Xəbər lenti

 

Eldar Sabiroğlu

Hakimiyyətlə bağlı söz-söhbətlər nəinki səngiyir, əksinə getdikcə artır. Vəziyyət kritik həddə çata bilərmi?  Yaxşı, bəs reallıq  özü nəyi diktə edir? Prezident yerində möhkəm dayanıb. Haray-qışqırıqların onu laxlatmağa gücü hələ ki yetmir və istənilən hücumu dəf etməyə hazır görünür. Antipropaqanda çağırışları xalqın dayanıqlı dəstəyini cəlb etməyincə köhnəlmiş  metod və şüarlarla iqtidarı 15 il oturduğu məkandan ayırmaq çətin olacaq. 15 ildir nəticəsiz istefa nəğməsi yenə oxunur.

İndi məni siyasi düşərgələrdə baş verən hadisələrə sadə insanların yanaşması daha çox ilgiləndirir. Nəhayət, bu məqsədlə beş nəfərin iştirakı ilə xudmani bir dəyirmi masa da biz keçirdik. Təsadüfi alınan tədbirdə  fikirlərin toqquşduğu anları yaşasam da, həmin gün yaddaşıma öz izini qoydu. Siyasətlə əlaqəsi olmayan insanlardakı  qəzəbi görmək üzücü idi. Nə baş verdiyindən asılı olmayaraq onun getməsini istəyirdilər.

 -Mütləq getməlidir, getməzsə göndərərik. Hətta bu cür! Püskürən beyinləri bu qədər amansız görməmişdim. Onlardan ikisini tanıyırdım. Əvvəllər heç belə deyildilər. İndi tamam dəyişiblər. Niyə? Nə üçün? İmkanım olsaydı səbəbini hakimiyyətdən soruşardım...

   -Getməzsə, necə göndərəcəksiniz?

   -Zaman göstərər.

   -Zorlamı?!

   -Vəziyyət özü diktə edəcək.   

   -HANSI GÜCLƏ?

   -XAIQIN GÜCÜ İLƏ

Bu qısa təsvir məncə hər şeyi aydınladır. Bəs axan qanın cəzasını kim ödəyəcək? Zorakı mübarizə artıq cinayətdir. Xüsusi vəziyyətlərdə xüsusi hazırlıqlar hökumət qüvvələrinin həmişə birinci dərəcəli vəzifəsi olub və bu məsələdə böyük  təcrübəyə malikdir. Xalqın iradəsilə açarı geri qaytarmayınca  ölkənin birinci şəxsinin qapısını  pas atmış köhnə açarlarla açıb içəri daxil olmağa yalnız sadəlövhlər  inanar.

Qarşıdurma meyllərinin alovlanması sonucda vətəndaş müharibəsi üçün əlverişli şərait yaradar.  Başqasına olur, lakin bir-birimizə güzəştə gedə bilmirik. Qanımızdakı özünü sındırmamaq xəstəliyi çay süfrəsində də adi etiraflara imkan vermirdi. Nə onlar öz prinsiplərindən geri durmur, nə də mən qəlbimdəki Heydər Əliyev sevgisini təslim etmək niyyətindəydim. Gözlərim önündə İlham Əliyev faktoru yox, gəncliyimdən məni   öz cazibəsində saxlayan Heydər Əliyev gerçəkliyi dayanırdı. Onu necə sata bilərdim... Özümü bağışlamazdım. Halbuki məni çıxdaş edən göstərişin məhz onun tərəfindən verildiyini ilk dəfədir dilə gətirirəm. Səfa Mirzəyevin parlamentdəki kabinetindən hökumət telefonu ilə  Ramiz Mehdiyevə zəng edib bu qisasın səbəbini soruşuram. O isə mənə Heydər Əliyevlə bağlantı yaratmağı məsləhət görür. Aydın olmayan nəsə qalırmı? Təcrübəli siyasi aktyor artıq öz uğurlu rolunu oynayıb qurtarmışdı.

Ətraf və komandaya təsirini hələ də itirməyən baş vəzir həmişə Azərbaycanda problem yaradıblar. Çünki güclü prezident hakimiyyəti onlara heç vaxt sərf etməyib.

Kəndirin bir ucunu əlində saxlayan baş vəzir  hakimiyyətdaxili şiddətin inkişafında hər zaman maraqlı olub. Dərinləşən  problemlərin  çoxu qaynağını elə bu dolaqdan götürür. Lakin hərif də deyillər. Bilirlər ki, təhlükə onların özlərini də bitirə bilər. Bu zaman bütün umu-küsüləri buraxıb prezidentin səfində dayanacaqları şübhəsizdir. Və birləşdirici fiqur olaraq dövlət rəhbərini son nəfəslərinədək qoruyacaqlarını tərəddüdsüz yerinə yetirəcəklər.

Cəmiyyətdə bununla bağlı müəyyən fərqli fikirlər mövcuddur. Ara qarışıb dəftərin itəcəyi pusqusunda duranlar arasında daxili didişmələrin müxalifətə fayda verəcəyi düşüncəsində olanlar da az deyil.

Dəyirmi masada qəbul edilən birgə bəyanatın mürəkkəbi qurumamış ictimai  bölümdə vüsət alan qarşılıqlı ittihamlardan göründü ki, qara niyyətlərin daşıyıcıları üçün, elə  hakimiyyət sevdalıları üçün də dövlət və qanun bütün şəxsi maraqlardan aşığıda dayanır. Güzgüdə hər şey açıq və şəffaf hiss olunur... Pərdə arxasında gizlənməklə deyil. Hakimiyyətlə müxalifətin üst qatındakı antoqonist münasibətlərdə olanlarla yanaşı indinin özündə, lap elə indiki dəqiqələrdə sıx ünsiyyətdə olanlar var. Onlar özlərini cəmiyyətə daha mükəmməl müxalifət qismində sırımağa çalışırlar. Lakin Allahın damğası alınlarının necə deyərlər, bəzəyidir.

P.S . Şəxsinə böyük hörmətim olan Eldəniz Quliyevin indi çox müdrik kəlamını oxudum:" Yumruğa dönə bilməyən milləti yumağa döndərərlər". Tam doğru bir qənaət!!!




Ana səhifəyə qayıt        Baxış: 469          Tarix: 10-10-2019, 08:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma