Xəbər lenti

  Tarix - onu unudanları ağır cəzalandırır. Biz unutduqca, tarixin cəzası daha da ağırlaşmaqda davam edir
Bizim başımız rus mədəniyyətini öyrənməyə, rus ziyalılarını sevməyə qarışdığından, Sibir çöllərində dondurucu soyuqda aclıqdan və xəstəlikdən can verən Azərbaycanın dahi sənətkarlarından - cavidlərimizdən, cavadlarımızdan, NKVD həbsxanalarında məhkəməsiz güllələnən müşfiqlərimizdən xəbərimiz olmadı...

(Elegiya)
Düşmənini tanımayan və ya tanıyıb, ona nifrət edə bilməyən xalqlar düşmənlərinin yemi olmağa və onlar tərəfindən hər cür cəzaya məruz qalmağa layiqdirlər...
Cənubi Azərbaycan türklərinin gənc, istedadlı yazıçısı, “Balaca qara balıq” hekayəsinə görə beynəlxalq Qran Pri mükafatına layiq görülmüş Səməd Behrəngi Azərbaycanın birliyini istədiyinə, özünü türk kimi dərk etdiyinə görə, İran kəşfiyyat orqanları tərəfindən Azərbaycanı sərhəd kimi ayıran Araz çayında boğularaq öldürülmüşdür. Arazın suyu neçə-neçə Səmədlərin qanına boyanmışdır...

Bu, o tərəfdə (Güneydə) Azərbaycan türklərinə qarşı rejimin apardığı vəhşiliklərdən yalnız bir fraqmentdir. Minlərlə Azərbaycan türkü sadəcə “Mən türkəm” dediyinə görə izsiz-soraqsız yox edilmişdir.
 
Bu tərəfdə isə rus-erməni ittifaqı Azərbaycan türklərinə divan tutmaqdan bir an da olsun çəkinməmişlər. Hətta azərbaycanlı olan başqa etnik qrupların nümayəndələrinə də türklərə olan münasibəti göstərməklə, həm də bütünlükdə müsəmanlara qarşı öz düşmənçiliklərini sərgiləmişlər. Məhz buna görə əsrin əvvələrindəki müharibənin adı “erməni-müsəlman davası” kimi tarixə düşmüşdür...
 
Rus-erməni birliyi tarix boyu xalqımıza qarşı insanlıq adına yaraşmayan cinayətlər törətmiş, qadın, qoca, uşaq demədən hamıya divan tumuşdur. Belə vəhşiliklərin biri də hələ SSRİ-nin dağılmağa başladığı 80-ci illərin axırlarında, 20 yanvar Bakı qırğınından və 92-ci il Xocalı soyqırımından bir neçə il əvvəl Kəlbəcərdə törədilmiş hərbi cinayət olmuşdur... Kimsə bilirmi, o vaxtlar nə olmuşdur? Bu gün xalqımızı rusların bizə dost olduğuna inandırmaqda dəridən-qabıqdan çıxan sapı özümüzdən olan baltalar, ya da xalqı biabırçı təslimçilik sülhünə hazırlmağı öhdəsinə götürərək, dövlətinə, vətəninə və millətinə xəyanət edənlər, görəsən, bu hadisəni necə dəyərləndirirlər?! Yeni dövrdə Azərbaycan uğrunda verdiyimiz ilk şəhidlərin balaca oğlan uşaqları olduğunu bilirikmi? Düşmənlərin gələcəyimizi hədəfə alan əməllərindən xəbərimiz varmı? Onların intiqamını almağı düşünürükmü?
 
Nə vaxt ki, Azərbaycan bayrağında səkkiz güşəli ulduzumuz gözümə dəyir, dərhal yadıma səkkiz balaca şəhidimiz düşür: Məmmədov Sahib Sultan oğlu (10 yaşında), Salmanov Ramiz Tofiq oğlu (8 yaşında), Valehov Anar Qardaşxan oğlu(7 yaşında), İbişov Cahid Telman oğlu (10 yaşında), Əsgərov Səxavət Dəmir oğlu (14 yaşında), Əsgərov Natiq Məhəmməd oğlu (14 yaşında), Xəlilov Bəxtiyar Rəhim oğlu (11 yaşında), Orucov Azər Zakir oğlu (7 yaşında). Sanki ulduzumuzun hər küncündə o şəhid balalarımızdan birinin ruhunun oturduğunu və millətimizi xəta-baladan qorumaq üçün Allaha dua etdiklərini hiss edirəm.
 
Bəlkə də Azrərbaycanda çox az adam bu haqda nəsə bilir, bilənlərin bəziləri demək olar ki, xatırlamaq istəmir, bəziləri isə artıq çoxdan unudub. Sanki yaxın tariximizdə belə bir dəhşətli cinayət olmayıb. Sanki cənnət mələkləri kimi heç bir günahı olmayan, hələ günah etmək qabiliyyətinə, günah etmək gücünə malik olmayan səkkiz azərbaycanlı balası heç bu dünyaya gəlməyib...
 
Tariximiz boyu düşmənlərimiz bizə qarşı törətdikləri cinayətlərə görə, əslində, bizim unutqanlığımıza borcludurlar. Məhz bu unutqanlıq bizi düşmənə qarşı sərvaxt olmağa, vaxtında səfərbər olmağa imkan verməmiş və hər yeni fürsətdə düşmən öz düşmənçiliyini asanlıqla və müqavimətsiz həyata keçirmişdir. Maonun belə bir fikri var: “Xalqlar xeyirlə şəri, dostla düşməni bir-birindən ayırmağı bacarmayana qədər düşdükləri böhranlı vəziyyətdən (məncə, həm də düşdükləri qəflətdən) çıxa bilməzlər”. Bizim xalqımız dostunu düşməndən, xeyri şərdən ayıra bilmir, buna görə, hələ də bir millət olaraq milli böhranda və qəflətdəyik. Birləşmək, həmrəy olmaq, bir-birimizi sevmək, dəyərlərimizə, tariximizə, mədəniyyətimizə və bir-birimizə sahib çıxmaq problemimiz kəskin olaraq qalmaqdadır.
 
Əsrin əvvələrində - 1918-ci ildə erməni-rus birliyinin 60 min azərbaycanlını genosidə məruz qoyduqdan iki il sonra, olanları unudaraq, öz müstəqilliyimizdən imtina edib, “xoşbəxt gələcəyimizi” bizi genosidə məruz qoyanlarla bir yerdə olmağımızda gördük. Bu birlikdə düşmənlərimiz bizi özümüzün əlimizlə daxildən məhv etməyə başladı. Hərdən bir bəhanə ilə - gah kollektivləşmə adı ilə, gah mədəni inqilab adı ilə, gah da anti-sovet təbliğatı bəhanəsi ilə -1937-ci ildə 75 min azərbaycanlı ziyalısını - xalqını düşünən, onun azadlığı uğrunda mübarizə aparan milli təfəkkürlü insanlarımızı qurban verdik...
 
Düşmən bizə qarşı hər yerdə, hətta qardaş Türkiyədə də öz düşmənçiliyindən əl çəkmədi. Sovetlərin əlindən qaçmağa və Türkiyə ərazisinə keçməyə nail olmuş 300 millətçi ziyalımız Stalinin təzyiqi ilə geri qaytarıldı, elə türk qardaşlarımızın gözü önündə sovet sərhədində məhkəməsiz gülləyə düzüldü...
 
Sonrakı dövrlərdə də böyük şəxsiyyətlərimiz ya diş ağrısından, ya apendisit əməliyyatından, ya da bu kimi gülünc səbəblərlə məhv edildi. Millət başsız qaldığına görə idi ki, Bakıda mart qırğınına başçılıq etmiş Şaumyan “xalq atası”, xalqı bu qırğından xilas etməyə cəhd etmiş bütün ziyalılarımız “xalq düşməni” kimi tanındı.
 
Bizim gecə-gündüz ittifaq büdcəsini qız və gəlinlərimizin, tələbə gənclərimizin qul əməyi ilə doldurmağa başımızın qarışdığı vaxtlarda ermənlər bizim topraqları ələ keçirmək planları cızırdı. Azərbaycan 15 dəfə qul əməyinə görə keçici qırmızı bayrağa layiq görüldüyü il Ermənistan rəhbərliyi millətçiliyi açıq-aşkar inkişaf etdirdiyinə görə töhmətləndirilirdi. Bizim başımız rus mədəniyyətini öyrənməyə, rus ziyalılarını sevməyə qarışdığından, Sibir çöllərində dondurucu soyuqda aclıqdan və xəstəlikdən can verən Azərbaycanın dahi sənətkarlarından - cavidlərimizdən, cavadlarımızdan, NKVD həbsxanalarında məhkəməsiz güllələnən müşfiqlərimizdən xəbərimiz olmadı. Biz Ağcaqum çölündə güllələnən 26 Bakı xainlərinin xatirəsinə yas tutduğumuz vaxtlarda Qazaxıstan çöllərində millətimizin ölümə tərk edilmiş qaymaqları olan din xadimlərimizin, alimlərimizin, böyük sənət adamlarımızın kütləvi məhv edilməsindən bixəbər qaldıq.
 
Yaddaşı olmayan bir xalq dəfələrlə eyni düşmən tərəfindən amansızcasına cəzalanmağa haqq qazanır, necə ki, biz o haqqı qazanmışdıq.
 
Qul kimi işlətdilər, “qoyun” dedilər. Hüquq vermədilər, “qanunsevməz” dedilər. Ağalıq etdilər, “nökər” dedilər. Bizi bizdən iyrəndirdilər. Onların gözündə gah Qafqaz tatarı, gah farsdandönmə, gah da azərbaycanlı olduq. Bizdə sümüklərimizə qədər işləmiş milli yarımçıqlıq kompleksi formalaşdırdılar. Beyinlərimizi yuyub, manqurt, zombi etdilər, tariximizdən, mədəniyyətimizdən, dinimizdən qopardılar. Özümüz özümüzdən iyrənməyə başladıq. Özümüz olmaqdan utandıq, başqası olmağa cəhd etdik. Öz milli adlarımızı Telmanlarlara, Hamletlərlə, Esmiralarla əvəzlədik. Uşaqlarımıza gah Kolxoz, gah Kombayn, gah Aprel, gah Noyabr adı qoyduq və bunu bizə məcbur etdilər.
 
Tarix - onu unudanları ağır cəzalandırır. Biz unutduqca, tarixin cəzası daha da ağırlaşmaqda davam edir
 
1989-cu il, 14 iyul Kəlbəcər şəhəri. Küçədə 10-12 yaşlarında səkkiz oğlan uşağı - böyük tordan xəbəri olmayan səkkiz “balaca qara balıq”, onların taleyi üzərində qurulan məkrli oyunlardan bixəbər, başları öz uşaq oyunlarına qarışmış halda oyun oynayırdılar. Onlardan kimi həkim olub xəstələri sağaltmaq, kimi müəllim olub uşaqlara dərs vermək, kimi polis olub asayişi qorumaq, kimi zabit olub sərhəddə keşiş çəkmək, kimi kosmanavt olub göyə qalxmaq, kimi mühəndis olub yol çəkmək körpü salmaq, kimi alim olub açılmamış elmi sirləri açmaq, kimi də geoloq olub Kəlbəcər dağlarının altında yatan sərvətləri üzə çıxarmaq arzusu və ümidi ilə yaşayırdılar. Onlar öz kiçik oyunlarını oynadıqları vaxtda Azərbaycanla bağlı Moskvada, İrəvanda, Avropanın paytaxtlarında daha böyük oyunlar oynanılırdı...
 
Birdən göydə vertalyot göründü. Az keçmədi, vertalyot uşaqlardan bir az aralıqda yerə yendi. Uşaqlar öz oyunlarına ara verdilər. İndiyə kimi bu qədər yaxından vertalyot görməmişdilər. Uşaq marağı onlara hakim kəsildi. Oyunlarını yarımçıq qoyub, qaça-qaça gedib yaxınlıqdakı təpəyə çıxdılar…
Rusların o vaxt Qarabağı Azərbaycandan qoparıb, ermənilərə vermək planını həyata keçirmək üçün xüsusi səlahiyyətlər verilmiş Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayətində Xüsusi İdarə Komitəsinin başçısı Arkadiy Volskinin əmri ilə rus hərbçiləri vertalyotla Kəlbəcərdə saxlanan erməni əsirlərini aparmağa gəlmişdi. Hansı ki, sonradan Qarabağın işğal edilməsində bu adamın xüsusi rolu oldu.
 
...Uşaqlar çox böyük diqqətlə əsirlərin vertalyota mindirilməsini seyr edirdilər. Nəhayət, axırıncı erməni də vertalyota mindirildi və qapıları bağlandı. Vertalyotun sürücüsü bir rus pilot idi. Onun Azərbaycan xalqına, müsəlmanlara dərin nifrəti vardı. Təpənin üzərində dayanmış uşaqlar onun diqqətini cəlb etdi. Artıq SSRİ dağılmaqda idi. Əvvəlki vaxtlardan fərqli olaraq SSRİ xalqları - hərə özünə uyğun dost və düşmən seçməyə başlamışdı. Ruslar erməniləri dost, azərbaycanlıları düşmən seçməyi çoxdan qərarlaşdırmışdılar. Burda həm din faktoru, həm də ertmənilərin tarixən rus maraqlarına xidmət etməsi dururdu.
  
Pilotun beynindən ildırım kimi bir fikir keçdi: erməniləri əsirlikdə saxlayan Kəlbəcər camaatını cəzalandırmaq, onlara uzun illər unuda bilməyəcəkləri dağ çəkmək. Vertalyot yüksəlməyə başlayan kimi uşaqların durduğu təpəyə doğru hərəkət etməyə başladı. Uşaqlar elə başa düşürdülər ki, pilot vertalyotu onların daha yaxından görmələri üçün belə alçaqdan və onlara tərəf sürür. Sevincdən hoppanıb-düşməyə, vertalyota əl elməyə başladılar. Vertalyot təpəyə çatanda pilot vertalyotu bir qədər yana əydi. Vertalyotun pərləri təpənin üzərində atılıb düşən 8 Azərbaycan balasını ot kimi biçdi və dərhal da böyük sürətlə oradan uzaqlaşdı.
 
Bir anda baş verən bu hadisəyə heç kəs inanmaq istəmirdi. Bir erməni əsirinin burnu belə qanamamış, sağ-salamat azad edilmişdi. Amma indi Kəlbəcərin kənarındakı təpənin üzərində qanları bir-birinə qarışmış səkkiz oğlan uşağının cəsədi tanınmaz halda valideynlərinin gəlməsini gözləyirdi. Onların qanı yalnız yerə yox, həm də rus xaqının vicdanına tökülmüşdü...
 
Bəzən deyirlər ki, birinin hərəkətinə görə xalqı ittiham etmək olmaz. Əgər rus xalqı həmin pilotu ağır cəzalandırsaydı, Azərbaycan xalqından üzr istəsəydi, bəlkə də bu deyilmlərə haqq qazandırmaq olardı. Amma onlar azadlıq istəyən xalqların qanını tökən hər bir rusa “xalq qəhrəmanı” kimi baxmaqda davam edirlər...
 
Beləliklə, həmin gün azərbaycanlı və müsəlman olmaqdan başqa, heç bir günahı olmayan səkkiz oğlan uşağının rus pilot tərəfindən vəhşicəsinə şəhid edilməsi gələcəkdə daha qanlı hadisələrin olacağının işarəsi kimi tarixə düşdü. Amma həmişəki kimi qatilin cəzalanmasına, rus dövlətinin beynlxalq məhkəməyə verilməsinə, Rusiyadan kompensasiya tələb etmək əvəzinə, o vaxtkı rəhbərlik səkkiz uşağa şəhidlik statusu verməklə öz işlərini başa çatmış hesab etdi. Sonrakı dövrdə bu səkkiz balaca oğlanın şəhid olması mümkün qədər xatirələrdən silinməyə cəhd edildi, elə buna görə üstündən üç il keçdikdən sonra erməni rus birləşməsi Xocalıda daha geniş miqyaslı genosid həyata keçirdilər. 63 uşağı qətl edib, meyitləri üzərində əyləncə qurdular.
 
Bu gün hələ də Azərbayanda adını ziyalı, siyasətçı, vətəndaş qoyan insanlar tapılır ki, Rusiya-Azərbaycan dostuluğundan danışır, öz ana dilində danışmaqdan imtina edib, rus dilində danışmağı özünə şərəf bilir, bunu müasirlik kimi dərk edir, üzünü şimaldan gələn soyuq küləklərə tutaraq qızınacaqlarını düşünürlər. Belələrinə bu səkkiz balaca şəhidin taleyini xatırlatmaq istəyirəm. Əgər sizlərdən birinizin bu yaşda balası o şəhidlərin arasında olsaydı, yenədəmi bu mövqenizdə qalardız?
 
Azərbaycan höküməti rus-erməni birləşmələrinin xalqımıza, xüsusən uşaqlarımıza qarşı törətdikləri cinayətləri hələ də beynəlxalq məhkəmələrə təqdim etməyi fikirləşmir. Buna görə də yeni-yeni şəhidlər verəcəyimiz qaçılmazdır.
 
Sənət adamlarımız bu balaca səkkiz şəhidin xatirəsini əbədiləşdirmir, siyasətçilərimiz bu rus vəhşiliyindən danışmır, biz susduqca cinayətkarlar daha da azğınlaşır. Kəlbəcər hadisəsində susmasaydıq, Xocali hadisəsi baş verməzdi...
 
Bu gün Azərbaycanın xoşbəxt gələcəyini yenə də Rusiyanın yanında görənlərə Ağdamda rus təxribatçılarının qətlə yetirdiyi iki yüzə yaxın əsgərimizi, Baki metrolarında həyata keçirilən terror nəticəsində həlak olan yüzlərlə dinc sakini, Qazax yolunda partladılan və 50 nəfərin ölümü ilə nəticələnən terror hadisəsini və daha neçə irili-xırdalı insanlığa qarşı yönəlmiş cinayət əməllərini tez-tez xatırlatmaq lazımdır. Onların evlərinin, iş yerlərinin qarşısında bu səkkiz balaca şəhidin posterlərini vurmaq lazımdır ki, hər dəfə evlərinə və ya iş yerlərinə gedəndə “qardaş rusların” vəhşiliyini yada salıb, bir daha dərindən düşünsünlər. Onlar bilməlidir ki, bütün bunları unudaraq, “gəlin ruslarla birlikdə olaq” deyənlər, əslində, yeni bir Mart, Kəlbəcər, Xocalı soyqırımına zəmin hazırlayırlar, torpaqlarımızı işğal və ilhaq edən rus-erməni ittifaqına haqq qazandırırlar. Bütün bu hərbi və insanlıq əleyhinə cinayətlərə onlar da erməni-rus birliyi qədər məsuliyyət daşıdıqlarını anlasınlar.
 
Sərdar CƏLALOĞLU
 
P.S. Həmin balaca şəhidlərə Kəlbəcərin girəcəyində gələcək nəsillərə xəbərdarlıq olsun deyə ucaldılmış abidə Kəlbəcərin işğal edilməsi ilə ermənilər tərəfindən darmadağın edilmişdir. Nəticədə özləri, həm də xatirələri şəhid olmuşdur. muxalifet.az




Ana səhifəyə qayıt        Baxış: 55          Tarix: 17-09-2019, 14:18      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent