Xəbər lenti

 

Türkiyədə yaşayan professor, siyasi təhlilçi Toğrul İsmayıl Teleqraf.com-un Türkiyənin Suriyada həyata keçirdiyi əməliyyat və onun mümkün nəticələri ilə bağlı suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

Toğrul bəy, Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriyada həyata keçirdiyi əməliyyat, onun məqsədləri və əməliyyatın indiki mərhələsi barədə fikirləriniz nədən ibarətdir?
- Strateji və təhlükəsizlik baxımından Türkiyə üçün lazımlı əməliyyatdır. Bunu Türkiyə uzun müddətdir ki, tələb edirdi. Bu məqsədlə ABŞ-la danışıqlar aparılırdı. Sonda Türkiyə istəyinə nail oldu, ABŞ geri çəkildi və Türkiyə əməliyyata başladı.

Məncə, bu ABŞ üçün gözlənilməz oldu. ABŞ-ın indi təzadlı danışması, Türkiyəyə qarşı addımlar atması fikrimcə, Türkiyənin üstün olmasından qaynaqanır. Həm də Türkiyənin bölgədə artan nüfuzu ABŞ başda olmaqla bir çox ölkələri narahat etməyə başladı. Bu səbəbdən də əksər ölkələr az qala Türkiyəyə qarşı birləşdi. Əslində bu Türkiyənin xətası deyil, əksinə bölgədə apardığı fəaliyyətdən narahat olanların mövqeyidir. Dünya çapında bu hadisəyə münasibət isə kimlərin həqiqətən Türkiyənin dostu, kimlərinsə düşməni olduğunu ortaya çıxardı.

Mən ABŞ və Avropanın “Türkiyə bu məsələdə haqlıdır, terror ona ziyan vurur, amma Türkiyə əsgərini oradan çıxarmalıdır” mövqeyinin mənasını başa düşmürəm. Təsəvvür edin ki, ABŞ 7, Rusiya 3, Fransa 2 min kilometr kənardan bura müdaxilə edir, amma Türkiyənin 900 kilometr sərhəddi olmasına baxmayaraq, onun əməliyyat aparmasına etiraz olunur. Bu, çox qeyri-səmimi, sadəlövh yanaşmadır.

Türkiyə kimi bir dövlət sərhədləri yaxınlığında baş verən qanunsuzluğa heç vaxt laqeyd qala bilməzdi və əvvəl-axır terrorçuları bölgədən təmizləyəcəkdi. Türkiyənin məqsədi orada bir kürd dövlətinin qurulmasına mane omaqdan daha çox, birilərinin əli ilə süni bir dövlətin qurulması, gələcəkdə əldəqayırma dövlət vasitəsilə Türkiyənin ərazi bütövlüyünün təhdid edilməsinin qarşısını almaqdır. Bu da çoxlarının işinə yaramır, çünki onların başqa marağı var.

Hazırda Suriyada ABŞ və Rusiya arasında razılaşma əldə edildiyi deyilir. Bildirilir ki, Türkiyə əməliyyatlara başlayandan sonra Moskva ilə Vaşiqnton arasında YPG mövzusunda razılaşma əldə olunub. Nəticədə ABŞ Menbiçdən çıxıb və şəhərə rusların dəstəyi ilə Əsəd ordusu daxil olub. Bunu necə izah etmək olar?
- Mənim ABŞ-la rusların razılaşması məsələsinə gülməyim gəlir. Doğrudur, razılaşa bilərlər və bu, mümkündür. Amma bu da məsələyə sadəlövh yanaşma olardı. Əsas məsələ odur ki, Türkiyə “Amerika getdi, yerinə Rusiya gələcək” deyə orada terrorun qalmasına imkan verəcək bir dövlət deyil. Ruslar da olsa, Türkiyə təzyiqini artıracaq. Bunu da ruslar gözəl bilir. Ruslar bilirlər ki, oradakı kürd qruplar onların yox, ABŞ-ın nəzarətindədir. Və bu qruplar bir zamanlar Rusiyanı satıb ABŞ tərəfinə keçiblər, indi ABŞ-ı satıb Rusiyanın tərəfinə keçsələr də, sabah eyni aqibət rusları gözləyəcək.

Ən önəmlisi budur ki, Əsəd rejimi bu bölgəyə hakim olacaqsa, separatçı kürdləri cəzalandıracaq.

Əslində oradakı etnik qruplar rahat yaşamaq istəyirsə, Türkiyənin həyata keçirdiyi əməliyyatı dəstəkləməlidir. Türkiyənin məqsədi kiminsə etnik və dini kimliyi ilə deyil, terrorla mübarizədir. Baxın, Avropa, Rusiya və ABŞ terrorla mübarizə aparanda onların etnik kimliyi qabardılmır, amma Türkiyə terrorizmlə mübarizə apararkən, onların etnik kimliyi ortaya qoyulur. Halbuki Türkiyədə MHP, CHP və AKP daxilində kürdlər təmsil olunur, onlar arasında deputatlar, nazirlər, iş adamları da var. Nəzərə alın ki, kürdlər Türkiyədə ancaq cənub-şərqdə yaşamırlar. Əksinə, Türkiyənin hər yerinə səpələnib yaşayırlar.

Bu mənada indi etnik kimlik məsələsini qabardanların məqsədi ancaq Türkiyənin apardığı əməliyyata kölgə salmaq deyil, eyni zamanda gələcəkdə Türkiyə daxilində etnik kimlik məsələsini tətikləməkdir. Bu, indiyə qədər Türkiyə daxilində baş tutmayıb. Çünki ölkə daxilində kürd-türk fərqliliyi yoxdur. PKK fərqi məsələsi var və bu illər ərzində PKK ən çox kürd xalqına zərər verib.

Prezident Putinin Suriya üzrə xüsusi nümayəndəsi səfir Lavrentiyev bəyan edir ki, Ərdoğan onlara verdiyi sözü tutmayıb…
- Mən “yaxşı polis, pis polis” məsəlinə inanıram. Mənə görə Prezident Putin və Kremlin sözçüsü Peskovun açıqlamaları daha düzgündür. Ərdoğan və Türkiyə verdiyi sözün üzərində hər zaman dayanıb. Odur ki, bu yalan söhbətdir. Ərdoğan verdiyi sözü hər zaman tutar. Yox, əgər rusların ürəyindən başqa şey keçərsə, artıq bu, ayrı məsələdir. Elə ABŞ-ın da ürəyindən başqa şey keçə, hər kəs düşünə bilər ki, Türkiyə bu bataqlıqda batacaq. Bunlar ola bilər. Siz əməliyyat zamanı ordunun ələ keçirdiyi silahları, texnologiyanı gördünüzmü? “Türkiyənin qarşısında 50 minlik ordu durur, türk ordusu irəliləyə bilməyəcək” deyə rus və xarici kanallar xəbərlər yayırdı. Nə oldu? Hətta FETÖ-nü da dəstəkləyib deyəcəkdilər ki, Ərdoğan türk ordusunu çökdürdü. Bəs nə oldu? Sonda Türkiyənin haqlı olduğunu, ABŞ-ın terrorun təmizlənməsini istəmədiyini dünya gördümü? Bəs Türkiyə nə etməli idi? Həqiqət budur ki, Türkiyə Suriya torpaqlarını işğal etmir, işğalçı deyil, orada terrorun kökünü kəsir. Buna qədər Bəşər Əsəd buyurub ABŞ-ı Suriyadan çıxarardı. Niyə buna cürəti çatmırdı?

Türkiyə Astana prosesinə sadiqdir. Amma Türkiyəni nəzərə almadan burada hər hansı bir sərhədlər çəkmək istəyən imperialist qüvvələr sadəcə, xəyallar qururlar və bunu ancaq yuxularında görə bilərlər.

Hazırda Suriyada türk ordusu ilə Əsəd ordusu arasında qarşıdurma baş verə bilərmi?
- Bəli, qarşıdurma baş verə bilər. Bu, istinsa deyil, amma qarşıdurma müharibəyə qədər inkişaf edə bilməz. Bunu etsə də, Əsəd rejimi edər. Dünənə qədər bu ərazilərə nəzarət edə bilməyən Əsəd rejimi Türkiyənin hərbi və diplomatik uğurlarından faydalanaraq dərhal bu bölgəyə sahiblənmək istəyəcəksə, dediyiniz qarşıdurma baş verə bilər. Türkiyə bu əraziləri işğal etmək niyyətində deyil.

Əksinə, Suriyadan ona pənah gətirən milyonlarla insanı öz ev-eşiyinə qaytarmaq, sabitliyi və təhlükəsizliyi təmin etmək istəyir. Yəni insanların təhlükəsiz yaşaması üçün buraları terrordan təmizləyib etibarlı bölgə halına gətirmək istəyir. Bunu Türkiyə birinci gündən bəyan edib, hətta bildirilib ki, həmin təhlükəsizlik bölgəsinin eni 30-40 kilometr olacaq. Türkiyə dediyindən imtina etməyib. Türk ordusu bəyəm Dəməşqə və ya Hələbəmi girib? Türkiyə Menbiç demişdi, bunda israr edirdi. Obama dövründə ABŞ oradan terrorçuları təmizləyəcəyi sözünü versə də, bunu həyata keçirmədi. Menbiçdə kürdlər yaşamır, oranın əhalisinin 2-3 faizi kürdlərdir, qalan çoxluq ərəblər, türkmanlar və digərləridir.

Hazırda Menbiç Bəşər Əsədin qüvvələrinin əlindədir?
- Bunu isbat edəcək real fakt yoxdur. Belə məlumat yayılmşdı ki, amerikalılar Menbiçi ruslara verdi. Amma mən ciddi kanallarda belə məlumata rast gəlmədim. Əsəd ordusunun Menbiçə irəliləyə biləcəyi yerlərdə hazırda Azad Suriya Ordusu dayanır. Ehtiyatlı davranmaya da səbəb Əsəd ordusu və ruslarla qarşı-qarşıya gəlməməkdir.

Ancaq görünən odur ki, türk ordusu əvvəlki günlərlə müqayisədə indi ləng əməliyyat keçirir, sanki nəyisə gözləyir…
- Hazırda əməliyyatların ləng getməsinə səbəb getdikcə operativ əməliyyatların əhalinin yaşadığı yerlərdə keçirilməsidir. Əhalinin zərər görməməsi üçün əməliyyatlar son dərəcə dəqiq və peşəkarlıqla aparılmalıdır.

Sizcə, hazırda YPG və Rusiya faktiki anlaşma içərisində deyilmi və bu anlaşma Türkiyəyə qarşı işləmirmi?
- Sizcə, YPG və Rusiya Türkiyəyə qarşı anlaşa bilərmi? İkincisi, Rusiya YPG-dən əl çəkibmi? Rusiyanın hər zaman YPG, PKK və bu kimi qruplarla əlaqəsi olub və Türkiyə də bunu gözəl bilir. PYD-nin Moskvada təmsilçisi var, PKK-nı Rusiya terrorçu təşkilat kimi görmür. Söhbət ondan gedir ki, məhz YPG vasitəsilə Əsədi yıxmaq və ya onu məcbur edərək bölgədə süni dövlət yaratmaq planı vardı. Bunun da qarşısını əslində Türkiyə almış oldu. Əslində PYD/YPG-nin PKK ilə bağlantısının olduğu da ortaya net şəkildə çıxdı.

Türk ordusunun əməliyyatı zamanı ələ keçirilən məntəqələrdəki YPG ofislərində Abdullah Öcalanın portireti və şüarları buna əyani sübutdur.

Sizcə, Türkiyə Suriyada apardığı əməliyyat nəticəsində məqsədinə çatacaqmı?
- Türkiyə artıq məqsədinə çatıb. Türkiyə sərhəd bölgəsində mövcud olan terrorçuları faktiki təmizləyib. Eləcə də M4 magistral yoluna nəzarəti əldə etdi. Hansı ki, bu yoldan YPG və ABŞ faydalanırdı. İndi əsas hədəf Menbiçdəki terror qruplarını oradan uzaqlaşdırmaq və buraya da əmin-amanlıq gətirməkdir.

Beləcə geniş bir zonanı təhlükəsiz bölgə halına gətirmək. Çünki bu ərazilərdən Türkiyə hədəfə alınırdı. Orada əgər sülhsevər qüvvələr olsaydı, heç vaxt Türkiyə əraziləri hədəfə almaz və mülki insanların ölümünə səbəb olmazdı.

Bundan sonrakı mərhələdə Əsəd rejimi ilə Türkiyə hansı formada anlaşacaq?
- Əsədlə anlaşmaq hələlik mümkün deyil. Çünki Türkiyə dövlət başçısı bunu qəbul etmir. Bəşər Əsədi əli qana bulanmış siyasətçi kimi qiymətləndirir və s. Əlbəttə, Ərdoğanın bu məsələdə haqlı və ya haqsız olması barədə fikirlər səsləndirmək olar. Amma bütün hallarda Türkiyənin bu rejimlə əlaqəsi, hansısa şəkildə əməkdaşlığı var.

Əməliyyat başlamazdan əvvəldə Suriyanın İstanbuldakı konsulluğu vasitəsilə Dəməşq hökumətinə bilgi verilib. Burada Suriya rejimi deyil, Bəşər Əsədin özü ilə bağlı problem var. Türkiyə Suriyada inqilab və ya dövlət çevrilişi istəməyib. Sadəcə, Davudoğlunun dövründə Suriyada ədalətli seçkilərin keçirilməsi və iqtidarın demokratik olması çağırışı edilib. Bəşər Əsəd buna getmədi və dəhşətli itkilərlə üzləşdi. Ruslar olmasaydı, bu günə qədər Əsəd hakimiyyətdə qala bilməzdi. Türkiyə, Rusiya və İran bir məsələdə anlaşıb -Suriyanın ərazi bütövlüyündə.

Bundan sonrakı mərhələdə Türkiyənin bölgədə güclənməsi İran və Rusiyanı narahat edərsə və onlar Astana formatından çıxarlarsa, bu barədə indidən bir söz demək olmaz. Amma Türkiyə verdiyi sözə sadiqdir.




Ana səhifəyə qayıt        Baxış: 296          Tarix: 16-10-2019, 21:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma