.
Mədəniyyət denilən məsxərə məzluqu görün.
Tüpürün maskali vicdanına əsrin, tüpürün".
Cox həzin haldır ki, belə şeirlərdən sonra insanın boğazı elə quruyur ki, tüpürə də bilmir.

Ovqat.com

P.S. Söhbət bu cızma-qaradan gedirdi:

Qaşlarının tağına canımı qurban demişəm
Soyunub qaşlarını, fikrim qarışan kimidir.

O qara gözlərinə nə vaxt idi heyran idim
Sən demə linza imiş, halım pərişan kimidir.

Silikon dodaqları qəlbimi giryan elədi
Ehtirasdan yanıram, canım alışan kimidir.

Burnunu incə edib, həm silikonmuş yanağı
Qoymayır öpməyə heç, bir dəli ceyran kimidir.

Baxıb o həlqeyi-zülfünə əsir olmuş idim
Sən demə parik imiş, zikrim dolaşan kimidir.

Bir baxdım yanbızını da o silikon eləyib
Yeriyir canlar alır, fitnəli şeytan kimidir.

Deyirəm, maya qoyum, hər yerini get təzələ
Yenə sevmir məni o, lap Afaq Asan kimidir.




Ana səhifəyə qayıt        Baxış: 1 091          Tarix: 29-08-2019, 23:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma