Xəbər lenti

 

ABŞ dünya bazarına çıxarılan neft və qazdan silah kimi istifadə edir və bu, müəyyən edilmiş dövlətə qarşı yönəldilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın neft naziri Bijən Namidar Zəncənə “Rusiya enerji həftəsi-2019” mövzusunda Moskvada keçirilən konfransda deyib. O bildirib ki, ABŞ İrana qarşı iqtisadi müharibə aparır. Lakin dünya bazarında neft bu və ya digər dövlətə qarşı silah kimi istifadə edilməməlidir. Bu, bütün dövlətlərdə yaşayan insanların sosial vəziyyətinə mənfi təsir edir. Təəssüf ki, ABŞ bu kimi halları nəzərə almır.

Nazir qeyd edib ki, 2020-ci ildə “Cənub Pars” qaz yatağından sutkada 27 milyard kubmetr qaz çıxarılacaq. Ümumilikdə isə İran cari ildə sutkada 70 milyard kubmetr qaz hasil edəcək. Hazırda İran Türkiyə, Pakistan, Əmman, İraq və Ermənistana qaz ixrac edir. Sanksiyalar İranda neft və qaz çıxarmaq sənayesinə toxunmayıb.

Xatırladaq ki, oktyabrın 2-dən 5-dək Moskvada “Rusiya enerji həftəsi-2019” mövzusunda beynəlxalq konfrans keçirilir. Konfransda dünyan iri neft və qaz şirkətlərinin rəhbərləri, Avropa və Asiya ölkələrinin enerji nazirləri, iqtisadiyyat alimləri və siyasi müşahidəçilər iştirak edirlər. Konfransda “Neft və qaz bazarlarındakı vəziyyət”, “Ölkələrin enerji öhdəlikləri”, “Gələcəyin çağırışları”, “Dünya siyasətində neftin rolu” mövzuları müzakirə olunur. Konfransın işinə Rusiya Prezidenti Vladimir Putinin də qatılacağı gözlənilir. Rusiya Prezidenti konfransda qlobal enerji təhlükəsizliyi barədə fikirlərini bölüşəcək və qlobal xarakter daşıyan problemlərin həlli yollarından danışacaq.




Ana səhifəyə qayıt        Baxış: 431          Tarix: 3-10-2019, 06:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma