Xəbər lenti

 

“Ermənistanda qızıl yataqlarının istismarı ilə əlaqədar nə lazımi qədər vəsait, nə də bu sahədə hər hansı layihənin icrası üçün müasir standartlara cavab verən texnologiya var. Onlara dəstək verən dövlətlər Ermənistanın bu fəaliyyətinə razı olurlar”.

Bunu “Report”a Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun prezidenti Rauf Sultanov Ermənistan əhalisinin və yerli ekoloqlarının kütləvi etirazlarına baxmayaraq, baş nazir Nikol Paşinyanın “Amulsar” qızıl-filiz yatağının işlənməsini davam etdirmək qərarına münasibət bildirərkən deyib.

Ekoloq bildirib ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal etməklə yanaşı, onun təbii sərvətlərinə də ziyan vurub: “Bunun bariz nümunəsi də Azərbaycanın qızıl yataqlarının işlənməsi ilə bağlı gördükləri əməllərdir. Hər kəsə məlumdur ki, Azərbaycanın hələ işğaldan qabaq ABŞ-ın bir neçə şirkətləri ilə qızıl yataqlarının işlənməsinə dair müəyyən müqavilələri olub. Təəssüf ki, ABŞ həmin müqavilələrin həyata keçməsi ilə bağlı Ermənistana qarşı iradları olmadı. Bu azmış kimi Ermənistan neçə il keçdikdən sonra Azərbaycanda qızıl yataqlarının işlənməsinə dair müəyyən layihə həyata keçirdi”.

“Məlum məsələdir ki, Ermənistanda qızıl yataqlarının istismarı ilə əlaqədar nə vəsait, nə də bu sahədə hər hansı layihənin icrası üçün müasir standartlara cavab verən texnologiya yoxdur. Onlara dəstək verən dövlətlər Ermənistanın bu fəaliyyətinə razı olurlar. Təbii ki, bu ikili standartlardır. Azərbaycan daim bu istiqamətdə müəyyən tədbirlər həyata keçirsə də , azğınlaşmış ermənilər heç kimə, yəni beynəlxalq sazişlərə, konvensiyalara əməl etmədən öz yaramaz niyyətlərini həyata keçirmək üçün müəyyən işlər görürlər” - R.Sultanov əlavə edib.

Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun prezidenti Rauf Sultanov

"Azərbaycan tərəfi ermənilərə kömək edəcək şirkətlərə qarşı dövlət səviyyəsində öz narazılığını bildirəcək".

O qeyd edib ki, Azərbaycan tərəfi ermənilərə kömək edəcək şirkətlərə qarşı dövlət səviyyəsində öz narazılığını bildirəcək: “Eyni zamanda, ölkənin ictimai təşkilatları da bu istiqamətdə öz fikirlərini əsaslarla beynəlxalq əsasda bildirməsi məqsədəuyğundur. Ermənilərin belə azğınlaşmasının səbəbi beynəlxalq miqyasda onların işğalçılıq siyasətinin pislənməməsi, Azərbaycanın ərazilərinin zəbt edilməsi, eləcə də həmin ərazilərdə ordunun saxlanması məsələsinə lazımi diqqətin yetirilməməsi ilə əlaqəlidir. Ona görə də bu gün ermənilər belə addıma əl atırlar. Hesab edirəm ki, Azərbaycan tərəfi bu kimi addımların qarşısını almaq üçün böyük imkanlara malikdir”.

Qeyd edək ki, “Amulsar” qızıl yatağı ilə bağlı məsələ uzun müddətdir Ermənistan ictimaiyyətinin və siyasi dairələrinin gündəmindədir. Hələ 2016-cı ildə prezident Serj Sarqsyan ABŞ-a işgüzar səfəri zamanı “Lydian Armenia” şirkətinin icraçı direktoru Hovard Stivensonla görüşərək həmin yatağın istismarı ilə bağlı müzakirələr aparmışdı. Amerikalı sahibkar yatağın istismarına dair sərmayə proqramında lazımi ekoloji norma və tələblərin nəzərə alındığını israrla vurğulayırdı.

Lakin “Amulsar” kəndinin sakinləri yatağın istismarının mümkün fəsadları ilə bağlı narahatlıq keçirərək Avropa Yenidənqurma və İnkişaf Bankının ombudsmanına məktub yollayaraq kənddə qızıl yatağının istismarını, habelə siano istehsalı müəssisəsinin inşasını ehtiva edən layihənin beynəlxalq sənədlərə və ekoloji normalara uyğun gəlmədiyi üçün maliyyələşdirilməsini dayandırmağı tələb ediblər. Həmçinin yerli sakinlər yataqda mədən tikintisinə qarşı bir neçə etiraz aksiyası keçiriblər. Bu il iyulun 13-də keçirilən aksiya nəticəsində yolların bağlanması yataq ərazisində ekspertiza işlərini əngəlləmişdi.

“Amulsar” qızıl-filiz yatağı Ermənistanın cənub-şərqində, İstisu (Dərələyəz mahalı) kurort şəhərindən 13 km məsafədə, Arpaçay və Bazarçay çayları arasında yerləşir. Ekoloqlar yatağın işlənməsinin çayların və müvafiq olaraq Göyçə gölünün çirklənməsinə və nadir flora və faunanın məhv olmasına səbəb olacağını düşünür. Ekspertlər bildirir ki, qızıl yataqlarının işlənməsi ümumilikdə bölgəyə ziyan vuracaq.




Ana səhifəyə qayıt        Baxış: 364          Tarix: 3-09-2019, 14:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma