Xəbər lenti

 

Hər il 15 sentyabr ərəfəsində Osmanlı ordusunun Bakını işğal etməyə gəldiyini söyləyən kimsələr tapılır. Baxmayaraq ki, Cümhuriyyət qurucuları ölənədək Qafqaz İslam Ordusuna minnətdar oldular, bu tarixi hadisə barədə dəfələrlə yazı yazdılar.

Bu gün sosial şəbəkədə heç bir ciddi dəyəri olmayan fikirlərlə bu mühüm hadisəni kiçiltməyə çalışanlar olsa da, həqiqət odur ki, əgər Bakı Sovet Azərbaycanının da paytaxtı oldusa, bu, məhz Qafqaz İslam Ordusuna görə idi. Çünki I Dünya müharibəsinin nəticəsində Azərbaycanın ürəyi olan Bakının birbaşa Rusiyaya birləşdirilməsi planı vardı. Bu isə onun əbədiyyən itirilməsi demək idi.

Bu gün dünya dövlətləri arasında iqtisadi-siyasi müqavilələr imzalanarkən mənfəət anlayışı ön plana çıxır. Siyasi proseslərə realizm nəzəriyyəsi ilə baxdığımız zaman mənfəətin önə çıxması olduqca təbii görünür və dünya tarixi bunun üzərində qurulub.

Ona görə də Bakını azad edən dövlətin bunun qarşılığında nələrsə əldə etmək istəməsi təbiidir. Ən ağır zamanında Bakını xilas etmək üçün qoşun göndərən və buna nail olan ordunun Bakının nemətlərindən faydalanmaq istəməsi də təbiidir. Necə ki, türklərdən sonra gələn ingilislər də Bakı neftini daşıdılar, eləcə də ruslar. Amma məsələ ondadır ki, ingilislər Bakıya gələndə Bakı artıq Azərbaycanın idi. İngilislər türklərin rəsmiləşdirdiyi paytaxta gəlmişdilər. Türklər Bakını güllə deyil, güllə ilə almışdılar. Yüzlərlə insan itirmişdilər, Gəncədə təhlükə altında qalan hökumət üzvlərinin Bakıya yerləşməsinə səbəb olmuşdular. Rəsulzadənin dediyi kimi, “Xudahafiz, Azərbaycan” təhlükəsinin qarşısını almışdılar.

***

Türk ordusunun Azərbaycanda fəaliyyət göstərməsi məsələsi elə Cümhuriyyət dönəminin özündə də müzakirə edilib. Azərbaycan Cümhuriyyəti parlamenti açıldıqdan sonra məclisdə bu məsələ gündəmə gəlib. Parlamentin 1919-cu il 5 fevral tarixli iclasında Hümmət üzvü Səməd Ağamalıoğlu mövcud hökuməti ağır tənqid edir və bu siyasətin əsasının türklər gəldiyi zaman qoyulduğunu iddia edir.

Qafqaz İslam Ordusuna, Nuru paşaya qarşı çıxış edən Ağamalıoğluna Rəsulzadə belə cavab verir:

“Türklərin buraya gəlməsində bir günah təsvir olunur. Guya türklər buraya gəlib zopa işlətmişlər, onları qeyri-yolsuzluqlar ilə də töhmətləndirirlər və bu işdə hər nədənsə, natiq əfəndi Müsavat firqəsini əlaqədar tutur və buyurur ki, türkləri Azərbaycana Müsavat gətirmişdir. Qəribədir ki, digər tərəfdən də Müsavat türkləri istəmir deyə bizi ittiham edirlər. Əvət, biz türkləri gətirdik. Bunların ikisi də doğrudur. Müsavat türkləri çağırdı, çünki burada Azərbaycan türklərinin həyatı təhlükədə idi. Bu məsələdə o zamankı Azərbaycan şurayi-millisi müttəfiq idi. Bu nöqteyi-nəzərdə sosialistlər bu gün peşiman olsalar da, o gün bizimlə bərabər idilər.

Ağamalıyev də türkləri çağırmışdı, fəqət, onlar bundan imtina etsələr də, biz kamali-cəsarətlə deyiriz, türkləri çağırdıq və bununla da iftixar ediriz. Çünki türklər gəlməsəydi, Bakıda vüqu bulan mart hadisəsinin təsiri yalnız Bakıda qalmayıb bütün Azərbaycana istila edəcəkdi, millətdə ümumi bir qitalə məruz qalacaqdı. İşdə bu ali məqsəd üçün türklər buraya dəvət olunmuşlardı və burada əgər bəziləri tərəfindən bir takım üsulsuz hərəkət vaqe olmuşsa, o kimi münfəridən icra olunan ədəbsizlikləri bizi xilasa qoşmaqdan başqa günahları olmayan fədakar Türk Ordusuna, Anadolu Məhmədciklərinə təhlil etmək olmaz”.

Rəsulzadə çıxışının davamında önəmli bir məsələyə də toxunur. Bu, Azərbaycanın faktiki Osmanlıya birləşdirilməsi məsələsi idi. Çünki Azərbaycanın özündən də bəzi qüvvələr davamlı şəkildə Osmanlı sarayına ilhaqla bağlı müraciətlər ünvanlamışdılar. Qafqaz İslam Ordusunun özündə də bu fikirdə olanlar vardı. Ənvər paşanın özünün də son hədəfi böyük türk dövlətinin qurulması idi. Amma Ənvər paşadan daha realist olan Rəsulzadə tarixi prosesləri daha doğru dəyərləndirdiyi üçün Bakını işğaldan azad etsə də, Azərbaycanın Osmanlı təsirində qalmasına qəti qarşı idi. Nəsib bəy Yusifbəyli də buna qarşı idi. Hələ Cümhuriyyətdən öncə Nəsib bəy bir türk zabitinə “Bakı İstanbuldan idarə edilə bilməz” deyə cavab vermişdi. Rəsulzadə də eynilə həmin fikri bu dəfə parlamentdə səsləndirirdi:

“Əfəndilər! Bununla bərabər Müsavat türklərin əleyhinə idi. Bu da bir nöqteyi-nəzərdən doğrudur. Müsavat firqəsi birinci firqədir ki, Qafqaziyada türklüyün bayrağını yüksək qaldırıb, türklüyün hissiyatını oyatmışdır. Fəqət, bununla bərabər Müsavat hər zaman türklərin ittihadını bir konfederasion şəkildə təsəvvür eyləmişdir. Biz bilirdik ki, şimal istibdadından yeni yaxasını qurtarmış Azərbaycan türkünün yüz sənədən bəri adət eləmiş əhvalları vardır. Biz bilirdik ki, İstanbul doğurdan-doğruya Bakını idarə etmək istərsə, xalq bu idarəyə təhəmmül edəməz. Bakı İstanbula qarşı üsyan edər. Bunu biz hər zaman bilirik, onun üçün də Azərbaycanın kəndi başına idarə olunmasını istəyirdik”.

Göründüyü kimi, məsələ olduqca sadədir. Türk ordusunu Bakıya Azərbaycan Milli Şurası çağırıb və şurada təmsil olunanlar buna razı olublar. Türklərin dəvəti məsələsi hələ 1918-ci ilin əvvəlindən gündəmdə idi, bununla bağlı Osmanlı sarayına nümayəndələr göndərilmişdi. Mart soyqırımı isə bunu daha da sürətləndirdi. 28 maydan öncə artıq Türk ordusu Azərbaycan ərazisində idi, 4 iyunda isə bu danışıqların hüquqi tərəfi Batum müqaviləsi ilə yekunlaşdı.

Türkləri Azərbaycana Müsavat hökuməti dəvət etmişdi, amma Rəsulzadənin də dediyi kimi, Bakını idarə etməyə deyil, Bakını azad etməyə. Necə ki, Rəsulzadəgil sonadək ilhaqa qarşı çıxdılar. Tarixdə “əgərlərə” yer olmasa da, bunu da əminliklə demək mümkündür ki, Osmanlı məğlub olmasa, Mudrosu imzalamasaydı da, türklər Azərbaycan Cümhuriyyətini özlərinə birləşdirə bilməyəcəkdilər. Necə ki, ölkəni bu dəfə sözün həqiqi mənasında ələ keçirən ruslar da bunu birbaşa edə bilmədilər.
Rəsulzadənin dediyi kimi, Azərbaycanın kəndi başına idarə olunmasını istəyirdi...

Müəllif: Dilqəm Əhməd\\Teleqraf



Ana səhifəyə qayıt        Baxış: 51          Tarix: 17-09-2019, 22:41      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent