Xəbər lenti

Dəfələrlə yazmışıq ki, Yer üzündəki müsəlmanların, o cümlədən türklərin və ayrıca Azərbaycan xalqının son dövrlərdə bəla və müsibətlərə düçar olmasının başlıca səbəblərindən biri xarici və daxili amillər səbəbindən inanc sistemimizin sıradan çıxması,  İslamdan,  Peyğəmbərimizdən(s) və  nəticə etibarilə Allahdan uzaqlaşmağımızdır.  XVIII-XIX əsrlərdə Azərbaycanın xanlıqlara parçalanaraq Rusiya tərəfindən işğalının, eləcə də XX əsrin əvvəlləri və sonundakı torpaq itkilərinin də əsas səbəbi məhz budur. Xanlarımız, bəylərimiz müsəlman əqidəsindən uzaqlaşmayıb şan-şöhrətə, “mənəm-mənəm”liyə uymasaydılar, birliyin zərurətini dərk edər və ölkənin işğalına imkan verməzdilər…  
 
***  
 
Təbii ki, Allahdan, Peyğəmbərdən(s) uzaqlaşan, Allah yolunun davamçılarından, bu yolda nümunə olacaq tarixi şəxsiyyətlərin mənəvi yolundan, o cümlədən İmam Hüseyndən(ə) də uzaqlaşar..
 
*** 
 
Son dövrdə İmam Hüseynə(ə) münasibətdə insanlarımız əsasən 4 qrupa bölünür. 
Birinci qrup İmam Hüseyn(ə) əsrlərlə nəsillərdən-nəsillərə keçmiş Aşura, məhərrəmlik mədəniyyətinin təsiri altında İmamın(s) kimliyini, hansı tarixdə yaşadığını, kimin övladı olduğunu bilmədən, onu və tərəfdarlarını, sadəcə, zəruri olan bir ağlaşma, hüzn obyekti kimi görür və hər il Məhərrəm ayında bununla bağlı vacib olan ayinləri icra edir. Belələrinin çoxu başqa günlər ibadətlə məşğul olmasa da, məhərrəmlik günlərində, xüsusən “qətl sınan gün” kimi tanıdıqları Aşura günündə məscidlərə gedir, nəzir-niyaz paylayır, ağlayır, sinə döyür, bədəninə zəncirlə zərbələr endirir, bəziləri baş yarırlar….
Bir sözlə, bu qrup insanlar, İmam Hüseyn(ə) hərəkatının, şəhidliyinin mahiyyətini anlamadan, sadəcə, formal vərdiş halını almış ayinlərə riayət etməyi özlərinə borc bilirlər…
 
***  
 
İkinci qrup da Kərbəla faciəsinin  mahiyyətini anlamır və Məhərrrəmlik ayına, Aşuraya uyğun aynləri fanatikcəsinə icra edirlər. Bu cür fanatik qrupların xarici ölkə kəşfiyyatlarının təsiri altına düşməsi də  ölkə üçün təhlükəlidir…
 
***
 
Üçüncü qrup İmam Hüseyn(ə) hərəkatının və şəhadət məktəbinin mahiyyətini anlayır. Sadəcə, mötədil şəkildə, ifrata varmadan Aşura günü ayinlərini icra edir, hərdən məscidə də gedir, nəzir-niyaz da paylayır, şüurlu şəkildə namaz da qılır,  Kərbəla şəhidlərinin ruhuna dualar da edir və s. Amma ən əsası, Allah, Peyğəmbər(s), İmam Hüseyn(ə) yolunu bütün həyatı boyu gerçək əməllərində yaşatmağa, təcəssüm etdirməyə çalışırlar…  
 
*** 
 
Dördüncü qrup materialist əqidəli olduğundan İslama, Qurana, Peyğəmbərə(s) olduğu kimi İmam Hüseynə(ə) və deməli, Kərbəla şəhidliyinə də (əstəğfürullah) barmaqarsı baxır və Məhərrəmlik ayinlərini icra edənlərə yalnız “avam”, “cahil” bir kütlə kimi yanaşır… Peyğəmbərimiz(s) ərəb olduğuna görə İslamı yalnız ərəblərin dini sayır, Kərbəla şəhadətini isə “iki ərəb klanının hakimiyyət uğrundakı mübarizəsinin nəticəsi hesab edir”.  Belələri arasında həm orta savadlı, həm də ali savadlı professor və akademik hesab edilənlər də var…
 
*** 
 
Nə yazıqlar ki, müsəlman dünyasında, o cümlədən Azərbaycanda Kərbəla müsibətinin, İmam Hüseyn(ə) şəhidlik məktəbinin mahiyyətini anlayanlar və öz həyat tərzlərində, əməllərində bu fəlsəfəni, ideyanı yaşadanlar, bu mübarizə xəttini ixlasla davam etdirənlər azlıq təşkil etdiyindən İslam düşmənləri Məhərrəmlik ayinlərini dünyaya yalnız “xurafat”, “cahillik” nümunəsi kimi təqdim etməyə müəyyən dərəcədə nail olurlar. Eyni zamanda son 3 əsrdə dünyanın iqtisadi, maliyyə, elmi, hərbi rıçaqlarını ələ keçirmiş allahsız, kafir super güclər bu boşluqdan yararlanaraq İslam dünyasında,  bu sırada Azərbaycanda öz maraq  və planlarını, təəssüf ki, xeyli dərəcədə uğurla həyata keçirirlər…  
 
*** 
Halbuki, bizim “akademik”, “professor” adı daşıyan ali savadlı cahillər İslamın, o cümlədən İmam Hüseyn(ə) şəhadət məktəbinin gerçək mahiyyətini anlasa və bunu Məhərrəmlik ayinlərini kor-koranə icra edən sadə insanlara da anlatsa, cəmiyyətdə və hər birimizin həyatında çox şey dəyişər, bəziləri hətta alt-üst olar…
 
*** 
 
İslamı, Quranı, Peyğəmbəri(s), İmam Hüseyni(ə) doğru anlasaq, dərk edərik ki, yalan danışmaq, haram yemək, haram içmək, rüşvət almaq, sələmlə, kreditlə pul vermək, qazanc əldə etmək və almaq  günahdır…
 
*** 
 
İmam Hüseyni(ə) doğru başa düşsək, anlayaraq ki, başqasına zülm etmək və yaxud əksinə, zülmkarların zülmünə nəinki baş əymək, üstəlik, onlara yarınmaq, yaltaqlanmaq, onların zəbt etdikləri xalq sərvətlərindən payını alıb onlara dəstək vermək böyük günahdır və buna görə hər kəs bu dünyada olmasa da, Axirət dünyasında mütləq Yaradan tərəfindən cəzalandırılacaq…
 
*** 
 
Kərbəla şəhadətinin gerçək mahiyyətini anlaya bilsək, dərk edərik ki,  torpağı, yurdu düşmən əlinə keçmiş insan bir gün də həmin torpaqların azadlığı uğrunda nəsə bir iş görmədən, çalışmadan, fəryad etmədən yaşamamalıdır…Torpağından didərgin düşmüş insan öncə qaçqın kimi sığındığı qərib yurddakı hökumət, beynəlxalq təşkilatlardan ərzaq yardımı, ev, iş və s. yox, dogma yurdunun azad olunmasını tələb etməli və özü də bu yolda hər an döyüşməyə, düşməni öldürməyə və şəhidliyə hazır olmalıdır… 
 
*** 
 
İmam Hüseyni(ə) doğru anlasaq, başa düşərik ki, nəinki rüşvət almaq, rüşvət vermək, eyni zamanda rüşvətxor, korrupsioner məmura baş əymək, yaltaqlanmaq ona dəstək vermək də böyük günahdır…
 
*** 
İmam Hüseyni(ə) doğru anlasaq, dərk edərik ki, yeniyetmə və gənc qızlarımızın hicab bağlamasından, məscidə gedərək ibadət edib dua oxumaqlarından yox, yarıçılpaq qiyafələrdə Aygün Kazımovaların, Röyaların konsertlərinə, gecə barlarına gedərək alkoqollu içkilər içməsindən, zinakarlıq etməsindən qorxmaq gərəkdir…
 
***
 
İmam Hüseyni(ə) düzgün anlasaq, əminliklə bilərik ki, zillətə baş əyməkdənsə, ölüm daha şərəflidir…
 
Və s. və i.a.
 
*** 
 
Göründüyü kimi, İslam dünyasının, o cümlədən Azərbaycan cəmiyyətinin əksəriyyəti dinimizi, İmam Hüseyni(ə) doğru anlayacağı təqdirdə  həyatımızda çox şey dəyişər, alt-üst olar, milli, dini dəyərlərimiz kütləvi şəkildə önə çəkilər, Qərb sivilizasiyasının tapdağı altında qalmaz… Məhz bu səbəbdən istər İslam ölkələrinin xalqlarını “demokratik”, “mədəni” , “sivil” formada  əsarət altında saxlamağa, onların yeraltı-yerüstü sərvətlətini talamağa, müsəlmanlığı tamamilə sıradan çıxarmağa çalışan Amerika və Avropa, istərsə də müsəlman ölkələrindəki diktator, avtoritar korrupsioner hakimiyyət və şəbəkələr dinimizin və xüsusən də məzlumları mübarizəyə səsləyən İmam Hüseyn(s) şəhadət məktəbinin mahiyyətinin doğru anlaşılmasına  mümkün qədər imkan vermir…



Ana səhifəyə qayıt        Baxış: 321          Tarix: 12-09-2019, 14:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma