Xəbər lenti

 

Böyük Zirə adası (köhnə adı ilə Nargin) Bakı buxtasını sərt Xəzər rüzgarlarından qoruyan təbii dalğaqıran rolunu oynayır. Bu ada tariximizdə də özünəməxsus yerini qoruyur.

Ada Şirvanşahlar dövlətinin yaranması və süqutuna, general Sisianovun qətlinə, rus kazaklarının Bakı küçələrində at çapmasına şahidlik edib. Deyilənə görə, Böyük Zirə adasına ikinci adı Rusiya çarı Böyük Pyotr verib.

Ada ən qanlı illərini XX əsrin əvvəllərində yaşayıb. Nargin Birinci Dünya Müharibəsi dövründə əsir düşərgəsinə çevrilib. Sarıqamış döyüşündə məğlub olan və əsir düşən türk əsgərləri və zabitləri Nargin adasına sürgün edilib. Onlar burada müharibənin sonunu gözləməli olsalar da, bir çoxu, sadəcə, ölümünü gözləməli olub.

Prezident yanında İdarəetmə Akademiyasının tarix kafedrasının direktoru Firdovsiyə Əhmədovanın fikrincə, adada hərbi əsirlər dəhşətli şəraitdə saxlanılıb. 

“Su, qida, paltar və tibbi ləvazimatlar çatışmırdı. Bakı istisi isə vəba və tif kimi təhlükəli epidemiyaların yayılmasına şərait yaradırdı. Müharibə illərində (söhbət Birinci Dünya Müharibəsindən gedir) Bakıda Nargin düşərgəsi barədə dəhşətli söhbətlər gəzirdi.

Məhz Bakı sakinləri bir sıra türk zabitlərinin adadan qaçmasına kömək edirdilər. Yerli bakılılar o dövrdə adanı “Ölüm cəzirəsi” adlandırırdılar və bu addan uzun müddət istifadə edildi”, - deyə tarixçi qeyd edib. 

Dəhşətli şayiələri ört-basdır etmək üçün imperiya təbliğat maşını hərbi əsir düşərgəsi barədə sənədli film də lentə almışdı. Kadrlarda türk əsirlərin çimərlikdə üzmələri, milli rəqslərini oynamaları əks etdirilib. Təbii ki, bu, həqiqətə uyğun deyildi. 1917-ci ildə Nəriman Nərimanov adaya baş çəkir. O, xatirələrində yazır ki, adada hər gün vəba və digər xəstəliklərdən 40-45 nəfər ölür.

Bakılılar adadakı hərbi əsirlərin yaşam şəraitini yaxşılaşdırmaq üçün kömək etməyə çalışırdılar.

Bu məsələdə Müsəlman Xeyriyyə Cəmiyyəti, Hacı Zeynalabdin Tağıyev, İsmayıl bəy Səfərəliyev, Murtuza Muxtarov, və Əjdər bəy Aşurbəyovun fəaliyyətlərini xüsusilə qeyd etmək lazımdır.

1918-ci ilin sentyabr ayında Bakıya daxil olan Qafqaz İslam Ordusu əsirləri azad etdi. Amma Nargin həbsxanasının qanlı tarixi bununla da bitmədi.

“Bakıda hakimiyyətin bolşeviklər tərəfindən ələ keçirilməsindən sonra Azərbaycanın bir sıra dövlət və ictimai xadimləri Nargin adasına aparılaraq orada güllələnib. İkinci Dünya Müharibəsinə qədər gözdən uzaq olan ada güllələnmə məkanı kimi istifadə edilib”, - deyə Əhmədova adanın sonrakı taleyindən danışır.

Adadakı daşlarda və qayalarda o illərə aid bir sıra xatirələr qalıb. Əsirlər daşlara və qayalara doğulduqları yerlərin adı ilə yanaşı, öz adlarını da cızıblar. Ada Bakının hava hücumundan müdafiə bazasına çevrildikdən sonra da bu abidələr öz varlığını tarixin canlı şahidi kimi qorumaqda davam edir. 

Yeraltı daxma və qazamatlar beton istehkamlara çevrilib ki, aviasiya bombalarının zərbələrinə tab gətirsin. Amma zaman öz işini görüb. İndi adada nə vaxtsa keçilməz sayılan istehkamların dağıntıları qalır.

Bu gün Böyük Zirə adası Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nəzarəti altındadır. Bakı buxtasına girişə buradan nəzarət edilir. Nargin adasına giriş bütün vətəndaşlar üçün bağlıdır. Amma bir çoxları bunu başa düşmür. Hərbçilər isə balıq ovçularını, macəra həvəskarlarını tez-tez adadan qovmaq məcburiyyətində qalırlar.

Adadakı mayakın ötən il 60 ili tamam oldu. 18 metrlik qüllə Bakı bulvarından da görünür. Eyni zamanda mayakdan aydın havada bütün Bakını müşahidə etmək mümkündür.

Üç saniyəlik intervalla işıldayan Nargin mayakı gəmilərə Bakıya olan yolu göstərir. Bununla yanaşı, adadakı mayak  hər birimiz üçün həm də tarixin mayakı sayılır...




Ana səhifəyə qayıt        Baxış: 55          Tarix: 16-09-2019, 11:13      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent