Xəbər lenti

 

GünazTV: İranın Bağdaddakı səfiri İrəc Məscidi İraqın Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə rəsmi Bağdad oktyabrın 3-də bəyanat yayıb.

 

Bəyanatda bildirilir ki, İrəc Məscidinin İraqın Xarici İşlər Nazirliyinə çağırılması, onun bir neçə gün əvvəl jurnalistlərə açıqlamasında Amerikanın qanuni şəkildə bu ölkədə olan hərbi qüvvələrinə qarşı səsləndirdiyi təhdid dolu bəyanatları ilə əlaqədardır.

 

İraqın xarici işlər nazirinin müavini Əbdülkərim Haşım Mustafa jurnalistlərə açıqlamasında İran səfirinin son bəyanatını kəskin pisləyərək deyib ki, Amerikanın hərbi qüvvələri İraq hökumətinin rəsmi tələbi və razılığı ilə bu ölkəyə gəlib: “Biz heç vaxt ölkəmizin beynəlxalq münaqişələr meydanına çevrilməsinə və ya kimlərinsə buradan dostlarımıza və ya qonşularımıza qarşı hərbi əməliyyat keçirməsinə icazə verməyəcəyik” –deyə İraqın xarici işlər nazirinin müavini Əbdülkərim Haşım Mustafa bəyan edib.

 

Bildirilir ki, İraqın Xarici İşlər Nazirliyində çağırılan İran səfiri ilə keçirilən görüşdə ona son bəyanatına görə kəskin etiraz bildirilib.

 

Xatırladaq ki, “Sepah”ın “Qüds” briqadasının komandanı Qasım Süleymaninin keçmiş müşaviri olmuş İranın Bağdaddakı səfiri İrəc Məscidi bir neçə gün əvvəl “Diclə” telekanalına müsahibəsində ölkəsinə qarşı mümkün hücumdan və İranın buna verəcəyi reaksiyadan danışmışdı: “Amerika İrana hücum edəcəyi təqdirdə, bu ölkənin hərbi qüvvələri istənilən yerdə, o cümlədən də İraqda bizim hərbi qüvvələrimizin kəskin cavabı ilə üz-üzə qalacaq” –deyə İranın İraqdakı səfiri İrəc Məscidi təhdid etmişdi.

 

Qeyd edək ki, son günlər ölkədə baş alıb gedən korrupsiya, yoxsulluq, işsizlik və ədalətsizliyə qarşı İraqın müxtəlif şəhərlərində hökumətə qarşı keçirilən kütləvi etirazlarda İran İslam Respublikasına qarşı kəskin şüarlar səsləndirilib, İran rejiminin İraqın daxili işlərinə qarışmasının dayandırılması tələb edilib.

 




Ana səhifəyə qayıt        Baxış: 545          Tarix: 4-10-2019, 12:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma