Xəbər lenti

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Dünya Türk İş Şurasının toplantısında çıxışında “Biz əvvəllər iki dövlət bir millət deyirdiksə, indi 1 millət, 6 dövlətik” deyib. Ərdoğanın bu fikirləri maraqla qarşılanıb.

Ovqat.com xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Aqil Abbas bildirib ki, Ərdoğanın “bir millət, altı dövlət” fikirləri dəstəklənməlidir:

“Mən 20 ildir deyirəm ki, biz 7 dövlət 1 millətik. Nazarbayev çox yaxşı vurğuladı ki, “Türkdili dövlətlər” yox, “Türk dövlətləri” anlayışları ortaya qoyulmalıdı. Gələcəkdə bu dövlətlər Avropa Birliyi kimi birləşməlidi. Ərdoğan bu fikirləri çox gözəl və zamanında deyib. Bunun üçün müəyyən işlər görmək lazımdı. Diqqət etsək görərik ki, bu baxımdan xeyli işlər görülüb”.

Türkiyə Böyük Millət Məclisinin üzvü Atilla Sertel deyib ki, Türk Dünyası arada xatırlanan, arada unudulan bir dünya olmamalıdır: “Eyni dildə danışan, eyni kökdən olan dövlətlər çox sıx münasibət qurmalı, dünya üzərində bir-birinin haqqını, hüququnu müdafiə etməli, lobbi yaratmalıdırlar. Azərbaycanla “iki dövlət, bir millət” ifadəsi çox doğrudur və bu yanaşma digər Türk dövlətləri üçün də olmalıdır. Siyasətdən ticarətə, ziyarətdən turizmə, investisiyalara qədər əməkdaşlıq olmalıdır. Bu birlik Türk dünyası ölkələri üçün gələcəyin inşaasında, yüksəlmədə, zənginləşməkdə önəmli bir addımdır”.

Türkiyənin Ərciyəs Universitetinin Ermənişünalıq bölməsinin rəhbəri Qafar Çaxmaqlı bildirib ki, illər ərzində Türkiyə prezidentinin dediyi birlik təmin edilməyib:

“Bunun səbəbləri geniş müzakirə mövzusudur. Türk Dövlətləri birgə olmağın mümkünlüyünü və bunun ayaqda qalmağın, güclü olmağın tək yolu olduğunu anlayıblar. Mən bu əməkdaşlığın doğrudan da “Bir millət, altı dövlət” formuluna keçəcəyinə inananlardanam. Türkiyə üzünü nə qədər Türk dünyasına çevirsə, o, daha da güclü ola bilər. Güvəndiyi bu dünyadan heç bir xəyanət də görməz. Çünki qanı bir, canı bir, dili bir qardaşların bir arada olması hamını güclü edər. Bu dövlətlərin hər birinin imkanları fərqli olsa da, sərvət və iqtisadi inkişaf mənasında bir-birini tamamlayacaq çox faktorlar vardır. İqtisadi cəhətdən güclü Türk dünyasına heç bir qüvvə qalib gələ bilməz”.

Türkoloq, filologioya elmləri doktoru Firudin Cəlilov bildirib ki, bu məsələ uzun illərdir müzakirə edilir:

“Avropa Birliyi olduğu kimi, Türk Birliyi də yaradılmalıdır. Bu birliyin çox böyük əhəmiyyəti var. İqtisadiyyatın inkişafında, elmdə, təhsildə, texnologiyada, kənd təsərrüfatında və digər sahələrdə inkişaf olacaq. Çünki biri-birindən öyrəcənəcək, təcrübələr paylaşılacaq. Ən önəmli məsələ odur ki, bu xalqlar eyni kökdən gəlir, eyni babanın övladıdır. Türk Birliyi yaranarsa, ortaq əlifba olacaq, ortaq dil yaranacaq, ortaq dərsliklər yazılacaq, getdikcə inteqrasiya artacaq.”

F.Cəlilov deyib ki, türk ölkələrinin birliyinə əngəl yaratmaq istəyənlər də çoxdur.

“İran, Rusiya, Ermənistan, Çin və başqa ölkələr bu birliyin yaranmasını istəməzlər. Türk Birliyinin yaranması fikri belə onları qorxuya salır. Onların türkdilli ölkələrdə olan “5-ci kolon”ları mane olmağa çalışır. Bu gün Azərbaycanda da “5-ci kolon” işə başlayıb. Azərbaycanın dövlət qurumlarından tutmuş müxalifətə qədər İranın, Rusiyanın adamları var”.

Qlobal Qəzetçilər Şurasının sədri, DİM Media qrupunun rəhbəri Mehmed Əli Dim bildirib ki, Rəcəp Tayyib Ərdoğanın sözləri təqdirəlayiqdir:

“Azərbaycanla biz onsuz da yaxınıq, bir cəmiyyətik. Əvvəl deyirdik “2 dövlət, 1 millət var”, indi isə Türk Şurasının türk dövlətlərini bir araya topladığının şahidi oluruq. Bu dövlətlərin hamısını türk cəmiyyəti olaraq tanıyırıq. Türk Şurasının məqsədi bütün türk dünyasını birləşdirməkdir. Rəcəp Tayyib Ərdoğanın dediyi fikir çox yaxşı yanaşmadı. Bu birliyi, dostluğu qorumaq lazımdı”.




Ana səhifəyə qayıt        Baxış: 344          Tarix: 15-10-2019, 22:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma